Möhtərəm cənab Prezident, Silahlı Qüvvələrimizin Ali Baş komandanı İlham Əliyev! Mən də bütün xalqımız kimi, Sizin Qarabağı erməni cəlladlarının əsirliyindən azad etmək üçün atdığınız qətiyyətli addımı - həlledici döyüş əmrinizi ürəkdən alqışlayıram... Etiraf edim ki, Azərbaycanın bütün elmi ictimaiyyəti bu taleyüklü məsələdə - ölüm-qalım savaşında, Ermənistanın Azərbaycan torpaqlarını, o cümlədən, Dağlıq Qarabağı və ətraf rayonlarımızı işğal etməsi nəticəsində tarixən başlamış və hazırda da daha geniş miqyasda davam edən Ermənistan-Azərbaycan müharibəsində Sizin yanınızda və arxanızdadır. Sizin rəhbərliyinizlə Azərbaycan ordusu və xalqı yeni tarixini yazır...
Cənab Ali Baş Komandan, həmişə deyirdim ki, əgər Qarabağı yağı düşmənin tapdağı altndan xilas edərsinizsə, o zaman qarşınızda baş əyib diz çökəcək, o tarixi əmri imzalayan əlinizdən öpəcəyəm... İşğaldan azad olunmaq bir Azərbaycan türkü, Azərbaycan qadını kimi, mənim üçün hava və su-həyat qədər önəmli, namus, qeyrət işi, izzəti-nəfsimizin qorunması məsələsidir!.. Yetər ki, torpaqlarımız öz əzəli və əbədi sahibinə - Azərbaycan xalqına qaytarılsın və hər bir Azərbaycan türkü utanc hissi yaşamaqdan qurtulub qalib ölkənin vətəndaşı kimi, başını dik tutaraq yaşasın!..
Uca Tanrım Sizi, dövlətimizi, şanlı ordumuzu, igid əsgərlərimizi, onları yetirən mərd xalqımızı qorusun!.. Mövcud vəziyyəti çox dəqiq ifadə etmisiniz: Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! şüarı ilə... Bu şüarda bütün Azərbaycanın bir yumruq olduğu, bölgələrimiz arasında heç bir ayrı-seçkilik qoyulmadığı aşkar görünür. Azərbaycanımıza, qəhrəman ordumuza və dövlətimizin, xalqımızın yaxşılığını istəyən dostlarına eşq olsun!.. Qürur duyuram ki, xalqımız ruhən böyükdür, qüdrətlidir... Nə xoş ki, Vətənin taleyüklü məsələsinin çözüldüyü həlledici günlərdə müxalifət qüvvələri, xaricdə yaşayan bloqerlər belə bir arada, dövlətimizin, Ali Baş Komandanın, ordumuzun, xalqımızın yanındadır! Böyüklük, əsl vətəndaşlıq budur!..
Böyük Şəhriyarımız məşhur "Azərbaycan" qəzəlində belə yazırdı:
Vətən eşqi məktəbində
can verməyi öyrənmişik,
Ustadımız deyib heçdir Vətənsiz can,
Azərbaycan!
... Bəsdir fəraq odlarından
kül ələndi başımıza,
Dur ayağa, ya azad ol, ya tamam yan,
Azərbaycan!
Biz də Sizin son dərəcə əhəmiyyətli, həyat qədər önəmli döyüş əmrinizdən sonra, hamımız ayaqdayıq... Və yanmağa, canımızla, qanımızla, işimizlə, əlimizdən gələni etməklə hər zaman Sizə, yurdumuza və ordumuza dəstək olmağa hazırıq! Uca Tanrım Sizə, xalqımızı və rəşadətli ordumuza, qəhrəman oğullarımıza yar olsun, Amin!
Dos.Dok. Esmira Fuad