Sentyabrın 27-də Ermənistanın növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks hücum əməliyyatları düşmən ordusunu çıxılmaz vəziyyətə salıb.
Münaqişənin nizamlanması ilə bağlı 30 ilə yaxındır aparılan sülh danışıqları məhz işğalçı tərəfin tutduğu mövqe, təxribatları nəticəsində heç bir nəticəyə gətirməyib. Ermənistanın hazırkı hakimiyyəti yalançı "sülhməramlı" obraz yaradaraq, hər addımında sülhə aparan yolu çətinləşdirir və Azərbaycanı onun təxribatlarına cavab verməyə vadar edirdi.
Azərbaycan Prezidenti İlham Əliyev "Pervıy Kanal", "CNN-Türk" və "Euronews" televiziya kanallarına müsahibələrində vəziyyətlə bağlı ətraflı danışıb, ölkəmizin haqlı mövqeyini ifadə edib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan və Ermənistanın danışıqlar masası arxasında əyləşməsi üçün ilk növbədə, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə - erməni işğalçı qüvvələri Azərbaycanın ərazilərini ələ keçirdikləri dövrdə qəbul edilmiş 4 qətnaməsi yerinə yetirilməlidir. Təcavüzkara çox dəqiq siqnal göndərililən bu qətnamələrdə göstərilir ki, işğal olunmuş ərazilərin dərhal, qeyd-şərtsiz və tamamilə qaytarılması təmin edilməlidir. Erməni tərəfi uzun illərdir ki, həmin qətnamələri yerinə yetirmir, onlara məhəl qoymur və hər vasitə ilə münaqişəni mümkün qədər uzun müddətə dondurmağa çalışır. Status-kvonun qəbuledilməz və dəyişdirilməli olması barədə beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ölkələrin bütün çağırışları da havada qalır. Ermənilərin mövqeyi tarixi yalana, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına əsaslandığı halda, Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, tarixi ədalətə əsaslanır.
Ermənistan ordusu məqsədli şəkildə dinc əhalini və mülki obyektləri hədəfə alır. Sentyabrın 27-dən bəri 30-dan çox mülki insan həlak olub, çoxsaylı yaralı var. Vətəndaşların əmlaklarına ciddi ziyan dəyib. Azərbaycan ərazilərinə artilleriya atəşləri Ermənistan tərəfindən uzaqvuran artilleriya vasitəsilə aparılır, "Toçka U" və "Elbrus" kimi ölümsaçan sistemlərdən istifadə edilir. Bu, Cenevrə konvensiyalarının çox kobud şəkildə pozulmasıdır, müharibə cinayətidir.
Ermənistan hər vasitə ilə çalışır ki, bu münaqişəyə mümkün qədər çox ölkə cəlb edilsin. Erməni tərəfi bu qarşıdurmaya KTMT-ni, Avropa ölkələrini cəlb etməyə, münaqişəni beynəlmiləlləşdirməyə çalışır. Azərbaycanın mövqeyi isə ondan ibarətdir ki, münaqişə Ermənistanın və Azərbaycanın hüdudlarından kənara çıxmamalıdır. Ermənistan ərazisindən artilleriya atəşlərinə baxmayaraq, Azərbaycan Ermənistan ərazisinə heç bir zərbə endirmir.
İndiki vasitəçilik missiyasının 28 il ərzində heç bir nəticəyə gətirib çıxarmaması, fəaliyyətsizliyə, mövcud vəziyyətə gətirib çıxarması bundan sonrakı dövrdə praqmatik yanaşmanın tətbiqinə əsas yaradıb - fəal döyüş əməliyyatları başa çatandan sonra həyata keçiriləcək vasitəçilik missiyasında Türkiyənin böyük ölkə kimi iştirak etməyə tamamilə haqqı var.
Hərbi gücü tükənən Ermənistan bu gün PKK terror qruplarının düşərgələri Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarında mövcuddur;
Bəzi Yaxın Şərq ölkələrindən, orada yaşayan ermənilər və digər qeyri-millətlərdən olan insanlar Ermənistana axışır ki, Azərbaycana qarşı bu haqsız müharibəyə qoşulsunlar.
Millət vəkili Naqif Həmzəyev deyib ki, bu gün işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda savaş gedir. Böyük Vətən Müharibəsi şanlı Azərbaycan Ordusunun uğurları ilə davam edir. Dövlət başçısı aparıcı xarici KİV-lərə müsahibələrində ölkəmizin ədalətli, haqlı mövqeyini faktlarla təqdim edir: "Qələbələrimiz yalnız hərb meydanı ilə yekunlaşmır. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev işğalçı Ermənistanı siyasi-diplomatik sferada məğlubiyyətə uğradır. Hər ötən gün düşmənin istər canlı qüvvə, istər hərbi texnika baxımından imkanları tükənməkdədir. Ermənistanın təbliğat maşını nə qədər yalan informasiyalar yaysa da, cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu düşmənin darmadağın edərək irəliləyir.
Dövlət başçımızın qətiyyətli addımları, xalqa müraziətləri cəmiyyətimizdə, dünyanın hansı nöqtəsində yaşamağından asılı olmayaraq, qəlbi Azərbaycanla döyünən hər kəsdə ruh yüksəkliyi yaradıb. Nəhayət, düşmən tapdağında olan torpaqlarımızı azad edə biləcəyik fikirləri, ölkə Prezidentinin qətiyyətlə söylədiyi hər söz, hər kəlmə hər birimizi böyükdən kiçiyə daxilən səfərbər edib. Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Atrıq geri çəkilmək kiminsə ağlının ucundan belə keçmir. Necə deyərlər, artıq ox yaydan çıxıb. Bu gün Azərbaycan xalqı sevinc içindədir. Bütün ölkəni o əzm, o yekdillik, o böyük ideal qovuşdurur ki, ancaq irəli! Ön cəbhədə əsgərlərimizin, arxa cəbhədə xalqın bir məqsədi var - zəfər bayrağını azad olunmuş torpaqlarımıza sancmaq".
Deputat Hicran Hüseynova isə vurğulayıb ki, döyüş meydanında uduzan düşmən ölkəmizə, əhalimizə qarşı yeni-yeni təxribatlar törədir, beynəlxalq hüququn heç bir norma və prinsiplərinə hörmət qoymur: "Əhalinin sıx yaşadığı, cəbhə bölgəsindən, eyni zamanda, təmas xəttindən xeyli uzaqda yerləşən şəhər və rayonlarımıza Ermənistan ərazisindən raket hücumları, qadağan olunmuş bombalarla zərbələr endirilir. Nəticədə, dinc əhali, o cümlədən qadınlar, uşaqlar, yaşlı insanlar həlak olub və ya yaralanıb. Yaşayış evlərinə, mülki obyektlərə ziyan dəyib. Ermənistanın bu təhrikedici və məsuliyyətsiz hərəkətləri beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır".
Deputat bildirib ki, Prezident İlham Əliyev ermənilərin dinc əhalini və mülki obyektləri hədəf seçməsini, terrorçuları, muzduları Qarabağda döyüşlərə cəlb etməsini, Azərbaycanın haqlı mövqeyini aparıcı medialara müsahibələrində dünyanın diqqətinə çatdırır: "Ümid edirik ki, dünya nəhayət, haqlı olanın yanında olacaq. Bu işdə bütün ölkələrdə yaşayan azərbaycanlılar da daha diqqətli və fəal olmalı, Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün hər bir imkandan məqsədyönlü surətdə istifadə etməliyik".
PƏRVANƏ