2020-ci ildə müzəffər Azərbaycan ordusu düşmən caynağı altında inləyən torpaqlarımızı işğaldan azad edərək tarixi qələbəyə imza atdı. Bir tərəfdən zəfər xəbərlərinə sevinərkən, digər tərəfdən də şəhid xəbərləri ürəyimizi dağladı. Müharibə bizə bütün dünyanı qorxuya salmış virusu belə unutdurdu. Lakin artıq həyat öz normal axarına qayıdır və vəziyyət yavaş-yavaş nizama düşür. Şanlı ordumuz ölkəmizin keşiyindədir. Biz də vətəndaş olaraq öz üzərimizə düşən işi layiqincə yerinə yetirməyə çalışmalıyıq. Təbii ki, bu arada virusla da savaşırıq.
2019-cu ilin sonundan etibarən yayılmağa başlayan COVİD virusu bütün dünyanı öz çənginə almış, elm də daxil olmaqla bir çox sahəni iflic vəziyyətinə salmışdır. Fəqət çətin günlər insanları gərgin vəziyyətdən az itki ilə çıxmaq üçün düşünməyə vadar etmişdir. Pandemiya dövrü müxtəlif yaş və ixtisas kateqoriyasından olan insanlara bu və ya digər dərəcədə mənfi təsir göstərmişdir.
Sağlamlığımızı qorumaq, ətrafımızdakıların sağlamlığını düşünmək və bu çətin dövrü daha az ziyanla başa vurmaq üçün bir çox qurumlar kimi ali məktəblər və kitabxanalar da məsafəli fəaliyyətə başladılar. Təbiidir ki, üzbəüz təhsilə alışmış müəllim-tələbə auditoriyası üçün bu, çox çətin bir keçid dövrü oldu. Buna da alışdıq. İnsanın qatlaşa bilməyəcəyi heç bir çətinlik yoxdur.
Karantin dövrü magistratura və doktorantura pilləsində təhsil alan gənc tədqiqatçıları daha çox narahat etməyə başladı. Çünkü onlara dissertasiyalarını hazırlamaq üçün konkret müddət verilmişdir. Elmi rəhbər və məsləhətçilərdən ayrı düşmələri və kitabxanadan istədikləri mənbələri əldə edə bilməmələri onların həm təhsillərinə, həm də elmi fəaliyyətlərinə təsirsiz ötüşmədi. Amma buna da çarə varmış.
Dünya təcrübəsinə nəzər yetirdiyimiz zaman görürük ki, dünyanın bir çox inkişaf etmiş ölkələrində uzun müddətdən bəri uzaqdan təhsil tətbiq olunmaqdadır. Bu sistemin nə qədər səmərəli olub-olmadığı isə təhsilin keyfiyyətindən, müəllimdən və tələbədən aslıdır.
Pandemiya dövründə Türkiyədəki ali təhsildə sadəcə bir həftəlik dərs kəsintisi oldu. Daha sonra isə həm bakalavr, həm magistratura, həm də doktorantura dərsləri distant şəkildə davam etdi. Magistratura və doktoranturada təhsil alan tələbələrin dissertasiyaları tam zamanında müdafiə edilməkdədir. Dosentlik müraciətlərində də heç bir gecikmə yoxdur. Bu deyilənlərə əsasən, uzaqdan təhsil Türkiyədəki ali təhsili iflic vəziyyətə sala bilmədi. Elmi dərəcələrin alınmasında da qətiyyən gecikmə müşahidə olunmamaqdadır. Türkiyə təcrübəsinə əsaslanaraq deyə bilərik ki, qardaş ölkə müasir informasiya texnologiyalarını tətbiq etmək şərti ilə pandemiya dövründə ali təhsildəki problemləri minimuma endirmişdir.
Bu məqaləni qələmə almağımızın səbəbi də tələbə və gənc tədqiqatçılarımızın müxtəlif mənbə və qaynaqlara olan ehtiyacılarını çarəsizliklə dilə gətirmələri, bu barədə narahatlıqlarını sosial mediada paylaşmaları oldu. Əslində onların narahatçılıqları haqlı idi. Çünki bəhs edəcəyimiz filologiya sahəsində, xüsusilə klassik Azərbaycan ədəbiyyatının tədqiqat metodları ilə bağlı günümüzün tələblərinə cavab verəcək dərslik və tədqiqat əsərləri qələmə alınmamışdır. Dünya təcrübəsinə müraciət etsək görəcəyik ki, həm magistratura, həm də doktorantura pilləsində məcburi dərslər arasında “Tədqiqat metodları” fənni tədris olunmaqdadır və bu, əsas dərslərdən biridir. Bu dərsdə tədqiqatın necə aparılmasını və qaynaqların necə və haradan əldə edilməsi kimi vacib məsələlər tədris edilir. Elektron qaynaqlar da bu dərsin ən mühüm hissəsini təşkil edir. Bu fənnin də tədris proqramlarında yoxluğu tələbələrimizin və gənc tədqiqatçılarımızın işini çətinləşdirir.
“Evdə oturaraq elmi fəaliyyət göstərmək mümkündürmü?” , “Bu nə qədər səmərəlidir?”, “Qaynaqları haradan və necə əldə etməli?”, “Ödənişsiz fəaliyyət göstərən elektron kitabxanalar varmı?” kimi sualları cavbalamağa çalışacağıq. Unutmayaq ki, bunlar müvəqqəti çətinlikdir.
“Evdə oturaraq elmi fəaliyyət göstərmək mümkündürmü?” sualına cavab olaraq deyə bilərik ki, söhbət filologiya sahəsindən gedirsə, bu, müəyyən mənada mümkündür. Birincisi, Google Meet bağlantısı elmi rəhbər və məsləhətçilərlə görüntülü əlaqə saxlamaq və elmi işlərin yoxlanmasını, redaktəsini həyata keçirmək baxımından mükəmməl vasitədir. İkincisi, artıq hər hansı bir ölkəyə əlyazma, qaynaq və s. əldə etmək üçün qurumlar tərəfindən böyük məbləğdə vəsaitin ayrılması ilə təşkil olunan ezamiyətlərin sayında çox ciddi azalma var. Azalmanın səbəbi dünya kitabxanalarının böyük əksəriyyətinin elektron kataloqlarının mövcudluğudur. İstədiyiniz mənbəni elektron kataloqdan tapdıqdan sonra ehtiyacınız olan qaynağı ödənişli və ya ödənişsiz əsaslarla dəqiqələr içərisində əldə etməyimiz mümkün olur.
Pandemiya vəziyyətinin müvəqqəti olduğunu nəzərə alsaq, dünya kitabxanalarının bizə təqdim etdikləri xidmətlərdən istifadə edərək bu çətin dövrü də itkisiz başa vura bilərik.
Qeyd edək ki, uzaqdan təhsilə strat verildikdən sonra dünyanın müxtəlif ölkələrində elektron kitabxanalarla bağlı çoxsaylı seminarlar təşkil edilməkdədir. Xaricdə Azərbaycan ədəbiyyatının tədqiqi ilə məşğul olan Azərbaycan vətəndaşı olaraq elmi mübadilənin faydalı olduğu düşüncəsindəyik. Məqaləmizdə filologiya sahəsində çalışan gənc tədqiqatçıların ehtiyaclarını ödəyə biləcək elektron kitabxanaları, resurları təqdim edirik.
Azərbaycan Milli Kitabxanası pandemiya dövründə nümunəvi fəaliyyət göstərən kitabxanalardandır və Azərbaycanda bu baxımdan alternativi yoxur. Belə ki, kitabxanadakı mənbələrin böyük əksəriyyətini onlayn şəkildə oxumaq mümkündür. Bundan başqa, kitabxana oxucuya istənilən hər hansı bir sənəd növünü sifariş etməklə elektron variantını əldə etmək imkanını da təklif edir. http://anl.az/new/
Azərbaycan Respublikası Prezident Kitabxanasının elektron resursları arasında filoloqların ehtiyaclarını ödəyəcək bəzi kitablar mövcuddur. http://www.ebooks.az/
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin "Açıq kitab" elektron kitabxanası Azərbaycan ədəbiyyatı, dünya ədəbiyyatı, ensiklopediya, lüğət və s. nəşr növlərini oxuculara təqdim edən mütaliə portalıdır.
https://achiqkitab.aztc.gov.az/Pages/View/3/-
Mədəniyyət Nazirliyi tabeliyində olan və 1920-ci ildən fəaliyyətə başlayan Kitabxana Kollektoru da bir çox sənəd növlərini əldə etmək üçün əhəmiyyətli elekton qaynaqlardandır.
http://bookcollector.az/haqqimizda/
Təbrizin soylu bir ailəsində doğulmuş hüquqşünas Bəy Hadinin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin təbliği sahəsindəki fəaliyyəti əvəzsizdir. Bəy Hadinin qurucusu olduğu Turuz kitabxanasında 18 000 kitab və əlyazmanın elektron formatını əldə etmək mümkündür.https://turuz.com/
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu (http://www.folklor.az/azerb_folklor_kulliyyati.htm), Ədəbiyyat İnstitutu (https://www.literature.az/?page=152&lang=aze) və Əlyazmalar İnstitutunun http://www.manuscript.az/index.php?do=static&page=klassik) elektron kitabxanalarında sözügedən qurumların əməkdaşlarının bəzi tədqiqatlarına və institutun elmi toplularının bəzi saylarına yer verilmişdir.
Universitet kitabxanalarımızın elektron xidmətləri isə ürək açan vəziyyətdə deyildir. AMEA və universitet kitabxanalarının da elektron xidmətlərini təkmilləşdirərək müasir standartlara uyğun fəaliyyət göstərəcəklərinə, Azərbaycanla bağlı tədqiqatları dünyaya ixrac edəcəklərinə ümid edirik. Azərbaycanda aparılan tədqiqatların, nəşr olunan kitabların rəqəmsal kitabxanalar vasitəsi ilə dünyaya açılması Azərbaycan mədəniyyətinin təbliğində böyük rol oynayacaq və alimlərimizin əsərlərinə istinadı da ciddi şəkildə artıracaqdır.
Yuxarıda qeyd etdiyimiz kimi, artıq dünyanın müxtəlif kitabxanalarında mühafizə olunan əlyazma nüsxələri saniyələr içərisində əldə etmək mümkündür. Bu kitabxanaların böyük əksəriyyəti ödənişsiz, bir qismi isə ödənişli əsaslarla xidmət göstərirlər. Həmin kitabxanalardan bəziləri haqqında qısa məlumat verməyi məqsədəuyğun hesab edirik.
Türkiyə Əlyazma Əsərlər Qurumu klassik əsərlərin mühafizəsi və nəşrini həyata keçirən təşkilatdır. Qurumun rəsmi saytında nəşr etdikləri əsərlərin, lüğətlərin elekton variantlarını əldə etmək mümkündür. Bundan əlavə, elektron kitabxanasındakı əlyazma əsərləri müəyyən məbləğ ödəyərək endirmək mümkündür. Kitabxanada klassik Azərbaycan ədəbiyyatının ən dəyərli nümunələrinin əlyazma nüsxələri də mühafizə olunmaqdadır. https://www.yek.gov.tr/
Türkiyə Milli Kitabxanası daxilindəki Elektron Kitabxana qiymətli əlyazma və dövrü mətbuat orqanlarını əldə etmək imkanını təklif edir. Kitabxana ödənişsizdir. https://dijital-kutuphane.mkutup.gov.tr/
Türk Dil Qurumu kitabxanasında mühafizə olun əlyazmaları da müəyyən olunmuş məbləği ödəyərək endirmək mümkündür. http://katalog.tdk.gov.tr/
İstanbul Böyükşəhər Bələdiyəsi tərəfindən qurulan Atatürk Kitablığında 4760 əlyazma əsər, 40000-dən artıq əski çap kitabı və s. elektron formatda təqdim olunmaqdadır.
http://ataturkkitapligi.ibb.gov.tr/ataturkkitapligi/index.php?dil=tr&p=7&ID=0
Türkiyə Dəyanət Vəqfi İslam Araşdırmaları Mərkəzinin (İSAM) də fəaliyyəti alqışlanmalıdır. Mərkəzin kitabxanasından klassik ədəbiyyatla bağlı əski çap kitablarını və məqalələrin elektron formatda əldə etmək mümkündür. http://www.isam.org.tr/;
http://ktp.isam.org.tr/?url=makaleosm/findrecords.php
Ankara Üniversiteti Əlyazma Əsərlər Kataloqundan bəzi əsərləri əldə etmək mümkündür.
http://yazmalardtcf.ankara.edu.tr/index.php
Hakkı Tarık Us Collection İstanbul’da Beyazıt Dövlət Kitabxanasında mühafizə olunan ərəb əlifbalı 1366 ədəd dövrü nəşrin elekton variantını əhatə edir. Portalda mühacir Azərbaycan dövrü mətbuatına yer verilmişdir. http://www.tufs.ac.jp/common/fs/asw/tur/htu/
İran Milli Kitabxanası klassik Azərbaycan ədəbiyyatı qaynaqlarını əldə etmək üçün mükəmməl rəqəmsal kitabxanadır.
http://dl.nlai.ir/ui/forms/index.aspx
İran Məclis Kitabxanası da Azərbaycan dili və ədəbiyyatı üçün dəyərli olan çox sayda əlyazmanı oxucuların istifadəsinə vemişdir.
http://dlib.ical.ir/faces/home.jspx
Ketabnak platforması fars dilində olan Azərbaycan ədəbiyyatı örnəklərini əldə etmək üçün dəyərli bazadır. Platforma hal-hazırda ödənişlidir.
https://ketabnak.com/
İran Humanitar Elmlər Məlumat bazasından İranda çap olunmuş məqalələri endirmək mümkündür.
http://ensani.ir/fa
Fars dilində nəşr olunmuş Azərbaycan ədəbiyyatı örnəkləri http://www.ketabfarsi.org/ platformasında oxuculara təqdim edilməkdədir.
Əfqanıstan Rəqəmsal Kitabxanası əski çap kitablarından ibarətdir.
http://afghanistandl.nyu.edu/afghanistan/about.html
Misir İskəndəriyyə Kitabxanasının əlyazma və nadir kitab kolleksiyası da zəngindir.
http://www.bibalex.org/libraries/presentation/static/12600.aspx
“Научное наследие России” adlı elektron kitabxana (http://e-heritage.ru/about.html), Rusya Prezident Kitabxanası (https://www.prlib.ru/collections), Mərkəzi Elektron Kitabxana (https://rusneb.ru/) və Rusya Dövlət Kitabxanası da (https://www.rsl.ru/) və s. filologiya elmləri ilə bağlı tədqiqatlarda müraciət edə biləcəyimiz bazalardandır.
Britaniya Milli Kitabxanasında mühafizə olunan şərq əlyazmalarını rəqəmsal kitabxana vasitəsi ilə əldə etmək mümkündür. https://www.bl.uk/manuscripts/
Təməli 1997-ci ildə atılan Avropa Milli Kitabxanaları layihəsi mərkəzi Hollandiya Krallıq Kitabxanası olmaqla 48 milli kitabxananın ortaq portalını əhatə etməkdədir. Burada Vatikan, İspaniya, Portuqaliya, Moldova, Rumıniya, Florensiya, Roma, Polşa, Fransa, Almaniya, Finlandiya, Malta, Lüksemburq və s. kitabxanaların 26.394.274-dən çox elektron qaynağını cəmləşdirilmişdir.
Nyu-York Universiteti Rəqəmsal Arxivi (NYU Digital Archive) heç bir ödəniş tələb etmədən bütün oxuculara xidmət göstərir. https://archive.nyu.edu/
ABŞ Konqres kitabxanası Milli Kitabxanadır və rəqəmsal kolleksiyası mövcuddur.
https://www.loc.gov/collections/
Oksvord Üniversiteti Bodlean Rəqəmsal Kitabxanası 25.314 əlyazma əsəri əhatə edir.
https://digital.bodleian.ox.ac.uk/
Almaniya Rəqəmsal Kitabxanası da əlyazma əsərlər kolleksiyası baxımından zəngindir.
https://www.deutsche-digitale-bibliothek.de/content/ueber-uns
Avstrya Milli Kitabxanası da əlyazmaların rəqəmsal fondunu yaratmıştır. https://onb.digital/
Hathi Trust Digital Library 2008-ci ildə qurulmuş, Kaliforniya və başqa universitetlərin məlumat bazaları əsasında klassik ədəbiyyatla bağlı tədqiqatlarda müraciət ediləcək mükəmməl elektoron kitabxanadır.
http://www.hathitrust.org/home
Miçiqan İslam Əlyazmaları adlı baza qiymətli kolleksiyasını oxucuların istifadəsinə təqdim etmişdir.
https://guides.lib.umich.edu/islamicmss/about
Miçiqan Universiteti Elektron kitabxanasında İslami Əlyazmalar Kolleksiyası da mövcuddur.
https://www.lib.umich.edu/collections/collecting-areas/special-collections-and-archives/islamic-manuscripts
Bavariya Dövlət Kitabxanası Şərq əlyazmalarından ibarət kolleksiyasını oxucuların istifadəsinə vermişdir.
https://www.bsb-muenchen.de/en/collections/manuscripts/
Harvard Universitetinin İslami Miras Layihəsi (Islamic Heritage Project) çərçivəsində hazırlanmış kolleksiyasından Şərq əlyazmalarını asanlıqla əldə etmək mümkündür.
https://curiosity.lib.harvard.edu/islamic-heritage-project?utm_source=library.harvard
Cikaqo Üniversitesi Kitabxanası litoqrafiya üsulu ilə çap olunmuş kitabları oxucularına elektron şəkildə təqdim etməkdədir.
https://www.lib.uchicago.edu/collex/collections/islamic-lithographs-collection/
Leypsik Universiteti İslam Əlyazmaları fondu da Azərbaycan ədəbiyyatı baxımından əhəmiyyətli və zəngin kitabxanalardandır.
https://www.islamic-manuscripts.net/content/index.xml
Universal Rəqəmsal Kitabxananın (The Universal Digital Library) “Milyon Kitab Koleksiyası” (Million Book Collection) adından göründüyü kimi çox sayda kitabın elektron formatını oxucuların istifadəsinə təqdim etməkdədir. Kitabxananın elektron fondu hər gün böyüməkdədir.
http://ulib.isri.cmu.edu/index.html
Rəqəmsal Dünya Kitabxanası (World Digital Library) ABŞ Kongres Kitabxanası, YUNESKO və Cornell Üniversiteti tərəfindən 2009-cu ildə açılmışdır. Kitabxanada əlyazma, çap kitabları, dövrü mətbuat məhsulları ödənişsiz bir şəkildə təqdim olunmuşdur.
https://www.wdl.org/en/topic/
İnternet Arxiv (Internet Archive) 1996-cı ildə qurulmuş məlumat bazasıdır. Bu arxivin kolleksiyasında 20 milyon kitab və əlyazma vardır.
https://archive.org/about/
Open Library milyonlarla elektron kitabı əhatə etməkdədir.
https://openlibrary.org/search?q=divan&mode=ebooks&has_fulltext=true
Harvard Universiteti Elektron Kitabxanasında 6 milyondan artıq əlyazma kitab yer almaqdadır. Harvard Digital Collections bütün oxuculara açıqdır.
https://library.harvard.edu/
Pensilvaniya Universiteti Onlayn Kitabxanasının kataloqunda (The Online Books Page) bir sıra klassik Azərbaycan ədəbiyyatı nümunələrinə rast gəlmək mümkündür. Səhifə oxucuları Hathi Trust məlumat bazasına yönləndirməkdədir.
https://onlinebooks.library.upenn.edu/lists.html
“Google Books" səhifəsi çox sayda kitabı əldə etmək, bəzi kitabların isə yalnız müəyyən səhifələrini oxumaq imkanı verir.
http://books.google.com
Hiperkitap bir çox kitab və məqaləni offline şəkildə mütaliə etmək mümkündür.
http://www.hiperlink.com.tr/DigitalLibrary
Jstor 1995-ci ildə qurulmuş və elmi jurnalları əhatə edən platformadır. Bu, ödənişli əsaslarla fəaliyyət göstərən bir elektron xidmət bazasıdır.
https://www.jstor.org/
Akademik sosial media olaraq fəaliyyət göstərən https://www.academia.edu/ platformasında 25 milyon kitab, məqalə, məruzə arxivlənişdir.
Bu məqalə hal-hazırda rəqəmsal xidmət göstərən bazalar və elektron kitabxanalar haqqında məlumat verməklə gənc filoloqlarımızın tədqiqatlarına dəstək olmaq istədik.
Sonda onu da qeyd edək ki, pandemiya dövründə bütün dünyada elmi proqramlar, seminarlar, simpozyum, konfrans, panellər məsafədən davam etməkdədir. Elmi jurnalların nəşrində də gecikmə müşahidə olunmamaqdadır.
Bu çətin zamanda gənclərimizə dəstək üçün tanınmış filoloq alimlərimiz “Elmi tədqiqat emalatxanası”, “Ustad dərsləri”, Azərbaycan Yazıçılar Birliyi isə Yaradıcı yazı “(Creative Writing) kimi atelyeler təşkil edilə bilər. Unutmayaq ki, zaman qiymətlidir. Xaricdə yaşayan bir Azərbaycan vətəndaşı olaraq gənc tədqiqatçılarımızın çətinliklərini həll etmək üçün əlimdən gələni etməyə hazıram.
Vüsalə MUSALI, professor
(T.C. Kastamonu Universiteti)