|
|
|
|
İnsan həyata həkimlə başlayır, hətta bəzilərimizin, ümumiyyətlə, yaranmasına Allahdan sonra öz elmi ilə həkim köməklik göstərir, ana bətnində belə, sağlamlığımıza həkim nəzarət edir. İnsanlıqdan gələn ilk yardımı da həkimdən alırıq, o, bizə dünyaya göz açmağımızda yardımçı olur.
Bir sözlə, həkim bizə həyata bağlanmaq üçün enerji ötürür. Bu mənada yəqin ki, Allah hər kəsi həkim qədər şərəfli əməl sahibi etməmişdir. Həkimlər ömrümüzün Allahdan sonrakı hökm, fərman sahibləridirlər.
Akademik, bioloq Konstantin Skryabinin tədrincə desək, insan o zaman xoşbəxt ola bilər ki, öz peşəsini ürəkdən sevsin, peşəsinin xalq üçün gərəkli olduğunu, ona fayda verdiyini dərk etsin. Həkimlik sənəti qəhrəmanlıq, hünər deməkdir. Bu peşə insandan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır. Həkim olmaq Motsartın bəstəsinə bənzəyir: yeni başlayanlar üçün asan, ustadlar üçün isə çox çətin bir anlama malikdir.
Elmə olan məhəbbət insana olan məhəbbətdən ayrılmazdır, buna görə də həkim təkcə təbabəti bilirsə, deməli, o, təbabəti bilmir. Həkim insan sərrafı olmalıdır. Həkimlə danışdıqdan sonra xəstə yüngülləşmirsə, deməli, o, əsl həkim ilə danışmayıb.
Həkimlər təbiətən təəccüb doğurur, bəzən onların ünvanına tənqid və narazılıqlar səslənir. Amma hamımız anlayırıq ki, bizim sağlamlığımızı qoruyan həkimlər bəzən həyat şəraitinə, həyat qanunlarına tabe olmayan risklər alırlar, hansı ki, biz bunu etməyə çox çətinlik çəkərdik.
Gəlin qısaca bir həkimin necə yetişdiyinə baxaq: orta məktəbi bitirdikdən sonra çox çətin bir imtahan. Topladığın balda cüzi azlıq olarsa, illərlə yenidən imtahana girərsən. Qazandıqdan sonra 6 il tibb fakültəsini oxuyarsan, həm də gecə-gündüz, 4-5 saat yatmaq şərti ilə. Ailənin durumunu, sosial şəraiti özünüz düşünün. Daha sonra çalış ki, dünyanın ən çətin imtahanı olan uzmanlığı qazan. Bir neçə il də belə keçir (Bu imtahan üçün onların nələri qurban verdiyinin bir kitabxanaçı kimi çox şahidi olmuşam). Sonra 4 il uzmanlıq və budur, gənclik bitmək üzrədir. Özünü məsləyinə həsr edirsən, oğlanlara hərbi xidmət, ardından həyat davam edir. Daha sonra elmi işlər, müdafiələr - getdimi ömrün yarısı?! Buna görə də, gəlin həkimlərə dəyər verək, onlara sayğı göstərək. Dəyər verək ki, ruhdan düşməsinlər.
Redyard Kiplinqin fikrincə, dünyada sadəcə iki sinif insanlar var: həkimlər və xəstələr. Əsl həkim olmaq istəyənlərə ən gözəl məsləhət: məsuliyyət, səbr, xəstə ilə münasibət qura bilmək və ömür boyu oxumaq. Əgər xəstə həkimin gözlərindəki ümid qığılcımını görmürsə, onun sağalması sual altında qalır. O, öz həyat notlarını itirir. Həkim ruhun təsəlli etdiyi bir varlıq olmalıdır. Filosoflar bəzən gündəlik həyatda tətbiq oluna bilməyən dialektik incəlikləri müzakirə edirlər. Həkimlər isə xüsusi həyat hadisələri ilə məşğul olurlar. Həkimlərin etdiyi ən büyük səhv, ruhu düşünmədən yalnız bədəni sağaltmağa cəhd göstərmələri olardı. Stefan Sveyq deyirdi ki, xəstə ilə ölüb-dirilməyən həkim, həkim deyil.
Müəllim və həkimlərdən həmişə möcüzələr gözləyirik. Bu möcüzə baş verdikdə isə heç kəs təəcüblənmir. Həkim adına xas olan bütün müsbət xüsusiyyətləri özündə birləşdirən həkimlərimizin əksəriyyəti 90 yaşlı qocaman Azərbaycan Tibb Universitetinin (ATU) yetirmələridir. Abbas Səhhətdən "Siz həkimsiz, niyə uzun illərdir müəllimlik edirsiz?" - deyə soruşublar, belə cavab verib: "Mən müəllimlik etməklə xalqımın ən ağır xəstəliyini, onun savadsızlığını müalicə edirəm". Amma həkim olasan, eyni zamanda, müəllimlik edəsən, bu, bizim ATU-nun həkimlərinə xas olan ən şərəfli işdir. Bizim ATU müəllimləri həm ruhən saf, təmiz, həm də çox savadlı həkim yetişdirmək işinin əsas missiyasını yerinə yetirən insanlardır. 90 yaşlı universitetimizdə fəaliyyət göstərən həkimlər ölkəmizin ən qabaqcıllarıdır. Onların qızıl əlləri bir insanın kristal həyatından keçir.
Bəzən düzgün olmayan belə bir fikir səslənir ki, həkimlər çox xəstə, ölüm gördüklərinə görə daşürəkli olurlar, guya onlar buna vərdiş ediblər. Amma qətiyyən belə deyil. Mən öz həmkarlarının xəstəni necə xilas etmələrini dinləyərkən, həm qadın, həm də kişi həkimlərin göz yaşlarını saxlaya bilmədiklərinin dəfələrlə şahidi olmuşam. Təsadüfən deyilməyib ki, həkimlik sənət deyil, həyat tərzidir. Həkim səhvinin nəticəsi insan həyatıdır. Ona görə də həkim olmaq böyük məsuliyyət tələb edir.
ATU-nun həkimləri fədakar peşə sahibləridir. Onlar yaşatmaq üçün, lazım gələrsə, öz yaşamını heçə sayanlardır. Onlar gözəl qəlbli və çalışqandır. Müalicənin müasir metodlarını tətbiq etmək və tibbin ən yeni kəşflərindən istifadə etmək üçün onlar biliklərini daim genişləndirirlər.
İki cəbhənin - COVİD-19 və Vətən müharibəsinin qəhrəmanları olan həkimlərimiz haqqında mənim yazdıqlarım çox bəsit görünür. Onlar haqqında kitablar, qəhrəmanlıq səlnamələri yazılmalıdır. Bu cəbhələrdə mübarizədə ATU klinikalarındakı cəsarətli həkimlərimizin xüsusi rolu, pandemiya və müharibə dövründə azərbaycanlı həkimlərin nümayiş etdirdiyi fədakarlıq danılmazdır. Onlarla fəxr etmək lazımdır. Tökdükləri tər və göz yaşlarına, xəstələri sağaltmaq üçün keçirdikləri yuxusuz gecələrə görə onlara minnətdar olmalıyıq. Onlar bilirdilər ki, yoluxa və həlak ola bilərlər, amma yenə də könüllü olaraq işləyirdilər. Bax, budur qəhrəmanlıq, budur vətəni, millətini, insanlığı sevmək. Hər zamanın öz qəhrəmanları var. Bugünkü qəhrəmanlarımızın heç bir sübuta ehtiyacı yoxdur. Qəhrəmanlıq izləri onların üzlərində, əllərindədir. Onlar yaşadıqlarının təsirindən çıxmağa çətinlik çəkirlər, amma yenə də mübarizə aparırlar. Onlar xəstə başından xəstə yatağına düşürlər. Sədaqətlə xəstələrini xilas etmək üçün çalışan bəzi həkimlər COVİD-19-a tutuldu, bəziləri yaralandılar. Bəzi həkimlər dünyasını dəyişdi, digərləri həftələrlə reanimasiyada müalicə alıb, yenidən xəstələri xilas etməyə başladılar.
İnsanların sağlamlığına xidmət edən həkimlərimiz tibbi etika prinsiplərinə əsaslanaraq, vicdanın səsini nəzərə alaraq vəzifələrini yerinə yetirirlər. Onlar insanları sevirlər. Xəstəyə lazım olduqda onlar sanki evlərində yanğın baş vermiş kimi davranırlar. Həkimlər sanki incə bir rəssam fırçası ilə işləyirlər, amma malbert üzərində deyil, insan bədənində. Həm də dəqiq və bacarıqla. Həkimlərimizin görünüşü sakit və inamlıdır. Şəxsi həyatda hadisələr ola bilər, amma həkimlərimiz xəstəyə yaxınlaşdıqda yalnız onu düşünür, onun çəkdiyi əzabla yaşayır, ona tez və düzgün kömək etmək haqqında düşünürlər. Həkimin sakitliyi və güvənci xəstəyə köçürülür, ona stimul verir. Həkimlər anlayırlar ki, onlara müraciət edərkən xəstə xəstəlik haqqında mübahisələr və izahatlar gözləmir, yalnız kömək istəyir.
Bəzən bizim həkimlərin öz həyatlarını yaşamağa zamanı olmur. Özünüz təsəvvür edin, iş yerimizdə bir işi gördükdə, bəzən evdə də onu düzgün edib-etmədiyimiz haqqında çox fikirləşirik. O ki qalmışdı, insan həyatına cavabdeh olan həkimlər. Onlar aldıqları qərarı analiz edirlər, üstəlik, evdə də xəstə zənglərinə cavab verirlər. Çox böyük zəhmət sahibləridir bizim həkimlərimiz. Bu qədər gərgin iş şəraitinə baxmayaraq, yenə təbəssümlərini, gülər üzlərini xəstədən əsirgəmirlər.
Həkimlərin gülər üzü xəstənin sağalması üçün ilk məlhəmdir. Başqalarının xoşbəxtliyindən xoşbəxt olmaq - bu, özünü tibbə həsr edənlərin ən böyük mükafatıdır. Xəstəyə diqqətli olmaq çox böyük incəlik tələb edir. Bunun üçün uşaq yaşlarından vərdişlər qazanmaq lazımdır. Həkimin davranışının sadəliyi onun başlıca insani xüsusiyyətlərindəndir.
Pandemiyadan və müharibədən psixiki zədə almadan çıxmaq üçün psixiatrlarımızın dəstəyinə ehtiyac böyükdür. Psixiatriya tibbin bir qolu olmasına baxmayaraq, sosial biliklərlə iç-içədir. 3-5 kitab qarışdırıb yaxşı psixiatr olmaq mümkün deyil. Qaraciyəri müalicə edərkən antropologiya, sosiologiya, fəlsəfə, ədəbiyyat kimi elm sahələrini dərindən bilmədən də, yaxşı bir qaraciyər uzmanı ola bilərsiniz, amma gözəl bir psixiatr olmaq ücün yalnız psixiatriyaya aid elmi kitabları mənimsəmək yetərli deyil. Çünki insan psixatriyada bio-psixo-sosial-mədəni bir varlıq olaraq əks olunur. Mədəni xüsusiyyətlərini nəzərə almadan, doğulduğu və qaldırdığı sosial şəraiti bilmədən, onun psixoloji inkişafını başa düşmədən və bioloji strukturunu tanımadan xəstəni müalicə etmək mümkün deyil. Bizim psixiatrlarımız bu ixtisas sahibi olmaqla bir deyil, mən deyərdim, bütün xəstəlikləri müalicə edirlər. Onlar həyata bağlılığını itirmiş neçə-neçə xəstəni həyata qaytarırlar. Pasiyentləri heç kimsəyə danışmadıqları, danışa bilmədikləri sirlərini onlara danışar, onlardan pənah umurlar. Bu səbəbdən də psixiatr həyatla bağlı hər sahədə pasiyentinə yaxınlıq etməyi, ona qarşı anlayışlı davranmağı bacarmalıdır. Dostoyevskinin Raskolnikovunu tanımadan hər hansı bir şəxsin içindəki cinayət potensialını və onunla bağlı vicdani hesablaşmaları anlamaq olmaz. Tolstoyun Anna Kareninasını oxumamısınızsa, azad olmaq istəyən qadının sosial təzyiqlər nəticəsində intihara qalxdığını anlamaz, ona necə kömək etməli olduğunuzu bilməzsiniz. Oğuz Atayın "Tutunamayan"larından xəbərdar deyilsinizsə, həyata tutunamayan hər kəsi bir dioqnostik kateqoriyaya qoymağa çalışarsınız.
Bizim psixiatrların müşahidə qabiliyyəti və analitik bacarıqları çox güclüdür. Diaqnoz qoyarkən bu keyfiyyət olduqca vacibdir. Onlar analitik qabiliyyətləri inkişaf etdirmək, insanların şəxsiyyət növlərini öyrənmək üçün peşəkar ədəbiyyatlarla yanaşı, bədii ədəbiyyatı da oxuyur, dramaturgiya, sənət və kino anlayışlarını öyrənirlər. Psixiatr peşəsi çox təhlükəlidir, çünki xəstələrlə işləyən həkim şəxsiyyətdə iz buraxır. Psixiatrlarımız xəstəni bütövlükdə anlayır, problemlərini başa düşüb lazımi anlayış və mərhəmət göstərirlər. Bəli, anlayış, sevgi və mehribanlıq...
Bəzi alimlərin fikrincə, insanlar arasındakı münasibətdə 3 xəbərdaredici kateqoriya var: görüntü, səs tonu və istifadə edilən sözlər. Mütəxəssislər ünsiyyətdən aldığımız məmnunluğun 55 faizinin görüntüdən, 38 faizinin səs tonundan, 7 faizinin isə deyilən sözlərdən gəldiyini iddia edirlər. Çox düzgün və məntiqli yanaşmadır. Həkim olmaq sadəcə bir peşə deyil, mərhəmət, şəfqət və bir insana qarşı sevgiyə söykənən yüksək xidmətdir. Bu xidmətdə tətil və həftə sonları yoxdur. Birinin problemlərinizi başa düşdüyünü və qayğı göstərdiyini bilmək dərhal sizə özünüzü daha yaxşı hiss etməyə yardımçı olur. Bu baxımdan həkimin xəstəyə qarşı mərhəmətli olması çox vacibdir. Həyata müsbət münasibət göstərən xəstələrin qısa müddət ərzində müalicə alması daha asandır. Müsbət münasibət yaradan cəhət isə sevgidir. Həkim olmaq istəyən insanın motivasiyası da vacibdir. Humanitar mülahizələri rəhbər tutan bir insana sevgi və mərhəmət göstərmək daha asandır. Həkim əməli saleh insan olmalı, insanlara kömək etməli, onlarla qayğıkeş, şəfqətli, dürüst davranmalıdır - xalq arasında "Bax o, əsl həkimdir" rütbəsini yalnız bu zaman qazanmaq olar.
Gülbehişt ORUCOVA
ATU Əsaslı Kitabxananın direktor müavini