|
|
|
|
Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.
Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.
Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir...
Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.
Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır. Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...
Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!
Esmira FUAD
Filologiya elmləri doktoru
Mustafa ŞEYXPUR
1982-ci ildə Miyana şəhərində anadan olub. Orta məktəbi Miyana şəhərində oxuyub, sonra Təbriz Azad Universitetində elektrik-elektronik mühəndisliyi bölümünü bitirib. Tehranda yaşayır və bir alman şirkətində mühəndis işləyir.
Şeir yazmağa 13-14 yaşlarımdan başlayıb, ilk yazılarını təhsil aldığı dildə, yəni farsca yazıb. Sonralar Azərbaycan şeir və ədəbiyyatı ilə tanış olaraq ana dilində yazmağa başlayıb.
Müxtəlif dərgilərdə və saytlarda şeirləri, yazıları yayımlanıb. 2014-cü ildə "Dünya durduğum yerdə qurtarır" adlı birinci şeir kitabı Tehranda "Riva" yayım evi və "Yaşmaq" ədəbi qrupu tərəfindən çap olunub.
Tehran metrosu
Metroda çiçək satıram
getməyə tələsən insanlar kimi yox,
qalmağa inanan əllərimlə
səni düşünürəm...
Nə azadlıq havası var başımda, nə inqilab
nə savaş həvəsi,
nə barış.
Hər şey dünən kimidir
hər şey sabah kimi
bir uşağın yuxusunda
burda
Tehran metrosunda.
Gün doğmadan vaqonlarda
duraq-duraq
Çiçək... çiçək... çiçək satıram.
Qəlbimə yaxın əllərimə bax,
qar çiçəyi əllərimdə
günəş çiçəyi, ay çiçəyi.
Hər saat gecədir metroda
nə günəş izi var, nə ay işığı,
nə qara qış günləri,
nə yay, dəniz havası,
nə azadlıq, nə həsrəti
hər şey duraq adıdır, meydan adı
həm azadlıq, həm...
Yaşamağa tələsən insanların tər qoxusu,
ac qarınların yetim səsi,
ac gözlərin, ac ürəklərin kiflənmiş köpüyü,
yağış yağsa da, bilirəm
nə əllərim islanacaq, nə ürəyim
nə şəhər qoxusu verən çiçəklərim.
Şəhərin ən yorğun yerindən başlanır tren
sən yorğun, mən yorğun, tren yorğun
uzun-uzun sərilir yuxulara
yarır şəhərin bağrın keçir
heç trenin içində yoxsan
heç trendə şeir yox,
sevgi yox,
sən... yox
bir mən varam, bir əllərim
çiçək satan əllərim.
Hər duraqda görünürsən
bir az yorğun, bir az arğın
qapınızda düşəcəyəm
"İnqilab"dan bir az sonra,
"Azadlıq"a bir az yaxın*.
("İnqilab" və "Azadlıq" Tehrandakı məşhur meydanlardır)
***
Kiçik bir adadır qəlbim
adını sən qoy.
Kiçik bir ölkədir qəlbim,
bayrağını sən daşı,
qoy sənlə çalınsın istiqlal marşım!
Gözlərinə davam et
Gözlərinə davam et,
alt xiyabanda gözləyən biri var,
gözlərinə dəvam et, sevgilim.
Röyalarımın qapısında dayan bəzən,
sərçələrimi uçurt,
yarpaqlarımı tök,
payız ol, qış ol.
Telefon simləri daha əskisi kimi dəyil,
heç pəncərə gülxanaya açılmır, baxma
və sən görünmürsən o tərəfdə,
istər yağışda, istər günəşdə
yollar daha əskisi kimi dəyil.
Röyalarımdan keçərdi gözlərin,
sevgi ilə sevgilim,
rüyalarıma əsid səpmə,
gözlərinə davam et.