|
|
|
|
Bu ilin 2 dekabrında Makedoniyanın paytaxtı Üsküb şəhərində keçirilən "VI Yəhya Kamal Bəyatlı beynəlxalq şeir festivalı"nda ölkəmizi, ədəbiyyatımızı təmsil etmək üçün mən də iştirak edirdim.
Uzun müddətdir koronavirus səbəbiylə bütün sahələrdə keçirilən tədbirlərin, festivalların çoxu ya təxirə salınır, ya da onlayn şəkildə həyata keçirilirdi.
Şimali Makedoniya Mədəniyyət Nazirliyinin dəstəyiylə Şimali Makedoniya Türk Sivil Toplum Təşkilatlar Birliyinin artıq altıncısını keçirdiyi bu ənənəvi şeir festivalı dünyamızın indiki reallığını nəzərə aldığımızda ədəbiyyat adına önəmli bir addım idi.
Festival geniş bir coğrafiyanı əhatə etsə də, təəssüf ki, pandemiya səbəbiylə bir çox ölkələrdən olan şairlərin iştirakı mümkün olmadı. Festivalda yalnız Şimali Makedoniya, Azərbaycan, Kosovo, Bolqarıstan, Türkiyə, Bosniya və Herseqovinadan olan şairlər iştirak etdilər. Gələ bilməyənlər isə öz səslərini videolarla çatdırdılar.
Yeni səhiyyə şərtlərini nəzərə alaraq keçirilən festivalda ilk dəfədir ki, insanların bir-birindən uzaq dayanıb sosial məsafə saxlayaraq şeirlə bir-birinə yaxınlaşdığını gördüm. Maraqlıdır ki, bir müddətdir koronavirusun ədəbiyyata mövzu olaraq necə təsir edəcəyinə dair müxtəlif fikirlər vardı. Bu mənada tədbirdə iki şairin pandemiyayla bağlı şeir oxumaları diqqət çəkdi.
Əlbəttə, festivalda səslənən şeirlərin hər biri haqqında fikir bildirmək mümkün deyil. Ancaq diqqətimi çəkən şairlərə qarşı da biganə qalmaq istəmədim. Bu səbəblə Seyhan Yakupi, Zeynəl Beksaç, Leyla Şərif Emin, Canan Özər və Tanər Güclütürkün şeirlərini ana dilimizə çevirmək istədim. Bu adamların Qarabağ müharibəsi dövründə yaşadıqları ölkələrdə bizim haqlı savaşımıza informasiya dəstəyi vermələri mənə dərindən təsir etdi. Belə bir səhifəni hazırlamağı dünyanın müxtəlif ölkələrində yaşasalar da, Türk dilində yazıb-yaradan, ürəyi Azərbaycanla döyünən bu şairlərə bir vəfa borcu olaraq gördüm.
Ramil ƏHMƏD
***
Zeynəl BEKSAÇ
1952-ci ildə Kosovonun Prizren şəhərində doğulub. 1974-1999-cu illərdə Priştine Televiziyasında mədəniyyət proqramları hazırlayıb. "Sevginin rəngini axtarırsınızsa", "Öncə sevgiyə doğar Günəş", "Rumeli, o mənəm!" adlı kitabların müəllifidir. 1999-cu ildən nəşr edilən "Türkcəm" jurnalının baş redaktorudur.
Sevgi röyama girmə bu gecə
Sərçə röyama girmə bu gecə
Sən olmaq istəyərəm sonra
Qanadım yox
Necə uçaram
Uçmasam, qəlbim qırılar
Çiçək röyama girmə bu gecə
Sən olmaq istəyərəm sonra
Çöl, bozqır, daş
Demədən
Hər yerdə açmaq
Hər yerdə qoxlanmaq istəyərəm
Sülh röyama girmə bu gecə
Sən olmaq istəyərəm sonra
Gücüm çatmaz
Necə qalib olaram savaşda
Qalib olmasam, içim içimi yeyər
Sevgi röyama girmə bu gecə
Sən olmaq istəyərəm sonra
Və söz həmişə
Sevgidən açılsın istəyərəm
Belə olmasa
Mən heç bir şey olmaq istəmərəm.
Leyla ŞƏRİF EMİN
1981-ci ildə Şimali Makedoniyanın Üsküb şəhərində doğulub. Aziz Kiril və Metodiy Universitetinin filologiya fakültəsini bitirib. Uzun müddət Türk dili müəllimi olaraq çalışıb. 2002-ci ildən yayımlanan "Körpü" jurnalının baş redaktorudur.
Məndən soruşsalar
Məndən soruşsalar belə deyərdim:
Danışmaq çətin deyil, çətini susmaqdır,
Yazmaq çətin deyil, çətini yazmamaqdır,
Ağlamaq çətin deyil, çətini ağlamamaqdır,
Anlatmaq çətin deyil, çətini anlaşılmaqdır,
Ölmək çətin deyil, çətini yaşamaqdır,
Gülmək çətin deyil, çətini gülümsəməkdir,
Bilmək çətin deyil, çətini anlamaqdır,
Sevmək çətin deyil, çətini aşiq olmaqdır,
Yatmaq çətin deyil, çətini oyanmaqdır,
Dərd çətin deyil, çətini dərd daşımaqdır,
Günahkar olmaq çətin deyil, çətini günahlandırılmaqdır,
Yetim olmaq çətin deyil, çətini kimsəsiz qalmaqdır.
Tanər GÜCLÜTÜRK
1980-ci ildə Kosovoda Prizren şəhərində doğulub. Priştine Universitetinin Türk dili və ədəbiyyatı fakültəsində bakalavar və magistr təhsili alıb. "1951-2001 dönəmində Kosovoda Modern Türk Ədəbi Yaradıcılığı" adlı doktorluq dissertasiyasını 2011-ci ildə müdafiə edib. Şeir, esse, elmi məqalələri Kosovo və Türkiyənin müxtəlif dərgilərində müntəzəm olaraq yayımlanır.
Dan işığı
Bir gün bohem bir mahnı yazmalıyam,
Ərqəvanlar bədənini oxşayanda
Bir səhər bir sol, bir lya, bir si tonunda günə oyanmalı bir piano
Bir ney ədasında olmalı incə və zərif duruşun
Və sadəcə zülflərin dəyməli gicgahıma...
Mən özümü tapmalıyam yoxluğunda
O gün sən də yox olmalısan varlığımda...
İtirmək
Bir gecə,
anidən bir ulduz axacaq
göyüzündən,
bəlkə ansız,
bəlkə zamansız,
bəlkə də xəbərsiz...
Bilinməyən bir sahildən
bilinməyən bir adresə doğru
yol alacaq
səssiz bir gəmi kimi
arxasınca əl sallayanlar anlayacaqlar
ulduzsuz və qaranlıq gecələrin
nə demək olduğunu
və gedən gəmilərin
bir daha gəlməyəcəyini.
Seyhan YAKUPİ
1978-ci ildə Şimali Makedoniyanın paytaxtı Üsküb şəhərində doğulub. 2002-ci ildən "Körpü" jurnalında şeir və esseləri çap olunur. 2014-cü ildən həmin jurnalın redaksiya heyətində yer alır. Hazırda Üsküb radiosunda aparıcı olaraq işləyir.
yandırsam getdiyimiz bütün şəhərləri
keçdiyimiz bütün küçələri
önündə dayandığımız bütün vitrinləri
və mindiyimiz bütün gəmiləri
çıxarsanmı ağlımdan?
İtirsəm dinlədiyimiz bütün mahnıları
yoxa çıxsa şəkər pambığı satan adamlar
dəyişdirsəm bütün qoxuları
çıxarsanmı canımdan?
***
ağ-qara film izləmək istəyirəm
1985-ci il olmalı, saat 16:00-da qapı döyülməli
böyük motosikletli uzun boylu bir adam
girməli həyətə
böyük masada hamı öz yerində oturmalı
sonra birlikdə axşam xəbərləri izlənməli
aparıcının səsindən başqa səs olmamalı
və mən böyük evin kiçik qızı olmalıyam yenidən.
***
şəhərlərin adları dəyişir
maşınların nömrələri
evlərin damı biraz yağış, biraz külək
biraz da hüzündən köhnəlir
bir gün hər şəhərdə həmişə
eyni yerdə olduğunu anlayır insan
hamı bir-birinə bənzərkən
heç kim heç kimə bənzəmir
biraz durğun, biraz qərib olur adam
qar hər yerə bəyaz yağmır
biraz soyuq
biraz küskün
biraz da yorğun yağır
Canan ÖZƏR
1995-ci ildə Kosovonun Prizren şəhərində doğulub. "Mələklərin qoxusu" və "Məçhul Şairə" adlı iki şeir kitabı var. İstanbul Universiteti Türk dili və ədəbiyyatı fakültəsindən məzun olub. Hazırda Marmara Universitetində magistr təhsilinə davam edir.
Gözlərinə
(gözlərinə - əqrəbsiz, yelqovansız
o gözəl saatlara)
Ağlama,
Damlamasın qəmzələrinə,
Hər gülüşündə uçub getməsin "zaman",
Qanadlarıyla hüznümü dağıdan bir quş.
Solumda yüklüdür sevda,
Yükdürmü bilmirəm amma
"Ömür"
mənzərənin ardından boylanan bir yoxuş.
Çoxdan töküldü ruhumdan bahar çiçəkləri,
Qovaq yelləriylə gəldi mənə qış.
Və sevməyə başlamaqla başladı yoxluq.
Gözlərinə, əqrəbsiz, yelqovansız
o gözəl saatlara,
Baxım əcəli gözlərkən
görüş vaxtını bilmədən
Ölüm kimi ayrılıqlar,
ayrılıq kimi ölümlər gəlmədən...