Bəşəriyyəti təhdid edən dağıdıcı müharibələr erasının bitməsi, Avropanın qlobal müharibə fəlakətlərindən kənarda dinc quruculuqla məşğul olduğu son altmış ilin elmi-mədəni, maddi və mənəvi uğurları heç də insanlıq qarşısında duran bütün problemlərin birdəfəlik həlli ilə səciyyələnmədi. Yer üzündə hələ də kütləvi qırğınların törədilməsi və nüvə müharibələrinin başlanma təhlükəsi qalmaqdadır. Hələ də beynəlxalq sülh və əmin-amanlıq atmosferini potensial zəhərlənməyə məruz qoyan lokal silahlı toqquşmalar, milli-etnik münaqişələr və terror insanlıq qarşısında real təhlükə mənbəyi kimi durmaqda davam edir. Nüfuzlu beynəlxalq təşkilatların səylərinə baxmayaraq, planetimizdə insan haqları aşkar və gizli şəkildə pozulur, yer kürəsi əhalisinin fiziki və mənəvi aləmlə, həmçinin ətraf mühitin qorunması problemləri günü-gündən bütün kəskinliyilə aktuallaşır.
Şübhəsiz ki, bəşəriyyətin mövcud vacib problemlərinin həllində - dünyada sülhün bərqərar olmasında, ümumi təhlükəsizliyin təmin edilməsində, iqtisadi, hərbi, ekoloji dəngənin qorunmasında mühüm maliyyə imkanlarına və hakimiyyət səlahiyyətlərinə malik dövlət qurumları ilə yanaşı beynəlxalq təşkilatlarda aparıcı rol oynayırlar. Qeyd etdiyimiz ümumbəşəri problemlər bir çox hallarda dövlət təşkilatları və bu problemlər fonunda formalaşan regional və beynəlxalq qurumların fəaliyyətinin əsas istiqamətlərinə çevrilir. Buna rəğmən aydın olur ki, ekoloji, demoqrafik, sosial problemləri yalnız dövlətlərin və hökumət strukturlarının səyləri ilə deyil, həmçinin sıravi vətəndaşların geniş iştirakı, konkret desək qeyri-hökumət təşkilatların fəaliyyəti olmadan aradan qaldırmaq qeyri-mümkündür. Qeyri-hökumət təşkilatlarının əldə etdikləri uğurların səbəblərindən ən əsasını vətəndaşların mövcud ictimai-siyasi, sosial-mədəni problemlərin həllində könüllü və fəal iştirakında, bu istiqamətdə dövlət qurumlarının, dövlətlərin yaratdığı regional və beynəlxalq təşkilatların onların fəaliyyətinə verdiyi mütəmadi, ciddi dəstəkdə axtarmaq lazımdır.
Digər tərəfdən QHT-lərin formalaşmasının nəzəri aspektlərindən danışarkən onların beynəlxalq münasibətlər sistemində oynadığı rola qısa yer ayırmaq faydalı hesab edilə bilər. Ən azı ona görə ki, QHT-lərin beynəlxalq münasibətlər sisteminin tərkib hissəsi olması həm realist (həmçinin neorealist), həm də liberal (həmçinin neoliberal) nəzəri məktəblər tərəfindən qəbul edilir. Məsələn, tanınmış nəzəriyyəçi alim P.A.Sıqankov əsasən "Beynəlxalq münasibətlərin nəzəriyyəsi" kitabında beynəlxalq münasibətlərin iştirakçılarını iki qrupa ayırır: I Dövlət, II Dövlətdən kənar təşkilatlar. Öz növbəsində dövlətdənkənar təşkilatları iki altqrupa (Dövlətlərarası beynəlxalq təşkilatlar, QHT-lər) eynən müəllif QHT-ləri beynəlxaq münasibətlərin aktoru kimi deyil, subyekti kimi görməkdədir. Məktəblər üzrə yanaşsaq, realist və marksist məktəblərdən fərqli olaraq, liberal məktəb QHT-ləri beynəlxalq münasibətlərin həm subyekti, həm də aktoru kimi qəbul edir və onları beynəlxalq münasibətlər sistemini təşkil edən komponentlərdən biri sayır.
Z.Bzejinski əsasən "Seçim" əsərində dünyada mövcud olan sərhədlərin aradan qalxmasını dəyərləndirərkən bu halın insanlar üçün deyil, məhz dövlətlər, dövlətlərarası qurumlar və dövlətdənkənar təşkilatlar üçün vacibliyini xüsusi vurğulayır. Məhşur amerikalı politoloq və geosiyasətçinin dəvlətdənkənar təşkilatları, yəni QHT-ləri dövlətlə yanaşı göstərməsi yuxarıda qeyd etdiyimiz fikirlərin - QHT-lərin beynəlxalq münasibətlər sisteminin tərkib hissəsi olması fikrinin və onların beynəlxalq münasibətlərə təsir imkanlarına sahib olmasının məhşur siyasətçilər və dövlət adamları tərəfindən qəbul edilməsinə sübutdur.
Z.Bzejinski "Nyu-York Tayms" qəzetində dərc edilmiş "Hegemonluq bataqlığı" məqaləsində yazır: "...ABŞ-ın İraqa hərbi müdaxiləsi yanlış taktiki addım idi. Bunun əvəzində Birləşmiş Ştatlar o qədər də real təhlükə yaratmayan Səddam rejimini müxtəlif vasitələrlə, o cümlədən qeyri-hökumət təşkilatlarının gücündən istifadə etməklə də devirə bilərdi...". Bu fikri ilə Bzejinski dünya siyasətində QHT-lərin iştirak imkanlarına və oynadıqları rola diqqəti cəlb edib.
Qeyd etmək lazımdır ki, QHT-lərin tarixi daha keçmişə gedib çıxır. Qədim Çinin gizli cəmiyyətlərini, orta əsrlərdə - tampliyerlər ordenini, ən yeni tarixdə isə "Green Peace" xatırlamaq kifayətdir. 70 il tərkibində olduğumuz Sovet imperiyasının siyasi sistemi bolşevik inqilabına qədər Rusiyada formalaşmış təşkilatların inkişafından məharətlə istifadə edilərək ərsəyə gəlmişdi. Bunlara nümunə olaraq, həmkarlar təşkilatlarını, şuraları, kooperasiyaları, mədəni-maarif, elmi və sair təsisat və qurumları göstərmək olar. Əlbəttə, sovetlər rejimi bu təsisatlardan əsas etibarilə Kremlin siyasətinə uyğun şəkildə, qrup mənafelərini təmin etmək üçün istifadə edib. Bununla belə, bu rejim mahiyyət etibarilə QHT fenomenindən özünəməxsus qaydada olsa da, kifayət qədər geniş və hərtərəfli faydalanıb.
Heç kimə sirr deyil ki, müxtəlif dövrlərdə dünyanın çeşidli ölkələrində zəmanənin ən görkəmli şəxsləri məhz QHT-lərin üzvü olaraq, bu qurumların işində fəal iştirak ediblər.
Çağdaş dünyamızda fəaliyyət göstərən və beynəlxalq münasibətlər sisteminin tərkib hissəsinə çevrilən qeyri-hökumət təşkilatlarının əsl mahiyyəti və fəlsəfəsi haqqında bir sıra məsələlərə aydınlıq gətirmək vacibdir.
İlk növbədə "qeyri-hökumət təşkilatı nədir" sualına cavab tapmağa çalışaq. Mənfəət əldə etmək məqsədi ilə fəaliyyət göstərməyən, siyasi hakimiyyət uğrunda mübarizə aparmayan istənilən yerli, milli və yaxud beynəlxalq vətəndaşlar qrupu tərəfindən yaradılan təşkilata qeyri-hökumət təşkilatı (QHT) və ya ictimai birlik deyilir. Başqa sözlə "ictimai birlik- təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və ya hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə etdiyi gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatı" kimi başa düşülür" . Belə sadə tərif əslində QHT-lərin olduqca geniş funksiyaları həyata keçirməsindən xəbər verir. QHT-lər hüquq, humanitar, səhiyyə, təhsil, ekologiya, insan hüquqları, sülh və sair sahələrdə fəaliyyət göstərən qurumlardır. Onlar hətta siyasət səhnəsində cərəyan edən proseslərə də ciddi müdaxilə etmək iqtidarında olan qeyri-siyasi vətəndaş qruplarıdır.
"Fəaliyyət ərazisinə görə qeyri-hökumət təşkilatlarının 4 növü fərqləndirilir: yerli; regional; ümumölkə; beynəlxalq". Qeyri-hökumət və ya qeyri-kommersiya sektoru dövlət və biznes sahələri ilə birlikdə ictimai həyatın böyük bir hissəsini təşkil edir. Onun cəmiyyətdəki xüsusi mövqeyini tez-tez istifadə edilən "üçüncü sektor" anlayışı da xarakterizə edir. Bu sahəni həmçinin qeyri-kommersiya, müstəqil, könüllü, mənfəət gətirməyən və xeyriyyə sektoru da adlandırırlar. Bu anlayışların hər biri mövcud reallığa söykənərək bu sektora daxil olan təşkilatların çoxsaylı aspektlərini qabarıq şəkildə ifadə edir. Digər xüsusiyyətlər isə ya olduqca səthi təqdim edilir, yaxud da, ümumiyyətlə diqqətdən kənarda qalırlar. Misal üçün, "qeyri-hökumət təşkilatı" termini üçüncü sektorla hökumət təşkilatlarını biri-birindən fərqləndirir. Eyni zamanda sektorun biznesə olan münasibətini əks etdirmir. Üçüncü sektora daxil olan qurumların ən başlıca vəzifəsi gəlir əldə etmək olmasa da, onlar müəyyən hallarda mənfəət gətirə bilərlər. Odur ki, "mənfəət götürməyən sektor" termini də əslində müəyyən mənada məsələni tam dəqiqliklə əks etdirmir.
(Ardı var)
AQİL