|
|
|
|
2021-ci il martın 16-da Moskva Müqaviləsinin imzalanmasının 100-cü ili tamam olur. Bu müqavilə Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət verilməsi yolunda imzalanan çox mühüm bir sənəddir.
Ötən əsrin 20-ci illərində Rusiyada siyasi hakimiyyət hələ möhkəmlənməmişdi. Ölkədə vətəndaş müharibəsi və xarici hərbi müdaxilə baş verir, imperialist dövlətləri bolşevik hakimiyyətinə qarşı müxtəlif təxribatlar törədirdi. Bu fikirləri eynilə Türkiyəyə də aid etmək olar. Osmanlı imperiyası süqut etmiş, Mustafa Kamal Paşa Türkiyəni xilas etmək üçün mübarizəyə başlamışdı. Belə bir şəraitdə Rusiya-Türkiyə yaxınlaşması tarixi proseslərin nəticəsi olaraq ortaya çıxdı. Son nəticədə, bu dövlətlər arasında müəyyən müqavilələr imzalandı. Əslində, bir sıra dövlətlər Türkiyə-Rusiya yaxınlaşmasını istəmirdilər. Çünki Birinci Dünya müharibəsində qalib gəlmiş böyük dövlətlər bir tərəfdən Türkiyəni məğlub edib özlərindən asılı vəziyyətə salmaq, digər tərəfdən isə Rusiyada bolşevik hökumətini devirmək, Azərbaycanda hakimiyyətə gəlmiş bolşevik hökuməti ilə yaxınlaşmasına yol verməməyə çalışırdılar.
Həmin dövrdə Rusiyanın, İngiltərənin və ABŞ-ın Cənubi Qafqazda öz geosiyasi maraqlarını həyata keçirməsində başlıca rol oynayan amillərdən biri də məhz ermənilər idi. Qeyd etmək lazımdır ki, ermənilər bu dövlətlərin geosiyasi maraqlarının icrasına çevrilsələr də, öz növbəsində, dünyanın bu böyük güclərindən gələcəkdə qurulması planlaşdırılan "Ermənistan dövləti" üçün öhdəliklər tələb etmişdilər. Yəni böyük güclərlə ermənilər arasındakı əlaqələrə bir növ "qarşılıqlı istifadə və faydalanma" münasibətləri çərçivəsində yanaşılmalıdır. Müxtəlif dövrlərdə ermənilərdən faydalanaraq qarşılıqlı əməkdaşlıq çərçivəsində formalaşan böyük güclərin siyasətləri Qafqazdakı Azərbaycan türkləri, o cümlədən, naxçıvanlılar üçün fəlakət mənbəyi olaraq ortaya çıxmış və minlərlə azərbaycanlının ermənilər tərəfindən soyqırımına məruz qalmalarına səbəb olub. Hətta Naxçıvanı bu dövlətlərin təhriki və dəstəyi ilə ermənilərə peşkəş etmək istəmişlər. Lakin naxçıvanlıların inadlı müqaviməti, görkəmli siyasi xadimlərin müdrik siyasəti Naxçıvanın ermənilərə verilməsinin qarşısını alıb.
XX əsrin əvvəllərində ermənilər Naxçıvanı ələ keçirərək həm geniş torpaqlara sahib olmaq, həm də Türkiyənin Azərbaycan və dolayısıyla Orta Asiya ilə əlaqəsini gücləndirən yeganə dəhlizi bağlamaq istəyirdilər.
Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra da, daşnakların təcavüzkar hərəkətləri nəticəsində Naxçıvan diyarında gərginlik hələ də davam edirdi. RSFSR hökumətinin daşnak hökuməti ilə danışıqlar vasitəsilə münaqişəni həll etmək cəhdi baş tutmadı. XI Ordunun iştirakı ilə 1920-ci il iyulun 28-də Naxçıvan diyarında Sovet hakimiyyəti quruldu və Naxçıvan İnqilab Komitəsi yaradıldı. Avqustun 10-da Naxçıvan İnqilab Komitəsi Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanova məktub göndərdi. Məktubda deyilirdi: "Naxçıvan camaatının çox böyük əksəriyyətinin qərarı ilə Naxçıvan diyarı özünü Azərbaycan SSR-in ayrılmaz tərkib hissəsi hesab etmişdir".
Rusiya rəhbərlərinə gəldikdə isə onlar Türkiyə ilə diplomatik münasibətlər yaratmaq istəsələr də, Ermənistandan Türkiyəyə qarşı bir vasitə kimi də istifadə etməyə çalışırdılar. Ermənistan bolşeviklərin nəzarətinə keçən kimi Azərbaycan Hərbi İnqilab Komitəsi 1 dekabr 1920-ci ildə bəyanatla çıxış etdi. Bəyanat Rusiyanın diktəsi ilə yazılmışdı və "iki sovet respublikası arasında ərazi mübahisələrinin" Azərbaycanın milli mənafelərinə zidd şəkildə həll edilməsinə yönəlmişdi.
Vəziyyətin gərginləşdiyini görən Azərbaycan Respublikasının rəhbərliyi respublika Hərbi İnqilab Komitəsinin üzvü, Ədliyyə komissarı Behbud ağa Şahtaxtinskini Naxçıvana göndərdi. O, Naxçıvan, Şərur və Ordubad əhalisi ilə görüşlərində, mitinqlərdə yerli əhalinin kütləvi etirazını təşkil edərək mərkəzi hakimiyyətin Ermənistanın xeyrinə qəbul etdiyi qərarın qarşısını aldı. Naxçıvan diyarının əhalisi Azərbaycanın tərkibində muxtariyyət tələb edirdi. Ona görə də 1921-ci ilin yanvarında Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin təşəbbüsü və iştirakı ilə keçirilmiş rəy sorğusunda bölgə əhalisinin 90 faizindən çoxu Naxçıvan diyarının muxtariyyət statusunda Azərbaycanın tərkibində qalmasına səs verdi. Bu qərar Naxçıvanın gələcək müqəddəratında mühüm rol oynadı.
Naxçıvan məsələsi Rusiya-Ermənistan və Türkiyə-Ermənistan danışıqlarında da mühüm yer tuturdu. Ermənistan Rusiya və Türkiyə arasında siyasi manevrlər edərək onların münasibətlərindən və yaranmış şəraitdən istifadə etməyə çalışırdı. Rusiyaya gəldikdə isə o, Türkiyə ilə yaxınlaşmaq xəttini yeritsə də, erməniləri də müdafiə edirdi. Ermənistan isə Naxçıvan və başqa ərazilərlə bağlı niyyətlərini həyata keçirmək üçün ən çox Rusiyaya ümid bəsləyirdi.
Ötən əsrin 20-ci illərində beynəlxalq münasibətlərdə və dünyada yaranmış şərait Türkiyə ilə Rusiyanın yaxınlaşmasına, onlar arasında isti münasibətlərin və son nəticədə müəyyən razılaşmaların baş tutmasına gətirib çıxartdı. Türkiyə hökuməti Rusiya ilə diplomatik münasibətlər qurmaq və iki ölkə arasında dostluq müqaviləsi imzalamaq üçün fəallığını artırdı və bunun üçün Bəkir Sami bəyin başçılığı ilə nümayəndə heyəti Moskvaya gəldi. Danışıqlar nəticəsində sovet-türk müqaviləsinin layihəsi hazırlandı.
Türkiyə Azərbaycan, Gürcüstan və Ermənistanla ayrı-ayrılıqda müqavilə bağlamaq istəyirdi. Üstəlik, Türkiyə bildirirdi ki, onların Azərbaycanla heç bir mübahisəli məsələsi yoxdur. Ermənistana gəldikdə isə, Türkiyə Gümrü (Aleksandropol) müqaviləsini qüvvədə hesab edir və ondan imtina etmək istəmirdi.
1921-ci ilin fevral ayında Ankara hökumətinin yeni xarici işlər naziri Yusif Kamal bəyin başçılığı ilə Əli Fuad və doktor Rza Nurdan ibarət diplomatik nümayəndə heyəti Moskvaya gələrək yeni danışıqlara başladı. Danışıqlarda Rusiya tərəfindən G.Çiçerin və RSFSR MİK üzvü C.Qorxmazov iştirak edirdi. Müzakirələr çox gərgin keçmiş və hətta danışıqlar bəzən pozulmaq həddinə çatmışdı. Bir sıra məsələlərlə yanaşı, danışıqlarda Naxçıvan məsələsinə də xüsusi əhəmiyyət verilmişdi. Türkiyə bu məsələyə ona görə böyük önəm verirdi ki, Naxçıvan Türkiyə-Azərbaycan əlaqələrində ən yaxın məsafədə yerləşirdi.
Moskva danışıqlarında Azərbaycanın təmsilçisi Behbud ağa Şahtaxtinski də iştirak etmiş və uğurlu nəticənin əldə edilməsində onun mühüm xidməti olmuşdu.
Bir aya yaxın davam etmiş danışıqların yekunu 1921-ci il martın 16-da imzalanmış "Dostluq və qardaşlıq haqqında" RSFSR-Türkiyə müqaviləsində öz əksini tapdı. Moskva müqaviləsi 16 maddədən və 3 əlavədən ibarət idi.
Moskva müqaviləsinin üçüncü maddəsi və I (B) əlavəsi bilavasitə Naxçıvanla bağlı idi. Müqavilənin 3-cü maddəsinə əsasən belə bir qarşılıqlı qərar qəbul edildi ki, Naxçıvan vilayəti bu müqavilənin I (B) əlavəsində göstərilən sərhədlərdə Azərbaycanın himayəsi altında heç bir üçüncü dövlətə güzəştə getməməsi şərti ilə muxtar ərazi təşkil edir. "Naxçıvan ərazisi" adlı I (B) əlavəsində isə bölgənin sərhədləri müəyyənləşdirildi: "Ararat stansiyası - Saray - Bulaq dağları - Kömürlüdağ - Sayatdağ - Qurdqulaq kəndi - Həməsur dağı - yüksəklik (8022) - Küküdağ və keçmiş Naxçıvan qəzasının şərq inzibati sərhədi".
Beləliklə, Rusiya hökumətinin ermənipərəst mövqeyinə və erməni kommunistlərin riyakar siyasətinə baxmayaraq, Naxçıvan əhalisinin qətiyyətli, dönməz iradəsi, Türkiyənin ədalətli mövqeyi və görkəmli diplomat Behbud ağa Şahtaxtinskinin səyləri ilə Naxçıvan Azərbaycanın tərkibində saxlanıldı.
Moskva müqaviləsinin imzalanmasının böyük tarixi əhəmiyyəti vardır. İlk növbədə, bu müqavilə Rusiya ilə Türkiyə arasında mövcud olan problemləri həll etdi. Rusiya və Türkiyə sıx ittifaqda birləşdi, təbii müttəfiqə çevrildilər. Moskva müqaviləsi Azərbaycanın bütövlüyünü qorudu və Naxçıvanın ərazi mənsubiyyəti məsələsinə aydınlıq gətirdi. Bu müqaviləyə görə qədim türk-oğuz yurdu olan Naxçıvan Azərbaycan sərhədləri içərisində qaldı. Eyni zamanda, Naxçıvanın statusunun bu müqavilədə əks olunması böyük siyasi əhəmiyyət kəsb etdi və gələcək muxtariyyət üçün əsas yaratdı.
Bütün bunlara baxmayaraq, erməni daşnakları XX əsr boyu Naxçıvanı ilhaq siyasətindən əl çəkməmiş, ötən əsrin 90-cı illərinin əvvəllərində buraya silahlı basqınlar etmiş, Moskva və Qars müqavilələrinin ləğv edilməsi üçün xeyli fəallaşmışlar. Lakin Ümummilli liderimiz Heydər Əliyev 1992-ci ilin mart ayında Türkiyə Cümhuriyyətində səfərdə olarkən Moskva və Qars müqavilələrini gündəmə gətirmiş, bu müqavilələrin xalqımızın həyatındakı tarixi rolunu yüksək qiymətləndirmişdir.
Göründüyü kimi, Naxçıvanın muxtariyyəti statusu bu gün qüvvədə olan Moskva beynəlxalq müqaviləsi ilə təsdiqlənir. Bu muxtariyyət milli-etnik yox, siyasi amillərlə, Naxçıvanın özünəməxsus geopolitik və tarixi-coğrafi mövqeyi ilə şərtlənib. Müqaviləni imzalayan heç bir dövlət onu birtərəfli qaydada ləğv edə bilməz. Çünki Moskva müqaviləsinin birtərəfli qaydada ləğvi beynəlxalq müqavilələr haqqında 1969-cu il Vyana konvensiyasının, 1975-ci il Helsinki müşavirəsinin Yekun aktının müddəalarına ziddir.
Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusu qazanması beynəlxalq Moskva müqaviləsi ilə rəsmiləşdirilib. Özü də müddətsiz dövr üçün. Bu müqavilənin müddətsiz bağlanması onun tarixi əhəmiyyətini daha da artırır.
Qars müqaviləsi Şərq cəbhəsində təhlükəsizliyin təmin edilməsində son və mühüm mərhələ olmuşdur. Bu müqavilə, əslində, 16 mart 1921-ci ildə imzalanan Moskva andlaşmasının yenidən təsdiqi idi. Fərq isə ondan ibarət idi ki, bu andlaşmanı sovetləşmiş Qafqaz ölkələri imzalamışdı. Qars müqaviləsi ilə Şərq sərhədimiz bu üç ölkə tərəfindən də təsdiq edilmiş və ziddiyyətli məsələlər aradan qaldırılmışdı.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun "Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında" 2021-ci il 8 fevral tarixli Sərəncamına əsasən, bu il müqavilənin 100 illiyi muxtar respublikamızda geniş qeyd ediləcək. Müvafiq Sərəncamla "Qars müqaviləsinin 100 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı" təsdiq edilib. İnanırıq ki, bu Sərəncamın işığında Qars müqaviləsinin tarixi yenidən və daha ciddi araşdırılacaq, bu tarixi sənədlə Naxçıvanın muxtariyyət statusunun təsbiti və erməni işğalından qurtuluşu məsələlərinə bu günün prizmasından baxaraq daha dəqiq qiymət veriləcək.
Yaşar RƏHİMOV
Tarix üzrə fəlsəfə doktoru, AMEA Naxçıvan Bölməsinin əməkdaşı