|
|
|
|

Elçin İsgəndərzadə ilə Adil Mirseyid "baş-başa, ürək-ürəyə dayananda, söz-sözə söykənəndə, söz sözü qabaqlayanda" əkiz ürəkli dostlar bir-birinin ürəyini bir baxışla, bircə himlə oxuyublar, hətta birisi dünyanın o başında olanda belə ruhları bir-birinin yanında olub. Başqa cür də ola bilməzdi. Tale və ruh oxşarlığı ilə doğulanlar ürəkdən ürəyə gedən yolların hər cığırını, hər döngəsini əzbər bilirlər.
"Görəsən, Elçinin dəli könlü indi bu anda haralarda dolaşır? Bəlkə Şuşada bir çiçəyə qonub, bəlkə Ağdamda Qarqar çayının sahilində bir qərib quşa yuva qurur?" Adil Mirseyidin bu sualları, bu "bəlkə"ləri əslində, Elçin müəllimin "dəli könlü"nün harada olduğunun koordinatlarını söyləyir. İki həssas qəlbin çırpıntıları heç vaxt bir-birindən ayrı yaşamayıb. Bir-birindən bir saat, bir gün ayrı qalan kimi qatarından gen düşən iki durna sayağı xüsusi notlarla bir-birini səsləyib tapıblar.
"Zamandan çıxıb zamana baxan"lar (A.Mirseyid), "şeiri tumurcuqların içinə yazan"lar, şeir kimi, şeir mələyi kimi yer üzünə zühur edənlər (E.İsgəndərzadə), "şeir anddır!" (V.B.Ödər) inamı ilə bu andları göy üzünə naxışlayanlar doğulandan "beşinci mövsümdə yaşayırlar" (E.İsgəndərzadə).
Elçin İsgəndərzadənin "qeyrətli ruhu" həmişə Qarqar çayının sahilindəki böyürtkən kollarının dibində intizarla doğmalarını gözləyən bənövşəni qoxulayıb geri qayıdır - cisminin yanına.
Adil Mirseyid düşünür ki, onun ilk misrasını Tanrı göndərir, ikinci misra isə içindəki zərif tumurcuqdan kövrək-kövrək boylanır, çiçək kimi doğulur və birinci misranın yanında dayanır. Bəzən rəsm çəkdiyi zaman sanki kimsə əlindən tutur, kətan və ya kağız üzərində obraz doğulur. Bu ilahi əl şairlərə şeir yazdırır, rəssamlara rəsm çəkdirir.
Elçin müəllim "Bulud adam"la yanaşı addımlamağının fərqindədi. "Bulud adam"ın hardan gəlib, hara getdiyini də bilir. Bilir ki, Ay çəkir, torpaq saxlayır onu. Bilir ki, niyə və necə onun şeirlərini sevir? "Baharı, bənövşəni, qaranquşları və dərdi sevdiyi kimi..."
Bəlkə də Tanrının belə unutduğu Adil Mirseyid kimdir?
"Adil Mirseyid elitar şairdir.
Adil Mirseyid sürrealistdir.
Adil Mirseyid mistikdir.
Adil Mirseyid ürəyini göyərçinlərə
yedirdir"...
(E.İsgəndərzadə)
Elçin İsgəndərzadənin poetik rəmzi Xarıbülbüldür, Adil Mirseyidinki isə göyərçinlər - ürəyində doğulub ürəyini dənləyən bəyaz söz göyərçinləri. Ürəyini göyərçinlərə yem edən, Xarıbülbülün azadlığı uğrunda savaşan şairlər çox olmalıdır "bu gözəlim məmləkətdə"...
Ürəyini göyərçinlərə
yedirdən bir şair olmalıdır ki,
hər səhər dan üzü
umud çiçəklərinə,
sevda ləçəklərinə
ilk şeh damlaları düşməzdən öncə
Tanrı bağışlasın bizi...
(E.İsgəndərzadə)
Səmimilik həmişə insanlığın əsas şərtlərindən bəlkə də birincisidi. Elçin müəllim Adil Mirseyidin poeziyasını "elitar poeziya" kimi qəbul edəndə də, özünün, Çingiz Əlioğlunun və Adil Mirseyidin timsalında bu poeziyanı dünya poeziyasının Azərbaycan qolu olduğuna və dünya poeziyasına inteqrasiyasına görə qürurlananda da səmimidir. Sevinir ki, hər iki şair Azərbaycan şeirini dünya şeirinə calaşdırır.
"Poeziya Tanrının yer üzərində yaratdığı möcüzələrin ən sehirlisidir. Adil Mirseyid poeziyası həmin möcüzənin fleyta səsi, qağayı nəğməsi və durna qəribliyi aurasında yağlı boya ilə kətan üzərinə əbədilik köçürülmüş inikasıdır". Elçin müəllimin tale və ruh oxşarının poeziyasına və rənglər səltənətinin rəsmlərinə verdiyi böyük dəyərin çəkisinə fikir verin!
Azər Turana görə, "Azərbaycan türkcəsinin ifadə imkanları Adilin şeirləri miqyasında genişlənib". "Modernist şeirin Azərbaycan poeziyasında yeni yaşam hüququnu verən ilk nümunələrini 80-ci illərdə Adil Mirseyid yaratdı" (Vaqif Yusifli).
Şairlərin dünyası da özləri kimi qeyri-adi olur. Kimsə özünü "şair taleyinə fəda etməyi bacarır" (E.İsgəndərzadə), Adil Mirseyid kimi...
"Şeirlərinin rəsmlərini, rəsmlərinin şeirləri"ni ilahi sözlə və arzularının rəngləri ilə həm yaza, həm də çəkə bilmək istedadını Yaradan hər bəşəri varlığa verməyib. Belələri yerin yox, göy üzünün sakinləridir. Adil Mirseyid deyərmiş ki, işin olmasın məndə, bir mühacir babayam, Parisdə yaşayırmıştək yaşayıram məmləkətdə". Elçin müəllim də özüylə eyniruhlunu özü kimi tanıyırdı, humanist, ürəyi geniş, bəşəri: "Adil Miseyid poeziyası bütün dünyanı qarış-qarış gəzib, onun hər qarışını sevən poeziyadır. O, Yaponiyanı ən azı yaponlar qədər, Fransanı fransızlar qədər, Fələstini fələstinlilər qədər... sevir".
Bəşəri sevgiylə nəfəs almaq ucalıqdır...
Adil Mirseyidin ruh qardaşına arzusunun ülviliyi insanı müsbət mənada heyrətləndirir: "Sənə bir misra Füzuli sevdası arzulayıram". Şairə belə cahanşümul dilək hər ürəyin işi deyil. İndi şairin bir uğurlu misrasına görə onu ağ yuyub qara sərmək dəbdədir. Adil Mirseyid, ruhun şad olsun, sən də o "sevda"nı dadanlardansan. Bəxtəvərsən!
Adil Mirseyid xarizmasının üstünlüyü nədəydi? Sən demə, Allah vergisi də cürbəcür olurmuş. Bunu sevimlilərinə töhfə edir Tanrı. Kiminə çox, kiminə lap çox. Adil Mirseyidin bəxtinə "lap çox" düşüb. Adil Mirseyidin gördüyü "güzgüdəki adam" elə "bulud adam"dı. Bulud adam dərdlərin ağuşunda qıvrıla-qıvrıla yananların üzərinə abi-həyat - nur damlaları göndərəndi. O damlalar kiminsə arzularına can verir, gözləri yolda qalanların yollarına su səpir ki, Nüsrət Kəsəmənli demişkən, gedənlərin izləri göyərsin. İzlərin sahiblərinin geriyə dönməyi də var axı...
Adil Mirseyid Nazim Hikmətin ilahi sözünün qüvvəti, yana-yana bəşəri aydınlığa çıxarmaq uğrunda çarpışanlardandı. Ona görə də işığa doyumsuzların, işığa boylananların, işığın qədrini bilənlərin ürəyindədir, yağış kimi, bulud kimi, Günəş kimi, Ay kimi. Belə adamları bəşəriyyətə çox görmə, Tanrım!
Bəli, Elçin müəllim, "şairləri rəssamlardan, rəssamları şairlərdən yaxşı heç kəs duya bilməz" - deyən Blez Sandrar haqlıydı. Sanki Sandrar Sizinlə Adil Mirseyidin ruh əkizliyini bilib bu fikri söyləyib.
"İlahi harmoniya şairi, haqsızlıq, xəyanət gördü, xain olmadı". Bu bir cümlə Adil Mirseyidin mənəviyyatının saflığının tam ifadəsidi, Elçin müəllimin qədirbilənləyi, dosta, qardaşa vəfa borcudu...
Kəndimizdən axan Qarqar çayı üçün burnumun ucunun göynəməsi ilə Adilin Nil çayına sevgisi üst-üstə düşür:
Ah Misirdə olaydım,
çiməydim Nil çayında.
ordan məktub yazaydım,
sənə yağmur ayında...
Sevginin, təxəyyülün, duyğuların sərhədi olmur...
Elçin müəllim Adil Mirseyidin "içini" aydın görənlərdən biridir. Söz göyərçinlərinin onun ürəyini yeməsinə baxa-baxa "üzündəki nura" vurulmuşdu...
Elçin müəllim tale oxşarının, düşüncə əkizinin şeirlərini - "şaman dua"ları kimi əllərini göy üzünə açıb oxuyur:
Kor musiqiçi kimiyəm, Tanrım,
amma səni görürəm mən...
Adil Mirseyid azadlıq Məcnunudu:
Akvariumda yaşayıram elə bil,
akvariumda yaşamaq günah deyil...
Adil Mirseyidin "içindəki günah nə idi? Böyük idimi? Bağışlamaq olmazdımı? O, niyə "özü özündən qaçırdı, şeirlərinin mayası qan idimi?" Mənə elə gəlir ki, bu sualları ən dolğun Elçin müəllim cavablayar. Ruh əkizi Adil Mirseyidin özünü, sözünü, üzünün nurunu, gözünün eynəkdən aydın görünən işığını niyə sevir:
"Mən Adil Mirseyidin şeirlərini sevirəm - XX - XXI əsr Azərbaycan poeziyasının ən azı XXX əsrə daşıyıcısı olduğu üçün. Bu gün mənim sərsəm Dünyaya yazığım gəlir, çünki sərsəmliyə vərdişli olan bu dünyanın ağlı olsa, heç olmasa bir atom bombasına, yaxud bir ballistik raketə xərclədiyi sərmayəni Adil Mirseyidin şeirlərinin yayımlanmasına və təbliğinə sərf edərdi. Onda insan qəddarlığının öküz boynuyoğunluğu bir məsum bənövşə tumurcuğunun saplağından yetmiş iki dəfə nazik olardı!"
Elçin müəlim yazır ki, bir şair var bu dünyada, hər misrası dua, əfsun, sirdi, yediyi, içdiyi, havası, suyu, evi-eşiyi şeirdi, hər gün ruzu savaşında, namərd dünyayla başı dərddədi:
"Güzgüdəki adam"dı o,
O, "Bulud adam"dı.
"Nəğmə adam"dı...
Onun bir pəncərəsində mavi səhər,
bir pəncərəsində sarı axşamdı.
Adil Miseyid Elçin İsgəndərzadənin "Pəncərə möcüzəsi" kitabında (Bakı, "Gənclik", 2000) yazırdı: "Mən Elçinlə Şuşaya, Ağdama gedəcəyimiz o mübarək günü bəkləyirəm. Orada dizimi torpağa qoyub bir tək ağac əkmək amacındayam... Mən o ağacı qanımla suvaracağam".
Adil Mirseyidə ömür vəfa eləmədi ki, Ağdama, Şuşaya getsin, dizini yerə qoyub Əhmədavarda o ağacı əksin, qanıyla suvarsın. Siz vəfalıydınız, Adil Mirseyid, bu günü niyə gözləməyə səbriniz çatmadı? Artıq məqamıdı - həm ağac əkməyin, həm də Şuşaya getməyin. İgid Vətən oğulları o yerləri qanları ilə suvarıb düşməndən azad etdilər. Bilirəm, nigaran ruhun Qarabağdadı, orada çoxdan bizi gözləyir. Bu dünyadakılar həmişə harasa gecikir...
Sən bizi gözləyə bilməzdin. Bizim səbrimiz uzun və qalın oldu. Sənin yerin sahilsiz göylərdi. Sən də sözünü göylərə yazardın. Göylər səni qoynuna tez çağırdı ki, oraların düzəninə əl çəkəsən, mübarək üzünü ağ edəsən...
Elçin qardaşın deyir ki, Sən bu dünyanın sehriydin, əfsanəsiydin:
Hərdən o dünyadan gəlir,
o dünyadan gəlir səsi.
Çərçivəsiz ağ kətanda
Adil Mirseyd əfsanəsi...
Elçin İsgəndərzadə: "Bir şair haqqında danışmaq şairin içində bulunduğu minillik poeziya aləminə səyahət etməkdir. Adil Mirseyidin şeirlərini oxuyan adam bəzən hansı əsrdə yaşadığını unudur - zaman və məkan illüziyası duman kimi yavaş-yavaş çəkilir, qeyb olur" deyəndə nə qədər uzaqgörəndir.
Eləcə də "mən dünyanın içindəyəm, ruhum dışında dünyanın" inamlı Adil Mirseyid...



