Azərbaycanda vətəndaş cəmiyyətinin əsas institutlarından olan QHT-lərin yaranması və inkişafı ictimai sektorun formalaşmanın tərkib hissəsinə çevrilib. Ölkəmizdə “QHT” adı altında yaranan bu institutlar Azərbaycan cəmiyyətində uzun müddət birmənalı qarşılanmayaraq, bəzən müəyyən siyasi dairələrin qınaq hədəfində olublar. Lakin xoşbəxtlikdən, bu dövr arxada qalıb və QHT-lər özlərini milli inkişafın beynəlxalq aləmdə təsdiq olunmuş ictimai funksiya və missiyalarının daşıyıcısı kimi tanıtmağa nail olublar. Bu gün Azərbaycan cəmiyyətində QHT hamı tərəfindən qəbul olunan və ictimai təşkilat olaraq, dəstəklənən bir quruma çevrilib.
Qeyd etmək lazımdır ki, XX əsrin sonlarından başlayaraq dövlət müstəqilliyinin ilk, kövrək addımlarını atan əksər ölkələrdə, o cümlədən Azərbaycanda da, bu tanınma bilavasitə ali dövlət struktur və qurumlarının QHT-lərə münasibətdə pozitivə doğru dəyişmiş mövqeyi sayəsində formalaşa bilib. Bu metamorfoza birdən-birə, təsadüfən baş verməmişdir: burada ölkənin gələcək inkişafını ictimai sektorsuz təsəvvür edə bilməyən ilkin QHT-çilər dəstəsinin təşəbbüskarlığı və inadı ilə bərabər Azərbaycanda fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların, eləcə də ölkədə siyasi sabitliyin bərqərar edilməsinə çətinliklə nail olmuş Azərbaycan hakimiyyətinin konstruktiv modelçi düşüncəsini qeyd etmək yerinə düşərdi.
QHT fəaliyyətinin özünəməxsus unikallığı onun çox funksionallığındadır. Doğrudan da, cəmiyyətin o sahəsi yoxdur ki, ona aid QHT fəaliyyətini nəzərdə tutmaq mümkün olmasın. Bu baxımdan, QHT-ləri rəsmi dövlət strukturlarının alternativi kimi deyil, onların partnyoru və çiyindaşı kimi qəbul etmək lazımdır. Məsələn, ötən əsrin sonlarında dirçələn, əsasən siyasi mücadilə xarakteri daşıyan milli azadlıq mübarizəsi təşkilatları, o cümlədən bu yöndə yaranmış Azərbaycan Xalq Cəbhəsi dövlət strukturlarının fəaliyyətinə nəzarət prinsipini özünün Nizamnamə vəzifələrindən biri kimi təsbit edirdi. Məsələnin belə qoyuluşu hakimiyyətlə qeyri-formal təşkilat arasında dərhal konfrontasiya, qarşıdurma və qıcıq yaradırdı. İndi həmin qarşıdurmadan kimin qalib çıxdığını araşdırmağa bəlkə də ehtiyac yoxdur. Dövlət müstəqilliyinin əldə edilməsi məsələnin belə sərtliklə qoyuluşunu öz-özlüyündə aradan götürdü. Hərçənd ki, burada hələ də mövcud olan müəyyən izafi “inadkarlıqdan” danışmaq olar. Ancaq bütövlükdə, QHT-lər, proletariatın dahi rəhbərinin vaxtilə dediyi sayaq, “başqa yolla getdilər”: onlar sivil cəmiyyət, inkişaf və anlaşma xatirinə əməkdaşlıq yolunu seçdilər. Önəmli olan odur ki, bu yol hamını qane etdi və siyasi partiyalardan fərqli olaraq, QHT-lərə müəyyən ictimai immunitet verdi. Ona görə də bu gün müəyyən məqamlar üçün, konkret olaraq Azərbaycanda QHT-lər siyasi partiyaların önəm və təşəbbüskarlığına rəqabət yaratmaqdan çəkinmirlər.
Azərbaycan QHT-lərinin fəaliyyət yönümü ölkənin ümumi siyasi-iqtisadi, sosial-mənəvi durumu ilə diktə olunur. Təsadüfi deyil ki, ölkə QHT-lərinin böyük bir hissəsi, az qala dördə biri, bilavasitə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaratdığı nəticə və fəsadların aradan qaldırılmasına yardım etmək üçün çalışır. Yeri gəlmişkən, cənab Prezident İlham Əliyevin 27 iyul 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş QHT-lərə dövlət dəstəyi Konsepsiyasında dövlətin ilk növbədə maliyyə dəstəyi göstərəcəyi on beş əsas fəaliyyət istiqamətindən ilk üçü məhz münaqişədən zərər çəkmiş insanlara bu və ya digər hüquqi, maddi və mənəvi yardımın göstərilməsini nəzərdə tutur.
Bununla yanaşı, Azərbaycan formalaşmaqda olan gənc bir dövlət kimi, ölkənin dünya birliyinə inteqrasiya olunmasına, cəmiyyətdə siyasi-hüquqi və vətəndaş mədəniyyətinin formalaşdırılmasına, insan, hüquq və azadlıqlarının təmin edilməsinə, söz, fikir və iradə azadlığının genişlənməsinə, habelə regionların sosial-iqtisadi inkişafının təmin edilməsinə, təhsil, elm texnika, mədəniyyətin və incəsənətin inkişaf etdirilməsinə, əhalinin sağlamlığının və ətraf mühitin qorunmasına, uşaq, qadın və gənclərin sosial, fiziki və mənəvi inkişafına ciddi diqqət yetirməyə bilməz.
Azərbaycan dünyanın siyasi-geostrateji baxımdan çox həssas nöqtəsində yerləşdiyi və şərqlə qərbin ciddi maraqlarının qarşılaşdığı nöqtədə olduğu üçün burada bütün növ fəaliyyət istiqamətləri üzrə çalışmaq istəyən QHT-lərin ortaya çıxması təəccüblü görünmür. Hakimiyyət orqanlarını və QHT birlikləri cəmiyyətə sağlam təşkilatlanma üçün verilən azadlıqlardan sui-istifadə hallarına qarşı çıxmağa həmişə özündə təpər tapmalıdırlar. Ancaq bütövlükdə götürəndə, ölkənin QHT sektoru istər-istəməz cəmiyyətin sağlam meyllərinə tərəfdar çıxmağa və bu sahədə hüququn alilik prinsipini əsas tutan quruluş yaratmağa istiqamətlidir. Belə fəaliyyət QHT-ni vətəndaşla dövlət arasında mühüm və əvəzedilməz bir vəsiləyə çevirməklə yanaşı, yeri gəldikdə, ona vətəndaşı və ayrı-ayrı toplumları inzibati aqressiyadan qoruya bilən bufer mütəhərrikliyi verir. Mütəxəssislərin fikrincə, Azərbaycanda güclü hüquq müdafiəsi sisteminin yaranması bu gün reallığın diktə etdiyi zərurətdən doğur. Təkcə Ombudsman Aparatının formalaşdırılması QHT fəaliyyətində insan haqları və azadlıqlarının müdafiə edən neçə-neçə yeni təşkilatın yaranmasına səbəb oldu: belə ki, cəmiyyət dövlət inzibatçılığının bəzən özünü doğrultmayan sərtliklərinə və amansızlıqlarına qarşı mübarizədə, bir növ, dövlətin özünün də maraqlı olmasını hiss etdilər və ümumi mübarizə həmrəyliyindən ruhlanaraq, yeni-yeni təşkilatlarda birləşməyə başladılar. Heç kim bu gün həmin prosesin sona çatmaqda olduğunu təsdiq edə bilməz, yəni proses davam etməkdədir.
Azərbaycanda QHT fəaliyyətinin vacib sahələrindən biri də media, söz və fikir azadlıqlarını əhatə edir. Mətbuatımız ad və çeşid baxımından çox rəngarəng görünsə də, burada mütəmadilik və obyektivlik qanunlarına dəqiq riayət edən ciddi informasiya vasitələri çox deyil. Media sahəsində QHT-lərin həyata keçirdiyi həm jurnalist hüquqlarının qorunması sahəsində, həm də bütövlükdə media fəaliyyətinin mütəmadi olaraq qiymətləndirilməsində bəzi QHT-lər fəallıq göstərir. Qeyd etmək lazımdır ki, ölkədə KİV qeydiyyatının son dərəcə sadələşdirilməsində, faktiki olaraq arzu edən hər kəsin informasiya vasitəsi təsis etmək hüququnun reallaşdırılmasında QHT-lərin rolu böyük olub. Azad informasiya yayımına malik olan ölkədə heç bir avtoritarizm və tarixin səhnəsindən silinmiş digər növ antidemokratik meylli idarəçilik formaları tətbiq oluna bilməz.
QHT fəaliyyətinin önəmli sahələrindən biri kimi, uşaq, gənclər və qadın təşkilatlarının yerinə yetirdiyi missiya qeyd edilməlidir. Müvafiq dövlət strukturları və beynəlxalq təşkilatlarla sıx əlaqədə çalışan bu yönlü QHT-lərin mövcudluğu öz-özlüyündə vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə xidmət edir. Ayrı-ayrı vətəndaşlarla və lokal toplumlarla işləyən bu QHT-lər dövlət orqanlarından fərqli olaraq, cəmiyyətdə məhz vətəndaş həmrəyliyini və vətəndaş fəallığını artırır, insanların qayğı və problemlərinin başqaları ilə bölüşməsinə şərait yaradır. Son dövrlər Azərbaycanda həddi-buluğa çatmamış qız uşaqlarının ərə verilməsi kimi ciddiləşməkdə olan problem ilk növbədə QHT-lərin dövlət orqanları qarşısında qaldırdığı problemlərdən sayıla bilər. Qadın alverinə, qadınlara qarşı ictimai və məişət zorakılıqlarına qarşı prinsipial mübarizə məhz QHT-lərin bütün ictimaiyyətin gündəminə verdiyi problemdir. Aydın məsələdir ki, qadın azadlığını həzm edə bilməyən cəmiyyət heç zaman sözün tam mənasında azad ola bilməz.
Ölkədə uşaq, gənclər və qadınlarla bağlı normativ-hüquqi aktların, qanun layihələrinin liberallaşdırılması, onların hüquqlarının ciddi qorunması kimi vacib məsələlər də QHT-lərimizin gərgin əməli fəaliyyətindən keçir.
QHT-lərin elm, təhsil və mədəniyyət, ekologiya sahəsindəki fəaliyyəti də artıq cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Ümumiyyətlə, Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan bütün layihələrin, o cümlədən qanun layihələrinin də, öncə QHT ekspertizasından keçirilməsinin ənənə halına düşməsi cəmiyyətimizin son dövrlər nail olduğu ciddi uğurlardan sayılmalıdır. Bu yöndə atılan addımlar ona aparır ki, yaxın gələcəkdə ölkənin əsas iqtisadi qanunlarından biri olan büdcə qanunu da hər il qəbul edilməzdən öncə QHT-lər tərəfindən müzakirə ediləcək. Bu halda büdcəyə daha bir nəzarət formasının ortaya çıxması bütün cəmiyyətdə aşkarlıq və şəffaflığın artmasına səbəb olacaqdır. Ölkəyə daxil olan neft gəlirlərinin xərclənməsi və mədən sənayesində şəffaflığın artırılması sahəsində mütərəqqi beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi də QHT-lərimizin həyata keçirdikləri vacib missiyadır. Bir sözlə, bu gün həyatımızın bütün sahələrini əhatə edən QHT fəaliyyəti cəmiyyətdə hamı tərəfindən qəbul olunur və bu fəaliyyət gün-gündən təkmilləşərək, beynəlxalq standartlara uyğunlaşmaqda davam edir.
Şübhəsiz ki, Azərbaycan dövləti cəmiyyətin rifahı üçün müəyyənləşdirdiyi vəzifələri yerinə yetirdikcə QHT-lərin də fəaliyyətini nəzərə alacaq və qarşılıqlı anlaşma səviyyəsində qurulan belə əməkdaşlıq getdikcə daha böyük sahələri əhatə edəcək.
AQİL