|
|
|
|

“Bəs hakimlər kimdir ?”
A. S. Qriboyedov. “Ağıldan bəla”
Türkiyədə bir neçə il ərzində “Ergenekon” və “Balyoz” adlanan iki geniş miqyaslı cinayət işinə çox sayda yüksək rütbəli hərbi zabitlər və məşhur jurnarlistlər cəlb edilmişdi. İttihama görə, guya onların hamısı dövlət çevrilişi qəsdində iştirak etməklə, dövlətçiliyə və demokratik prinsiplərə böyük təhlükə əmələ gətirmişdilər. Yuxarıların tapşırığı və ciddi nəzarəti altında aparılan cinayət işinin istintaqına müstəntiqlər ordusu cəlb edilmişdi. Onlar hökumətin “etimadını” böyük canfəşanlıqla yerinə yetirib, bütün məsələni terrorizm cəhdi kimi qiymətləndirərək, cinayət işini ağır cəza müstəvisinə yönəltdilər. Saxta araşdırma bu “çevriliş hazırlayanları” az qala xalq düşməni səviyyəsinə qaldırdı. Müstəntiqlərin və onların rəhbərlərinin aldıqları göstərişə “sədaqəti”, saxtakar hökmlər vermək tapşırığını almış hakimlərin də bu məsələ üzrə vəzifələrini xeyli yüngülləşdirdi.
Müstəntiqlərin saxtakarlığını, biabırçı fəaliyyətini, nə qədər ollmasa da, ört-basdır edən müəyyən vasitə və şərait də mövcuddur. Bu, cinayət işinin araşdırılmasının məxfi qaydada aparılması, onların ictimai nəzarətdən uzaq olması ilə əlaqədardır. Məhkəmələrin işinə isə məxfilik haləsi vermək mümkün deyildir. Hakimlərin saxtakarlıq etməsini və ya qanunsuzluğa xidmətini gizlətmək olmur. Hakim qanunları müdafiə etmək əvəzinə, yalnız onları pozmaq yolu ilə yuxarıdan verilən sifarişi yerinə yetirə bilər. Ona görə də bu sifarişin reallaşdırılması üçün dəridən-qabıqdan çıxan hakimlər daha iyrənc mənzərənin subyektinə çevrilirlər. Onlar son illərdə ədalətinə şübhə bəslənən çox sayda hökmlər çıxarmışlar. Xalqın qızışan hiddəti ilə üzləşən hökumət geri çəkilmək yollarını aradıqda, bu vaxt ömürlük həbs cəzasına məhkum olunmuşların azadlığa buraxılmasına əl atdı. Bunda məqsəd xalqın qəzəbini söndürməkdən başqa bir şey deyildi. Konstitusiya Məhkəməsi bir neçə ağır hökmləri ləğv edib, ömurluk məhbusları dustaqxanadan buraxmaq barədə qərar verdi.
Deməli, göründüyü kimi, Konstitusiya Məhkəməsi də qanunlara deyil, hökumətin tapşırığına itaət göstərmiş, guya ədaləti bərpa etməyə girişmişdir. Onda sual olunur, üç ilə yaxın bir müddətdə niyə Konstitusiya Məhkəməsi bu biabırçılıqlara nəzər yetirmirdi, niyə öz təşəbbüsü ilə kiçicik bir addımı atmaqdan belə çəkinmişdi.
Hökumət qarşısında diz çökmək adətən hüquq-mühafizə orqanlarını iflic vəziyyətinə salır. Polis, prokurorluq, istintaq qrupları, hətta bilavasitə dövlətin təhlükəsizliyi ilə məşğul olan digər orqan da öz üzərlərinə simfonik orkestrin musiqiçiləri rolunu götürərək, hansısa qüdrət sahibinin dirijor çubuğunun işarəsi ilə saxtakarlıq kakofoniyasını işə salmaqdan və səsləndirməkdən yayına bilməmişdilər. Bu mənbədən qorxu və ya ona heç bir müqavimət göstərilmədən bəslənən itaət əslində yüzlərlə səriştəli mütəxəssisi qanun pozuntusu biabırçılığına cəlb etmişdi, bu canlı robotlar yuxarıdan verilən komanda altında əslində dövlətə xidmətdən başqa heç bir günahı olmayan adamları (deyəsən hökumət ona deyil, dövlətə, qanunlara xidməti də həbs etdirdikləri adamların ən ciddi təqsiri kimi qiymətləndirirmiş) fiziki qaydada olmasa da, mənəvi cəhətdən məhv etmək vəzifəsinin icrasına girişmişdilər. Dövlətin dayaqlarında məsul vəzifələr tutan adamlar quzu vəziyyətinə salınıb, səlahiyyətlərini iti canavar dişinə çevirən hüquq-mühafizə orqanlarının hücumuna məruz qalmış, özlərinin mühafizəsiz olduqları qənaətinə gəlmiş, qanunların müdafiəsinə bəslədikləri ümidlərini də itirmişdilər.
Nüfuzlu generallara – türk Paşalarına mənəvi iztirab vermək, onları alçaltmaq ölkədə ən böyük fayda gətirən bir məşğuliyyətə çevrilmişdi. Bəzi qüdrətli vəzifəlilər yüksək hərbi rütbə sahiblərinə qarşı allergiya hiss etdiklərindən, onlara mənəvi zədə vurmağı başlıca fəaliyyət məqsədinə çevirmişdilər. Otuz il əvvəl baş verən dövlət çevrilişinə rəhbərlik etmiş və sonra yeddi il ərzində ölkə prezidenti olmuş, həmin dövrdə demokratik islahatlara yol açmaqla dövlət rəhbərliyindən getmiş, nüfuzlu general Kenan Evren də istintaqın qarşısında dayanmağa cəlb edilmişdi.1980-ci ildə baş verən və Evrenin başçılıq etdiyi dövlət çevrilişi 20 il əvvəlki kimi repressiyasız keçinməmiş, hakimiyyətə gələn hərbçilər kütləvi həbslərə başlamış, bu vaxt haqsızlıqlar daşqını baş vermişdi. İnqilab qanla qidalandığı kimi, dövlət çevrilişi maşını da əks qüvvələri təqib etmək yanacağı olmadan hərəkət edə bilmir, çünki onu meydana gətirən səbəblər və anarxianı cilovlamaq sahəsindəki vəzifələr repressiyadan başqa bir alternativ tanımır. Çevrilişdən sonra baş verən haqsızlıqlar tam vacib tədbirlərlə birlikdə onun məntiqi davamı rolunu oynayır.
AKP hökuməti isə heç bir fövqəladə vəziyyət meydana gəlmədən, ona qarşı hansısa ciddi təhlükə olmadan, bütünlükdə buna zərurət hiss edilmədən, yalnız hakimiyyət kürsüsündə özünü daha rahat hiss etmək, əl-qolunu daha geniş açmaq üçün repressiyalara əl atdı. Son dövlət çevrilişinin presendentinin mümkün təkrarının qarşısını almaq məqsədini güdsə də, əslində bu, hökumətin, həyatın bütün sahələrini inhisara götürmək cəhdindən başqa bir şey deyildi. Bu vaxt hər cür yalan köməyə gəlirdi. Yaxşı məlumdur ki, siyasətçi çox hallarda yalansız ötüşmür, yalan apofeozu isə olduqca ağır haqq verməyi tələb edir. Hökumət öz səbatsızlığına görə istənilən potensial qüvvəni özünə təhlükə hiss etdiyindən, onların hamısını düşmən istehkamı kimi hədəfə götürürdü.
İstintaqın işi cəza tətbiq etmək məqsədini reallaşdırdıqdan sonra, burada ən yararlı vasitə saxtakarlıq ola bilərdi, cinayət işi məhkəmələrə təhvil verildikdə, hakimlərin ilkin istintaqın cızdığı dairədən kənara çıxacağına heç bir ümid qalmırdı. Məhkəmələr hökmünü verərkən çox hallarda nə qanuna, nə ədalətə məhəl qoymurdu, istintaqın gəldiyi nəticəni guya araşdırıb təsdiqləməklə, başlıca mənbədən gələn və heç bir düzəlişə uğramayan cəza ölçüsünü ştamplamaqla öz vəzifəsini yerinə yetirmiş olurdu. Türkiyə məhkəmə sistemi özünün müstəqil olması barədə artıq heç bir iddia irəli sürə bilməzdi, hökumətdən asılılıq ölkənin məhkəmə sistemini ağır xəstə vəziyyətinə salmış, onu ədaləti və qanunları az qala tapdalayan bir orqana çevirmişdi. Belə olan halda, əlbəttə ki, ədalətdən söhbət gedə bilməzdi, çünki hökumətə sədaqət göstərmək, qanunlara hörmət etmək və onlara riayət etməkdən çox-çox yuxarıda dururdu. Heç vaxt belə olmamışdı ki, bu qədər az sayda hakimiyyət pərəstişkarları bir belə çox sayda insanlara bu qədər ağır zərbə vursunlar. Belə vəziyyətdə, məhz bu səbəbə görə Turkiyə demokratik respublikadan daha çox totalitar cəmiyyəti xatırladırdı.
Türkiyədə “Ergenekon” və “Balyoz” əməliyyatları miniatür qaydada, çünki müqayisəli şəkildə götürdükdə miqyas xeyli kiçik və məhdud ölçülü idi, 1937-38-ci illərdəki SSRİ-dəki mənzərəni xatırladırdı. SSRİ-də həmin dövrdə ordunun yüksək rütbəli zabitlərinin 70 faizi repressiyaya məruz qalmışdı. Türkiyədə də bədbəxtlikdən özünün Vışinskiləri və Ulrixləri meydana gəlmişdi. Görən xalq ayağa qalxmasaydı, türk generallarının bir hissəsi bütün qalan ömürlərini məhbəsdə keçirməli olacaqdılarmı? Onların müqəddəs xidmətlərindən – ordudan uzaqlaşdırılması məgər AKP-yə əbədi hökmranlıq çələngi bəxş edəcəkdimi? Xeyli sayda general və jurnalist artıq azadlığa buraxılmışdır və bu həmin adamların terrorda iştirakı barədə ittihamların büsbütün saxta olduğunu göstərir. Lakin onlara vurulan mənəvi yara bəlkə də heç vaxt sağalmayacaqdır. İspan linkvizisiyası istintaqa cəlb edilənləri alçaltmaq üçün onların başlarına konusu andıran uzun papaq geyindirirdi ki, onun altında həmin adam daha kiçik, daha cılız və fağır görünsün. Türkiyədə isə dövlət təbliğat maşını ittiham olunanları, həbs olunanları biabırçılıq dirəyinə mismarlayırdı.
Kimi təqib etmək lazım olsa, ona “Ergenekon”da və “Balyoz”da iştirak damğası vurulurdu. Bu damğa istənilən ən ləyaqətli vətəndaşı da ən azı mənəvi cəhətdən əlilə, zəlilə çevirmək üçün kifayət idi. Yaxşı məlumdur ki, müstəqil informasiya kütləvi təbliğata uduzur. Dövlət bu təbliğatı siyasətinin xidmətçisinə çevirdikdə isə bütöv xalq kütləsi beyinlərin yuyulmasının qurbanına çevrilir. Ona görə də çoxları bu kütləvi ittihamlara şübhə ilə yanaşmırdı, onları elan edilən kimi də həzm edirdi. Zamanın sirrini anlamaq üçün bu hadisə heç də az köməyə gəlmir, axı belə əllaməliklər rəngi, zövqü və iyi də dəyişir.
Saxta cinayət işlərini tərtib edən müstəntiqlər sərbəst olmadıqlarından, daim təzyiq altında olduqlarından, onların təqsirinə haqq qazandırmaq mümkün olmasa da, müəyyən bir izah tapmaq olar. Bəs saxta, kiminsə tapşırığı ilə hökm çıxaran məhkəmələr, hakimlər necə olsun? Axı demokratik dövlətlərdə məhkəmə hakimiyyətin üç müstəqil qanadından biridir. Bu müstəqillik qanunlardan, ədalətdən başqa heç bir qüvvəyə tabe olmamaq, istinilən hədələr qarşısında da öz mövqeyini qoruyub saxlamaq mənasını verir. Hakim saxta hökmə imza atdıqda Faust kimi öz ruhunu, vicdanını da satmış olur. Elələrindən insanlara, cəmiyyətə böyük ziyan dəyə bilər.
Məhkəmələr dövlətin hüquq sisteminin nə vəziyyətdə olduğunu nümayiş etdirən güzgüdür. Əgər onlar tapşırıq əsasında işləyirlərsə, qanuna yad bir cisim kimi, faydası olmayan ehkam kimi baxırlarsa, deməli, insanların taleyi qanunlara deyil, kiminsə iradəsinə tabe edilmişdir. Məhkəmələrdə hakimlərin fəaliyyətindəki sui-istifadələr dövlətdə qanunların aliliyinin bütünlüklə pozulmasından, cəmiyyətin xəstəliyə məruz qalmasından xəbər verir. Cəmiyyətə xəstəlik virusu yayanlara isə gec də olsa, müqavimət göstərilməyə başlanır, bu müqavimət isə birinci növbədə xalqdan gəlir.
Qanunla idarə edilən dövlətlərdə hakimlərin təkcə qanun pozuntuları deyil, hətta səhvləri də ciddi surətdə qiymətləndirilir, onların da cavabdehliyi hökmən yada salınır. Hələ bizim eradan əvvəl XVIII əsrdə meydana gələn Hammurabi kodeksinin fəaliyyət göstərdiyi Köhnə Babilistanda məhkəmə hakimləri saxtakarlığa görə cəzadan yayına bilməzdi. Hakim məhkəmə prosesini qurtarıb verilən qərarı möhürlə təsdiq etdikdən sonra dəyişsə, iddianın 12 misli həcmində pul məbləği ödəməli və bir daha hakimliyə qayıtmamalı idi. Hakimin proses vaxtı və onun sonunda saxtakarlığa əl atması isə heç ağıla da gələ bilməzdi. Türkiyədə isə saxta hökmlərə imza atan hakimlər nə cərimə verir, nə də mühakimə etmək səlahiyyətlərindən uzaqlaşdırılırlar. Hammurabi qanununda deyilirdi ki, “Əgər oğul atanı vursa, onun barmaqları kəsilməlidir”. Saxtakarlığa əl atan müasir hakimlər qanun adlanan ataya əl qaldıran oğulu yada salırlar. Bu qədim qanun qüvvədə olsaydı, onda çox sayda hakimin əllərində barmaqlar yoxa çıxardı.
Bizim eradan əvvəl 522-ci ildə Persiyada hakimiyyətə gələn Dara ölkəni idarə etdiyi 36 il ərzində digər iri miqyaslı işləri ilə yanaşı, qanunlara riayət olunmasına da ciddi nəzarət etməsinə görə hörmətlə xatırlanır.. Qanunu kobud surətdə pozan hakimlərlə çar olduqca qəddarcasına davranırdı, onların diri-diri dərisi soyulur və bu dəri öz kolleqalarını qorxutmaq üçün hakim kürsülərinin üzünə çəkilirdi.
Heç kəs hakimlərin dərisinin soyulmasını tələb etmir, ancaq saxta hökmlər verən hakimlər heç də cəzasız qalmamalıdırlar. Günahsız insanların başı üzərində qılınc oynadanlar hökmən hansısa bir zərbəyə məruz qalmalıdır. Axı cəmiyyətin onlara qarşı bəslədiyi intiqam hissi əsaslı olduğundan, öz məmnunluğunu tapmalıdır.
Siyasətdəki iri uğursuzluq ən azı həmin adama lənət hissləri qazandırır. Bəs hakimlər niyə öz uğursuzluğuna görə yox, birbaşa sui-istifadəsinə görə layiq olduğu cəzanı almasınlar. Keçmiş səhvləri düzəltmək üçün deyil, gələcəkdə belə səhvlərə qarşı möhkəm immunitet yaratmaq üçün cəza silahını gəzdirənlər, öz təqsirlərinə görə məhz həmin silahın zərbəsini dadmalıdırlar.
“Ergenekon” və “Balyoz” əməliyyatları axırıncının hərfi mənasını verdiyi gürz kimi AKP hakimiyyətinə təhlükə törədəcəyi güman edilən qüvvələrə məhvedici zərbə vurmaq üçün düşünülmüş və işə salınmışdı. Lakin onu layihələşdirənlərin və biabırçı qaydada həyata keçirənlərin ağlına gəlməzdi ki, bu gürz zərbəsi bir gün bumeranq kimi xalqın qəzəbi şəklində onu işə salanların başında sınanacaqdır və onları gözləmədikləri ağır təhlükələrə məruz qoyacaqdır. Ağılsız hərəkəti başlamaq asandır, onu başa çatdırmaq, zəfərə çevirmək isə olduqca çətin məsələdir.



