"525-ci qəzet"in "Siyasi dialoq" rubrikasının növbəti qonağı Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğludur.
- Bir ildən artıqdır ki, ölkəmizdə iqtidarla siyasi partiyalar arasında dialoq başlayıb. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə iş şöbəsinin müdiri Ədalət Vəliyev mütəmadi olaraq siyasi partiya liderləri ilə görüşür, onların fikirlərini, təkliflərini dinləyir. Sizcə, bu prosesi zəruri edən səbəblər hansılardır?
- Dialoq prosesini zəruri edən bir sıra səbəblər var. Birincisi, bu, Azərbaycanda böyük iqtisadi və siyasi islahatların başlanması prosesinə təkan verdi, onu sürətləndirdi. Dialoqa qədər ölkədə iqtidar-müxalifət münasibətləri sivil qaydada deyildi. Sanki düşmənçilik səviyyəsində idi. Amma 2019-cu ilin əvvəlindən başlamış siyasi və iqtisadi islahatlar 2019-cu ilin sonlarında öz zəfərinə nail oldu. Prezident Administrasiyasında bəzi struktur və kadr dəyişikliklərinin aparılması ilə ölkədə yeni siyasi mühit formalaşdırmış oldu. Dövlət başçısının verdiyi tapşırıqlar əsasında Ədalət Vəliyev şöbə müdiri olaraq siyasi partiyalarla görüşlər keçirdi və ilk görüş tanışlıq xarakteri daşıdı. Növbəti görüşlər isə dialoq görüşləri oldu. Sağlam dialoq nəticəsində ölkədə sağlam siyasi münasibətlər formalaşdı. Dialoq sözdə olmadı, müxalifətin səsləndirdiyi problemlərin, təkliflərin, fikirlərin dinlənməsi, onların həll edilməsi kimi uğurlara gətirib çıxardı. Ən böyük uğurumuz isə 44 günlük Vətən müharibəsi günlərində iqtidar-müxalifət birliyi oldu. Bu birliyin, həmrəyliyin təməli də 2020-ci ilin əvvəllərindən başlamış iqtidar-müxalifət siyasi dialoqu oldu. Dialoq prosesini çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu addım çoxdan atılmalı idi. Prosesin gecikməsinin təbii ki, obyektiv və subyektiv səbəbləri var. Onun tormozlanmasına çalışan müəyyən qüvvələr vardı.
- Sizin rəhbərlik etdiyiniz partiya dialoq çərçivəsində hansı təkliflər verib və onlardan reallaşan olub?
- Bizim bir sıra təkliflərimiz olub. Dialoq çərçivəsində həmin təkliflər dinlənilib. Bəziləri tam, bəziləri qismən həyata keçirilib. Yenə də təkliflərimiz var. Onlardan biri də "Siyasi partiyalar haqqında" qanun layihəsinin yenidən qəbul edilməsidir. İndiki 1992-ci ildə qəbul edilib və artıq köhnəlib, müasir zamanın şərtlərinə uyğun deyil. Düşünürəm ki, qəbul ediləcək yeni qanun siyasi partiyaların imicini artırmaqla nəticələnə bilər. Azərbaycan kimi 10 milyon əhalisi olan bir ölkədə 56 siyasi partiyanın olması bir qədər çoxdur. 80 milyonluq Türkiyədə 20 siyasi partiyanın olmasını nəzərə alsaq, Azərbaycanda siyasi partiyaların sayı 10-15 həddinə endirilməlidir ki, Azərbaycanda Türkiyə modelli siyasi münasibətləri qura bilək. Türkiyədə dövlət tədbirlərində müxalifətin iştirakı rəsmi protokola salınır. Bu, siyasi partiyaların sayının lakonikliyi və ciddiliyi ilə bağlıdır. Hesab edirəm ki, Azərbaycanda da siyasi partiyaların dövlət protokoluna salınması mütləqdir. Buna görə də siyasi partiyalar bir institut olaraq gücləndirilməli, inkişaf etdirilməli və ciddi saya uyğunlaşdırılmalıdır. Bunu da "Siyasi partiyalar haqqında" qanunla tənzimləmək mümkündür. Məsələn, min imza ilə siyasi partiyanı dövlət qeydiyyatından keçirmək zamanı artıq geridə qalmalı, bu, ölkə əhalisinin sayına uyğun olaraq götürülmədir. Səsvermə hüququna malik olan insanların 0,5 faizini özündə birləşdirməyi bacarmış siyasi qüvvə, siyasi partiya adından çıxış edə bilər. Nəzərə alsaq ki, ölkədə təxminən 6 milyon seçici var, bu, 0,5 faiz 30 min insan edir. 30 min seçicini özündə birləşdirməyi bacarmış, imzasını yığmış siyasi institutun partiya kimi tanınması doğru olardı. Bu, həm sayın azalmasına, həm də diqqətin artmasına gətirib çıxara bilərdi. Bizim bir sıra məhbuslarla bağlı qaldırdığımız xahişlər öz həllini tapıb. Dövlət qeydiyyatına alınmış partiyaların mənzil qərargahlarla təmini və s. məsələlər var ki, onlar da həllini tapıb. Həmçinin, müxalifətin dövlət mətbuatına, televiziyalara çıxışları təmin edilib. Bundan sonra da dialoq mühiti çərçivəsində biz cəmiyyətdə olan neqativləri söyləyərək, onların həllinə nail olmağa davam etməliyik. İqtidar nümayəndəsi də həmin təklifləri, layihələri ölkə rəhbərliyinin diqqətinə çatdırmalıdır.
Azərbaycanda hələ həllini gözləyən çoxsaylı problemlər var. Həmin problemləri dialoq çərçivəsində həll edəcəyimizə ümid edirik. Böyük problemləri olan Azərbaycanda iqtidar olmaq bizim üçün də çətin ola bilər. Düşünürük ki, iqtidar partiyası olmazdan əvvəl mövcud iqtidarla problemləri dialoq müstəvisində həll etmək iqtidara iddialı olan partiya kimi bizim işimizi yüngülləşdirmiş olur.
- Vətən müharibəsində iqtidar-müxalifət birliyinə şahidlik etdik. Sizcə, əldə edilmiş qələbədən sonra bu həmrəyliyin davam etməsi nə dərəcədə vacibdir? Nəzərə almaq lazımdır ki, qarşı tərəf hələ də sərhəddə təxribatlara əl atır...
- Vətən müharibəsi dövründə iqtidarla müxalifətin, bütün siyasi təbəqələrin birliyinin şahidi olduq. Əl-ələ verərək bütün siyasi ambisiyalarımızı, opponentlik mövqelərimizi kənara qoyub, bəyan etdik ki, Qarabağ savaşı Vətən savaşıdır. Vətən savaşının isə bir Ali Baş Komandanı var: Prezident İlham Əliyev və biz də onun əsgərləriyik. Ərazisinin 20 faizi işğalda olan bir ölkədə müxalifət olmaq bizim üçün başucalığı deyildi. Hesab edirəm ki, 44 günlük Vətən müharibəsində hər kəsin payı var. Burada təbii ki, iqtidarın, Azərbaycan Ordusunun rolu çox böyükdür. Vətən müharibəsində bütün Azərbaycan qalib çıxdı. Öz birliyimizlə qalib olduq. Bəli, sərhəd təxribatları və s. məsələləri nəzərə alsaq, mübarizə, siyasi savaş hələ davam edir və biz öz birliyimizi qorumalıyıq. Hansı cinahda təmsil olunmağımızdan asılı olmayaraq. Bunun üçün isə həm iqtidarın, həm müxalifətin üzərinə ciddi məsuliyyət düşür. Cənab Prezident həm ön cəbhədə, həm arxa cəbhədə apardığı fəaliyyətlə böyük nailiyyətlər qazanıb. Bu nailiyyətlərdən biri də siyasi münasibətlər sisteminin yenidən formalaşdırılmasıdır. Şöbəyə Ədalət Vəliyev kimi peşəkar, ünsiyyətcil və hərtərəfli bir insanın rəhbər təyin edilməsi çox doğru seçim idi. Bütün bu münasibətlər sistemini analiz edərək asanlıqla demək mümkündür ki, dialoq mühiti, siyasi həmrəylik qorunacaq, bunun əsasında da Azərbaycan böyük uğurlara imza atacaq.
- Ölkəmizdə aparılan siyasi islahatlar, yaradılan dialoq mühiti partiyaların cəmiyyətdəki roluna, iştirakçılığının artmasına necə təsir göstərib?
- Ölkəmizdə aparılan islahatlar təbii ki, siyasi partiyaların rolunun, nüfuzunun artması ilə nəticələnməlidir. Amma siyasi partiyaların nüfuzunun artması təkcə islahatlardan, dialoqdan asılı deyil. Bu islahatlar "Siyasi partiyalar haqqında" qanuna da gedib çatmalıdır. İslahatlar yeni qanunun qəbulu ilə tamamlanmalıdır. Düşünürəm ki, siyasi dialoq mühiti, islahatlar yeni qanun layihəsi əsasında öz məntiqi sonluğuna çatacaq. Bundan əlavə, korrupsiyaya qarşı mübarizə daha sərt aparılmalı, məhkəmə-hüquq islahatları sürətlənməlidir.
- Dialoq prosesinin gələcəyini necə görürsünüz? Ümumiyyətlə, bu proses hara qədər davam edəcək?
- Dialoq prosesinin gələcəyini mən Azərbaycanda Türkiyə modelində görürəm. Hesab edirəm ki, nəhayət, Azərbaycanda bu ənənə formalaşmaq üzrədir. Təkrar edirəm, müxalifət rəsmi protokola salınmalı, diplomatik pasportla təmin edilməli, yeri gəlsə, mühafizə ilə təmin olunmalıdır. Türkiyədə həm iqtidar, həm müxalifət partiyası üzvləri arasında böyük iş adamları, mədəniyyət nümayəndələri var. Onların heç birinə ögey münasibət hiss olunmur, məsafəli davranılmır. Bu proseslər mütləq şəkildə ölkəmizdə də öz əksini tapmalıdır.
- Əvvəllər də ölkəmizdə dialoq adına müxtəlif təşəbbüslər olub. Bu prosesdə bəzi xarici dairələr - ATƏT, ABŞ səfirliyi vasitəçilik etməyə çalışıb. Sizin fikrinizcə, kənar müdaxilə olmadan aparılan dialoqun hansı üstünlükləri var?
- Doğrudur, bu günə kimi bir çox dialoq cəhdləri olub. Həm ATƏT, həm ABŞ səfirliyi və digər beynəlxalq qurumlar tərəfindən belə təşəbbüslər göstərilib. Hətta bir masa arxasında əyləşilib, amma ömrü bu qədər olmayıb. Çünki ATƏT, ABŞ səfirliyi və digərləri Azərbaycan xalqının, onun siyasi institutlarının psixoloji durumundan xəbərsizdirlər. Başqa tərəfdən, niyə kənar qüvvə vasitəsilə danışmalıyıq? Bir elin-obanın nümayəndələrinin bir masada əyləşib danışması üçün mütləqdirmi ki, beynəlxalq qurumun vasitəçiliyi olsun? Bizim partiya vasitəçiliklə keçən dialoqa birmənalı olaraq yaxşı baxmır. Belə təşəbbüs olsaydı, bu formatda heç vaxt iştirak etməzdik. Ədalət Vəliyevin Prezidentən aldığı tapşırıqlar əsasında 1 il yarımda apardığı işi həmin diplomatik korpuslar 30 ildə edə bilməyiblər. Ona görə də kiminsə vasitəçiliyinə ehtiyac yoxdur.
- Hakimiyyət tərəfindən bütün partiyalar dialoqa dəvət olunub. Amma bəzi qüvvələr müxtəlif səbəblər gətirərək prosesə qatılmayıb. Onların mövqeyini necə qiymətləndirirsiniz?
- Bəli, bu prosedə özlərindən müştəbeh mövqe sərgiliyən şəxslər oldu. Onlar öz potensiallarına, imkanlarına adekvat olmayan mövqe tutdular. Qeyri-real, qeyri-ciddi şərtlər qoydular. Məqsəd prosesi pozmaq idi. Amma gördülər ki, proses onların əleyhinə çevrilir, ictimai rəy onları qınayır. Söhbət AXCP və Müsavat rəhbərlərindən gedir. Bu cür insanlarla Azərbaycan xalqı heç vaxt irəli gedə bilməz. Hesab edirəm ki, onların dövrü bitib. Onlara süni nəfəs vermək lazım deyil. Bu insanlara zaman ayırmağı itirilən vaxt hesab edirəm. Azərbaycan xalqı onları unudub.
PƏRVANƏ