Fikrət Qoca
Bir neçə il bundan əvvəl Bəsti xanımın şeirlərini mənə təqdim etmişdilər. Çox xoşum gəlmişdi. Sonra Anarla Mingəçevir filialında olarkən yenə Bəsti xanımın şeirlərini dinlədik, yenə şeirləri büllur kimi parlaq, saflığı, təmizliyi ilə məni sevindirdi. Birliyə üzv qəbul olundu. Aradan zaman keçib. İndi qarşımda bir qadın dayanmışdı. Zorla gülümsünüb özünü gümrah göstərməyə çalışırdı. Amma yuxusuz və yorğun adama oxşayırdı. Elə bil göz yaşı ilə dolu qab idi. İri gözlərdən damlalar ləflənib damlamağa bəhanə axtarırdı.
- Əyləş, qızım - dedim. Yer göstərdim. Oturdu, ehtiyatla oturdu. Elə bil özü də gözünün arxasında gizlənən damlaların düşməyindən qorxurdu.
- Fikrət müəllim, mən bərdəliyəm.
- Xoş gəlmisən, eşidirəm.
- Yox, Mingəçevirdə yaşayıram.
- Çox yaxşı. Mingəçevir gözəl şəhərdi. Nə lazımdır, qızım.
- Mən Bəsti Bərdəliyəm, şair.
- Hə, belə de. Sən yaxşı şairsən, amma xeyli var, yazılarına rast gəlmirəm.
- Nə bilim. Az yazıram. Əslində yazmağa vaxtım olmur.
- İşin ağırdı?
- İş tapıram ki, ağır ola. İşsizlik ağırdı. Üç uşağım var. Həm anayam, həm ata. Hara da gedirəm diplom soruşurlar.
- Diplomun yoxdu?
- Oxumağa imkanım olmadı.
İndi bir sual da versəm, kipriklərin arxasında parıldayan damlaya dönmüş dərdləri yanağına süzülməyə bəhanə tapacaq. Susdum. Fikirləşdim, "biz onun şeirlərini bəyənəndə diplomu olub-olmadığını soruşmuşduqmu", yadıma düşmədi. Yox, soruşmamışdıq. Niyə də soruşaydıq, onun diplomu elə gözəl şeirləri idi. O, indi Bakıya, Yazıçılar Birliyinə ata evinə gələn kimi, bəlkə də gileylənib, ağlayıb ürəyini boşaltmaq üçün gəlib. Mingəçevir gözəl şəhərdi, səliqəli, təmiz şəhərdi. İnsanlar çox mehribandırlar. Mingəçevirin tamam başqa bir aurası var. Adamı özünə bağladısa, bu, ömürlükdü. Bəsti xanım da yəqin o cazibənin sehrindədi, nə şəhərdən qaça bilir, nə də orada işsiz yaşaya bilir. Hörmətli Prezidentimiz hər il əlli yazıçıya, iyirmi nəfər də gənc yazara Prezident təqaüdü ayırıb. Bəsti xanım da təqaüd alacaq, lakin bu, birillikdir. Ona daimi iş yeri lazımdır. İnanıram, Mingəçevirin gözəl insanları, xüsusi ilə rəhbər işçiləri Bəsti Bərdəlini bacardığı bir işlə təmin edəcəklər. Diplomun olması yaxşıdır, amma istedadlı, yaxşı adam olmaq da diplomluluqdur. Sizin qonşuluqda, qədim Gəncədə bir az bundan əvvəl, Məshəti xanım Gəncəvidən diplom soruşmaq heç kəsin ağlına gəlməmişdi. İndi olsa idi bəlkə elə Gəncədə Məshəti xanımdan da diplom istəyərdilər. Bu sözümün qətiyyən mənfi çaları yoxdur. Bu bir zarafatdır. Bəsti xanımdan bir-iki yeni şeirini oxumağı xahiş etdim. Həvəslə şeirlərini oxudu. Əhvalı tamam dəyişdi. Elə mənim də yorğunluğum azaldı. Dedim, siz də bu şeirləri oxuyub şair Bəsti Bərdəli ilə tanış olasınız.
Bəsti Bərdəli
KÖZÜM BAYRAM ELƏDİ
Göylərdə mələyimi,
Arzumu, diləyimi,
Yandırdı ürəyimi,
Közüm bayram elədi.
Nə sevimli gözəl an,
Axır ki, söküldü dan.
Oxudum sabahacan,
Sözüm bayram elədi.
Qapımız döyülmədi,
Başımız əyilmədi.
Ürəyim yeyilmədi,
Dözüm bayram elədi.
Həzin an ağlayırdı,
Ruhsuz can ağlayırdı.
İçim qan ağlayırdı,
Üzüm bayram elədi.
Xəyal çox şeyi aldı,
Könlümü borca s
aldı.
Əlim cibimdə qaldı,
Gözüm bayram elədi.
Bəsti, düşünmə hədər,
Çəkdiyin acı gedər.
Çıxdım göylərə qədər,
İzim bayram elədi.
KÜLƏK SOVURDU MƏNİ
Sevdanın atəşinə ruhum sürgün edilər,
Bir ovuc şeir idim mənə şair dedilər.
Heç bitib tükənmədim, əjdahalar yedilər,
Məkanın qazanında fələk qovurdu məni.
Hansı səmtə uzandı yandı eşqin əlləri,
Ölən arzuma verdim könül dərən gülləri.
Tuş gəldi fırtınaya ömrün əziz illəri,
Zaman qasırğasında külək sovurdu məni.
Alışırdım çeşməyə dodaq vurmaq istədim,
Ömrə pəmbə arzudan yuva qurmaq istədim.
Tutub eşqin əlindən bir az durmaq istədim,
Günlər çox tələsirdi, illər qovurdu məni.
Mən onu hey səslədim, o məni heç sormadı,
Başıma tac elədim, başım üstə durmadı.
Məni kimsə döymədi, məni kimsə vurmadı,
Bəsləyib böyütdüyüm öz eşqim vurdu məni.
lll
Özümü zamanın üzünə yazdım
Mən öz qələmimlə, alın tərimlə.
Ruhumun ən uca mərtəbəsində
Şəkil çəkdirirəm şeirlərimlə.
lll
Yarpaqları yamyaşıl,
Kökü qəlbə əkili.
Tarix özü çəkibdir,
Bu möhtəşəm şəkili.
Dözüb yaşaya bilsə,
Çovğununa, qarına.
Böyüdüb asacağam
Dünyanın divarına.