|
|
|
|

Elməddin HACILI
Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri
Vətəndaş cəmiyyəti kifayət qədər mürəkkəb daxili struktura malikdir. Bu strukturda qeyri-hökumət təşkilatları (QHT-lər) mühüm yer tutur və onun vətəndaş cəmiyyətinin yaranmasında, formalaşmasında və inkişafında rolu danılmazdır. Əslində, vətəndaş cəmiyyətini qeyri-hökumət təşkilatları olmadan təsəvvür etmək mümkün deyil. Vətəndaşların əsas tələbatları və istəkləri əvvəlcə məhz QHT-lər vasitəsi ilə formalaşmış görkəm alır. QHT-lər vətəndaş cəmiyyəti fəlsəfəsinin, onun ideyalarının həyata keçirilməsində, reallaşmasında mühüm rol oynayır. Fikrimizcə QHT-lərsiz bu fəaliyyəti həyata keçirmək çətin məsələ olardı. Bəs ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunda və onun inkişafında gənclər QHT-lərinin nə kimi rolu var? Nəzərə alsaq ki, gənclər hər bir cəmiyyətinin fəal və aparıcı qüvvəsidir, onda sözügedən mövzu daim öz aktuallığını saxlamış olur. Bu yazıda Azərbaycanda gənclər QHT-lərinin vətəndaş cəmiyyətinin inkişafına göstərdikləri təsir, mövcud problemlərinin həllində iştirakı, onların vətəndaş cəmiyyətinə gətirdikləri yeniliklər, mövcud problemlərin həllində iştirakı və s. məsələlərə qısa nəzər salmağa çalışacağıq.
Ümumiyyətlə, vətəndaş cəmiyyətinin bir tərkib hissəsi olaraq gənclər QHT-lərinin də cəmiyyətdə əsas rolu vətəndaşların tələbatının ödənilməsi istiqamətində onların öz potensial qüvvələrinin səfərbər edilməsindən, bu yöndə vətəndaş şüurunun artırılması və işlək mexanizmlərin formalaşdırmasından ibarətdir. Respublikamızda fəaliyyət göstərən gənclər QHT-ləri əsas etibarilə insan hüquqları və demokratiya, ailə, qadın və uşaq məsələləri, iqtisadi və sosial məsələlər, elm, təhsil, mədəniyyət, ekologiya və digər sahələrdə fəaliyyət göstərir və müxtəlif layihələr həyata keçirirlər. Onlar əhalinin yuxarıda qeyd olunan müxtəlif sahələrdə maariflənməsində, vətəndaşların sosial problemlərinin həllində bu layihələr vasitəsilə kömək etməyə çalışırlar. Statistikaya görə 2013-cü ilə kimi 236 gənclər QHT-si Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Müqayisə üçün deyək ki, bu rəqəm 2003-cü ildə 51 olmuşdur.
Qeyd edək ki, bu gün gənclər QHT-lərinin layihələrini dəstəkləyən əsas donorlar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Prezident yanında QHT-lərə dövlət Dəstəyi Şurasıdır. Son illərə kimi digər QHT-lər kimi gənclər QHT-lərinin layihələrinin əsas donorları arasında beynəlxalq donorlar üstünlük təşkil edirdisə, hal-hazırda bu nisbət yerli donorların hesabına dəyişmişdir. Bir sıra statistik məlumatlara nəzər salmaqla bunu aydın görə bilərik. 2006-cı ildə Azərbaycan gənclər QHT-lərinin 28 layihəsini Avropa Gənclər Fondu, 12 layihəsini Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənmişdir. 2007-ci ildə bu nisbət demək olar ki, bir-birinə yaxın olmuşdur. 28 layihə Avropa Gənclər Fondu, 27 layihə isə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənmişdir. 2008-ci ildə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyətə başlaması ilə digər QHT-lərlə bərabər gənclər QHT-lərinin də fəaliyyətində mühüm dönüş yarandı. Həmin ildə QHT-lərə Dövlət Dəstəyi Şurası gənclər QHT-lərinin 41, Gənclər və İdman Nazirliyi 14, Avropa Gənclər Fondu isə 33 layihəsini dəstəkləmişdir. 2009-cu ildən gənclər QHT-lərinin maliyyələşdirilməsində yerli donorların çəkisi daha da artmışdır və bu üstünlük bu günə qədər qorunub saxlanılır. Avropa Gənclər Fondunun dəstəklədiyi layihələr isə azalmışdır. 2012-ci ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi gənclər QHT-lərinin 120, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 47, Avropa Gənclər Fondu isə cəmi 4 layihəsinə maliyyə yardımı ayırmışdır. Bötövlükdə isə 2012-ci ildə Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Avropa Gənclər Fondu tərəfindən dəstəklənmiş gənclər QHT-lərinin layihələrin sayı 171, dəstəklənmiş layihələrin ümumi məbləği 4.249.034 manat olmuşdur.
2012-ci ili isə gənclər QHT-ləri üçün vətəndaş cəmiyyətinin quruculuğunda və inkişafında mühüm dönüş nöqtəsi hesab etmək olar. Məhz həmin ildən Azərbycan gəncliyinin innovativ potensialından geniş istifadə etmək məqsədi ilə Azərbaycan Gənclər Fondu fəaliyyətə başladı. Qeyd edək ki, fəaliyyətə başladığı andan Azərbaycan Gənclər Fondu məqsədlərinə uyğun olaraq gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirməyə başladı.
Bir məqamı da qeyd etmək lazımdır ki, Azərbaycan Gənclər Fondunun yaradılması ötən ildə hazırlanan və təsdiq olunan "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında nəzərdə tutulmuşdur. Gənclər Fondunun əsasnaməsində gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək, həmin sahədə konfrans, seminar, festival, olimpiada və digər tədbirlərin təşkili üzrə layihələri dəstəkləmək, maddi-texniki bazanın gücləndirilməsinə və müasir tələblərə uyğunlaşdırılmasına yardım etmək kimi öz əksini tapan maraqlı məqamlar bu gün praktiki olaraq icra olunmaqdadır. Gənclər Fondu elan etdiyi müsabiqələrlə gənclərin və gənclər təşkilatlarının ideya və təşəbbüslərinin reallaşmasına dəstək göstərməkdədir. Azərbaycan Gənclər Fondunun fəaliyyətə başlaması gənclər QHT-ləri üçün müxtəlif yönümlü ideyaların dəstəklənməsinə, onların vətəndaş cəmiyyəti quruculuğu istiqamətində yeni imkanlar yaratmış oldu. Yəni Gənclər Fondu gənclərin inkişafına yönəlmiş yenilikçi bir ideya olaraq müxtəlif layihələr vasitəsilə gənclərin peşəkar idarəetmə, liderlik bacarıqlarının və biliklərinin artırılması, onların fəal vətəndaşlar kimi cəmiyyət həyatında iştiraka cəlb edilməsi və gənclərin sosial problemlərinin həllinə yönəlmiş təşəbbüslərin dəstəklənməsi üçün imkanları daha da təkmilləşmiş oldu. Qeyd edək ki, Gənclər Fonduna 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan beş milyon manat ayrılmışdır. Gənclər Fondu Müşahidə Şurasının qərarına əsasən A kateqoriyası üzrə 104, B kateqoriyası üzrə 16, C kateqoriyası üzrə isə 9 layihə seçilmişdir. D kateqoriyası üzrə 17 nəfər gənc beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib. Ümumilikdə, layihə müraciətlərinə əsasən fərdi gənclər və QHT-lər tərəfindən təqdim olunan ayrılan layihələrə Müşahidə Şurasının qərarına əsasən məbləğ 1 920 820 olmuşdur. Və gənclər QHT-lərinin ötən ildə dəstəklənən layihələrinin həyata keçirilməsi cəmiyyət tərəfindən müsbət qarşılanmış, eyni zamanda vətəndaş cəmiyyətinin inkişafına bir töhfə olmuşdur.
Göründüyü kimi, gənclər QHT-lərinin vətəndaş cəmiyyətinin inkişafında atdıqları hər bir addımın yerli donorlar tərəfindən dəstəklənməsi gənclərin cəmiyyətdə özünü müəyyənləşdirmə, iqtisadi cəhətdən fəallıq və sərbəstlik və aid olduqları icmaların sosial və iqtisadi inkişafında fəal iştirakının təmin edilməsi üçün müvafiq bilik, bacarıq və münasibətlər aşılanmasına mühüm təsir göstərmiş oldu.
Sonda qeyd edək ki, 2013-cü ilin aprelində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu Müşahidə Şurasının qərarına əsasən gənclər QHT-lərinin və fərdi gənclərin A kateqoriyası üzrə 117, B kateqoriyası üzrə 18, C kateqoriyası üzrə 35 layihə (cəmi 170 layihə) maliyyələşdirilmişdir. Həmin layihələrin maliyyələşdirilməsinə cəmi 1 389 740 manat vəsait ayrılmışdır. Bu il eyni zamanda Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 49 gənclər QHT-sinin layihəsini dəstəkləyib.



