|
|
|
|
Xalq artisti, görkəmli xanəndə Xan Şuşinskinin 120 illiyinə həsr olunmuş "Şuşadan Şərq dünyasına havalansın Xanın səsi..." adlı onlayn konfrans təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə keçirilib. Konfransın təşkilinə "Xan Şuşinski" Fondu, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB, "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İB, "Nəfəs" İctimai Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi, ADPU Quba filialı dəstək verib.
Konfransı giriş sözü ilə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva açıb. Komitə sədri sənətkarın Azərbaycan mədəniyyətindəki yeri və mövqeyi haqqında ətraflı çıxış edib: "Çox şadıq ki, Xan Şuşinskinin builki yubileyi Şuşada, Qarabağda tarixi Zəfərimizin sevinci, fərəh və qüruru içində keçirilir. Xan Şuşinskinin şəxsiyyəti və sənətkarlığı, ifadə etdiyi bir çox anlamlar baxımından örnək təşkil edir".
Onlayn konfransın aparıcısı, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı, Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova Xan Şuşinski sənətkarlığından, onun irsinə dövlət qayğısından söz açıb, konkret faktlara istinad ediblər.
TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Azərbaycan mədəniyyət-incəsənət xadimlərinin, sənət ustadlarının TÜRKSOY-un xətti ilə qeyd olunan və planlaşdırılan yubileyləri haqqında danışıb, Xan Şuşinskinin 120 illik yubileyinin də TÜRKSOY-un təşkilatçılığı ilə Ankarada keçirilməsinin nəzərdə tutulduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyeva çıxışında deyib: "Xan əmidən danışınca neçə başqa sənətkarımızın da adı yada düşür: sənətkarın ustadı İslam Abdullayev, Təbrizli Əbdülhəsən Xan, yenə ustadları Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, "havalansın Xanın səsi" misrası dillər əzbəri olan Səməd Vurğun, Pənahəli xan nəsli... Əlbəttə, Şuşa və muğamatın özü... İnanırıq ki, pandemiya ilə bağlı uyğun şərait yetişincə sənətkarın doğma şəhəri Şuşada, Bakıda da yubiley tədbirləri keçirmək nəsibimiz olar".
Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov, filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Gülhüseyn Kazımlı, Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin rəhbəri Arzu Bağırova, "Nəfəs" İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva çıxış edərək, Xan Şuşinski yaradıcılığını Azərbaycan muğam ifaçılığının özünəməxsus zirvəsi kimi səciyyələndiriblər. A.Bağırova bildirib ki, sənətkarın 120 illik yubileyinə töhfə olsun deyə, onun haqqında yazılmış - ailəsinin uyğun bildiyi bir kitabı nəşr etməyi öz üzərinə götürür.
Xalq artisti Nəzakət Teymurova Xan Şuşinskinin repertuarından "Şuşanın dağları başı dumanlı", Xalq artisti Mənsum İbrahimov "Qarabağ şikəstəsi", "Qaçaq Nəbi" mahnılarını oxuyub. Tədbirdə ustad yubilyarın ifasının lent yazıları da səsləndirilib.
"Xan Şuşinski" Fondunun sədri, sənətkarın qızı Bəyimxanım Verdiyeva-Cavanşirova onlayn tədbirin təşkilində əməyi olan bütün qurumlara və çıxışçılara ailəsi adından təşəkkür edib.