|
|
|
|

Ermənistan Mərkəzi Seçki Komissiyası vaxtından əvvəl keçirilən parlament seçkilərinin ilkin nəticələrini elan edib. İlkin məlumatlara görə, Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın lideri olduğu "Vətəndaş müqaviləsi" seçki bloku böyük üstünlüklə qalib gəlib.
İkinci Qarabağ müharibəsində Ermənistanın məruz qaldığı ağır məğlubiyyət siyasi böhranın yolunu açdı. 44 günlük müharibəyə son qoyan 10 noyabr bəyannatının ardınca erməni müxalifəti etiraz aksiyalarına start verdi. Erməni müxalifətinin hay-küylü bəyanatları tezliklə hakimiyyət dəyişikliyi görüntüsü yaratsa da, Nikol Paşinyanın başçılıq etdiyi hökumət mövqelərini qoruyub saxlaya bildi.
Müxalifətin hökuməti istefaya göndərə bilməməsinin iki əsas səbəbi vardı. Birincisi, erməni cəmiyyəti müxalifətin çağırışını dəstəkləmədi. Bir neçə ay davam edən etiraz aksiyalarında etirazçıların sayı 30 mini keçmədi. Halbuki 2018-ci ildə Nikol Paşinyanın çağırışı ilə keçirilən etiraz aksiyalarında iştirakçıları sayı 200 min nəfərə çatırdı.
İkinci səbəb isə parlamentə və hökumətə nəzarət edən hakim partiyanın əsasən monolitliyini qoruya bilməsi idi. İqtidarın monolitliyini əsasən qoruya bilməsi də əslində, erməni cəmiyyətinin müxalifətə geniş dəstək verməməsinin nticəsi idi. Buna görə də yüksək rütbəli hərbçilərin və dini liderin dəstəyi də müxalifətin qələbəsinə səbəb olmadı.
Müxalifətin çağırışlarına baxmayaraq, istefa verməkdən imtina edən Nikol Paşinyan etirazların səngiməyə başladığı zaman vaxtından əvvəl parlament seçkiləri elan etdi. Bu isə hökuməti istefaya göndərə bilmədiyi üçün ruhdan düşmüş etirazçı təbəqədə ümidsizliyi dərinləşdirdi. Müxalifətin zəif olmasına baxmayaraq, birləşə bilməməsi, pərakəndəlik və liderlər arasında düşmənçiliyin davam etməsi monolitliyini saxlaya bilən hökumətin qələbəsini qaçılmaz edirdi. Vaxtından əvvəl keçirilən parlament seçkilərində iqtidarın böyük üstünlüklə qələbə qazanmasını təmin edən ən əsas məqam isə hökumətin cəmiyyətindəki antirusiya əhval-ruhiyyəsini əsas opponentlərinə qarşı yönəltməsi oldu.
İkinci Qarabağ müharibəsində Ermənistanın məruz qaldığı ağır məğlubiyyətə görə erməni cəmiyyəti əsasən Rusiyanı ittiham edir. Ermənilərin məntiqinə görə, Rusiya birbaşa hərbi əməliyyatlarda qoşulmamaqla Ermənistanın ağır məğlubiyyətlə üzləşməsinə səbəb olub. Cəmiyyətdəki bu əhval-ruhiyyəni hiss edən Nikol Paşinyan bu axını rəqiblərinə qarşı yönəltdi. Xüsusilə də Rusiyanın Robert Köçəryana açıq dəstəyi müxalifətin əsas seçki blokunun zərərinə işlədi. Digər tərəfdən, Fransanın ardıcıl olaraq ermənilərə dəstək ifadə etməsi də Parisin simasında Qərb tərəfdarlarının mövqelərini gücləndirdi.
İyunun 20-də keçirilən parlament seçkisinin qalibi Nikol Paşinyanın başçılıq etdiyi "Vətəndaş müqaviləsi" seçki blokudursa, məğlubu Robert Köçəryanın başçılıq etdiyi "Ermənistan" seçki blokunun simasında Rusiyadır. Rusiya mətbuatında Ermənistandakı seçkinin nəticələri ilə bağlı şərhlərdə də oxşar fikirlərə çox rast gəlmək olur.
Rusiyanın Ermənistanda mövqelərini itirməsi isə təbii prosesdir. Rusiya ideoloji cəhətdən cəlbediciliyini çoxdan itirib. Eyni zamanda, Rusiya iqtisadi cəhətdən cəlbedici ölkə deyil. Rusiyanın mövqelərini itirməsi prosesi bütün postsovet məkanında getdiyi üçün Ermənistanın istisna təşkil etməsi qeyri-mümkündür. Rusiyanın postsovet məkanında mövcudluğunu təmin edən yeganə amil hərbi gücdür. Bu amilin də əvvəlki gücdə olmadığı da artıq qabarıq görünməyə başlayıb. Bunu ən aydın hiss edən isə erməni cəmiyyətidir. Buna görə də Rusiyanın açıq dəstəkldiyi Robert Köçəryanın müntəzəm şəkildə Moskvanı tənqid edən, bəzən hətta aşağılamaqdan çəkinməyən Nikol Paşinyan üzərində qələbəsi mümkün deyildi.
Müxalifətin seçkilərin nəticələrini şübhə altına almaq, mübahisə mövzusuna çevirmək istəyi uğur qazanmayacaq. Əksinə, bu proses müxalifətin bazasının azalması ilə yanaşı, Rusiyanın mövqelərinin də tamamilə zəifləməsinə səbəb olacaq. Əgər Moskva ATƏT-in Minsk qrupunun fəallaşmasının və Qərb dövlətlərinin Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi prosesinə qoşulmasının qarşısını ala bilməsə, öz mövqelərini tamamilə itirəcək.
İkinci Qarabağ müharibəsi zamanı və hərbi əməliyyatlardan sonra ilk aylarda ATƏT-in Minsk qrupunun tarixə qovuşacağı ilə bağlı qənaət yaranmışdı. Ancaq Fransanın təkidli siyasəti qarşısında davam gətirə bilməyən Rusiya addım-addım mövqelərini itirdi və sonda ATƏT-in Minsk qrupunun canlanmasna yol açdı. Əgər bundan sonra da bu proses davam edərsə, Rusiya Ermənistandakı mövqelərini tamamilə itirəcək. Bu isə Cənubi Qafqazın Moskvanın təsir dairəsindən tamamilə çıxmasına səbəb olacaq.
Artıq Rusiya Cənubi Qafqazın özünün təsir dairəsindən tamamilə çıxmasının və regionda Qərbin hakim olmasının qarşısını təkbaşına almaq iqtidarında deyil. Qərbin Cənubi Qafqaza hakim olmasının qarşısını alacaq yeganə təşəbbüs Türkiyənin təklif etdiyi "Altılıq platforması"dır. Görünür, Moskvada da bunu anlayıblar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada səsləndirdiyi bəyanatın arasında bir fikir də bu qəanəti yaradır. Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İranın daxil olduğu altılı platforma çərçivəsində bölgənin rahatlıqla, sülh içində yaşanan bir bölgəyə çevriləcəyini bəyan edən Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin bunun üçün fədakarlığa hazır olduğunu bildirdi. Heç şübhəsiz ki, Türkiyə prezidenti rusiyalı həmkarı ilə razılaşdırmadan belə bir açıqlama verə bilməzdi. Belə görünür ki, Rusiya həyatı əhəmiyyətli bölgələrdən hesab etdiyi Cənubi Qafqazı tamamilə itirməmək üçün Türkiyənin təklif etdiyi "Altılıq platforması"nın reallaşmasını yeganə qurtuluş yolu hesab edir. Bu mənada, Rusiyanın Ermənistanda məruz qaldığı məğlubiyyətin təsirlərini azaltmaq üçün Moskvanın "Altılıq platforması"nı dəstəkləməkdən başqa yolu yoxdur.



