|
|
|
|
Pəncşirdəki müqavimət qüvvələrinin lideri Əhməd Məsud əfqan xalqına müraciət edib.
525.az APA-ya istinadən xəbər verir ki, Əhməd Məsud vətəndaşları “Taliban” hərəkatına müqavimət göstərməyə çağırıb. Müqavimət qüvvələrinin lideri vətəndaşları ölkədə və ya xaricdə, harada olmalarına baxmayaraq, ölkənin azadlığı naminə ümumi üsyana qalxmağa səsləyib.
O əlavə edib ki, əgər əfqan xalqı üsyana qalxmasa, Əfqanıstan geridəqalmış, qaranlıq və hər hansı mədəniyyətdən uzaq düşmək təhlükəsi altında qalacaq və siyasi və iqtisadi təcridlə üzləşəcək.
Əhməd Məsudun sözlərinə görə, Pəncşirdə yaxınlarda baş vermiş toqquşmalar göstərdi ki, “xarici qüvvələr” taliblərlə birlikdə Əfqanıstan xalqına qarşı mübarizə aparırlar.
O qeyd edib ki, son ana qədər, Əfqanıstan azad olunana və əfqan xalqının qələbə qazanana qədər müqavimət hərəkatı davam edəcək.