Seyid AYNUR
"Qarabağ şikəstəsi"ni oxuyar,
Şuşadan çıxan o sonuncu zabit,
Qayıdacağıq deyib
Dəfn edər yaddaş məzarıstanında,
Hey qisas gözləyən nakam ruhların
Susmayan harayını.
Əsir düşmüş körpə gülüşləridir -
Döyülməkdən sırtılan ən pis uşaq ,
Ölümdür müharibə!..
İşğal olunmuş saysız ümidlərdir,
"Topxana"dan gələn imdad səsləri,
Qəbirlərdir yiyəsiz.
Kaş üşüyən vüqarımın çiyninə,
Buşlatını atasan, şanlı əsgər
Həsrət gözümü qırıb -
Bakının havası düşmədi yaman,
Qohumlarım xatirə oldu bir-bir ,
Quş olub uçdu hamı.
Quruyar gözlərimdən axan çaylar,
Dalğalanar göydə zəfər bayrağı
Duman olub çəkilər,
Gözümüzdən vətənsizlik qorxusu;
Xoşbəxtlikdən hamıyla qucaqlaşar,
Doğmalaşar insanlar.
Həqiqətin dilində azan verər,
Yarası sağalan Şuşa məscidi
Dayanıb namaz qılar,
üzünü küləyə tutan çiçəklər.
Dağlara düşən şəhid qanı dönüb,
qırmızı lalə olar.
***
Səngərə yağış yağır -
rəngi qırmızı.
Analar
balası sağ-salamat qayıtsın deyə,
dua edər namaz üstə.
Doluxsunar məscid minarələri,
ağlayar hönkür-hönkür
oğullarını dəfn edən atalar.
"Müharibənin əzizi ölsün!"
yazar taxta hasarlara
həyətdə oynamağa top tapmayan
oğlan uşaqları.
Salavat çəkər hər gün,
təzə qəbrin üzünə
al qırmızı qərənfillər
Səs gələr hardansa:
"Komandir, tunelə girdik!" -
baş-başa verib ağlaşar
salxım söyüdlər,
tullayar günəşə sarı
buşlatını əsgər
Axşam düşər...
***
Ev kirayələsəm dənizə yaxın:
hər gün sahildə dayanıb
niyyət etsəm,
dalğalansa suları,
ləpələnsə köynəyinə
hopmuş dörd misralıq
ayrılıq şeiri.
Musa olub çıxıb gəlsən
sudan,
sübh namazı vaxtı
doğulsan təzədən -
qanadlansa arzularım
qağayılar tək...