"Şuşada, Ağdamda orta məktəblərin tikintisi ilə bağlı işlər aparılır".
Bunu təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, Prezident İlham Əliyev işğaldan azad edilən ərazilərdə məktəblərin tikintisi ilə bağlı tapşırıqlar verib:
"Biz yaxın vaxtlarda, bəlkə də yaxın aylarda Şuşada və Ağdamda məktəblərin açılışı ilə möhtəşəm tədbirlərin şahidi ola bilərik. Çox sevindirici haldır ki, biz bu gün artıq Şuşada, Ağdamda məktəblərin tikintisi ilə bağlı planlardan danışırıq".
Nazir qeyd edib ki, gənc nəslin vətənpərvərlik, azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsi kimi məsələlərin növbəti tədris ilində prioritet istiqamətlərdən olacaq. Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir. Bu, ümumtəhsil məktəblərinin ən vacib vəzifələrindən hesab olunur.
Yeni tədris ilindən məktəblərin IX siniflərində "Zəfər tarixi"nin dərsdənkənar kurs olaraq tədris ediləcəyini vurğulayan nazir bunun gənclərin vətənpərvərlik ruhunda yetişməsinə bir töhfə olacağını deyib.
SEVİNC