|
|
|
|
Əsəd QULİYEV
Sənətşünas, AMEA-nın dissertantı, Rəssamlar İttifaqının üzvü
XX əsr Azərbaycan sənətşünaslıq məktəbinin formalaşması və inkişafında onun əvəzsiz xidmətləri olub. Elmi araşdırma və tədqiqatları, pedaqoji və ictimai fəaliyyəti ilə incəsənət tariximizdə silinməz izlər qoyub. Söhbət AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor Kərim Cabbar oğlu Kərimovdan gedir.
Professor K.Kərimov 20 sentyabr 1921-ci ildə qədim Naxçıvan şəhərində dünyaya göz açmışdı. Orta məktəbi bitirdikdən sonra Sovet ordu sıralarında hərbi xidmət keçmiş (1939-1946), indiki Bakı Dövlət Universitetində ali təhsil almışdı (1946-1951). Ömrünü AMEA-nın Mümarlıq və İncəsənət İnstitutuna bağlayan K.Kərimov müxtəlif illərdə aspirant, kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri, direktor müavini və direktor vəzifələrində işlədi (1951-1995).
Sənətşünas alim K.Kərimov "XIX-XX əsrin əvvəllərində Azərbaycanda realist təsviri incəsənətin təşəkkülü və inkişafı" mövzusunda namizədlik (1959), "XVI əsr Təbriz miniatür məktəbi" mövzusunda isə doktoruq (1971) dissertasiyalarını müvəffəqiyyətlə müdafiə edib. K.Kərimov Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmiş (1966-1970), həmin elm ocağının professoru (1975) olmuşdu. Alim sənətşünaslıq elmi üzrə müdafiə edən onlarla dissertantın elmi rəhbəri, nəşr olunmuş kitabların isə elmi redaktoru kimi də bu sahədə xüsusi rol oynayıb.
Professor K.Kərimov həmçinin, 1980-ci ildə AMEA-nın müxbir üzvü seçilib, Azərbaycan Rəssamlar İttifaqının katibi (1982-1992) vəzifəsində işləyib, Sənətşünas alim beynəlxalq elmi simpozium və konfranslarda iştirak edib. Sənətşünaslıq doktoru, professor K.Kərimov uzunmüddətli səmərəli elmi, pedaqoji və ictimai fəaliyyətinə görə fəxri fərman, orden və medallarla təltif olunmuşdu.
Tanınmış sənətşünas alim K.Kərimovun "Bəhruz Kəngərli" (1962), "Sultan Məhəmməd və onun məktəbi" (rus dilində, Moskva, 1970), "Azərbaycan incəsənəti" (müştərək, 1977, 1992) "Azərbaycan miniatürləri" (1980), "Nizami Gəncəvi "Xəmsə" miniatürləri" (1983), "Miniatür rəngkarlığı" (rus dilində, 1983), "Divar rəngkarlığı" (rus dilində, 1983), "Azərbaycan Xalq rəssamı Lətif Kərimov" (alman dilində, 1983), "Sadiq bəy Əfşar" (1987), "Sultan Məhəmməd və onun məktəbi" (1993) adlı monoqrafiya və kitabları nəşr olunub. Habelə, alimin təsviri sənətin ayrı-ayrı sahələrinə dair çoxsaylı elmi və publisistik məqalələri müxtəlif elmi toplu, jurnal və qəzetlərdə dərc edilib, həmçinin, rəssamlarımızın yaradıcılığına həsr olunmuş kataloq mətnlərinin müəllifi olub. Sənətşünas alimin elmi fəaliyyət və mövzu dairəsi geniş olmuşdu. O, həm miniatüra rəngkarlığı, həm divar boyakarlığı, həm XIX və XX əsrdə rəngkarlıq sənətimizin inkişaf xüsusiyyətləri və həm də ayrı-ayrı tanınmış rəssamlarımızın yaradıcılığına dair məqalələrin müəllifi olmuşdu.
Görkəmli alim K.Kərimovun aparmış olduğu elmi araşdırma və tədqiqatlarının əsas istiqaməti Azərbaycan miniatür sənətinin tarixi, kökləri, onun inkişaf xüsusiyyətləri, Təbriz miniatür məktəbinin əsas elmi xüsusiyyətləri və bu miniatür məktəbinin digər miniatür məktəblərindən fərqli və oxşar cəhətlərini araşdırmaq, elmi təhlillərlə təqdim etmək idi. Alim doktorluq dissertasiyasında Təbriz miniatür məktəbinin Şərq dünyasında mövcud olan və mütəxəssislər tərəfindən qəbul edilən digər miniatür məktəbləri kimi varlığını fundamental elmi əhəmiyyətli dəlil və sübutlarla müdafiə edib. K.Kərimovun xalçaçı rəssam və sənətşünas alim Lətif Kərimov haqqında qeyd etdiyi "L.Kərimov Azərbaycan xalçasının "pasport"unu yaratmışdır", fikirlərini miniatüra sahəsində eyni ilə alimin özünə aid etmək olar. K.Kərimovun tədqiqatlarına qədər təbrizli rəssam və xəttatların dünyanın müxtəlif muzey və əlyazma institutlarında saxlanılan məşhur əlyazmalarının miniatürlərini başqa-başqa miniatür məktəblərinə və həmin məktəbin nümayəndələrinə aid edirdilər. Lakin K.Kərimovun fundamental elmi əhəmiyyətli tədqiqatı nəticəsində Təbriz miniatür məktəbi və bu məktəbin tanınmış rəssam və xəttatlarının varlığı və kimliyi qəbul edildi.
Akademik Əbdülvahab Salamzadə dostu və həmkarı K.Kərimovun 60 illik yubileyi ilə əlaqədar "Ədəbiyyat və incəsənət" qəzetində (23.10.1981) dərc olunmuş "Elmin çətin yollarında..." adlı məqaləsində yazırdı: "Zəhmətli illər arxada qaldı. 1971-ci ildə uğurla müdafiə etdiyi "XVI əsr Təbriz miniatür məktəbi" mövzulu doktorluq dissertasiyasında həll etdiyi problem, nəhayət, nəinki Azərbaycan incəsənəti tarixində, ümumiyyətlə, dünya bədii mədəniyyətinin inkişafında müstəsna mövqeyi olan Azərbaycan miniatür tarixi, dərin elmi dəlillərlə dünya incəsənəti tarixində layiq olduğu səviyyədə sənətşünaslıq elminə daxil edildi".
Sənətşünas alim K.Kərimovun Moskvada rus dilində nəşr olunmuş "Sultan Məhəmməd və onun məktəbi" (1970) adlı monoqrafiyası incəsənət aləmində xüsusi maraqla qarşılanmış, kitabın şöhrəti lap uzaqlara yayılmışdı. Kitab haqqında jurnal və qəzetlərdə sənətşünas alimlərimiz tərəfindən resenziyalar yazılmışdı. Sənətşünaslıq doktoru Nəsir Rzayev "Elm və həyat" jurnalında (1971, №1) "Miniatür sənətimiz haqqında əsər" başlıqlı məqaləsində yazırdı: "Əsər miniatür irsimizə həsr edilmiş və yüksək elmi səviyyədə yazılmış ilk kitab kimi çox qiymətlidir".
"K.Kərimovun araşdırmalarının sevincli-kədərli günlərinə, işıqlı tapıntılarına bəzən də uğursuz anlarına bələd olduğum üçün cəsarətlə deyirəm ki, "Sultan Məhəmməd və onun məktəbi" bir-iki ilin ötərgi məhsulu deyil. Bəlkə də sənətşünas alimin bütünlükdə yaradıcılıq həyatının ən əsas mərhələsidir... Doğma xalqının mənəvi sərvətilə həmvətənlərini yaxından tanış edən, sevən və sevdirən sənətşünas alimin əməyi böyük hörmətə layiqdir" deyə sənətşünaslıq namizədi Paşa Hacıyev qeyd edird ("Qobustan" jurnalı, 1970 №4).
Akademik Rasim Əfəndiyev və teatrşünas alim İnqilab Kərimov həmkar dostları haqqında xatirələrini belə yazırlar: "Kərim müəllim görkəmli alim olmaqla yanaşı sadə, mehriban, mülayim təbiətli bir insan idi. Gözü-könlü tox adam idi. Onun evində olanlar bilirlər ki, o, nə qədər sadə bir həyat tərzi yaşayırdı. Ömrü boyu ehtiyac içərisində yaşasa da, bir an belə qürurunu, vüqarını itirmədi. Ləyaqətli şəxsiyyət kimi ətrafdakılara güclü təsir göstərirdi. İfrat bəzək-düzəyə nifrət edirdi. İnsan kimi zövq almağı xoşlayırdı. Həyatı dərindən dərk edirdi. Müharibə illərini xatırlayarkən deyərdi ki, 1943-cü ildən bəri mənim yaşamağım qazancdır. Çünki həmin ildə mən də, əgər komandir məni su dalınca göndərməsəydi, igid yoldaşlarımla birlikdə o dünyaya təşrif aparmalı olacaqdım".
Ömrünü Azərbaycan sənətşünaslıq məktəbinin formalaşması və inkişafına həsr edən, sənətşünaslıq elmi istiqamətində fundamental elmi əhəmiyyətə malik tədqiqat, monoqrafiya və kitabların müəllifi olan, habelə, elmi kadrların yetişməsində əvəzsiz xidmətlər göstərmiş AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor Kərim Cabbar oğlu Kərimovun bu il 100 illik yubileyidir. 1995-ci ilin 25 iyulunda dünyasını dəyişmiş görkəmli elm xadimi K.Kərimovun işıqlı əməlləri və xatirəsi Azərbaycan təsviri sənət tarixində əbədi qalacaq.