Ötən əsrdən bəri insanlığın yaxasından qara əl kimi yapışan bəlalar az deyil. Müharibələr, iqtisadi problemlər, epidemiyalar, təbii fəlakətlər, intiharlar...
İntihar etmək istəyən birini gördükdə nə edərdik məsələn? Əlimizdə və cibimizdəki canavarı çıxarıb videosunu çəkərdik sosial şəbəkələrdə məşhurlaşmaq üçün yoxsa ona yardım edərdik ?
Kimlər-kimlər intihar adlı "div"ə uduzub. Necə şairlər, yazıçılar, siyasətçilər, alimlər, uşaqlar böyüklər, xəstələr, sağlamlar qurbanı olub bu "div"in.
Bu səhnəni canlandıraq özümüz üçün. İntihar etmək üçün hündür bir uçurumun qırağında duran adam və sakitcə ona yaxınlaşıb ölmədən əvvəl bəlkə bir stəkan çay və sonuncu dəfə söhbət etməyi təklif edən biri...
Bəli, Avstraliyada "The Gap" adlanan uçurumun yaxınlığında yaşayan Don Ritchie 2012-ci ilədək yəni ölənə qədər 50 il yaşadığı bu uçurumun kənarında necə əlacsız insanlara kömək olub. İntihar üçün hər şeydən əlini üzüb bura gələn adamları fikrindən daşındırmaq üçün onlara sonuncu dəfə çay içib, söhbət etməyə təklif edərək həm də. Təsəvvür edin, 50 il 160 xilas edilən həyat, 160 ümid, 160 can...
Don Ritchie nələr eşidib orda görəsən, necə dərdlər, necə etiraflar, necə yalnızlıqları bölüşüb o adamlarla. Yaxşı xilas etdiyi 160 insandan savayı bəs sizcə xilas edə bilmədiyi insanlardan nə qalıb həyatında ? Bu pambıq görünüşlü qocanın ürəyi neçə dəfə sınıb əlindən çıxıb , uçurumdan uçan həyatlara görə. Maraqlıdı həqiqətən xilas etdiyi adamların ruhuna verdiyi rahatlıqla gözünün önündə ölümə addımlayanlar nələr yaşadıb qocaya.
Bu gün dünyamızın Don Ritchie ilə içiləcək bir stəkan çaya və bir az söhbətə ehtiyacı var. Elə isə sadəcə ətrafımıza baxaq və hər ehtimala qarşı həmişə bir stəkan çay içib, bir az söhbət edəcək vaxt saxlayaq sevdiyimiz insanlara.