Bu gün görkəmli kinorejissor, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 88-ci ildönümü tamam olur.
525.az xəbər verir ki, R. Ocaqov 1933-cü il noyabr ayının 22-də Azərbaycanın Şəki şəhərində anadan olub. 1951-1956-cı illərdə Moskovada ÜDKİ-nun kinooperatorluq fakültəsində təhsil alıb. Daha sonra M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirib. 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu-rejissor işləyib. Azərbaycanın və SSRİ-nin Dövlət mükafatları laureatı, respublikanın xalq artisti olub.
Rasim Ocaqov Azərbaycan xalqının yaddaşında rejissor, operator, ssenari müəllifi, bədii rəhbər, ikinci operator kimi qalıb. Filmlərdə və arxiv kadrlarda iştirak edən Ocaqov Azərbaycan kino rejissoru və operatoru, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan SSR (1967) və Çeçen-İnquş MSSR (1964) əməkdar incəsənət xadimi, SSRİ-nin Dövlət mükafatı laureatı, və Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1980) olub. Müstəqil Azərbaycanın ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilib.
Rejissorun tammetrajlı filmləri: “Tütək Səsi” (1975) “Qatır Məmməd” (1974) “Ad Günü” (1977) “İstintaq” (1979) “Bağlı Qapı” (1981) “Park” (1984) “Özgə Ömür” (1987) “Ölsəm Bağışla” (1989) “Qətldən Yeddi Gün Sonra” (1991) “Təhminə” (1993) “Həm Ziyarət, Həm Ticarət” (1995) “Otel Otağı” (1998)Bundan başqa Rasim Ocaqov 70-dən çox filmin çəkilişində bilavasitə iştirak edib.
Rasim Ocaqov yaradıcılığının bütün dövrlərində sənətə çox ciddi yanaşıb, müxtəlif insan talelərinin peşəkarlıqla işıqlandırılmasına çalışaraq, fərdin cəmiyyətdəki rolunu, onun rast gəldiyi təsadüfləri, eləcə də insanların taleyində baş qaldıran acınacaqlı hadisələri rejissor gözü ilə süzgəcindən keçirib, ideal insan obrazlarını çox təbii və inandırıcı bir şəkildə ortaya qoya bilib.
Rasim Ocaqovun çox böyük yaradıcılıq irsi bu gün kinematoqrafiya sahəsində tədqiq edilməyə layiq bir nümunədir. İllər ötəcək, yeni-yeni ekran əsərləri yaradılacaq, lakin onun çəkdiyi filmlər heç vaxt öz aktuallığını itirməyəcək.