Şagird nailiyyətlərinin qiymətləndirilməsi tədris prosesində böyük əhəmiyyət daşıyır. Qiymətləndirmə nəticəsində müəllim həm şagirdini tanıyır, onunla gələcəkdə təlim işlərini hansı istiqamətdə qurmasını planlayır, eyni zamanda şagird də biliyinin qiymətini alanda dərslərə marağı və həvəsi artır. Amma son illər ümumtəhsil məktəblərində keçirilən qiymətləndirmədən müəllimlərin bir çoxu narazıdır. Onların şikayəti qiymətləndirmə prosesinin çox vaxt və gərgin zəhmət tələb etməsi ilə bağlıdır.
Hazırda ölkənin bütün ümumtəhsil məktəblərində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 iyun 2010-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq olunmuş "Ümumi təhsilin dövlət standartları və proqramları (kurikulumları)" və 13 yanvar 2009-cu il tarixli, 09 nömrəli qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası" əsasında fənn kurikulumları tətbiq olunan siniflərdə məktəbdaxili qiymətləndirmə aparılır. Məktəbdaxili qiymətləndirmə diaqnostik (ilkin səviyyənin qiymətləndirilməsi), formativ (fəaliyyətin qiymətləndirilməsi), summativ (kiçik, böyük və yekun) qiymətləndirmələrdən ibarətdir. Diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirməklə müəllim üçün şagirdlərin potensial imkanlarını nəzərə alan təlim strategiyalarının seçilməsinə xidmət edir. Formativ qiymətləndirmə şagirdin məzmun standartlarından irəli gələn bilik və bacarıqlara nail olması üçün onun fəaliyyətini izləmək məqsədi ilə aparılır. Summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərə (tədris vahidinin, yarımilin sonunda) yekun vurmaqla, müvafiq məzmun standartlarına uyğun qiymətləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdin nailiyyətini qiymətləndirmək məqsədilə keçirilir.
Solmaz Süleymanova, müəllim:
- Formativ qiymətləndirmə hər şagirdə bir, bir dəqiqə yarım vaxt ayırmaq deməkdir. Ümumi götürəndə bu da dərsin hardasa 10 dəqiqəsini alır. Yazı-pozu işlərinin belə çox vaxt alması o dərsin keyfiyyətini öldürür. Bilmirsən dərs hazırlayıb, maraqlı dərs verəsən, bilmirsən sənədlərini düzəldib yerinə qoyasan, ya gündəliyini edəsən. Müəllim hansını edəcəyini bilmir. Qiymətləndirmə standartlarına yenidən baxılsa, daha yaxşı olardı. Müəllim yazı-pozu işlərinə bir qədər az vaxt aparardı. İngilis dili deyilmi, qoy orada daha çox dinləmə, oxu qaydaları ilə bağlı bacarıqlarını artırsınlar. İki saat oturub, o mənasız boş şeyləri yazmaqdansa, müəllim həmin vaxtı daha səmərəli istifadə etməlidir. Əvvəl də qiymətləndirirdik. Bu qədər zamanımız getmirdi. Formativ qiymətləndirməni etmək üçün hər şagirdin biliyi sözlə yazılaraq qiymətləndirilməlidir. Bunu da etməyəndə müəllimlərə irad tutulur.
Lətifə Məcidova müəllim:
- Formativ qiymətləndirməyə 10 dəqiqə vaxtımız gedir. Uşaq danışdıqca biz də gündəlikdə qeyd edirik. Kiçik summativlər daha çox vaxtımızı alır. Böyük summativləri isə biz keçirmirik. Birinci onu tərtib etmək zaman alır. Məktəbdə dərs keçə-keçə biz onu tərtib edə bilmirik. Material Qoyulmalıdır, baxılmalıdır. Sualların tipləri orada əsas götürülür. Orada açıq, qapalı, yaradıcı, hafizəyə əsaslanan, məntiqi təfəkkürə əsaslanan suallar tərtib olunmalıdır. Buna da heç 5 saat da kifayət etmir. İki 45 dəqiqə onun keçirilməsi, sonra yoxlanılması prosesi olur. Yoxlanma da yetərincə vaxt alır. Orada balları hesablamaq, yazmaq xeyli vaxt aparır. Ən dəhşətlisi bütün qiymətləri elektron jurnala köçürməkdir. Biz bir müsibətlə elektron jurnalı yazırıq ki... Edu.az-a daxil ola bilmirik. Nə olsun ki, şifrə, parolumuz var. Amma daxil ola bilmirik.
Gülbəniz Valehova, müəllim:
- Qiymətləndirmə ən yaralı yerimizdir. Nə qədər istəsək də tam apara bilmirik. Mən uşaqları meyarlar üzrə qiymətləndirirəm. Kimsə yazır. O meyarlara görə çalışıram, çox uşağa qiymət verim. 3-4 nəfər yox, uşaqların hamısı qiymət istəyir. Dərsarası qiymətləndirmə edirəm. Hamısını dərsin sonuna saxlamıram. Baxıram kim aktivdir, onları yadımda saxlayıram. Dərs bitənə kimi uşaqlar hamısı qiymət alır.
Təhsil eksperti Kamran Əsədovun fikrincə, təhsil sahəsində, xüsusi ilə ümumtəhsil pilləsində hüquqi-normativ sənədlərin bir çoxu biri-biri ilə tam uzlaşmır, fəaliyyətlərin təşkili ilə bağlı təlimatlar və qaydalar kifayət qədər lazımi səviyyədə deyil: "Nəzərə alaq ki, müəllimin iş vaxtının norması astronomik saatla müəyyən edilir, amma bir dərs saatının miqdarı 45 dəqiqədir. Əmək qanunvericiliyimizə əsasən, xüsusi xarakterli işlərdə çalışan işçilərin qısaldılmış iş vaxtı yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində həftə ərzində 36 saatdan çox olmamaq şərtilə müəyyən edilir. Həmin iş yerləri üzrə peşələrin, vəzifələrin siyahısı iş vaxtının konkret müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Müəllimlərimizin böyük əksəriyyətinin qadın olduğunu, onların ev, ailə, məişət qayğılarını da nəzərə alsaq, bu müddətlərdə onun üzərinə düşən vəzifələri hələ keyfiyyət bir yana, heç lazımi səviyyədə yerinə yetirə biləcəyi real görünmür.
Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli qərarı ilə təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı məsələləri özündə əks etdirən, konseptual sənəd olaraq Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli kurikulum) kimi təsdiq edilmiş bu sənədlər toplusu gözlənildiyi kimi, təhsil ideyamıza çevrilə bilmədi. Kurikulum standartları əsasında hazırlanan qiymətləndirmə mexanizmləri şagirdlərimizin nitq qabiliyyətini, yazı vərdişlərini, məntiqi təfəkkürünü nəinki inkişaf etdirdi, əksinə, bir çox ziddiyyət və anlaşılmazlıqlar yaratmaqla, vəziyyəti bir az da ağırlaşdırdı. Bu anlaşılmazlıqlar heç şübhəsiz ki, Azərbaycanda təhsil islahatlarının sonrakı gedişinə də təsirsiz ötüşmədi. Kurikulumun tələbləri səviyyəsində hazırlanan və 2009-cu ilin yanvarında təsdiq olunan "Ümumtəhsil sistemində qiymətləndirmə konsepsiyası"na gözucu belə diqqət yetirməklə, məsələnin nə dərəcədə qəlizləşdirildiyinin və təhsil alanlarla təhsil verənlər üçün hansı əlavə problemlər yaratdığının şahidi olmaq o qədər də çətin deyil. Təsəvvür edin ki, təkcə elə milli qiymətləndirmə hesab etdiyimiz məktəbdaxili qiymətləndirmə üç komponentdən ibarətdir: "diaqnostik", "formativ", "summativ". Hələ bu summativlərin "makro" və "mikro" adlanan böyüyü və kiçikləri də var. Müəllimlər və məktəb rəhbərləri bütün iş-güclərini atıb bu summativləri keçirmək, nəyi nəyəsə vurub, nəyinsə üstünə gəlib, nəyinsə ədədi ortasını tapıb, nəsə bir yuvarlaq qiymət çıxarmaqla məşğuldurlar.
Ekspert hesab edir ki, məktəblərdə xüsusi ştat ayrılmalı və summativlərin aparılması, yoxlanılması, qiymətləndirilməsi ilə müəllim köməkçisi məşğul olmalıdır: "Hazırda ali təhsil müəssisələrində tyutor ştatı var. Fikrimcə, orta məktəblərdə də buna bənzər bir ştat yaratmaq olar".
Dilşad XAQANİQIZI