Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzində məktəblilər arasında “Gənc xilasedici və yanğınsöndürənlər” yarışı üzrə zona birinciliyi keçirilib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, yarış Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin birgə dəstəyi ilə baş tutub.
Qərb zonası üzrə birincilikdə bölgəni əhatə edən Gəncə, Göygöl, Gədəbəy, Daşkəsən, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux və Kəlbəcərdən olan məktəblilər iştirak edib.
FHN Gəncə regional mərkəzinin baş məsləhətçisi Elnur İmanovun bildirdiyinə görə yarışın keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin fövqəladə hallarda hazırlıq səviyyəsinin yüksəldilməsi, gənc nəslə hərbi vətənpərvərlik hisslərinin aşılanması, məktəblərarası sağlam həyat tərzinin təbliğidir. Yarış 4 mərhələdə: məktəbdaxili-seçmə, rayon (şəhər) zona və ümumrespublika səviyyələrində keçirilir. Yarış kombinəedilmiş yanğın estafeti, maneələr zolağı, axtarış-xilasetmə işi, gənc ekspertlər və komandaların təqdimatı mərhələlərindən ibarət olub. Sonda qalib gələn və fərqlənən 2 komanda ümumrespublika yarışında iştirak etmək hüququ qazanıblar.