İnklüziv təhsil ümumi təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutan və bütün uşaqların müxtəlif ehtiyaclarının uyğunlaşdırılmasına əsaslanan inkişaf prosesidir. Ümumiyyətlə, bu söz fransız dilindən gəlib: inclusion - "daxil etmə". Latın dilində include - "daxil edirəm" deməkdir.
İnklüzivlik multikultural müxtəlifliyə, fiziki sağlamlıq məhdudiyyətlərinə, öyrənmə çətinliklərinə malik, autizm, daun sindromlu, həmçinin, xüsusi istedadlı uşaqların təhsilə cəlb olunmasıdır. Düşünürəm ki, təhsil ocaqları insanlara təhsil vermir, həm də onları əqli, psixi və sosial baxımdan formalaşdırır.
Bu gün fiziki cəhətdən sağlamlıq imkanı normal olan uşaqlarla, fiziki bacarıq və qabiliyyətləri ahəngdar olmayanların eyni prosesdə, eyni münasibətdə bərabərlik prinsipi əsasında formalaşmasının hüquqi bazasını bilməklə yanaşı, onun mənəvi sağlamlığının qorunması da bir vəzifə olaraq əhəmiyyətli məsələlərdəndir.
Ölkə miqyasında görülən işlərə dəstək üçün Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın 30 iyun 2021-ci tarixli əmri ilə İnklüziv Təhsil Mərkəzi yaradılıb və daha sonra əsasnaməsi təsdiqlənib. Mərkəzin yaranmasının əsas səbəbi universitetimizdə korreksiyaedici təlim ixtisası üzrə kadr hazırlığına start verilməsi idi. Mərkəz öz işini müxtəlif istiqamətlərdə, geniş formatda aparır. Professor-müəllim heyətinin bu istiqamətdə peşəkarlığının artırılması, ehtiyacı olan uşaqlara reabilitasiya işinin həyata keçirilməsi həmçinin, "Könüllü Proqramı" çərçivəsində universitetimizdə sağlamlıq imkanları məhdud tələbələrin keyfiyyətli ali təhsil alması istiqamətində işini davam etdirir. Proqram üzrə inklüzivlik sahəsində gənc mütəxəssislərə zəruri nəzəri biliklərin verilməsi, praktik bacarıqların qazandırılması, respublikada fəaliyyət göstərən bərpa reabilitasiya mərkəzlərində təcrübənin təşkili, təlimlərin və müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulub.
İnklüziv Təhsil Mərkəzinin rəhbəri, dosent Nigar Zeynalova ilə görüşüb, rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə yaxından tanış olduq. N.Zeynalova deyir ki, uzun tarixi mərhələlərdən keçmiş bu təhsil sistemi imkanları məhdud olan uşaqların təlim və təhsil prosesinin təşkili üçün mühüm rol oynayır:
"İnklüzivlik əslində bir neçə mərhələdən keçmişdir. Birinci mərhələ seqreqasiya idi. Seqreqasiya təcrid olma deməkdir. Bu dövrdə sağlamlıq imkanları məhdud olan uşaqlarla digərlərinin eyni məktəbdə təhsil almalarına imkan yaradılmırdı. Növbəti mərhələ inteqrasiyadır. İnteqrasiya mərhələsində sağlamlıq imkanları məhdud uşaqlar orta məktəblərə inteqrasiya etməyə başlamış, lakin hələ də tam bərabərhüquqlu təhsil alma imkanına malik deyildilər. Həmin uşaqlar onlar üçün xüsusi nəzərdə tutulmuş siniflərdə təhsil almaq məcburiyyətində idilər. Sonrakı mərhələ isə, artıq inklüzivlik mərhələsi adlanır. İnklüzivlik isə bütün təhsil alanlar üçün təhsildə bərabər imkanların yaradılması ilə həyata keçirilirdi".
N.Zeynalovanın fikrincə, cəmiyyətimizdə inklüzivlik haqqında yanlış düşüncələr var. İnklüzivlik yalnız təhsildə sağlamlıq imkanları məhdud uşaqların deyil, bütün uşaqların - yəni, hiperaktiv, istedadlı, diqqət yayınıqlığı və emosional davranış problemləri olan və s. uşaqların bərabərhüquqlu təhsil almasını nəzərdə tutur: "Dövlət başçısı "2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı"nı imzalayıb. Həmin proqrama əsasən, 2024-cü ilə qədər bütün orta məktəblər inklüziv təhsil sisteminə keçəcək. Məhz İnklüziv Təhsil Mərkəzinin formalaşdırılmasında əsas məqsəd həmin proqram üzrə fəaliyyət planının tələblərinin reallaşdırılması, bu istiqamətdə zəruri addımların atılmasından ibarətdir".
ADU-nun İnklüziv Təhsil Mərkəzinin fəaliyyət planında birinci istiqamət beynəlxalq əlaqələrin qurulması, ikinci istiqamət həm Azərbaycan Dillər Universitetində, həm də respublikada pedaqoji heyət arasında geniş maarifləndirmə işinin aparılmasını nəzərdə tutur. Üçüncü istiqamət isə valideynlərlə işdir. Çünki sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasında, cəmiyyətə inteqrasiyasında əsas rol valideynlərə aiddir. Valideynlərlə təhsil işçilərinin birgə fəaliyyəti nəticəsində bu uşaqların cəmiyyətə inteqrasiyası daha keyfiyyətli ola bilər.
İnklüziv təhsillə bağlı mövcud çətinliklərin olduğunu qeyd edən Nigar Zeynalova, bu sahədə respublikada tədqiqatların kifayət qədər olmamasını vurğuladı ki, mərkəzin də bir istiqaməti bu sahə üzrə tədqiqatların aparılması, onların təcrübədə tətbiqi və geniş ictimaiyyətə çatdırılmasıdır. Cəmiyyətdə mövcud maneələrin ləğv edilməsi üçün hamıya bərbər imkanlar təmin edilməlidir. Diskriminasiyadan qaçmaq üçün bu prosesi ailədən və təhsil sistemindən başlamaq lazımdır.
Son on ildə xüsusi təhsil ehtiyaclarının təmin olunması istiqamətində dünyada və inkişaf etmiş ölkələrdə müxtəlif addımlar atılıb. Bunlardan biri təhsilin şagirdə uyğunlaşdırılması, fərdi təhsil ehtiyaclarının, inkişaf səviyyəsinin nəzərə alınması və ehtiyacı olan şagirdlər üçün xüsusi proqramın hazırlanmasıdır.
"Övladım sağlam uşaqların oxuduğu məktəbdə və onlarla eyni sinifdə təhsil alır...". Bu, sağlamlıq imkanları məhdud olan neçə-neçə uşağın valideynlərinin öz övladının təhsil aldığı ümumi təhsil müəssisəsi ilə bağlı son illər sevinclə qeyd etdiyi ilk cümləsidir. Elə inklüziv təhsil məhz belə valideynlərin arzularını reallaşdıran təhsildir.
Firuzə MƏLİKZADƏ
ADU-nun jurnalistika ixtisası üzrə tələbəsi