Son 20 ildə Azərbaycan təhsilində çox böyük islahatlar aparılıb.
525.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar şurasının sədri Məleykə Abbaszadə "Abituriyent" jurnalının 12-ci nəşrinin təqdimat mərasimində deyib.
O bildirib ki, 1995-ci ildən bəri hər il keçirilən imtahanların təhlili aparılır.
"Yeni nəşr 60 növ üzrə 454 504 nəfərin iştirak etdiyi imtahanların statistik təhlilini özündə cəmləşdirir. Kitab 624 səhifədən ibarətdir. Lakin, bu, aysberqin görünən hissəsidir. Çünki hər bir imtahan bitəndən sonra biz qoyulan məqsədə nə qədər nail olduğumuzu müəyyən edir, yaş, cins kateqoriyasına əsasən daha geniş təhlillər aparırıq".
O qeyd edib ki, buraxılış imtahanlarında yalnız Azərbaycan dilindən 65 altsistemə görə şagirdlərin bacarıqlarını yoxlayırlar.
"Təhsil Nazirliyi ilə mütəmadi müzakirələr aparırıq. Biz bütün istiqamətlər üzrə ortaya qoyulan təhlillər üzrə fikir mübadiləsi aparmağa hazırıq. 2012-ci ildə ilk dəfə IX siniflərin buraxılış imtahanını keçirdik. Onlar 2003-cü ildə I sinfə gedənlər idi. Onların sayı 137 493 nəfər idi. Onların 10 faizi 9-cu sinfə daxil olmayıb. Bu, yaxşı vəziyyət deyil".