|
|
|
|
NASA-nın "Perseverance" kosmik gəmisi Marsda həyatın olub-olmadığını müəyyən etmək üçün öz missiyasında indiyə qədərki ən mühüm nümunələrdən bəzilərini toplayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qədim deltanı araşdıran kosmik gəmi tərkibində karbon əsaslı molekullar olan iki qaya nümunəsi toplayıb. ABŞ-ın "Berkli Universiteti"nin əməkdaşı Devid L. Şuster, "Mən birmənalı şəkildə deyə bilərəm ki, bunlar bizim hazırkı missiyada topladığımız ən mühüm nümunələrdir" , deyib. Nümunələrdə potensial həyat izlərinin ola biləcəyini bildirən elm adamları, Marsda bir vaxtlar həyatın olub-olmadığına dair məlumat verə bilmələri üçün araşdırmaların artırılması lazım olduğunu bildiriblər.
Şuster ilə birlikdə missiyada olan "Kaliforniya Texnologiya İnstitutu"ndan Kenneth A. Farley də üzvi karbon molekullarının həyat izi olmayan bir sıra kimyəvi reaksiyalar nəticəsində əmələ gələ biləcəyini ifadə edib. Elm adamları qurumuş deltanın olduğu 45 kilometr enində "Jezero" kraterinin 3,5 milyard il əvvəl Marsda həyatın olub-olmadığını araşdırmaq üçün ən münbit yer olduğunu düşünürlər.
Avropa Kosmik Agentliyi və NASA Marsa yeni layihə çərçivəsində bir vasitə göndərməyi və "Perseverance" tərəfindən tapılan nümunələri geri qaytarmağı hədəfləyir.
Qeyd edək ki, layihənin 2028-ci ildə başlaması, nümunələrin isə 2033-cü ildə Yerə çatması planlaşdırılır.
Məhəmməd Tağıyev