"Bakıda bəzi məktəb və 125 uşaq bağçasının istilik sistemində problemlər aşkarlanıb".
525.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Orxan Kərimov ümumi təhsil müəssisələrinə payız-qış mövsümünə hazırlıqla bağlı təşkil edilən mediatur zamanı deyib.
O, payız-qış mövsümünə hazırlığa və məktəblərin istiliklə təminatına diqqətin artırılmasının vacibliyini bildirib. Bu baxımdan təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlığı ilə əlaqədar BŞTİ tərəfindən müvafiq qurumlarla (“Azəriqaz”, “Azəristiliktəchizat” ASC, Bakı Regional Qaz İstismarı Departamenti) “Dəyirmi masa” və görüşlərin keçirildiyini diqqətə çatdırıb.
Müdir müavini məktəblərin istiliklə təminatı məsələsində qarşıya çıxan problemlərin operativ həlli üçün BŞTİ tərəfindən zəruri işlər görüldüyünü, hər il olduğu kimi bu tədris ilində də məktəblərin istiliklə təmin olunmasının normal təşkili üçün monitorinqlərin aparıldığını bildirib.
O.Kərimov aparılan monitorinqlər nəticəsində bir sıra məktəblərdə müəyyən problemlərin aşkar olunduğunu, həmin məktəblərin bir çoxunda təmir-bərpa işləri aparıldığını və digərlərində hazırda müvafiq tədbirlərin davam etdirildiyini nəzərə çatdırıb. Paytaxtdakı 125 uşaq bağçasının da istilik sistemində müəyyən problemlərin aşkarlandığını bildirən müdir müavini problemlərin aradan qaldırılması üçün zəruri işlərin görüldüyünü deyib.
Sevinc Qarayeva