Məlum olduğu kimi, elm və təhsil naziri Emin Əmrullayev də bu yaxınlarda kurikulumla bağlı problemə toxunaraq bildirib ki, yerli kurikulumla bağlı islahatlar aparılmalıdır.
Mövzu ilə bağlı 525.az-la fikirlərini bölüşən təhsil eksperti Kamran Əsədov bildirir ki, kurikulum bir çox ölkələrdə, xüsusən də ölkəmizdə keyfiyyətə təsir etməyib və bunun da müxtəlif səbəbləri var.
O bildirir ki, bu metodlar sırasında təhsil verənlərin bu metoda inanmaması, şəhər və kəndlərdə kurikulumun tətbiqində ümumi bir proqramın icra edilməsi, terminlərin anlaşıqlı formada olmaması, təhsilverənlərin müxtəlif yaş qrupunda olması, məktəblərdə İKT ilə bağlı təminatın zəif olması dayanır.
Onun sözlərinə görə, təhsilverənlərə təlim vermək əvəzinə onlara metodları necə tətbiq edə biləcəkləri barədə debatlar vasitəsilə praktiki dərslər təşkil etmək və bunu izləmək daha yaxşı olar: “Bundan başqa, şagirdlərə başa düşə biləcəkləri formada kurikulum terminlərini izah etmək, onlarda təhsil sahəsində qazana biləcəyi uğurlara inam yaratmaq lazımdır”.
Ekspert deyir ki, şəhər və kəndlərdə fərqli metodlar tətbiq etmək lazımdır:
“Bundan başqa, müəllimləri təlimlərə cəlb edən zaman yaş fərqləri nəzərə alınmalıdır. Məsələn, yaşı 40-dan yuxarı olanların əksəriyyəti təlimlərdən gileylənirlər. Təbii ki, bu amil də keyfiyyətə mənfi təsir edir”.
O qeyd edib ki, kurikulumun müsbət təsirlərini görmək üçün məktəblərin İKT bazasının güclənməsi mütləqdir.
Sevinc Qarayeva