“Şagirdin dərsi qavraması üçün bilikdən əlavə, bacarıqlara da ehtiyac var. Bilik, bacarıq, vərdiş, dəyər və keyfiyyət tədris prosesinin qarşısında duran əsas vəzifədir. Bunun üçün şagird müəllimin qoyduğu suallara cavab tapmağı öyrənməlidir. Bütün bunlar şagirddən fəal, yaradıcı iş, alınmış məlumatı təhlil etmək bacarığı tələb edir. Bunun üçün müəllim dərs keçərkən həmişə problemli situasiya yaratmalıdır".
525.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. Ekspert qeyd edib ki, bu amil şagirdi dərsi düşünülmüş şəkildə qavramağa, yaradıcılığını inkişaf etdirməyə məcbur edir:
"Müəllimin savadlılığının, yeni pedaqoji texnologiyalardan istifadə etmək bacarığının, ünsiyyət qabiliyyətinin, kompüterdən istifadə etmək bacarığının, yaradıcı təfəkkürdən törəyən bilikləri bir-biri ilə əlaqələndirərək yeni bir bilik yaratma qabiliyyətinin, müəllim-şagird ünsiyyətini ən gözəl formada qura bilmək bacarığının olması çox vacibdir.
Məlumatın mexaniki mənimsənilməsi, formul və təriflərin şüurun iştirakı olmadan əzbərlənməsi biliklərin formal mənimsənilməsinə səbəb olur. Bilik olmasa şagird bacarığını formalaşdımaqda çətinlik çəkər. Bacarıq şagirddə əmək vərdişlərini formalaşdırır, onu müstəqilliyə və yaradıcılığa alışdırır".
Sevinc Qarayeva