|
|
|
|

Bu gün həyatımızı sosial şəbəkələrsiz təsəvvür etmək çətindir. Ekspertlər son bir neçə ildə sosial şəbəkələrdən istifadə etməklə həyata keçirilən bir sıra son dərəcə təhlükəli və dağıdıcı kiberhücumların fəaliyyət göstərdiyini vurğulayırlar. Onlar hesab oğurluğu və digər məqsədyönlü sosial media hücumlarının təsirini minimuma endirmək üçün etibar edə bilmədiyiniz istifadəçilərlə qarşılıqlı əlaqənizi məhdudlaşdırmağı tövsiyə edirlər.
Sosial şəbəkələr və smartfonlar üzərindən yayılmasına cəhd edilən müharibə haqqında bütün təxribat xarakterli məlumatlar, şəkillər və videoyazılar bloklanmalıdır. Bir istifadəçinin bu məlumatı yaymaması onun digər istifadəçiyə çatmasının qarşısını alır. Vətən müharibəsi şəraitində ən dürüst və yeganə məlumat mənbəyi rəsmi şəxslər və dövlət qurumlarıdır, bunu daima yadda saxlamalıyıq. Qeyri-rəsmi mənbələrdən yayılan məlumatlar ən yaxşı halda təsdiq olunmamış məlumat və ya şaiyə, ən pis halda isə təxribatdır.
Sosial şəbəkə profillərin və səhifələrin bloklanmasının əsas səbəbləri nədir? İKT mütəxəssisi Fərhad Mirəliyev "525"ə açıqlamasında profilin məhdudlaşdırılmasına səbəb olan davranışlardan söz açıb: "Profilin məhdudlaşdırılmasına səbəb olan davranışları belə təsnifləndirmək olar:
- Sosial şəbəkələrdə söyüş, nifrət nitqi, açıq zorakılıq çağırışları, qarşı tərəfi alçaltmaq və digər bu kimi davranışlar;
- İrqçi, pornoqrafik, müəllif hüququ pozulan, terror, ekstrimizm, zorakılıq və təcavüz və digər bu kimi məzmunlu paylaşmalar etmək;
- İnsan itkiləri olan video görüntüləri şəxsi profillərdə yaymaq və tirajlamaq;
- Provakasiya, hadisələrin şişirdilməsi, sensasiya xətrinə yalan və uydurma məzmunlu mətnləri yayımlamaq;
Bundan əlavə, qaydalara riayyət edən hesabları qərəzli şəkildə "Profil sahibi məni təqib edir və narahat edir", "Paylaşımlarında olan fikirlər çox zərərlidir" kimi qeydlərlə şikayət etəmək, bir müddət həmin profilə məhdudiyyət tətbiqinə nail olmaq da mümkündür".
İKT mütəxəssisinin sözlərinə görə, əgər profil hesabınıza məhdudiyyət tətbiq olunubsa, məsələni həll etməyin yeganə yolu dəstək xidməti ilə əlaqə saxlamaqdır: "Profilə məhdudiyyət tətbiq edilərsə, ilk növbədə dəstək xidmətinə müraciət olunmalı, məsələnin kökü araşdırılmalıdır. Yox, əgər müvəqqəti məhdudiyyət tətbiq edilibsə, danışıqların nəticə vermədiyi əksər hallarda cərimə müddətinin bitməsi üçün gözləmək tələb olunur. Bundan əlavə, müəyyən hallarda profilin aktiv edilməsi üçün şəxsiyyətin doğrulanması kimi prosedurlar keçməyiniz də tələb oluna bilər ki, sosial şəbəkədən istifadəni davam etdirmək üçün əməkdaşlıq etməyiniz mütləqdir. Bu zaman qarşı tərəf sizin fərdi məlumatları tələb edəcək".
Facebook fırıldaqçılar, botlar və təcrübəsiz istifadəçilərdən faydalanmaq istəyən hakerlərlə doludur. Bəzi insanlar məqsədli şəkildə hesabınızı ələ keçirmək və mesajlarınıza baxmaq istəyirlər. Onlar hesabınıza müdaxilə etmək üçün hakerlə anlaşa, şəxsi məlumatlarınızı skan edə və ya sizin adınızdan zərərli paylaşım edə bilərlər. Bu zaman hakerlərin sosial hesablarınız vasitəsilə şəxsi məlumatlarınızı oğurlaması da mümkündür. Bəzi insanların kredit kartları, telefon nömrələri və s. fərdi məlumatları sosial platformalarda saxlayırlar. Bəzən tanınmış şəxslərin profilləri hədəf götürülür ki, qarşı tərəf bu yolla uğurlu təbliğatın və ya böyük ictimai dəstəyin yayılmasına maneəçilik törədir. Bu zaman real profil sahibinin adından zərərli məlumatlar paylaşılır ki, burda da məqsəd həmin şəxsi gözdən salmaq olur.
Havar ŞƏFİYEVA



