|
|
|
|

Dünyada yaranan iqtisadi böhran təbii olaraq Azərbaycana təsirsiz ötüşməyib. Son 11 ay ərzində xidmət və ərzaq qiymətlərinin bahalaşması, bu prosesin hələ də davam etməsi xüsusən də əhalinin aztəminatlı hissəsinin gündəlik həyat şəraitində hiss olunur. Hələ sentyabr ayında ərzaq bahalaşmasının 22 faizi keçdiyi bildirilmişdi. Bu göstəricini yüksək qiymətləndirənlərlə yanaşı, Azərbaycanın bir çox ərzaq məhsullarını xarici ölkələrdən idxal etdiyini nəzərə alan bəzi ekspertlər, əksinə, bunun o qədər də yuxarı göstərici olmadığını qeyd etmişdilər. Reallıq isə budur ki, Azərbaycanın özündə istehsal edilən ərzaq məhsullarının qiymətlərində də kəskin bahalaşma müşahidə olunmaqdadır. Elə isə yerli istehsal olan məhsulların bahalaşmasının səbəbləri hansılardır?
İqtisadçı-ekspert Eldəniz Əmirov "525"ə açıqlamasında yerli istehsal olunmuş məhsulların qiymətinin rəqabətli şəkildə formalaşmasına bəzi təsərrüfat subyektlərinin inhisarçı davranışlarının imkan vermədiyini bildirib: "Azərbaycanın özünün istehsal etdiyi məhsulların qiymətinin artmasına bir neçə faktor təsir göstərir. Bunlardan birincisi inflyasiya və daxili bazarda istehsal olunan məhsulların maya dəyərinin qalxmasıdır. Bildiyimiz kimi, maya dəyəri bir neçə amillər əsasında formalaşır. Məsələn, məhsul istehsal olunan zaman sərf edilən enerji resursları, dizel, elektrik enerjisi və s. Eləcə də işçi qüvvəsinin əməkhaqqısının az da olsa qalxması da məhsulun maya dəyərinin artmasına gətirib çıxarır. Bundan əlavə, bazarda hökm sürən inhisarçılıq, bəzi təsərrüfat subyektlərinin inhisarçı davranışları yerli istehsalın qiymətinin rəqabətli şəkildə formalaşmasına imkan vermir".
Qiymət artımı təkcə ərzaq sahəsinə yox, dərman bazarına da aiddir. Son aylar dərman preparatlarının qiymətinin kəskin artdığı müşahidə olunur. İqtisadçı ekspertin fikrincə, bu problemin qarşısını almaq üçün ölkədə dərman istehsalını həyata keçirmək, yaxud da dərman idxalı zamanı müəyyən güzəştlər tətbiq etmək lazımdır: "Ölkədə dərman məhsullarının qiymətinin artmasında başlıca səbəb idxaldan asılılıqdır. Qlobal inflyasiya bütün dünyanı bürüdüyündən bəri Azərbaycandakı dərmanların qiymətləri artmağa başlayıb. Azərbaycanda bu qiymət fərqi daha çox ona görə yuxarıdır ki, ölkəyə dərman idxal edən təsərrüfat subyektləri arasında lazımi rəqabət şəraiti yoxdur. Bu rəqabətin olmaması ölkə bazarlarında məhsulun qiymətinin kifayət qədər yuxarı olmasına gətirib çıxarır. Buna görə də ilk olaraq ölkədə dərman istehsalını həyata keçirmək, yaxud da dərman idxalı zamanı müəyyən güzəştlərin tətbiqinə ehtiyac var".
Eldəniz Əmirov Ukraydakı müharibənin da dünyada böhranın böyüməsinə ciddi təkan verdiyini vurğulamaqla başlıca səbəbin pandemiya olduğunu bildirib: "Ərzaq qiymətlərinin bahalaşmasının Ukrayna müharibəsindən də başqa səbəbləri var. Əsas səbəb isə pandemiya dövründə iqtisadiyyata 17 trilyon dollarlıq əlavə vəsaitin buraxılması oldu. Pandemiya dövründə iqtisadiyyat ciddi böhran yaşadı, istehsalda baş vermiş fasilələr, logistikada və dəyər zəncirində olan qırılmalar, tədarükdə olan problemlər nəticədə ciddi bir böhranın əsasını qoydu".
Qeyd olunan bütün bu proseslərin Azərbaycana hansı mənfi təsirlər göstərdiyinə gəlincə, ekspert əlavə edib ki, 2021-ci ilin ortalarından başlayaraq Azərbaycan dövləti bununla bağlı müxtəlif tədbirlər həyata keçirir: "Antiinflyasiya tədbirləri, eyni zamanda, ərzaq təhlükəsizliyi istiqamətində atılmış sistemli tədbirlər nəticədə tam mənada problemlərin həllinə gətirib çıxarmasa da, problemlərin dərinləşməsinin qarşısını almağa xidmət edir. İstər əməkhaqlarının artırılması, istərsə də ixraca nəzarətin olması ilə bağlı məhdudiyyətlərin tətbiqi, idxalın stimullaşdırılması, sahibkarların müəyyən fəaliyyətlərilə bağlı güzəşt mexanizmlərinin tətbiqi kimi addımlar atılıb ki, bu da ölkənin ərzaq təhlükəsizliyində dayanıqlığın təmin olunmasına xidmət edir. Bu proses indi də davam etməkdədir. Düşünürəm ki, Azərbaycan dünyada bu böhrandan çıxmaq və böhranın nəticələrini aradan qaldırmaq istiqamətində təxminən orta mövqeli bir yerdə qərarlaşıb. Böhrandan itkisiz çıxmaq və ölkəni daha ciddi iqtisadi nailiyyətlərə aparmaq, hesab edirəm ki, dünyanın heç bir ölkəsinə nəsib olmayacaq, çünki bu, çox çətin prosesdir. Elə ölkələr olacaq ki, iqtisadiyyatı tamamilə böyük itkilərlə üz-üzə qalacaq. Lakin düşünürəm ki, Azərbaycan müəyyən problemlərlə qarşılaşsa da, ciddi fəsadlarla üzləşməyəcək. Bütün hallarda ölkə iqtisadiyyatına neftdən gəlirlər gəlir, ölkənin valyuta ehtiyatı formalaşıb, ticarət dövriyyəmiz qənaətbəxş səviyyədədir".
Fərid SANÇAR



