Müasir dünyanı kompüterlər, informasiya texnologiyaları və İnternetsiz təsəvvür etmək mümkün deyil. Bu gün planetimizin əhalisinin demək olar ki, 96 faizinin sosial şəbəkələrə çıxışı var.
Alimlər hesablayıblar ki, istifadəçinin gündə ən azı iki dəfə İnternetə daxil olduğu halda sosial şəbəkədə keçirdiyi minimum vaxt 3 saatdır. Sosial şəbəkələr insanlara müxtəlif şəhər və ölkələrdə yaşayan iş həmkarları, qohumları və dostları ilə ünsiyyət qurmaq imkanı verir. 2022-ci ildə aparılan qlobal sorğu göstərir ki, onlayn sistem dünyanın çox hissəsində COVİD-19-dan sonra daha sürətlə yayılmaqda davam edir.
Bəs Azərbaycan vətəndaşları İnternetdən nə dərəcədə yararlana bilirlər?
Azərbaycandakı İnternet istifadəçilərinin əsas kütləsi paytaxt Bakıda, şəhərin ətrafında birləşir. Xüsusən regionlarda və kəndlərdə, o cümlədən, Bakı ətrafında və əhalinin daha az məskunlaşdığı ərazilərdə vətəndaşlar İnternetin sürətinin zəif olması problemi ilə qarşılaşırlar. Ötən il Bakı ətrafında keyfiyyətli İnternetin əlçatan olması məqsədilə böyük həcmdə dövlət vəsaitləri ayrılsa da, hələlik real nəticələr ortada yoxdur. Son statistikalara baxanda görmək olar ki, Azərbaycanda orta İnternet sürəti nəinki dünyanın orta statistik göstəricilərindən, hətta qonşu ölkələrdə olduğundan da aşağıdır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən "525"ə verilən məlumata görə, ölkə ərazisində İnternetin sürətinin zəif olması ilə bağlı müraciətlər kütləvi xarakter daşımır: "Fərdi qaydada texniki nasazlığın baş verməsi hallarında İnternetin zəif olması mümkündür. Bu hallarda da abunəçilərin müraciəti əsasında İnternet xidmətində yaranan texniki nasazlıqlar nazirliyin müvafiq qurumları tərəfindən dərhal nəzarətə götürülərək aradan qaldırılır. İstehlakçıların yüksək İnternet sürətinə artan tələbatı və texnoloji tələblər nəzərə alınaraq "Aztelekom" MMC və "Baktelekom" MMC 4 mbit/s və 10 mbit/s tariflərini ləğv edərək abunəçilərin daha sürətli İnternetə keçidini təmin edib. Bu məqsədlə GPON (Gigabit Passive Optical Network) 4 mbit/s və 10 mbit/s tariflərinin istifadəçiləri 6 avqust 2022-ci il tarixindən müvafiq olaraq 15 mbit/s və 30 mbit/s tarif paketinə köçürülüb. Bu dəyişikliklə aşağı sürət tarifləri ləğv edilərək daha yüksək sürətə keçid təmin olunub ki, bu da qısa yükləmə müddətinə, həmçinin, yüksək İnternet sürəti tələb edən onlayn xidmət və platformalardan yararlanmağa imkan verir. Qiymət dəyişikliyinə gəlincə, xidmət istifadəçiləri 3 qat sürət tariflərinə keçirilib və köhnə tariflərlə müqayisədə hər mbit/s sürət üçün 2 dəfə az (-60%) ödəniş edirlər".
İnternetin zəif olmasına əsas səbəb bir çox yerlərdə hələ də müasir texnologiyaların tətbiqinin ləngiməsi, fiber optik kabellərdən istifadə olunmamasıdır. İT mütəxəssisi Fərhad Mirəliyev "525"ə açıqlamasında istifadəçilərin İnternet sürətindən narazılıqlarının haqlı olduğunu bildirib: "Həyata keçrilən dövlət proqramlarına rəğmən, Azərbaycanda İnternet istifadəçiləri hələ də keyfiyyətli və əlverişli tariflərlə İnternet əldə edə bilmirlər. Sanki bazarın mövcud konyukturası İnternet provayderlərinə sərf edir və hərəkətlilik yoxdur. İstifadəçilər isə haqlı olaraq narazılıq edirlər. Belə vəziyyətin yaranmasının başlıca səbəbi rəqabət mühitinin olmamasıdır. İnternet istifadəçilərinin böyük əksəriyyəti dövlət provayderlərinin əlində cəmləşib. Provayderlər İnterneti əsasən birinci əl milli İnternet provayderi "Delta Telecom"dan alırlar. Bu zaman qiymətlər alış həcminə görə tənzimləndiyindən, daha çox həcmdə internet alan provayderlər nisbətən münasib şərtlərlə müqavilə bağlayır. Beləliklə, hələ başlanğıcda dövlət provayderləri üstünlük əldə edir. Normal məntiqə əsaslansaq, daha sərfəli topdanatış nəticəsində pərakəndə satış qiymətləri də münasib olmalıdır. Amma real həyatda biz bunun işləmədiyini görürük. Özəl provayderlər müştəri sayına uyğun, daha az həcmdə internet əldə etdiklərindən, onlar üçün yuxarıda qeyd edilən şərtlər keçərli olmur. Deməli, ilk olaraq bazarda qiymət endiriminə dövlət provayderləri başlamalıdır". F.Mirəliyevin fikrincə, özəl provayderləri qiymət siyasətində məhdudlaşdıran amillərdən biri də fəaliyyətin təşkili zamanı ATS infrastrukurundan istifadəyə görə çəkilən xərclərin yüksək olmasıdır. Dövlət provayderlərinin isə belə çətinliyi yoxdur, inhisarında olan qovşaq və şəbəkələr özəl provayderlər üçün ciddi xərc tələb edir.
Mövcud İnternet qiymətlərinə toxunan ekspert bu gün qiymət və keyfiyyət mütənasibliyinin bir-birinə uyğun olmadığını bildirib: "Əksər hallarda provayderlər qiymət və keyfiyyətlə rəqabətə girməli olduğu halda, aşağı-yuxarı bərabər təkliflər müşahidə edirik. Belə nəticəyə gəlmək olur ki, əksər provayderlərin qiymətlə bağlı qeyri-rəsmi razılaşması və minimal qiymət siyasəti var. Pərdələr arxasında razılaşma əldə edilir ki, təyin olunan bəlli qiymətdən aşağı təklif olmayacaq. Fikir versək, əksər provayderlər tərəfindən keçirilən güzəşt kampaniyalarının şərtləri də eyni olur.
Sağlam rəqabətdə və bazarın formalaşdırdığı qiymətlərdə maraqlı olmayan provayderlər keyfiyyətli internet xidmətləri təklif edə bilmir. Bu çatışmazlıq xüsəsən də pik saatlarda müşahidə edilir. Ona görə də bəzən istifadəçilər eyni zamanda iki və ya daha çox provayderin abunəçisi olmaq məcburiyyətində qalırlar. Provayderlər İnternetin keyfiyyəti ilə bağlı zəmanət verə bilmir. Xərclərə qənaət məqsədi ilə provayderlər abunəçi sayına uyğun həcmdə İnternet tədarük etmir. Nəticədə isə pik saatlarda İnternet "aclığı" yaranır. Abunəçinin hüquqları pozulur, belə hallarda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti isə məhkəməyə müraciət etməyi məsləhət görür. Düşünürəm ki, mütləq şəkildə dövlət tərəfindən provayderlərin göstərdiyi xidmətlərin keyfiyyətinə dair tələblər formalaşdırılmalı, provayderlər üçün mütəmadi auditlər təşkil olunmalıdır.
Bakı ətrafı və regionlarda isə göstərilən xidmətlərin keyfiyyətində geriləmə olduğunu müşahidə edə bilərik. Bəzən vətəndaşlar İnternet əldə etmək istədikdə yetərsiz infrastrukturla üzləşirlər. Bakının bəzi kəndləri və Bakıətrafı rayonlarda bu, daha qabarıq gözə çarpır. Optik texnologiyaların geniş vüsət aldığı bir dövrdə hələ də Bakı ətrafında nisbətən məhdud texnologiya olan ADSL internetdən istifadə edilir. Regionlarda isə hətta ADSL texnologiyası üçün əsas olan stasionar telefon xətlərinin olmaması internetə əlçatanlığı məhdudlaşdırır. Bu da vətəndaşları baha başa gələn alternativlər (simsiz internet, mobil internet) üzərində dayanmağa məcbur edir.
Ötən illər ərzində bu istiqamətdə qəbul olunan bir neçə dövlət proqramı hələ də tam olaraq icra olunmamış qalır və ya proses çox ləng gedir. Mövcud vəziyyət İnternetin inkişafı istiqamətində, elektron hökumətin təbliğatı sahəsində aparılan siyasətlə uyğunlaşmır. Regionun digər ölkələrində ucqar dağ kəndləri belə GPON texnologiyası üzərindən İnternetlə təmin olunub. Fikirimcə, qəbul olunan dövlət proqramlarının icrası zamanı ayrılan vəsaitlərdən səmərəli istifadə ilə bağlı yenidən planlaşdırma aparılmalı və ictimai nəzarət gücləndirilməlidir".
Bəzən elə hallar olur ki, insanlar evdəki vayfayla İnternetə qoşula bilmədikləri üçün məcbur olub mobil internet paketi alırlar.
Sürətli internet iqtisadiyyat üçün həyati əhəmiyyət kəsb edir və bu gün insanlara işləməyə, səmərəli ünsiyyət qurmağa imkan verən əsas amillərdən biridir. Ekspertlər deyirlər ki, özəl provayderlərə dövlət provayderləri mane olur. Müşahidələr və monitorinqlər göstərir ki, provayderlər interneti topdan alanda öz müştərilərinin sayına və tələbatına uyğun həcmdə deyil, daha az trafik alırlar. Bu problemlərin aradan qaldırılması üçün isə həm hökumət, həm də cəmiyyət tərəfindən atılan addımların gücləndirilməsinə ciddi ehtiyac var.
Havar ŞƏFİYEVA