|
|
|
|

“Yol kənarında, açıqda satılan qida məhsulları hər zaman risk qrupunda olan qidalar sırasındadır. Çünki burada, birinci növbədə, onların fiziki çirklənməyə məruz qalması, hər hansı kənardan tozun və müəyyən çirklərin qidaya keçməsi mümkündür. Yol kənarında olduğundan avtomobillərdən çıxan qazlar, xüsusilə də ağır metallar və zərərli eqzoz qazları həmin qidaya təsir edir”.
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bunu 525.az-a deyib. Mütəxəssis vurğulayıb ki, bir çox hallarda belə məhsulların satıldığı yerlərdə həşəratlar, gəmiricilər və quşlar vasitəsilə çirklənmə baş verir. Bu isə mikroorqanizmlərin toplanmasına və ciddi zəhərlənmələrə səbəb ola bilir. Hər bir məhsulun fərdi xüsusiyyətinə görə birbaşa günəş şüaları altında saxlanılması yolverilməzdir. Bu, həm məhsulun tərkibinin pozulmasına, həm də qida dəyərinin azalmasına gətirib çıxarır:
“Xüsusilə yay aylarında yüksək temperatur səbəbindən bu proses daha sürətlə baş verir. Məhsullar sanitar-gigiyenik qaydalara uyğun şəkildə satılmalıdır. Lakin bir çox hallarda bu qaydalar pozulur. Satıcıların əl gigiyenasına diqqət etməməsi, əlcəkdən istifadə etməməsi, pulla təmas etdikdən sonra eyni əllə açıq qidaları satması ciddi risk yaradır. Bəzən məhsullar açıq şəkildə, bir-birinin yanında və təmiz olmayan yerlərdə saxlanılır. Buna görə də belə məhsullar sağlamlıq üçün təhlükə mənbəyidir. Onların tozla çirklənməsi müxtəlif allergik reaksiyalara və bronxial xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər”.
Sevinc Qarayeva



