|
|
|
|
İyulun 7-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi keçirildi. Müşavirədə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev nitqində bir çox maraqlı məqamlara toxunaraq, diqqətçəkici fikirlərə yer verdi. Dövlət başçısı bildirdi ki, xarici siyasətimiz daxili siyasətimizin davamıdır. Azərbaycanın xarici siyasətinin prinsipiallığı və müstəqilliyi ilə seçildiyini deyən prezident bunun əsas səbəbinin güclü siyasi iradənin mövcudluğu olduğunu deyib. İ.Əliyev dedi ki, ölkəmizin uğurlu inkişafı və son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması bizə imkan verir ki, xarici arenada da öz sözümüzü deyək, öz maraqlarımızı müdafiə edək. Prezident söylədi ki, Azərbaycanın beynəlxalq nüfuzu, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. O, Azərbaycanın dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş və dost kimi təsdiq etdiyini bildirdi.
İ.Əliyevin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz tarixi bir hadisə, gənc müstəqil dövlət kimi böyük diplomatik və siyasi uğurumuzdur. O, bildirib ki, bu, ölkəmizin imicini, qısa müddət ərzində nə qədər böyük yol keçdiyini göstərir. Prezident torpaqlarımızın işğalına toxunaraq bunları söylədi: "Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə birbaşa məşğul olan vasitəçilər tərəfindən Ermənistana heç bir ciddi siqnal verilməyib. Bizdə belə fikir yaranır ki, məsələ ilə məşğul olan vasitəçilər bu vəziyyəti daha çox bu şəkildə saxlamaqda maraqlıdırlar. Onların əsas marağı ondan ibarətdir ki, bölgədə sabitlik pozulmasın, müharibə olmasın. Biz də sülh istəyirik. Ancaq həm də torpaqlarımızı, haqq-ədalətin bərpasını, beynəlxalq hüququn təntənəsini istəyirik. Son illər beynəlxalq arenada müşahidə olunan mənzərə onu göstərir ki, beynəlxalq hüquq işləmir. "Kim güclüdür, o da haqlıdır" prinsipi əfsuslar olsun ki, beynəlxalq əlaqələrin konstruksiyasına böyük zərbə vurmuşdur. Bizim ordu quruculuğu ilə bağlı ardıcıl siyasətimiz bu gün bir daha göstərir ki, nə qədər düzgün və nə qədər vaxtında atılan addımlar idi.
Son vaxtlar vasitəçilərin fəaliyyətində müşahidə edilən fəallıq bizim artan iqtisadi və hərbi gücümüzlə əlaqəli olan məsələdir. Çünki onlar da Ermənistan kimi çox yaxşı dərk edirlər ki, istənilən vaxtda biz hərbi gücümüzdən istifadə edərək Qarabağ məsələsini birdəfəlik həll edə bilərik. Bizim mövqeyimizi möhkəmləndirən kifayət qədər çox amillər var: tarixi, hüquqi və siyasi. Tarixi və hüquqi nöqteyi-nəzərdən Qarabağ həmişə Azərbaycan torpağı olub. Diplomatların fəaliyyəti ilk növbədə bu istiqamətə yönəlməlidir. Çünki hələ ki, geniş dünya ictimaiyyəti Qarabağla bağlı həqiqətləri bilmir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, erməni silahlı qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Digər beynəlxalq təşkilatlar qərar və qətnamələr qəbul ediblər. Bu, artıq çox möhkəm hüquqi zəmindir. Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması qətiyyən mümkün deyildir. Azərbaycan dövləti buna heç vaxt imkan verməyəcək və heç bir ölkə qondarma "Dağlıq Qarabağ respublikasını" müstəqil qurum kimi tanımayacaq. Orada keçirilən qanunsuz referendumlar dünya birliyi tərəfindən tanınmayıb və tanınmayacaqdır. Erməni xalqı Azərbaycan dövləti çərçivəsində yüksək muxtariyyət statusuna malik olan şəraitdə yaşaya bilər. Biz bunu təklif etmişik və bu yanaşma dünyada və Avropada ən müsbət təcrübəyə əsaslanır. Ermənistanın inkişaf potensialı yoxdur. Ermənistanı ayaqda saxlayan ancaq xarici yardımdır, diaspordur və bəzi ölkələrin Ermənistana xüsusi münasibətidir. Azərbaycanın qonşu ölkələrlə münasibətləri çox müsbətdir. Biz bu münasibətləri bundan sonra da inkişaf etdirməliyik. Bu, bərabərhüquqlu münasibətlərdir, çox möhkəm zəmin üzərində qurulubdur. Azərbaycanın indiki reallıqları bundan ibarətdir ki, ölkədə daxili təhlükə mənbəyi, narahatedici məqam yoxdur. Azərbaycanın sürətli inkişafı, sabitliyin qorunması, xalqla iqtidar arasındakı birlik, xarici və daxili siyasətlə bağlı uğurlarımız belə vəziyyəti yaradıbdır. Ona görə biz istəyirik ki, ətrafda da təhlükə mənbəyi olmasın".
İlham Əliyev bildirdi ki, bizim təşəbbüsümüzlə son illərdə üçtərəfli formatlar müəyyən edilib: "Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran və son vaxtlar Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatları var. Burada həm siyasi və iqtisadi, həm də enerji məsələləri müzakirə edilir. Bu, çox uğurlu bir əməkdaşlıq formatıdır. Biz, əlbəttə ki, ikitərəfli formata üstünlük veririk. Biz bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı maraqlar üzərində qurulan münasibətlərin tərəfdarıyıq. İkitərəfli format ən uğurlu formatdır. Müsəlman ölkələri ilə əlaqələrimiz çox möhkəmdir. Azərbaycan İslam aləminin bir parçasıdır. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox fəal iş aparırıq. Biz İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində öz töhfəmizi veririk. Biz bu təşkilat çərçivəsində və müsəlman ölkələri ilə ikitərəfli formatda Qarabağ həqiqətlərini daha dolğun şəkildə onların diqqətinə çatdırmalıyıq. Bizim müsəlman ölkələri ilə tarixi əlaqələrimiz vardır. Bu əlaqələr bu gün yeni müstəviyə qalxıbdır. Siyasi əlaqələr çox yüksək səviyyədədir. Biz iqtisadi sahədə fəaliyyəti gərək artıraq. Avropa ölkələri bizim ənənəvi tərəfdaşlarımızdır. Burada da ikitərəfli format bizim maraqlarımıza cavab verir. Avropanın əksər ölkələri ilə bizim çox işgüzar və səmimi münasibətlərimiz vardır. Avropa bizim əsas ticarət tərəfdaşımızdır. Biz Avropaya daha yaxın olmaqla Azərbaycanda siyasi islahatları dərinləşdiririk. Biz Avropanın bu sahədəki müsbət təcrübəsini öyrənirik və götürürük. Bu, ölkəmizin uğurlu inkişafı üçün lazımdır".
Prezident son illərdə Asiya ölkələri ilə əməkdaşlığın çox sürətlə inkişaf etdiyini qeyd edərək bunları diqqətə çatdırıb: "Mənim səfərlərim, Asiya ölkələrinin rəhbərlərinin Azərbaycana səfərləri, qarşılıqlı maraqlar və qarşılıqlı hörmət bu münasibətləri təcəssüm etdirir. Asiya ölkələri ilə siyasi və iqtisadi əməkdaşlıq aparmaq üçün çox böyük potensial var. Biz heç bir ölkə ilə qarşıdurma siyasəti aparmaq niyyətində deyilik. Biz bütün ölkələrlə çox xoş münasibətlər qurmaq əzmindəyik və buna nail olmuşuq. Ancaq milli maraqlarımızın hesabına yox, bərabərhüquqlu münasibətlərin hesabına. Azərbaycan beynəlxalq təşkilatlarda çox uğurlu siyasət aparır. BMT-də bizim fəaliyyətimiz prioritet təşkil edir. BMT yeganə təşkilatdır ki, bütün dünya ölkələri orada cəmləşir və əslində, beynəlxalq ictimaiyyət deyəndə ilk növbədə BMT nəzərə alınmalıdır. Biz üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda prinsipial mövqeyimizi daim ifadə edirik və edəcəyik. Biz həqiqəti deyirik və bu həqiqət bəzilərinin xoşuna gəlmir. Həqiqəti inkar etmək mümkün deyildir".
Dövlət başçısı bildirdi ki, ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində öz sözünü deyə, heç bir nəticə hasil edə bilməyib. ATƏT işğal edilmiş torpaqlara iki dəfə faktaraşdırıcı və qiymətləndirmə missiyası göndərdiyini xatırladan prezident bildirib ki, torpaqlarımız işğal edilib, daş-daş üstə qalmayıb, bütün şəhərlər, məscidlər, tarixi abidələr, qəbirlər dağıdılıb və burada hansısa bir tarazlaşdırılmış məruzədən söhbət gedə bilər?!
İlham Əliyev Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyimizi qeyd edərək deyib ki, bu təşkilatda anti-Azərbaycan qruplaşması var və uzun illərdir fəaliyyət göstərir. Prezident deyib ki, o qruplaşma Azərbaycanı Avropa Şurasına qəbul etmək istəmir, bizə qarşı əsassız ittihamlar irəli sürülürdü. Dövlət başçısı onların arxasında erməni lobbisinin dayandığını diqqətə çatdırıb: "Bu gün erməni lobbisi üçün bir nömrəli hədəf Azərbaycandır. Bütün səylərini birləşdirib Azərbaycana qarşı kampaniya aparırlar. Ancaq buna baxmayaraq, bizim uğurlu inkişafımıza təsir edə bilmirlər. Yaxşı olardı ki, onlar indi Ermənistanın acınacaqlı vəziyyətini daha dərindən dərk etsinlər və sual versinlər ki, nə üçün Ermənistan belə bərbad vəziyyətdədir, nə üçün bu ölkə getdikcə tamamilə öz müstəqilliyini itirir və müstəqil siyasət aparmaq imkanı yoxdur, sadəcə olaraq, ona-buna qulluq etməklə məşğul olur və öz gələcəyini bunda görür?! Bizim Avropa Şurasında uğurlu fəaliyyətimiz vəziyyəti tamamilə dəyişdirib. Keçən ilin yanvar ayında AŞPA Azərbaycana qarşı hazırlanan əsassız, qərəzli, yalan üzərində yazılmış məruzəni rədd etdi. Bu, bizim böyük qələbəmizdir. Ona görə, biz Avropa Şurasında bundan sonra da fəal işləyəcəyik".
İlham Əliyev bildirdi ki, səfirliklərimiz diaspor təşkilatları ilə fəal əlaqədə olmalıdırlar. Prezident diaspor təşkilatlarının səfirliklər ətrafında birləşməsinin vacib olduğunu qeyd edərək söyləyib ki, bu, bizim gücümüzü artırır, eyni zamanda, diaspor nümayəndələri də özlərini daha rahat hiss edirlər: "Çünki bilirlər ki, möhkəm, güclü Azərbaycan dövləti onların arxasında dayanıb".
Dövlət başçısı daha sonra qeyd etdi ki, bizim hədəfimiz inkişaf etmiş ölkəyə çevrilmək, ərazi bütövlüyümüzün bərpası, Azərbaycan xalqının bundan sonra da uzun illər ərzində gözəl həyatının təmin edilməsidir. İlham Əliyev vurğuladı ki, Azərbaycan prinsipial, ardıcıl və müstəqil xarici siyasət aparır və bundan sonra da aparacaqdır.
Millət vəkili Aydın Mirzəzadə bildirib ki, dövlət başçısının bu nitqi güclənməkdə olan, milli maraqların yüksək səviyyədə qorunmasında marağı olan dövlət rəhbərinin çıxışı idi. Onun sözlərinə görə, bir sıra xarici dairə təmsilçilərinin, eləcə də radikal müxalifət mətbuatının İlham Əliyevin çıxışına əks mövqe və qərəz sərgiləmələri qəbuledilməzdir.
Millət vəkili hesab edir ki, prezidentin çıxışı yalnız daxili və xarici siyasəti əhatə etməyib. Onun sözlərinə görə, bu çıxış həm də strateji məsələlərlə yanaşı, müstəqilliyimizi qorumaq, müstəqil qərar qəbul etmək istəyinin bariz göstəricisi idi: "Aydın məsələdir ki, belə mövqe Azərbaycan cəmiyyəti və Azərbaycanla normal münasibət maraqları olan bir çox dairələr tərəfindən rəğbətlə qarşılansa da xaricdəki müəyyən tərəflərə sərf etmir. Çünki onlar yenidən Azərbaycanı öz təsirləri altına almaq, Azərbaycan siyasətinin müəyyənləşdirilməsinə ciddi təsir etmək fikirlərindən əl çəkmirlər. Onların Azərbaycanı yarımmüstəmləkə kimi görmək, eyni zamanda təbii sərvətlərini özlərinin maraqlarına uyğun şəkildə istifadə etmək planları hər dəfə puça çıxır".
Millət vəkili Dünya Bankının son hesabatını da xatırladaraq bildirib ki, həmin hesabatda Azərbaycanın qüdrəti bir daha öz təsdiqini tapıb: "Heç də təsadüfi deyil ki, bu günlərdə Dünya Bankının verdiyi hesabatda Azərbaycan keçmiş sovet məkanında sırasında iqtisadi qüdrətinə görə dördüncü, ya da beşinci yerlərdə qərarlaşıb və bu faktor artmaqda davam edir. Buna görə də xaricdə müəyyən dairələri, müəyyən anti-Azərbaycan mövqeyi sərgiləyən tərəflərin belə aqressiv çıxışları meydana gəlir. Onların bu mövqeyi Azərbaycanı tutduğu yoldan çəkindirə bilməz. Azərbaycan Prezidentinin siyasəti məhz hər bir Azərbaycan vətəndaşının maraqlarına cavab verir. Kimlərinsə yersiz tənqidləri ölkəmizi müstəqil siyasət yolundan geri döndərə bilməz".
YAP Siyasi Şurasının üzvü gələcəkdə də bu kimi qərəzli qüvvələrin fəaliyyətdə olacağını istisna etməyib: "Aydın məsələdir ki, vaxtaşırı qarşımızda müəyyən səddlər yaratmaq istəyən, Azərbaycanı tutduğu müstəqillik yolunda çəkindirməyə çalışan qüvvələr tapılacaq. Onlar Azərbaycanda müəyyən insanları da maliyyələşdirəcəklər, bəzi siyasi qüvvələrə dəstək də verəcəklər, yalançı siyasi məhbuslar obrazı yaradacaqlar. Ancaq bu kimi addımlar heç vaxt Azərbaycan cəmiyyətini özünə tabe etdirə bilməyəcək. Cənab Prezidentin çıxışı hər bir azərbaycanlının maraqlarına cavab verir. Biz bir daha Azərbaycan müstəqillik sükanının etibarlı əldə olduğunu gördük".
"Cənab Prezidentimiz son müşavirədə ötən müddətdə keçilən yola yekun vurdu, mövcud vəziyyəti təhlil etdi, gələcək perspektivləri müəyyənləşdirdi. Cənab Prezidentimiz bu nitqi ilə diplomatlar, tarixçilər qarşısında çox mühüm vəzifələr qoydu. Bu vəzifələr Azərbaycanın bütün diplomatiyasının, taktikasının yerinə yetirilməsinə yönəlmişdi". Bunu isə millət vəkili Musa Qasımlı deyib. M.Qasımlı deyib ki, dövlət başçısının Azərbaycanın Dağlıq Qarabağ regionuna ermənilərin yerləşdirilməsi, Ermənistanın əsassız ərazi iddiaları ilə bağlı Azərbaycana qarşı başladığı hərbi təcavüzün nəticələri, Ermənistanı terrorçuların idarə etməsi və digər məsələlərlə bağlı həqiqətləri dünyaya çatdırmağı bir vəzifə kimi qarşıya qoyması əhəmiyyətlidir: "Cənab Prezidentimizin nitqində Azərbaycan ərazilərində 1918-ci ildə Ermənistan adlı dövlətin yaradılması və İrəvanın Azərbaycan tərəfindən ermənilərə paytaxt olaraq güzəştə gedilməsinə dair tarixi həqiqətləri sadə, anlaşıqlı dildə dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini söyləməsi də əhəmiyyətli idi. Bu, onu göstərir ki, dünya ictimaiyyəti bilməlidir - ermənilər bir ərazini işğal etdikdən sonra böyük Ermənistan yaratmaq məqsədilə daim işğallarını genişləndirmişlər. Bu həqiqətlərin çatdırılması ermənilərin yığcam yaşadığı ölkələrin ictimaiyyətinə də bir mesajdır. Bu, o deməkdir ki, ermənilər harada yığcam yaşayırlarsa, həmin ölkələrin ərazi bütövlüyü təhdid altındadır".
Onun sözlərinə görə, Prezident İlham Əliyev bir daha bəyan etdi ki, bu gün erməni lobbisi üçün bir nömrəli hədəf Azərbaycandır, bütün səylərini birləşdirib Azərbaycana qarşı kampaniya aparırlar.
M.Qasımlı hesab edir ki, bu nitq diplomatlar, diplomatiya sahəsində təhsil alan tələbə və magistrlər tərəfindən ciddi şəkildə öyrənilməlidir.
AZƏR