Fazil Mustafa, millət vəkili:
- Vətəndaş cəmiyyəti təmsilçilərinin Naxçıvana səfəri doğru düşünülmüş addımdır. Tədricən Naxçıvanı açıq tipli həbs düşərgəsi modelindən çıxarmaq, qapalı-qadağanlı məkan olmaqdan uzaq tutmaq lazım. Burada həm medianın, həm QHT-lərin, həm də siyasi partiyaların fəaliyyətinə imkan yaratmaq vacibdir. Orada yerli təşkilatı olan siyasi partiyaları qərargahla təmin etmək məqsədəuyğun olardı. Bir dövlətdə bundan sonra iki fərqli qayda-qanun işləyə bilməz. Orada görülən işlər, aparılan dəyişikliklər barədə hökumət tərəfindən Milli Məclisə ayrıca bir iclasda məlumat verilməsi də faydalı olardı. Digər tərəfdən, Naxçıvan Dövlət Universitetinin maddi-texniki bazasını gücləndirmək, burada səviyyəli təhsil mühiti yaratmaq lazımdır. Sosiallaşma və mədəni mühit olan yerə insanlar daha çox üz tuturlar. Sahibkarlara aşağı faizlə kredit verilməli və maksimum vergi güzəştləri edilməlidir ki, bölgənin inkişafı üçün daha ciddi fədakarlıqlar etsinlər. Obyektləri zorakılıqla əlindən alınmış vətəndaşlara hansısa formada kompensasiya verilməlidir ki, yenidən iş həyatına dönüş edə bilsinlər. Bu arada təyyarə biletinin qiyməti də yarıya qədər endirilməlidir. Zəngəzur dəhlizi açılandan sonra bilet qiymətini nə qədər istərsəniz, qaldırarsınız. Hələ ki, alternativ nəqliyyat vasitəsi yoxdursa, bunun bədəlini əksəriyyəti yoxsul olan Naxçıvan camaatına ödətmək nə dərəcədə ədalətli sayıla bilər? Bir sözlə, Naxçıvanın dirçəlişi üçün ayrıca dövlət proqramı hazırlansa və gerçəkləşdirilsə, Zəngəzur dəhlizi açıldığında strateji planların icrası da daha sürətlə baş tutacaq. Necə deyərlər, artıq Naxçıvanın nə xanı var, nə sultanı var, bircə əzəmətli Azərbaycanı var!
Dilqəm Əhməd, jurnalist:
- Mirzəbala Məhəmmədzadədə olan beyin bir başqa cürdür. Azərbaycan tarixinin mənə görə ən böyük düşüncə adamlarından biridir. Dil haqqındakı yazısından bir sitat:
"Azərbaycan türkcəsinin Osmanlı türkcəsindən təsirlənməsi son 30 ilin məsələsidir. Bundan əvvəlki dərəbəylik (xanlıqlar nəzərdə tutulur) dövrlərində Azərbaycan türkcəsi Osmanlı türkcəsinin nəinki təsirinə düşüb, əksinə, ondan uzaqlaşıb. İstər Azərbaycan, istərsə də Osmanlı türkcələri bir kökdən, bir qaynaqdan çıxaraq əsrlər boyu bir küll halında inkişaf etmişlər. Əslər boyu Füzuli türkcəsi Anadolu ilə Azərbaycanda ortaq ədəbi dil olmuşdur. Osmanlı dilinin təşəkkülü ilə pozulan bu birlik sonra yenidən qurulmağa başlamış və hər iki türkcə qarşılıqlı olaraq bir-birinə yaxınlaşmışdır. Bu gün Türkiyədə mövcud olan, gündən-günə daha çox inkişaf edən ədəbi türkcə Füzulinin, Vaqifin, Mirzə Fətəlinin, Sabirin dilinə nisbətən daha çox azəricə olduğu kimi Cavidin, Cavadın, Cəfərin dili də Türkiyədəki yeni türkcənin eynidir" (1937-ci il).
Yəni Mirzəbala demək istəyir ki, Cavidin dili ortaq türkcə deyil, bugünkü Türkiyədəki dildir, yəni yenidir. Ortaq türkcə bir zamanlar olub, Füzulinin türkcəsi. Sonra Osmanlı dili ayrıca inkişaf edib və fərqlər oluşub. Bu da bir baxış bucağıdır və olduqca maraqlıdır.
Cavid Ramazanov, jurnalist:
- 20-ci əsrin ən estetik kitablarından biri "Səs-küy və qəzəb" romanında mövzu bakirəlik ətrafında dövr edir. Bacısının bakirəliyinin pozulmasıyla barışa bilməyən qardaş intihar edir. "Avessalom, Avessalom"da da yenə bacı səhnəyə daxil olur və yenə qardaş qətl törədir. Uilyam Folkner patriarxallıq, qan bağlılığı, namus-qeyrət kimi mövzulardan estetik şedevrlər yaradıb, Nobel mükafatı qazanıb.
Deməyim odur ki, əslində bunlar elə bizim mövzularımızdır, amma gör, biz namus-qeyrətdən necə yazırıq, amerikalı necə. Estetika - məsələ bundadır.
Bizdə ən çox çatışmayan şeylərdən biridi bu estetika. Sadə camaat bir yana, hətta sənətkarlarda çatışmır. Nə geyim-keçimlərində, nə davranışlarında, nə də sənətlərində. Zövqsüz manıslar, yazıçılar, şairlər, aktyorlar, aparıcılar və tik-tok fenomenləri...
Kinoda "bolşe zəhirmara" deyir ha, indi də bizə "bolşe estetika" lazımdır, "bolşe, bolşe, bolşe estetika!" Çünki artıq bu qədər qeyri-estetikliyə dözmək olmur.
Asif Nərimanlı, jurnalist:
- Türkiyədə DEVA partiyasının lideri, "altılı masa"da təmsil olunan Əli Babacan zəlzələ zamanı yardıma gedən ölkələrə təşəkkür edib, amma Azərbaycanı "unudub".
Babacan Qarabağın işğalı dövründə Ermənistanla münasibətlərin Azərbaycan maraqları nəzərə alınmadan normallaşmasını müdafiə edənlərdən idi. Hətta 2009-cu ildə QDİƏT-in İrəvanda keçirilən toplantısında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevə ermənilərin önündə kobudluq etdiyinə dair məlumatlar da yayılmışdı. İndi Azərbaycanı "unutması" təəcüblü deyil.
lll
Rusiya START (Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması üzrə Tədbirlər) müqaviləsində iştirakı dayandırır: ABŞ və Rusiya arasında 2010-cu ildə imzalanan, 2021-ci ildə daha beş il uzadılan anlaşma hər iki ölkənin strateji nüvə başlıqlarının sayını məhdudlaşdırır.
Rusiyanın bu gedişi nüvə silahından istifadə ediləcəyini də aktuallaşdırır, hərçənd, Putinin etdiyi hələ də "strateji çəkindirmə" taktikasına oynamaq və Qərbin Ukrayna müharibəsinə müdaxiləsinin qarşısını kəsmək, ən azı azaltmaqdır.
Birincisi, Rusiya START-da iştirakını dayandırsa da, sazişdən çıxmır.
İkincisi, Putin "nüvə silahı sınaqlarının bərpa edilməsinə hazırlıq" tapşırığını verib, lakin sınaqlar ABŞ bunu edəcəyi təqdirdə, keçiriləcək.
Beləliklə, Putin praktiki addıma getmir, Qərbə Rusiyanın edə biləcəklərinin mesajını verir. Ukrayna silahlandırılmasının sürətlənməsi fonunda təsadüfi deyil və görünür, müharibə mərhələsində danışıqlar mərhələsinə keçidə çalışan Rusiyanın indi edə biləcəyi hələ ki bundan ibarətdir. Bu, Ukraynaya işğalçı hücumun bir illiyi ərəfəsində, o cümlədən, Baydenin Kiyev səfərinə cavab olaraq, Rusiyaya "əzələ nümayişi" baxımından da lazımlıdır.
Rusiyanın bu addımı "soyuq müharibə" şərtlərini yenidən aktullaşdıra və "soyuq müharibə"dən sonrakı beynəlxalq təhlükəsizlik sisteminin yenidən qurulmasına zəmin yarada bilər: birinci (soyuq müharibə şərtləri) ABŞ-a sərf edir, bununla "azad dünya" üçün Amerikanın xilaskarlıq rolunu gücləndirə bilər; ikinci (yeni sistemin qurulması) Rusiyaya sərfəlidir, çünki ruslar "soyuq müharibə"dən sonrakı şərtlərin dəyişməsini, "qlobal güc" olaraq qəbul edilməsini istəyir.
Xaqani Səfəroğlu, jurnalist:
- Beynəlxalq Məhkəmə Ermənistanın iddiası əsasında Azərbaycandan Laçın yolunu açmasını tələb edən qərar qəbul edib.
Qərarı oxuyarkən bir sıra məqamlar sual doğurur.
Qərarda yazılıb: "Bu iş üzrə yekun qərar qəbul edilənədək Azərbaycan irqi diskriminasiya üzrə Beynəlxalq Konvensiya ilə üzərinə götürdüyü öhdəliklərlə uyğun Laçın dəhlizindən maneəsiz hərəkəti bərpa etməlidir".
Ermənistanın Laçın yoluna, Xankəndinə nə dəxli var?
Aydın olmur ki, Laçın dəhlizi nə deməkdir? Bu yol hansı ölkənin ərazisində yerləşir? Məhkəmə qərarında "Bu iş üzrə yekun qərar qəbul edilənədək" yazarkən nəyi nəzərdə tuturlar? 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanat burada hansı hüquqi anlam daşıyır? Laçın yolu hara aparır? Bu yolun o biri başında olanlar kimlərdir?
Bu sualların üstündən sükutla keçiblər, beynəlxalq hüququn insanları diqqətini çəkəcək, kövrələdəcək ifadələri işlətməklə hüquqi demarş ediblər.
Hazırda separatçı Xankəndi guruhu sevinclə Beynəlxalq Məhkəmənin bu qərarını siyasi qərar sayaraq bunun guya Dağlıq Qarabağın ayrıca mövcudluğunun təsdiqi kimi qələmə verməyə cəhd edirlər.
Halbuki belə yarımçıq qərar Avropa Məhkəməsinin ərazi münaqişələri ilə bağlı münasibətini aydın ifadə edir. Dövlətlərin ərazi bütövlüyü, beynəlxalq hüquqla tanınan sərhədlər üzərində akrobatik hüquqi fəndlər vəziyyəti daha da gərginləşdirir.
Qarabağ Azərbaycan ərazisidir, Laçın yolu açıqdır. Bakı ora sərhəd postu qoyacaq, gömrük şlaqbaumu da sallayacaq... Qarabağ məsələsi ərazi separatçılığı və ya hansısa sülhməramlı status xülyaları ilə idarə olunmur. Onun sahibi var.
lll
Qarşıdakı illərdə dünyanın böyük dövlətləri nikel uğrunda savaşacaqlar...
Sizə bu indi gülməli gələ bilər.
Amma bilənlər bilir...
Avropa "Yaşıl enerji" texnologiyarına keçid elan edib. 2030-cu ilə qədər bu yöndə əhəmiyyətli addım atılmalıdır.
"Yaşıl enerji" üçün hidrogen sənayesi qurulmalıdır. Hidrogeni almaq üçünsə elektrolizer qurğuları olmalıdır. Elektrolizer üçünsə nikel olmalıdır. Çox olmalıdır.
Nikel hardadır bəs? Rusiyada və Çində... Dünyanı nikellə bu ölkələr təmin edir.
Nikel Çinin harasında çoxdur? Uyğurların yaşadığı Sintzyan bölgəsində!
Qərb indi nikel məsələsinin həlli üçün əlləşir.
"Yaşıl enerji"yə keçid Avropa üçün təkcə enerji balansının dəyişilməsi deyil, həmçinin, qlobal siyasi münasibətlərin dəyişikliyidir. Bu dəyişiklik liberal Avropanı avtoritar hesab etdiyi dövlətlərin enerji asılılığından qurtarmalıdır.
Yəni hamını enerji qarşısında bərabərləşdirəcək.
Yazdıqlarım bəlkə sizə əcaib görünür. Amma bu yol ora aparır.
"Bütün yollar Romaya apardığı" kimi...