Lətifə TALİB
Sanırdım, yazmışam qəlbimdə nə var...
Ömür budağından qopan nağıllar,
Sehirli mizrablar sim üstə coşar,
Nəğməyə çevrilər kövrək misralar.
Hüdudları keçər, sərhədlər aşar.
Köçübdür kağıza ən təmiz hisslər,
Vətən bülbülünün şux təranəsi,
Əlvan çiçəklərin tər rayihəsi.
Sanırdım, yazmışam dünyada nə var,
Susub atışmalar... susub silahlar...
Sən demə, toxtamır qan axıdanlar,
Sən demə, qurumur tökülən qanlar.
Alovlar içində yanan Ukrayna...
Bir gözü ağlayan, bir gözü gülən
dünyada bitməyən çilələr varmış.
Hələ yazmadığım gör nələr varmış...
Güneydə çırpınır Arazın bağrı,
Yoldadır Təbrizin gözü, yoldadır
.
Güney həsrətilə Azərbaycanın
O taylı-bu taylı qübarı varmış.
Başı ağ çalmalı, dağ Savalanın
Gör neçə çilləsi, baharı varmış.
Yenə alovlansa, yenə alışsa,
Qəzəbi, qəhəri püskürüb coşsa...
Aman, Savalanın dərdi yamanmış,
Bu dərdlə qovrulan Azərbaycanmış...
Sanırdım, yazmışam ruhumda nə var,
Dünənim payız-qış, bu gün yay-bahar.
Yenə də açılar aydın sabahlar,
Qırıb buxovları, boyunduruğu,
Birləşər Türk gücü, Quzey yumruğu,
Yazılar salnamə, dastan yenidən,
Zəfər bizimlədir, inanıram mən!