Suriya işğal olunmuş Ukrayna torpaqlarını Rusiyanın qanuni ərazisi kimi tanıyıb. Bu barədə Suriya Ərəb Respublikasının prezidenti Bəşər Əsəd Moskvaya səfəri zamanı bəyan edib. Suriya prezidenti Bəşər Əsəd bildirib ki, müharibə olmasa belə, bu torpaqlar tarixən Rusiya əraziləridir. Rusiya prezidenti Vladimir Putin 30 sentyabr 2022-ci ildə Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin Rusiyaya daxil olunduğunu, faktiki ilhaqını elan etmişdi. Bundan əvvəl isə Krımın ilhaq edildiyini də nəzərə alanda Suriya Ukraynanın beş əyalətini Rusiyanın ərazisi kimi tanıdığını nümayiş etdirib. Suriya prezidenti bildirib ki, bu torpaqların Rusiya ərazisi kimi tanınması yalnız Moskva ilə Dəməşq arasında dostluq münasibətlərinin olması ilə bağlı deyil. Bəşər Əsəd qeyd edib ki, Suriyanın mövqeyi tarixi faktlara əsaslanır: "Bu ərazilər Ukraynaya təxminən 100 il əvvəl, Leninin vaxtında verilib. Bu ərazilərdə Rusiya vətəndaşları yaşayır və faktlar göstərir ki, bura Rusiya torpağıdır. Biz buna tam əminik".
Bəşər Əsəd martın 14-də Moskvaya səfər edib və rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. Görüş zamanı Bəşər Əsəd Ukraynaya qarşı müharibədə Rusiyanı dəstəklədiklərini bildirib, hərbi münaqişəyə son qoymağa çağırıb, Ukraynanın ərazi bütövlüyünün bərpasına çalışan Qərb ölkələrinin mövqeyini tənqid edib.
Bəşər Əsədin işğal olunmuş Ukrayna torpaqlarını Rusiya ərazisi kimi tanıması İsrail üçün tarixi şans yaradır. İsrail hökuməti Qolan təpələri üzərində İsrailin suverenliyinin tanınmasında ciddi dəstək qazana bilər. Məlum olduğu kimi, ABŞ istisna olmaqla heç bir dövlət Qolan təpələri üzərində İsrailin suverenliyini tanımır. ABŞ isə Qolan təpələri üzərində İsrailin suverenliyini dörd il öncə, 25 mart 2019-cu ildə tanıyıb. Əksər beynəlxalq təşkilatlar və dövlətlər beynəlxalq hüquqa hörmət edərək 1967-ci ildə baş vermiş altı günlük müharibə zamanı İsrail tərəfindən Suriyadan alınmış Qolan təpələrini Suriya ərazisi kimi tanımaqda davam edirdilər. İsrail isə 1981-ci ildə Qolan təpələrini öz ərazisinə qatdığını rəsmən elan edib. Həmin hadisədən ötən 42 il ərzində İsrail beynəlxalq ictimaiyyətin mövqeyini dəyişə bilməyib. İndi isə Bəşər Əsəd Ukraynanın işğal olunmuş torpaqlarını Rusiya ərazisi kimi tanıdıqdan və beynəlxalq hüquqa hörmət etmədiyini nümayiş etdirdikdən sonra İsrail üçün tarixi şans yaranır.
İsrail diplomatiyası və yəhudi lobisi bu hadisəni doğru dəyərləndirsə, eləcə də Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı mövqeyini aydınlaşdırsa, Qolan təpələri ilə bağlı ciddi uğur qazana bilər. İsrailin dron əleyhinə sistemlərinin Ukraynaya satmağa razı olması iki ölkə arasında yaxınlaşmaya ciddi təkan verə bilər. "Axios" nəşrinin məlumatına görə, dron əleyhinə sistemlərinin Ukrayna göndərilməsi üçün İsrail hökuməti yeni silah ixracı lisenziyalarını təsdiqləyib. Bu məlumat rəsmən təsdiqlənərsə ciddi nəticələr olacaq. Tam əminliklə söyləmək olar ki, bundan sonra belə məlumatlara çox rast gələcəyik. Rusiyanın Ukraynaya qarşı müharibəsi həlledici mərhələyə qədəm qoyduğu üçün üçüncü dövlətlər qəti seçim qarşısında qalırlar.