"Krokus Siti"də baş verən qanlı terrordan sonra BMT-nin Baş katibi Antonio Quterreş bütün ölkələri İŞİD-ə (İraq və Şam İslam Dövləti) qarşı mübarizədə birləşməyə çağırdı. Baş katib hesab edir ki, terrorçulara başqa yerə zərbə endirmək şansı verməmək üçün bütün ölkələr əməkdaşlıq etməlidirlər. BMT-nin Baş katibi Antonio Quterreşin bü xoşmərəmalı çağrışına baxmayaraq, dünya ölkələrinin İŞİD-ə qarşı birləşəcəyini gözləmək mümkün deyil. Çünki Rusiyanın rəsmi şəxsləri "Krokus Siti"də baş verən terrorda ABŞ və Böyük Britaniyanın əlinin olduğuna inanır.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəisi Aleksandr Bortnikov bəyan edib ki, Moskva yaxınlığında törədilən terror aktı Rusiyada çaxnaşma yaratmaq üçün Qərb kəşfiyyat xidmətlərinə və Ukraynaya lazım idi. Bortnikovdan öncə isə dövlət başçısı Vladimir Putin FTX-nin kollegiya iclasında "Krokus Siti"də baş verən terrorda Qərb dövlətlərinin xüsusi xidmət orqanlarının və Ukraynanın maraqlı olduğunu bildirmişdi. Putinin sözlərinə görə, hücumu radikal islamçılar həyata keçirsə də, onun təşkilatçıları başqaları olub. "Bu, kimə sərf edir? Bu vəhşilik 2014-cü ildən bəri neonasist Kiyev rejiminin əli ilə ölkəmizə qarşı mübarizə aparanların silsilə cəhdlərinin bir halqası ola bilər. Nasistlər öz məqsədlərinə çatmaq üçün ən çirkli və qeyri-insani vasitələrdən istifadə etməkdən çəkinmirlər".
Halbuki "Krokus Siti"də baş verən terrordan üç gün öncə, martın 19-da Moskvada terror ehtimalı ilə bağlı ABŞ başda olmaqla Qərb ölkələrinin martın ilk günlərində etdiyi xəbərdarlığı "Rusiya cəmiyyətini qorxutmaq və sabitliyi pozmaq məqsədi daşıyan ucuz təxribat" adlandırmışdı.
Bütün bunlar onu göstərir ki, BMT-nin Baş katibi Antonio Quterreşin İŞİD-ə qarşı birgə mübarizə aparmaq çağırışı böyük dövlətlərin terrora qarşı birgə mübarizə aparmasını təmin etmək iqtidarında deyil. Halbuki son zamanlara kimi Rusiya ilə Qərb ölkələri, xüsusilə ABŞ arasında terrora qarşı mübarizədə səmərəli əməkdaşlıq olub. Belə ki, 2017-ci ildə Rusiya və ABŞ xüsusi xidmət orqanları arasında məlumat mübadiləsinin nəticəsi olaraq Sankt-Peterburqdakı Kazan kilsəsində partlayışın qarşısını vaxtında almaq mümkün olmuşdu. FTX-nin yaydığı məlumatda kilsədə partlayış törətmək istəyən İŞİD beynəlxalq terror təşkilatının yeddi üzvünün saxlanıldığı qeyd olunurdu.
Bu hadisədən sonra ABŞ-ın o zamankı prezidenti Donald Tramp ilə telefon danışığında Rusiya dövlət başçısı partlayış hazırlayan bir qrup terrorçunun aşkarlanmasına və saxlanılmasına kömək edən məlumata görə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoruna təşəkkürünü çatdırmağı amerikalı həmkarından xahiş etmişdi. İki dövlət başçısının telefon danışığında terror təhdidlərinə qarşı birgə mübarizə aparmaq üçün teror təhlükəsi ilə bağlı məlumatların qeyd-şərtsiz və dərhal tərəfdaşı ilə bölüşməkdə davam etdirməkdə davam edəcəklərini bildirmişdilər.
Bu əməkdaşlığın nəticəsi olaraq FTX Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatı əsasında 2019-cu ilin yeni il şənlikləri zamanı Sankt-Peterburqda terror törətmək istəyən qrupu zərərsizləşdirə bilmişdi. Bu hadisədən də sonra ABŞ və Rusiya dövlət başçıları arasında telefon danışığı olmuş, Vladimir Putin amerikalı həmkarı Donald Trampa terror aktlarının qarşısını almağa kömək etdiyi üçün MKİ-nə təşəkkür etmişdi.
İndi isə məlum olur ki, Rusiya xüsusi xidmət orqanları amerikalı həmkarlarının Moskvada terror ola biləcəyi ilə bağlı məlumatlarını ciddiyə almayıblar. Üstəlik, dövlət başçısı Putin və digər rəsmi şəxslər "Krokus Siti"də baş verən terrorda ABŞ başda olmaqla Qərb ölkələrinin və Ukraynanın maraqlı olduğu qənaətindədirlər. Bu isə o deməkdir ki, dünyanın aparıcı dövlətlərinin terrora qarşı birgə mübarizəsi mümkün deyil.
Belə fikirlər var ki, İŞİD-in lideri Əbu Bəkir əl-Bağdadi ölümündən bir qədər öncə vahid İslam Dövləti yaratmağın mümkün olmadığını, bundan öncə regional İslam Dövlətlərinin yaradılmasını tövsiyə edib. "İŞİD Xorasan Vilayəti"nin (İŞİD-K) yaranışını da məhz bununla izah edənlər var. Türkiyəli ekspertlər isə terror təşkilatının yeni taktikasını İŞİD-in rəhbərliyinin və hədəflərinin dəyişməsi ilə izah edirlər. Ümumi fikir isə ondan ibarətdir ki, Suriya və İraqda məğlub olan İŞİD başqa regionlara yönəlməyə başlayıb. Bu regionlar arasında postsovet coğrafiyası da var. "Krokus Siti"də baş verən terrora görə məsuliyyəti üzərinə götürən "İŞİD - Xorasan Vilayəti"nin İran, Əfqanıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın müəyyən ərazilərini əhatə edən vahid İslam dövləti yaratmağı özünün məqsədi elan edib. Bu məqsədinə çatmaq üçün isə Rusiyanı özünün əsas düşmənlərindən biri elan edib. Rusiyanın hədəf seçilməsinin çoxsaylı səbəbləri olsa da, əsas səbəb Rusiyanın İran və Taliban rejimi ilə yaxın münasibətlərə malik olması, Tacikistan, Türkmənistan və Özbəkistandakı rejimlərin himayəçisi elan edilməsidir. Digər tərəfdən bütün dünya kimi, terror təşkilatının liderləri də Ukraynadakı hərbi-siyasi uğursuzluğun Rusiyanın zəiflətdiyini aydın görürlər.
Rusiyaya qarşı fəaliyyətlərini gücləndirməklə Tacikistan, Türkmənistan və Özbəkistanda rejimə qarşı olan islamçı qüvvələrin rəğbətini qazanacaqlarını hədəfləyirlər. Ekspertlər hesab edirlər ki, "İŞİD-Xorasan Vilayəti"nin bu taktikası ona müəyyən uğurlar qazanmağa imkan verə bilər. Rusiya Xarici İşlər Nazirliyinin 2023-cü ilin aprel ayına olan Əfqanıstanda hərbi-siyasi vəziyyət haqqında məlumatda qeyd edilir ki, Əfqanıstanda 20-dən çox terror təşkilatı fəaliyyət göstərsə də, ən güclüsü "İŞİD-Xorasan Vilayəti"dir. Rusiya XİN-in məlumatında "İŞİD-Xorasan Vilayəti"nin üzvlərinin sayını 4-6 min nəfər arasında olduğu qeyd edilir. Bildirilir ki, "İŞİD-Xorasan Vilayəti"nin bayrağı altında toplananların təxminən yarısını pakistanlılar, 30 faizini Əfqanıstandan olan taciklər təşkil edir. Bununla yanaşı, "İŞİD-Xorasan Vilayəti"nin sıralarında Mərkəzi Asiya ölkələrindən, Şimali Qafqazdan, İrandan, Azərbaycandan və Türkiyədən olan insanlar da var. İŞİD-in təlim düşərgələri isə əsasən Əfqanıstanın şimalında, Bağlan, Bəlx, Cövzcan, Künduz və Fəryab əyalətlərində yerləşir. "İŞİD-Xorasan Vilayəti" tacik dilində yayımlanan radio və teleqram kanalları vasitəsilə geniş təbliğat aparır.
Rusiya XİN-in məlumatına görə, "İŞİD-Xorasan Vilayəti" Əfqanıstanda fəaliyyət göstərən "Əl-Qaidə", "Hizb-ut-Təhrir", "Ləşkər-e Tayyibə", "Ləşkər-i İslam" və "İslami Cihad Birliyi" ilə birlikdə də əməliyyatlar keçirir. Bunun nəticəsində 2022-ci ildən başlayaraq Əfqanıstan, İran və Rusiyada bir neçə qanlı terror əməliyyatı həyata keçirilib.
"Krokus Siti"də baş verən terrora görə həbs olunan şəxslərə işgəncələrin verilməsi, həmin işgəncə səhnələrinin görüntülərinin yayımlanması "İŞİD-Xorasan Vilayəti"nin yeni terror hədəsi ilə çıxış etməsinə əlverişli şərait yaradıb. Terror təşkilatı saxlanılan şəxslərə qarşı törədilən zorakılığa görə intiqam alacağını bəyan edərək, Putini və rusları yeni terror aktları ilə hədələyib. Əksər ekspertlər "İŞİD-Xorasan Vilayəti"nin bu açıqlamasına ciddi yanaşmağı tövsiyə edirlər. Lakin onların bu tövsiyələrinin nəticə verəcəyini gözləmək mümkün deyil. Buna görə postsovet ölkələri özlərinin təhlükəsizliyini təmin etməyin başqa formatlarını axtarmaq məcburiyyətindədirlər.