|
|
|
|

İyulun 16-da Qarabağ Azadlıq Təşkilatı Kəlbəcərdə girov götürülən məcburi köçkünlərlə bağlı bəyanat verib.
525.az-ın təşkilatın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bəyanatda deyilir ki, işğalçı Ermənistan rejimi kəlbəcərli və cəbrayıllı məcburi köçkünlər Dilqəm Əhmədov, Şahbaz Quliyev, Həsən Həsənova divan tutub: “İşğalçı Ermənistan rejimi cəzasızlıq şəraitində daha da vəhşiləşərək heç bir zorakı addımdan çəkinmir. Bu məcburi köçkünlər öz ata-baba yurdlarına getmək, doğma yerlərini ziyarət etmək istəyiblər. Əvəzində isə işğalçı rejim onlara diversant adı qoyaraq divan tutub, Cəbrayıldan olan məcburi köçkün Həsən Həsənov vəhşicəsinə qətlə yetirilib, kəlbəcərlilər isə girov götürülüb, onlara işgəncələr verilib.
İşğalçı Ermənistan rejimi dinc sakinlərə qarşı bu hərəkətləri ilə beynəlxalq hüquq normalarını kobud şəkildə pozub və növbəti dəfə beynəlxalq hüquqa qarşı həyasızlıq nümayiş etdirib. ATƏT-in Minsk qrupu işğalçı Ermənistan rejiminin bu hərəkətlərinə dərhal reaksiya verməli, bu hadisənin beynəlxalq təşkilatların müzakirəsinə çıxarılmasına, işğalçı Ermənistanın ittiham edilməsinə və cəzalandırılmasına nail olmalıdır.
Biz Beynəlxalq Qızıl Xaç Komitəsini fəaliyyətsizlikdə ittiham edirik. Bu qədər vaxt keçdiyinə baxmayaraq qurumun nümayəndələri heç bir real addım atmayıb, girov götürülmüş adamlara baş çəkməyib”.
Sonda qeyd olunur ki, Azərbaycan danışıqları dayandırmalı, hərbi əməliyyatlara başlamalıdır: “Bu hadisə, həmçinin cəbhə xəttində baş verən digər hadisələr Azərbaycan tərəfinə tam əsas verir ki, hərbi əməliyyatlara başlasın. Bu ağrılı, əzablı, üzücü vəziyyətə son qoymaq üçün ancaq bir yol var, o da müharibədir”.



