|
|
|
|
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ermənistanın ölkəmizdəki ekoloji mühitə ciddi mənfi təsir göstərən qanunsuz fəaliyyəti ilə bağlı bəyanatı son zamanlar bu yöndə qəbul edilən ən önəmli sənədlərdən biridir. Bəyanatda bildirilir ki, Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində - Yerasx (Arazdəyən) kəndində 16500 kvadratmetr sahədə illik istehsal gücü 180000 ton olan iri metallurgiya zavodunun inşasının aparılması ilə bağlı Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan tərəfindən sosial media hesabında məlumat və bu faktı təsdiq edən videogörüntülər yayılıb. Bu, Ermənistanın növbəti dəfə beynəlxalq hüquq norma və prinsiplərini, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəlarını kobud surətdə pozması deməkdir. Belə ki, Espo Konvensiyasının müddəalarına görə, Konvensiya tərəfi öz ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri olduğu halda, bu fəaliyyəti həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalı, ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalıdır. Həmçinin, Ermənistan Espo Konvensiyasının üzvü olaraq sözügedən fəaliyyətə başlamazdan öncə Azərbaycanın və təsirə məruz qalan ərazilərdə ictimaiyyətin transsərhəd ətraf mühitə təsirin qiymətləndirilməsi prosedurunda iştirakını təmin etməli idi: "Ermənistan tərəfindən beynəlxalq hüquq, o cümlədən, ekoloji hüquq normalarına riayət edilməməsi ilk hal deyil. Bir müddət əvvəl Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə reaktorunun tikintisi planları ilə əlaqədar Azərbaycan Espo Konvensiyası çərçivəsində Ermənistana qarşı iddia irəli sürüb və Ermənistanın Konvensiyanın müddəalarına əməl etmədiyi barədə qərar çıxarılıb. Hamıya məlumdur ki, Ermənistanın dağ-mədən sənayesi Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərir. Ermənistanın iri mədən müəssisələri - Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat suları uzun müddətdir ki, transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirir. Bu faktlar göstərir ki, Ermənistanın bu cür qanunsuz fəaliyyətləri təkcə Azərbaycanın deyil, ümumi regionun ekoloji mühiti üçün təhlükə mənbəyinə çevrilib. Ermənistanın regionun ekoloji təhlükəsizliyinə zərbə vuran, beynəlxalq hüquq normalarına zidd olan əməllərini qətiyyətlə pisləyir, beynəlxalq ictimaiyyəti bu məsələyə xüsusi diqqət göstərməyə çağırırıq".
Ekologiya və təbii sərvərlər nazirinin müşaviri Rasim Səttarzadənin dediyinə görə, Ermənistanın növbəti dəfə Azərbaycan ərazilərinə yaxın bölgədə iri metallurgiya zavodu inşa etmək planı var. Beynəlxalq hüquqa görə, hər bir ölkə öz ərazisində təsərrüfat fəaliyyəti ilə məşğul ola bilər. Lakin həmin fəaliyyət digər ölkənin ərazisinə təsir edirsə, bu fəaliyyət mütləq razılaşma yolu ilə aparılmalıdır. R.Səttarzadə qeyd edib ki, Finlandiyanın Espo şəhərində imzalanmış "Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya"nın şərtlərinə görə, konvensiya tərəfi öz ölkə ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri ola bilərsə, bu fəaliyyət həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalıdır, ətraf mühitə təsirinin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalıdır. Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir. Hazırlanan qiymətləndirmə sənədinə yalnız Ermənistan deyil, eyni zamanda, Azərbaycanın müvafiq qurumları baxmalı, bölgəyə yaxın yaşayan azərbaycanlılarla da ictimai dinləmələr keçirilməlidir.
R.Səttarzadə bütün bunların beynəlxalq hüququn norması olduğunu deyib: "Ermənistanın beynəlxalq hüquq, o cümlədən, ekoloji hüquq normalarına riayət etməməsi ilk dəfə deyil. Bir müddət bundan öncə Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni atom reaktoru qurmaq planı var idi. Məsələ ilə bağlı Azərbaycan Espo Konvensiyasının İcraiyyə Komitəsi qarşısında Ermənistana qarşı iddia irəli sürmüşdü. Və həmin komitə tərəfindən Ermənistanda yeni nüvə reaktorunun inşası planları ilə əlaqədar ətraf mühitə təsirin qiymətləndirilməsi prosesində Azərbaycanın iştirakının təmin edilməməsi səbəbindən Ermənistanın Espo Konversiyasının müddəalarına əməl etmədiyi barədə qərar çıxarılmışdı. Hazırkı vəziyyətdə çoxtərəfli ekoloji saziş olan Espo Konvensiyası çərçivəsinə bizim hüquqlarımız qorunmalı, məsələyə ciddi nəzarət olunmaldır. Ümumiyyətlə, Ermənistanın dağ-mədən sənayesinin Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsirləri var. Uzun illərdir ki, Ermənistan ərazisində yerləşən Qacaran mis-molibden zavodu və Qafan mis filizsaflaşdırma kombinatının yüksək kimyəvi tərkibli istehsalat suları təmizlənmədən birbaşa Oxçuçaya axıdılır. Bu da böyük ekoloji fəsadlarla nəticələnir. Məsələ ilə bağlı Oxçuçayın hazırkı vəziyyətini nümunə göstərmək olar".
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) Ermənistanın Arazdəyəndə yeni ekoloji fəlakətə yol açacaq layihəsi əleyhinə bəyanat yayıblar. Bildirilib ki, Ermənistan mətbuatında yayılan məlumatlara əsasən, Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində - Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşır. Tikintiyə 70 milyon dollar ABŞ sərmayəsi yatırılacaq, zavodun hündürlüyü 30 m, sahəsi 16500 kvadratmetr olacaq. Bu metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları bölgədəki ekosistemə böyük zərbə vura bilər. Onun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır. Ermənistanın dağ-mədən sənayesində heç bir beynəlxalq standartlara əməl edilməməsi həm Azərbaycan, həm də ümumilikdə bölgə üçün ciddi ekoloji təhdid yaradır. Azərbaycan tərəfi ilə razılaşdırmadan sərhəddə belə bir müəssisənin tikintisi "Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozulmasıdır. Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir və Espo Konvensiyasından irəli gələrək, bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır. Ermənistanın bu tələblərə riayət etməməsi bir daha onu göstərir ki, Ermənistan regionda destruktiv siyasət aparır, tərəf olduğu beynəlxalq sənədlərin müddəalarını, beynəlxalq öhdəliklərini kobud şəkildə pozur. Ermənistan tərəfindən Azərbaycana qarşı ekoloji terror və ekosid siyasətinin aparılması yenilik deyil. "Metsamor"un uzun illər regionun ətraf mühitinə təhdid kimi qalması, işğal dövründə Qarabağda törədilmiş geniş miqyaslı ekoloji faciələr, yüksək kimyəvi tərkibli istehsalat sularının təmizlənmədən Oxçuçaya axıdılması buna əyani misaldır. Ermənistan Oxçuçayı kəskin şəkildə çirkləndirib. Bu isə çayın Azərbaycan ərazisi boyu keçdiyi hissənin ekoloji sistemini bərpa olunmaz deqradasiyaya məruz qoyub. Alman şirkəti "Cronimet" bu ekoloji cinayətdə Ermənistanla birgə iştirak edib. Təəssüflər olsun ki, bu günə qədər də Almaniya hökuməti bu istiqamətdə heç bir praktik addım atmayıb. Törətdiyi ekoloji cinayətlərlə Ermənistan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, xüsusilə də hər kəsin sağlamlığının təmin edilməsinə dair 3-cü, təmiz su və sanitariya ilə bağlı 6-cı, iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizəyə dair 13-cü, torpaq ekosisteminin mühafizəsi üzrə 15-ci məqsədlərinin tamamilə əleyhinə gedir.
Məlum olduğu kimi, 2022-ci ildə BMT təmiz, sağlam və davamlı ətraf mühiti insan hüququ kimi tanımışdır. Ermənistan ekologiyaya ciddi ziyan vurmaqla, Azərbaycan, o cümlədən, region əhalisinin insan hüquqlarını kobud şəkildə pozur. Bundan başqa, müxtəlif beynəlxalq sənədlər, o cümlədən, biznes və insan hüquqları üzrə rəhbər prinsiplərə görə iqtisadi fəaliyyət insan hüquqlarına ziyan vurulmadan həyata keçirilməlidir. Bu halda da Ermənistan məsuliyyətsiz davranır, təmiz, sağlam və davamlı ətraf mühit hüququna məhəl qoymur və sırf özünün iqtisadi maraqlarını önə çəkir. Azərbaycanda fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatları olaraq biz, başda BMT-nin Ətraf Mühit Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin ətraf mühit üzrə xüsusi məruzəçisi, BMT-nin zərərli maddələr və insan hüquqları üzrə xüsusi məruzəçisi olmaqla, müvafiq beynəlxalq təşkilatlara müraciət edərək, onları bu fakta reaksiya verməyə və Ermənistanın növbəti ekoloji terroruna son qoymağa çağırırıq. Amerika Birləşmiş Ştatları (ABŞ) hökumətinə müraciət edirik ki, Arazdəyəndə iri metallurgiya zavodu tikməyə hazırlaşan, ərazisində qeydiyyatda olan şirkəti məsuliyyətli davranışa dəvət etsin, onun qanunsuzluqlarına göz yummasın. Amerika Birləşmiş Ştatları rəsmiləri, o cümlədən, Azərbaycandakı və Ermənistandakı ABŞ səfirlikləri susmamalı, məsələyə münasibət bildirməlidirlər. Biz buradan Ermənistandakı ekofəallara da müraciət edirik. Bu, ilk növbədə, Ermənistanın özünün də ekoloji vəziyyətinə mənfi təsir edəcək. Bölgəni təhlükəyə sürükləyən bu prosesi durdurmaq üçün hərəkət zamanıdır.
Sevinc QARAYEVA