XVIII əsrin ortalarında Azərbaycan ərazisində yaranmış xanlıqlardan biri də Naxçıvan xanlığıdır. 1747-ci ildən 1797-ci ilə qədər Naxçıvan xanlığı müstəqil dövlət qurumu kimi fəaliyyət göstərib. Bu dövrdə xanlığın ali hakimi xan özü idi və qalan feodalların hamısı ona tabe idilər. Lakin İran hakimiyyəti dövründə (1797-1828) xanlığın idarə olunmasında tamamilə başqa vəziyyət yarandı. Həmin dövrdə Naxçıvan xanı Kalbalı xan İran dövlətinin yeni hakimi Ağa Məhəmməd şahın İrana tabe olmaq əmrini rədd etdiyi üçün ciddi cəzalandırıldı. Belə ki, Naxçıvan qalası zəbt olunduqdan sonra Kalbalı xanın gözləri çıxarıldı və əsir kimi İrana göndərildi. Həmin dövrdən başlayaraq Türkmənçay müqaviləsinə qədər (1828) Naxçıvan xanlığı faktiki olaraq İran dövlətinin ucqar bir əyalətinə çevrildi.
Tədqiqatçılar F.Əliyev və M.Əliyevin haqlı olaraq qeyd etdiyi kimi (Naxçıvan xanlığı. "Şərq-Qərb", 2007, s. 15), Naxçıvan xanlığının tarixini şərti olaraq iki mərhələyə bölmək olar: XVIII əsrin ortalarından 1797-ci ilə qədər; 1797-ci ildən Türkmənçay müqaviləsinin (1828) bağlanmasınadək olan dövrlər.
Rus şərqşünası, görkəmli tarixçi İ.P.Petruşevski yazır ki, Rusiyaya birləşdirilməsinə baxmayaraq, Naxçıvan xanlığı 1840-cı ilədək mövcud olmuşdu. Bu fikir əsassız deyil. Həqiqətən də Azərbaycanın digər xanlıqlarından fərqli olaraq Naxçıvan xanlığı formal olaraq 1840-cı ilədək fəaliyyət göstərib. 1828-ci ildən 1840-cı ilədək I Kalbalı xanın oğlu I Ehsan xan Naxçıvanın naibi olub. Getdikcə bütün səlahiyyətləri əlindən alınan I Ehsan xan etiraz əlaməti olaraq öz ərizəsi ilə naiblikdən əl çəkmiş və Naxçıvan Kəngərli süvarilərinin atamanı təyin edilmişdi.
1823-cü ildə I Kalbalı xanın, 1846-ci ildə isə onun oğlu I Ehsan xanın müəmmalı ölümü Rusiya tərəfindən açıq şəkildə himayə edilən ermənilərin Naxçıvanın ərazisini zəbt etmələrinə və qədim tarixini saxtalaşdırmalarına şərait yaratmışdı (Naxçıvan tarixi. Üç cilddə, II cild, Naxçıvan, "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyi, 2014, s. 27).
Naxçıvan xanlığı dövründə məhkəmə orqanlarından bəhs etməzdən əvvəl qeyd edək ki, bütövlükdə Azərbaycanda sözügedən dövrdə xanlıqların idarə olunmasında məhkəmə orqanları mühüm əhəmiyyətə malik idi.
Azərbaycan xanlıqlarında dünyəvi məhkəmə orqanları, demək olar ki, mövcud deyildi. Həmin dövrlərdə şəriət normaları və şəriət məhkəmələri tam üstünlüyə malik idi.
Ümumilikdə götürdükdə, XVII əsrdə Səfəvilər dövründə olduğu kimi, XVIII əsrdə də Azərbaycan xanlıqlarının mərkəzi şəhərlərində əsasən üç pilləli məhkəmələr fəaliyyət göstərirdi: 1) xüsusi ağır cinayətlərə baxan ali məhkəmə (məhkəmeyi-ali); 2) nikah, vərəsəlik və daha az əhəmiyyətli cinayətləri araşdıran dini-şəriət məhkəmələri (məhkəmeyi-şəriyyə); 3) şagirdlərlə ustalar arasında olan mübahisələri, eləcə də əhali tərəfindən ustalardan və sənətkarlardan edilən şikayətləri araşdıran əsnaf məhkəmələri.
Həlli daha mürəkkəb olan mülki işlər və xüsusi təhlükəli cinayət işlərinə xan özü baxsa da, mahallarda məhkəmə funksiyası mahal naibləri və ruhaniləri tərəfindən həyata keçirilirdi.
Xan məhkəmələrindəki proseslər əsasən şifahi şəkildə, xüsusi formallıqlara yol verilmədən, fasiləsiz olaraq keçirilirdi. Əsas sübut növü təqsirkarın andiçmə yolu ilə şəxsi etirafı və şahid ifadələri hesab olunurdu. Xan iş üzrə gəldiyi qənaətini Divan üzvlərinə bildirir, onlar da xanın qərarını bəyəndiklərini, onunla razılaşdıqlarını başlarının hərəkəti ilə təsdiqləyirdilər.
İstintaq zamanı müttəhimlərə işgəncələr və ağır fiziki cəzalar verilirdi. Belə ki, onlar falaqqaya salınır, çubuqla döyülür, gözləri çıxarılır, əlləri, qulaqları və burunları kəsilirdi. Edam və cismani cəzalar xan cəlladları tərəfindən icra olunurdu.
Şəriət məhkəmələrinə gəlincə, onlar mülki işlərə və az əhəmiyyətli cinayət işlərinə baxırdılar. Hər bir mahalda fəaliyyət göstərən şəriət məhkəmələri qazıların şəxsində məhkəmə işlərinə baxmaqla yanaşı, qəyyumluq və himayədarlıq məsələləri ilə də məşğul olur, qəbalələri, vəsiyyətnamələri, borc məktublarını və digər aktları təsdiq edirdilər.
Məhkəmələrə qazılar başçılıq edirdi. Ədalət mühakiməsi bəzi hallarda kollegial formada həyata keçirilirdi. Bir neçə axundun və ya mollanın iştirak etdiyi məhkəmə proseslərində işlərə şəriət qaydaları əsasında baxılırdı.
İşlərə baxılarkən bəzi hallarda adət hüququndan (ürf, adət) və məhkəmə təcrübəsindən istifadə edilirdi. Lakin bu zaman adət hüququnun normaları fiqhin əsasları ilə ziddiyyət yaratmamalı idi. Tətbiq olunan məhkəmə təcrübəsi isə uzun illərdən bəri formalaşmış və şeyxülislamların, müftilərin fitvalarına əsaslanan məhkəmə qərarlarında əks etdirilmiş məsələləri əhatə edirdi.
Məhkəmə qərarı məhkəmə üzvlərinin öz möhürləri ilə təsdiqlənərək rəsmiləşdirilirdi.
Əsnaf məhkəmələrində ustalarla işçilər, ustalarla şagirdlər arasında olan mübahisələrə, eləcə də əhalinin ustalara və sənətkarlara qarşı verdikləri şikayətlərə baxılırdı. Bu məhkəmələrin işində iclasçı qismində sənətkar təşkilatların üzvləri olan ağsaqqallar iştirak edirdilər. Tərəflərin məhkəməyə gətirilməsi vəzifəsi, habelə məhkəmənin qərarlarının icrasına köməklik göstərilməsi əsnaf birliklərinin daimi işçisi sayılan igidbaşıların üzərinə düşürdü.
Əsnaf məhkəmələri pis, keyfiyyətsiz məhsul istehsal etməyə, eləcə də ləyaqətsiz hərəkətlərə görə sənətkarı üzvlükdən çıxarmaq, müəyyən müddətə ona həmin sənətlə məşğul olmağı qadağan etmək, sənətkarlara cərimə vermək hüquqlarına malik idi .
Əsnaf məhkəmələrindən şəriət məhkəmələrinə şikayət vermək olurdu. Bütün məhkəmələrdə işlər şəriət qanunları əsasında araşdırılır və qərarlar çıxarılırdı.
Sözügedən dövrdə başqa xanlıqlarda olduğu kimi, Naxçıvan xanlığında da eynilə məhkəmənin üç forması fəaliyyət göstərirdi: divan - dövlət əhəmiyyətli və vacib cinayət tərkibli (məsələn, adam öldürmə, satqınlıq etmək, müharibə zamanı qorxaqlıq etmək, xan əmlakını oğurlamaq və s.) işlərə baxırdı. Bu işi əsasən xan özü həll edir, çətin anlarda birinci olaraq axundun fikrini soruşurdu.
Cinayətkar qolubağlı şəkildə xanın hüzuruna gətirilir, xan onu törətdiyi cinayətə görə (məsələn, adam öldürübsə) ya onu həyatdan məhrum etməyə qərar verir, yaxud da onu məcbur edirdi ki, öldürülənin ailəsinə müəyyən miqdarda (varlıdan 200 tümən gümüş pul, yoxsuldan 50 tümən gümüş pul) pul versin. Bu cür cinayətlərə bəzi hallarda böyük axundlar da baxırdı. Axundların göstərişi ilə ölənin qohumları məscidə iltizamnamə verirdilər. Bununla da mübahisəyə son qoyulurdu.
Xırda oğurluğa yol verilməsi zamanı birinci dəfə müttəhimə and içdirirdilər və o, söz verirdi ki, bir daha oğurluq etməyəcək. İkinci dəfə eyni əməli törədərkən tutulduqda çubuqla döyülür və məcbur edilirdi ki, oğurladığı əşyanın dəyərini pulla ödəsin. Üçüncü dəfə eyni cinayət təkrarlanırdısa, bu, ölüm cəzası ilə nəticələnirdi. Belə hallarda müttəhimin ya boynu vurulurdu, ya da o, uca qüllədən atılırdı.
Naxçıvanda dini işlərə daimi olaraq xandan asılı olmayan üç axund nəzarət edirdi: Şeyxülislam, Qazı və Pişnamaz. Bu məsələ isə yalnız müsəlmanlara aid idi. Dini cinayətkarların işinə təhsilini Məkkə və yaxud Bağdadda almış axundlar baxırdı. Axundlar, habelə Şeyxülislam Azərbaycanın hakimi Abbas Mirzədən asılı idilər. Axundlar xana tabe olmayıb, onlar xüsusi dini hakimiyyətə tabe idilər. Qazılar varislik, nikah, əmlak, dəfn və digər məsələləri həll edirdi.
Şeyxülislam ali dini işlərdən başqa, xanın tapşırıqlarına, cinayət işlərinə baxır, mülki cəza işlərini yoxlayırdı. Hər bir işdə Qurana, yaxud Quranın şərhinə istinad olunurdu. Belə məhkəmələr şəriət məhkəməsi adlanırdı.
Naxçıvanda üçüncü məhkəmə forması sənətkarların şikayətlərini həll edir və əsnaf adlanırdı.
Yekun olaraq qeyd edirik ki, Naxçıvan xanlığı dövründə ədalət mühakiməsinin həyata keçirilməsində mühüm əhəmiyyətə malik olan üç formalı məhkəmələr fəaliyyət göstərmişdi.