|
|
|
|
VII-XII əsrlərdə Naxçıvanda məhkəmə orqanlarının strukturuna və fəaliyyətinə dair çox az materiallar əldə edildiyindən təəssüf ki, bu haqda geniş şəkildə bəhs etmək hələlik mümkün deyil. Lakin əlimizə çatan bəzi fakt və məlumatlar bu barədə müəyyən mülahizələr irəli sürməyə imkan verir.
Məlum olduğu kimi, həmin dövrdə Azərbaycanda, o cümlədən, Naxçıvanda islam dini hakim mövqeyə malik olub. Bu baxımdan təbii ki, bölgədə müsəlman hüququnun və bütün qanunvericilik sistemini əhatə edən şəriət qaydalarının ali hüquqi qüvvəsindən söhbət gedə bilərdi. Təsadüfi deyil ki, ərəb işğalı dövründən başlayaraq hüququn əsas mənbəyi kimi məhz müsəlman hüququ çıxış edirdi. Müsəlman hüququ isə Quran, sünnə, icma, qiyas, fetva, ictihad, təfsir, qanun və adətə əsaslanırdı.
Ayrı-ayrı mənbələrdə rast gəldiyimiz məlumatlara əsasən o qənaətə gələ bilərik ki, VII-XII əsrlərdə bütövlükdə Azərbaycanda, eləcə də Naxçıvanda ədalət mühakiməsi müsəlman hüququ və şəriət qaydaları əsasında həyata keçirilmişdi.
Qeyd edək ki, VII əsrdə Cənubi Qafqazın digər əraziləri kimi Naxçıvan ərazisi də Ərəb xilafətinin hücumuna məruz qaldı və 654-cü ildə Naxçıvan ərəblər tərəfindən tutuldu. Azərbaycan ərazisi tamamilə ərəblərin hakimiyyəti altına keçdikdən sonra xilafət öz mövqeyini möhkəmləndirmək üçün yeni inzibati idarəetmə sistemi tətbiq etdi və vahid Azərbaycan ərazisini beş hissəyə - Azərbaycan, Arran, Muğan, Şirvan və Şəki mahallarına böldü. Ərəb müəllifi əl-İstəxri Arranın hüdudlarının Dərbənddən Tiflisə, oradan isə Naxçıvan da daxil olmaqla Araz çayına qədər uzandığını xəbər verir. Arranın tərkibində mövcud olan Naxçıvan şəhəri ərəb inzibati ərazisinin birinci bölgəsinə daxil idi. Naxçıvanın ərəblər üçün xüsusi coğrafi əhəmiyyəti olduğundan bu bölgə işğal edildikdən sonra tezliklə xilafətin əsas hərbi və inzibati mərkəzlərindən birinə çevrilmişdi.
Ərəb xilafəti dövründə Naxçıvanda ədalət mühakiməsi şəriət qaydaları əsasında qazılar tərəfindən həyata keçirilmişdi.
Akademik Z.Bünyadov "Azərbaycan VII-IX əsrlərdə" kitabında (Bakı. "Şərq-Qərb", 2007, s. 184) Alban tarixçisi Moisey Kalankatlının Arrandakı xəlifə canişini dəftərxanasının quruluşu və işi haqqında maraqlı məlumatlarını təqdim edib. Həmin məlumatda deyilir: "Biz Əmir əl-Möminin məhkəmə [idarəsi] haqqında məlumat əldə etdik: Sağda [girişin sağında] şurta başçısı [sahib əş-şurta] oturur; bu adam cəlladlar başçısından yüksəkdədir, solda qazı və əmir, xəzinədar oturur, bunlar mühakimə edir [hökm çıxarır] və bütün ölkədən vergi alırlar. Onlar bu işə ("işlərin baxılması" nəzərdə tutulur) eyni vaxtda, saat doqquzda başlayır və ertəsi gün qərar çıxarırlar. Onlar əhalinin də işlərinə baxırlar.
Yuxarıda bəhs olunduğu kimi ərəb xilafəti dövründə Naxçıvanın Arranın tərkibinə daxil olduğunu nəzərə alsaq, alban tarixçisi Moisey Kalankatlının verdiyi məlumatlardan o nəticəyə gələ bilərik ki, sözügedən dövrlərdə Naxçıvanda da qazılar fəaliyyət göstərmiş və müxtəlif işlərə baxaraq qərarlar qəbul etmişlər.
XI əsrdə məhkəmə işləri və qazıların gördükləri işlər barədə ətraflı məlumatlara Nizamülmülkün (1018-1092) "Siyasətnamə" əsərində rast gəlmək olur. Nizamülmülk səlcuq sultanlarından Alp Arslanın və onun oğlu Məlikşahın vəziri olmuş, bir neçə ölkəni özündə birləşdirən Səlcuq dövlətinin otuz il müddətində, demək olar ki, bütün ixtiyarını öz əlində saxlamışdır. "Siyasətnamə" əsərində qazılıq və qazıların işlərinin yaxşılaşdırılması, zülmlərinin qarşısının alınması, həmçinin onların fəaliyyətinə nəzarət edilməsi, şikayətçilərin ərizələrinə cavab verilməsi və ədalətli hökmlər çıxarılması barədə dəyərli məlumatlar öz əksini tapmışdır.
Qeyd edək ki, X-XII əsrlərdə mövcud olan Azərbaycan dövlətlərinin məhkəmə sistemində şəriət məhkəmələri ilə yanaşı, dövlət məhkəmələri də olub. Dövlət başçısı məhkəmələrin üzərində ali nəzarəti həyata keçirsə də, onun özü nadir hallarda məhkəmə səlahiyyətlərindən istifadə edir, kimisə cəzalandırmaq istədiyi hallarda sadə araşdırma aparmaqla şifahi əmr əsasında çıxardığı hökmü dərhal icra etdirirdi. Bu isə əsasən dövlətə xəyanət, məmurların səlahiyyət həddini aşması, dövlət xəzinəsinin israf edilməsi cinayətlərinin törədilməsi halları ilə bağlı olurdu.
Dünyəvi məhkəmələrlə müqayisədə qazıların başçılıq etdiyi şəriət məhkəmələrinin səlahiyyətləri daha geniş idi. Baş qazı şəriət məhkəmələri sisteminə rəhbərlik edir, ədalət divanının fəaliyyətini istiqamətləndirirdi.
Baş qazıdan başqa hər bir şəhər, mahal və kəndlərin özlərinin də qazıları var idi. Onlar əksər vaxt hökmdarlar tərəfindən vəzifəyə təyin və ya təsdiq edilirdilər. Bu vəzifəyə dini elmlərlə yanaşı, dünyəvi hüquq elmlərinin də kamil bilicisi olan şəxslər gətirilirdi.
Sözügedən dövrlərdə qazılar məhkəmə işlərindən başqa bir sıra digər funksiyalara da malik idilər. Onlar vəsiyyət, saziş, kəbinkəsmə, qəbalə kağızı, əmlakın bölüşdürülməsi məsələləri ilə də məşğul olur, sənədləri öz möhürü ilə təsdiq edirdilər.
X-XII əsrlərdə Naxçıvanda da şəriət məhkəmələri fəaliyyət göstərmiş, ədalət mühakiməsi qazılar tərəfindən həyata keçirilmişdi. Hörmətli müəlliflərdən R.Məmmədovun "Naxçıvan şəhərinin tarixi oçerki" kitabında (Bakı: Elm, 1977, s. 64) da qeyd olunduğu kimi, bəhs edilən dövrdə Naxçıvan əhalisi sünni və şiə məzhəbindən olduğundan burada hər iki təriqətə mənsub ruhani nümayəndələri - qazı, şeyx, seyid, müdərris, molla və sair var idi.
Tarixi qaynaqlardan məlumdur ki, bu dövrdə Naxçıvanda Əbu Əbdullah əl-Müfərruc ən-Nəşəvi görkəmli fəqihlərdən (dinin, şəriətin qaydalarını şərh edən hüquqşünas) biri olmuşdur. Lakin təəssüf ki, X-XI əsrlərdə Naxçıvanda məhkəmələr və qazıların fəaliyyəti barədə dövrümüzədək çox az məlumatlar gəlib çatıb.
IX əsrin sonlarından X əsrin 30-cu illərinədək Naxçıvan Sacilər dövlətinin hakimiyyəti altında olmuş, xilafətin Azərbaycan üzrə hakimi Məhəmməd ibn Əbu-s Sac öldükdən sonra Naxçıvan onun varislərindən Yusif ibn Əbu-s Səcin torpaqları sırasına daxil edilmişdi. Hətta 910-cu ildə Yusif ibn Əbu-s Səc təxminən 12 gün Naxçıvanda qalmışdır. Sacilər xanədanı süquta uğradıqdan (942-ci il) sonra isə Naxçıvan bir müddət Saci əmiri Deysəm İbn İbrahimin (932-937) hakimiyyəti altında qalmış, sonralar Salarilər dövlətinin tərkibinə daxil olmuşdu. X əsrin sonundan XI əsrin 60-cı illərinə kimi isə Naxçıvanda Naxçıvanşahlıq adlı feodal dövlət mövcud idi.
Yazılı mənbələr və müxtəlif tarixi memarlıq abidələrinin üzərindəki kitabələrdən o nəticəyə gəlmək olar ki, XII-XIII əsrlərdə Naxçıvanda inzibati idarəetmədə aparatı fəaliyyət göstərmiş, bölgədə müxtəlif vəzifələr və titullar - sultan, atabəy, əmir əl-üməra, xaqan, əmir, məlik, xatun, hakim, şeyx ül-islam, şeyx, ustad, bənna və sair mövcud olmuşdu.
Atabəylər dövlətinin hakimiyyət illərində dövlət müxtəlif vaxtlarda bir sıra iri vilayət və əyalətlərdən təşkil olunmuşdu ki, onun tərkibinə həmişə Azərbaycan, Arran, Naxçıvan, Fars İraqı, Rey və Həmədan vilayətləri daxil idi. Tarixi mənbələrdən məlumdur ki, Atabəylər dövlətinin ikinci hökmdarı Məhəmməd Cahan Pəhləvanın türk qızı Quteybə xatundan olan oğlu, atabəy Qızıl Arslanın himayəsində qalan Əbu Bəkr hələ atasının sağlığında Azərbaycan və Arrana vali təyin olunduğu vaxtdan Naxçıvanda yaşayırdı.
Rəsmi sənədlərdə (H.Horst. Die Staatverwaltung der Grosselguyen und Horazmasahs (1038-1231). Wiesbaden, 1964, İ-1, İ-3 sənədləri) valinin xidməti vəzifələri sırasında bir sıra məsələlərlə yanaşı, cinayətkarların cəzalandırılması da qeyd edilir. Vali öz vilayətinin dünyəvi hakimi sayılırdı. Bu vəzifədə ona tövsiyə olunurdu ki, hökm çıxararkən və cinayətkarları cəzalandırarkən vicdanla və düzgün hərəkət etsin. Hakimlər (qazılar) valiyə tabe idilər. Vali onların işinə nəzarət edir, qazılar da hər zaman valinin köməyinə arxalanırdılar.
Tədqiqatlara görə, Naxçıvan sərhəd vilayətində yerləşən xüsusi rejimli bölgə olduğu üçün buraya demək olar ki, həmişə Eldənizlər xanədanı üzvlərindən olan valilər təyin olunurdu. Şəhərləri valinin adından şəhər rəisləri idarə edirdilər. Rəislər, bir qayda olaraq, yerli tanınmış nəsildən seçilirdi. Onların vəzifəsi irsi olurdu. Ətrafdakı mahal və kənd rəisləri şəhər rəisinə tabe idilər. Tarixi qaynaqlara görə, rəislər şəhərin ictimai həyatında mühüm rol oynamış, dövlət nümayəndələri ilə əhali arasında bir növ vasitəçi olmuşlar. Onlar şəhər əsilzadələri olmalarına baxmayaraq, bəzən şəhər hakiminə qarşı qiyamlara da rəhbərlik etmişlər. Rəislər öz tabeliyində olan şəhər və mahallarda dünyəvi hakim kimi də fəaliyyət göstərirdilər. Lakin onlar tamamilə müstəqil məhkəmə hakimi sayılmırdılar. Belə ki, məhkəmə ilə bağlı səlahiyyətlərini yerinə yetirərkən onlar dini hakim olan qazılarla və imamlarla məsləhətləşməli, onların tövsiyələrinə qulaq asmalı, dövlət başçısının müvafiq fərmanlarından istifadə etsələr də, şəriət normaları çərçivəsindən kənara çıxmamalı idilər.
Qeyd edək ki, ilk Atabəylər dövründə Yusif Kuseyir oğlu Naxçıvanda fəaliyyət göstərən şəhər rəislərindən biri olmuşdu. Belə ki, 1162-ci ildə, hələ Şəmsəddin Eldənizin hakimiyyəti illərində, memar Əcəmi Naxçıvaninin tikdiyi Yusif Kuseyir oğlu türbəsinin qapısı üstündəki yazıda onun "xacə ər-rəis əl-əcəl" - "tanınmış rəis" tituları göstərilmişdir. Haqqında dövrümüzədək məlumatlar gəlib çatmadığı üçün onun şəxsiyyəti ilə bağlı aydın təsəvvürə malik olmasaq da, əldə olunan mənbələr əsasında deyə bilərik ki, Yusif Kuseyir oğlu Naxçıvanda XII əsrin ortalarında yüksək mövqe-rəis vəzifəsini tutur və çox ehtimal ki, Naxçıvan şəhərini valinin adından idarə etdiyi üçün məhkəmə işlərini də idarə edirdi. Qeyd edək ki, biz, "Yusif Küseyir oğlu: şəxsiyyət və fəaliyyətinə dair mülahizələr" adlı məqaləmizdə ("525-ci qəzet", 20 aprel 2023-cü il, № 68(6115), səh. 13) Yusif Küseyir oğlunun hakim kimi də fəaliyyət göstərməsinə dair mülahizəmizi oxucularla ayrıca bölüşdüyümüzdən bu yazımızda həmin məsələdən bəhs etmirik.
Beləliklə, X-XII yüzilliklərdə Naxçıvanda şəriət məhkəmələrinin böyük önəm daşıdığının, mühakimə icraatının qazılar tərəfindən həyata keçirildiyinin şahidi oluruq.
Ümid edirik ki, tarixçilərimizin yaxın gələcəkdə daha təfsilatlı elmi araşdırmaları haqqında söhbət açdığımız mövzunu daha ətraflı şəkildə tədqiq etməyə böyük imkanlar yaradacaq.