|
|
|
|
İlk otuz səhifə.
Kitab, gözlədiyimin əksinə olaraq, maraqsız başlamayıb. Müəllifin bəzi məqamlarda çətinləşən cümlələrinə ilk səhifələrdə bir neçə dəfə rast gəldikdən sonra üsluba öyrəşmək olur. Bir az sonra isə daha sadə, oxunaqlı və axıcı abzaslar gəlir.
İlk otuz səhifədə qarşıma çıxan dialoqlar bəzən o qədər də təbii görsənmir. Daha çox müəllifin müdaxiləsi olan dialoq təsiri bağışlayır.
Məsələn anayla qızın söhbəti:
Rəfiqələrinə salam söylə, - anam deyir, - hər şeyin hazırdırmı?
- Hə, vacib şeyləri yığmışam. Salamat qal.
Qeyd edilən cümlələrdə "söylə" və "salamat qal" sözləri mənə nədənsə çox da təbii görsənmir. Amma ola bilsin, bu, sadəcə subyektiv bir hissetmədir.
Ümumilikdə, dialoqların normal olduğunu demək olar.
Doğruluq-cəsarət oyununda Aniyənin Rüfətə qəfildən "öp məni" deməsi üçün müəllif yaxşı, inandırıcı zəmin hazırlamır. Aniyə heç bir tərəddüdə, həyəcana qapılmadan bunu edir. Ətrafdakı dostların təəccübü də yetərli qədər hiss olunmur. Müəllif, məncə, bu səhnənin daha yaxşı alınması üçün lazımi əziyyəti çəkməyib.
Ümumi olaraq, ilk otuz səhifə maraqla, yormadan və bezdirmədən oxunur. Zənnimcə, bu, çox yaxşı əlamətdir.
Səhifə 48:
Qəribə də olsa, gecənin bir saatında açıq olan tərəvəz dükanından Rüfətlə Xəyalın yolüstü keçərkən kələm almağı və aldıqdan sonra da qatlarını soyub yeməkləri xeyli absurd görsənir. Amma bu, müəllifin məqsədli şəkildə yol verdiyi absurdluğa bənzəmir deyə mətndə son dərəcə gərəksiz bir detal kimi görünür.
Səhifə 49:
21-ci əsrin təhsilli, ayıq Azərbaycan gənclərinin bir az əvvəl təsadüfən rastlaşdıqları yad bir kişi ilə eyni şüşəni növbəylə başlarına çəkə-çəkə çaxır içməkləri də, zənnimcə, inandırıcı görsənmir. Təbii ki, belə bir şey fiziki olaraq mümkündür. Lakin müəllif özü də bu məsələyə qarşı ayıq deyil, bu məsələyə qarşı laqeyd və diqqətsiz davanır. Əsas qüsur bundan ibarətdir.
Səhifə 61-ə çatanda hiss etdiklərim:
Mətn getdikcə maraqsız görsənməyə başlayır. Rüfətlə Aniyənin əhvalatı çox uzanır. Müəllif mətləbə keçməkdə yubanır, söhbəti uzadır və bütün bunlar kitabın ilk dəfə olaraq yorucu, maraqsız görsənməsinə səbəb olur. Amma mütaliəyə davam edirəm.
Səhifə 66-ya çatanda hiss etdiklərim:
Konfliktin yoxluğu oxucuda mətni niyə oxuduğu ilə bağlı sual yaradır və bezginliyə səbəb olur. Müəllif mətləbə keçməkdə bir az da yubansa, kitabın yarımçıq qalmaq təhlükəsi daha da böyüyəcək.
Səhifə 67.
Rüfətin rabitəsiz nitqi, şüur sayıqlamaları maraqlıdır. Bizim ədəbiyyatda bu cəhdə ilk dəfədir, rast gəlirəm. Maraqlı təşəbbüsdür.
Səhifə 79.
Romanın ortasına pyes formatının girməsi də maraqlıdır və bir yenilikdir. Dünya romançılığında belə bir şey olub-olmadığı ilə bağlı dəqiq bilgim yoxdur, ancaq bizim ədəbiyyatda, mənə elə gəlir ki, bu təşəbbüs də yenidir.
Səhifə 96-ya çatanda hiss etdiklərim.
Roman artıq çoxdandır xeyli sıxıcı və maraqsız görsənməyə davam edir. Əgər bu maraqsızlıq ilk 30 səhifədə özünü göstərsəydi, bu yazıya başlanılmaz, bəlkə də, mütaliə yarımçıq qalardı. Müəllif tələbə dostlar arasında gah məişətdən, gah hind fəlsəfəsindən, gah da fərqli elmi görüşlərdən qaynaqlanan dialoqlar qurur. Amma bu dialoqların nəyə apardığı, nə üçün qurulduğu, əsərdə niyə var olduğu, romanın oxucunu hara yönləndirmək istədiyi məlum olmadığına, hiss edilmədiyinə görə - yəni məhz bu səbəbdən roman indi xeyli maraqsız təsir bağışlayır.
Səhifə 98.
Nəhayət gözlənilən məqam gəlir. Tələbələr qəfildən polis maşınına basılır. Mütaliəyə davam etməyə dəyər. Bununla belə, öncəki səhifələrdə qısaldılası, atılası məqamların az olmadığını düşünürəm. Bu, az əvvəlki bezginliyi aradan qaldırmağa ciddi kömək edərdi.
Səhifə 99-100.
"Və" bağlayıcısından təkrarlı istifadələr maraqlıdır, yaxşıdır.
Səhifə 104-105.
Körpükənddəki gərgin siyasi durum, jurnalistlərin təqibi, sıxışdırılması və sair məqamlar Pamukun "Qar" romanındakı Qars şəhərinin əhvalını xatırladır. Çox ehtimal, bu oxşarlıq müəllifin özü də bilmədən "Qar"dakı bəzi nüanslardan təsirlənməyinin əlamətidir.
Səhifə 134-ə çatanda düşündüklərim:
Yazıçı yenə də oxucuları maraqsız və məqsədsiz səhifələrdə gəzdirməkdədir. Bir az öncə konflikt kimi görsənən hadisə isə sən demə, romanın özəyini təşkil etmədən sadəcə müvəqqəti xarakter daşıyırmış. Dostların söhbətləri, içməkləri və s. kimi şeylər yenə də məqsədsiz, məramsız və maraqsız görsənir. Müəllif sanki bir nöqtədən yola çıxıb, amma düz mənzilbaşına istiqamətlənmək əvəzinə bəzi yerlərdə, olduğu ərazidə sadəcə dövrə vurmaqla məşğuldur, yəni qabağa getmir, irəliləmir və roman da yerində sayır. Nəticədə mətn yorucu görsənir. Oxucu onu romana bağlayan şeyin nə olduğunu hiss edə bilmir.
Qeyd: Müəllifin dialoqlarda "abi", "brat", "xiyar" kimi xitablardan istifadəsi tamamilə haqlıdır, doğru müşahidənin nəticəsidir və müasir Azərbaycan gənclərinin danışıq tərzini də düzgün əks etdirir.
Səhifə 163-ə çatanda romanla bağlı düşüncələrim:
Romanı indi ancaq sona çatdırmaq üçün oxuyuram. Romanda məni cəlb edən hansısa konflikt, hadisə, çözülməsini gözlədiyim hansısa müəmma yoxdur, yazıçının nə etmək istədiyini, nəyə can atdığı aydın deyil. O, sadəcə təkrar-təkrar eyni tipli cümlələrdən, mənzərələrdən və romantik havalardan istifadə edir və bu, oxucunu bezdirir.
Qeydlər:
Nikayla Seymurun əhvalatı, dənizdə batma hadisəsi... Maraqsız təsvir edilməyib. Amma məncə, romanın digər parçalarıyla yaxşı bağlanmır.
Səhifə 249-da müəllif bizim ədəbiyyatımız üçün, ümumiyyətlə, xarici əsərlərdə də görmədiyim, lakin ilk dəfə yerli gənc yazarlardan biri Əli Zərbəlinin hekayəsində rast gəldiyim bir üslubdan istifadə edir. Bəzi sözlər lüğətdəymiş kimi izahla verilir və izah hissəsində həmin sözü yazıçı öz mətnində istifadə edir. Bu, yenilik kimi görsənir, amma eynən Əli Zərbəlinin hekayəsindəki kimi bu gedişin nəyə xidmət etdiyi, mətnə nə kimi fayda verdiyi mənə o qədər də aydın deyil.
Səhifə 260-a çatanda hiss etdiklərim:
Balda baş verənlərin təsviri, Xəyal və Nigar əhvalatı yaxşı, poetik və axıcı dillə yazılıb. Romanın sona yetişdiyini hiss etdirən abu-havanı yazıçı çatdıra bilib. Lakin hadisələr, ayrılıqlar, kədər və nostalji duyğuları kimi qələmə alınanlar təsiredici deyil. Yəni məsələn, elə yuxarıda adı çəkilən romanın qəhrəmanı Kanın sevgisindəki həqiqiliyi, inandırıcı kədər və ümidsizliyi Rüfətdə, yaxud Xəyalda tapmaq olmur. Təhkiyə və informasiya var, lakin bunlar yetərli qədər nüfuzedici deyil.
Növbəti qeyd: Roman bitdi. Müəllif xeyli gənckən, yəni 25 yaşda roman yazmaq cəsarətinə və zəhmətinə qatlaşdığı üçün alqışlanmalıdır. Bu zəhmət və cəsarət gələcəkdə ədəbiyyatımız üçün faydalı əsərlərin yaranmasına səbəb ola bilər.
Yekun:
Lakin müəllifi və digər faktorları kənara qoyub romana müstəqil bir mətn kimi yanaşıldıqda, əsərin uğurlu olduğunu demək olmaz. Yazıçı Körpükənd səyahətini əsərin mərkəzinə çevirib tələbələri hansısa macəralar sayəsində orda tutub saxlaya və əsərin sonunacan bu macəralarla romanı həm daha maraqlı edə, həm də bəzi hiss-duyğuları daha ciddi və daha təsirli göstərə bilərdi. Lakin bunun əvəzində müəllif, məsələn, Körpükənddəki saxlanılma hadisəsini və jurnalistlə bağlı məsələləri romanın bütövlüyündən ayırır. O, hadisələrə əsərdə sadəcə epizodik rollar verir. Yəni hadisələr və olaylar rabitəsiz şəkildə hərəsi ayrı-ayrı yerlərdə qalmış olur.
Ən əsası müəllif, əsəri yetərli ilham və ağrıyla yazmayıb. Yazıçılıq üçün lazım olan müəllif ağrısı yetərli həddə olmadığı zaman isə ortaya yorucu, maraqsız, təsiri olmayan mətn çıxır və bu çatışmazlıqları mütaliə təcrübəsi, yaxud müəyyən eksperimentlər də kompensasiya edə bilmir. Nəticədə eyni əhvali-ruhiyyələrin eyni şəkildə, eyni dillə təsviri çoxlu təkrarçılığa səbəb olur və romanın mütaliəsi zamanı minimum zövqün hasil olmasına maneçilik törədir.
Görünür, qeyd edilən çatışmazlıqlar müəllifin ilk cəhdindən irəli gələn həyəcanına və bu erkən cəsarətdən qaynaqlanan təcrübə faktoruna görədir. O səbəbdən də, nəsrimizin gənc və istedadlı nümayəndələrindən olan Orxan Həsəninin növbəti və daha güclü əsərlərini ümidlə və səbirsizliklə gözləyirik.
iyun-iyul, 2023