"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi, sənətşünas Sevinc Quliyevadır. Onunla rəssam Günel Ravilovanın "Od olmayan yerdən tüstü çıxmaz" əsərindən danışmışıq.
Günel Azər qızı Ravilova 13 mart 1981-ci ildə Bakı şəhərində, rəssamlar ailəsində anadan olub. Kiçik yaşlarından bir çox sərgiləri keçirilib, sənət haqqında proqramlarda iştirak edib. O, 2009-cu ildə Azərbaycan Rəssamlar İttifaqının Gənclər şöbəsinin, 2011-ci ildə isə Azərbaycan Rəssamlar İttifaqının üzvü olub.
1998-ci illərdən bu günə qədər bir çox sərgilərdə iştirak etmiş, 2011-ci ildə "Qadınlara qarşı zorakılıq" və dizayner Menzyar Hacıyevanın təşkil etdiyi "Şərf üzərində rəsm" müsabiqəsində birinci yerə layiq görülüb. Xorvatiyada keçirilən "Arts WAG Olimpiyadası"nda iştirak etmiş rəssam Türkiyə, İtaliya, Riqa, Avstriya kimi ölkələrdə keçirilən 70-dən çox sərginin iştirakçısı olub.
- Sevinc xanım, əsərin adı maraqlıdır. Sizcə, rəssam niyə ad seçərkən atalar sözünə müraciət edir?
- Günel xanımın əsərində üstünlük təşkil edən mövzu hər bir xalqın xəzinəsi olan atalar sözləridir. Rəssam atalar sözlərini özünə rəhbər tutaraq hiss və düşüncələrini tamaşaçılarına çatdırır. Niyə məhz atalar sözünü seçməsi sualının tək bir cavabı var: bu gün adi olan şey başqa bir zamanda eşidilməz və görülməz ola bilər. Milli sərvətimiz olan atalar sözlərinin nəsihətverici xarakterə malik olması rəssam üçün ən böyük əsasdır ki, əsərləri ilə yalnız estetik zövqümüzə deyil, həmçinin uşaq və gənc nəslin tərbiyəsinə xidmət etsin. Əsərdə nəzərimizə çarpan ən önəmli nüans insan hisslərinin eyni vaxtda və bütövlükdə istədiyiniz qədər çox detalla verilməsidir. Rəssamın önəmli detal kimi gözlərdən istifadə etməsi insan ruhuna açdığı bir pəncərədir. "Od olmayan yerdən tüstü çıxmaz" əsəri 2017-ci ildə kətan üzərində 100x70 ölçüdə yağlı boya ilə təsvir edilib.
- Əsər hazırda harada saxlanılır?
- Tablo ilə bağlı maraqlı bir faktı qeyd edim. Əsəri yuxusunda görən bir şəxs nümayiş olunduğu qalereyadan satın alıb. Hazırda harada saxlanılması ilə bağlı məlumat yoxdur.
- Bəs əsərin kompozisiyası necədir?
- Rəssam bu əsərində kompozisiya seçərkən böyük intuisiya hissi ilə tam sərbəstliyə yönəlib. Rəssam əsərində aydınlığı, emosionallığı bədii təsir gücü ilə birgə gözlər vasitəsi ilə cəmləmişdir. Rəssam xalqın müşahidələrini, təsəvvür və təfəkkür tərzini hifz eləyən atalar sözünün əsl enerjisini bizə dolğun rəng axışı ilə yansıdır. Mənası işləndiyi konteksdən aydınlaşan və bəlli bir situasiyanın işarəsi kimi çıxış edən təsvir elementlərinin hər biri aforizm mahiyyətlidir. Rəssam yüksək dəyəri ilə seçilən bu sözlər əsasında insanı çevrələyən gərçəklikləri bitməz-tükənməz bir rəngarəngliklə əks etdirib. Bu əsər rəssamın apardığı müşahidələr əsasında məhz məcazi məzmun üzərində qurulan, özlüyündə metaforadan ibarət olan və buna görə də hərfi anlamda qavranılmayan təfəkkürün yansımasıdır. Bununla da əsərin adını eşitdiyimizdə və kompozisiya dərinliyinə endikdə rəssamın bizə nəyi aşılamaq istədiyini tam mənası ilə anlamış oluruq.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Bildiyimiz kimi, Günel xanım yaradıcılığında atalar sözündən istifadə edərək yeni bir düşüncə axınını yaratmağı bacarır. Ən böyük hikmətləri ən sadə və dərin şəkildə anladan atalar sözləri ucsuz-bucaqsız bir aləmdir. Gözəl və incə olan milli xüsusiyyətə və koloritə məxsus həmin söz inciləri bütovlükdə bir hikmət xəzinəsidir. Obrazlı təfəkkürün qida mənbəyi kimi zehinlərə yol göstərən bu hikmət inciləri el dühasının narın zərrələridir. Bu zərrələri özünə yol seçən, təcrübələrini və həyat həqiqətlərini süzgəcindən keçirən rəssam insan dərinliyini qeyri-adi bir tamlıqla ifadə edir.
Aytac SAHƏD