|
|
|
|
Almaz HACIYEVA
Tibb elmləri doktoru, professor, Nyu-York Elmlər Akademiyasının üzvü, Azərbaycan Respublikasının Əməkdar həkimi Cəlal Ağakişiyev haqqında çox danışmaq, çox yazmaq olar. Amma indi oxuculara təqdim olunan bu yazı ilə bağlı xüsusi bir məqam var. Bu da ondan ibarətdir ki, yazının müəllifi Cəlal müəllimin minlərlə tələbələrindən biri, tibb elmləri namizədi Almaz Hacıyevadır. Və Almaz xanım üç il əvvəl haqqın dərgahına qovuşub. Professor bu yazını təsadüfən öz arxivindən tapıb. İllər əvvəl Almaz xanım öz müəllimi haqda bu yazını yazıb sevimli müəlliminə təqdim edibmiş. İndi professor Cəlal Ağakişiyev bu yazının dərc olunmasıyla sevimli tələbəsinin xatirəsini yad etməyi özünə borc bilir...
"Qüvvət elmdədir, başqa cür heç kəsHeç kəsə üstünlük eyləyə bilməz!"
Nizami Gəncəvi
Elm adamı ürəyinin odunu yaradıcılıq axtarışlarına, xeyirxah işlərə sərf etdikcə yetkin şəxsiyyət kimi formalaşır. Nəcib əmələ və dərin elmə sahib olanlar isə gec-tez həyatda layiq olduğu həqiqi adını qazanır və yüksək mövqedə dururlar. Elmin zirvəsinə ucalmağın çətinliklərini yalnız onun ağır yükünü öz çiyinlərində daşıyan alimlər daha yaxşı bilirlər. Hər bir alimin yüksəldiyi zirvədən onun ötən günlərinə nəzər salsan, ömür yolunda nə qədər fərəhli və kədərli anlar yaşandığının şahidi olarsan.
Yalnız yüksək intellektə və dərin zəkaya malik, iradəli və nəcib duyğulu insanlar uca zirvələr fəth edib öz məqsədlərinə çata bilərlər. Daim düşünən və yaradan, əqidəsi saf və məsləki aydın olan bir şəxsiyyət - Cəlal Atakişiyev məhz belə alimlərdəndir. O, həmişə axtarışlarda olmuş, həyatda və elmdə yeniliklər yaratmağa can atmış və indi də yeni axtarışlar sorağındadır. Elmin əzablı yollarında yuxusuz gecələr, gərgin əmək alimin ömür yoluna əbədi yazılıb. C.Ağakişiyevin elmi fəaliyyətinə nəzər salınsa, o, öz rəngarəngliyi və mürəkkəbliyi ilə nəzər-diqqəti cəlb edir.
Dermatoveneroloqlar ailəsinin davamçısı olan gənc həkimin bu sənətə və elmə olan marağı onu Moskva şəhərinə aspiranturaya aparıb çıxarır. Təhsil illərində o, Mərkəzi Elmi-Tədqiqat Dəri-zöhrəvi Xəstəlikləri İnstitutunda "İmmunoloji göstəricilərin dinamikası nəzərə alınmaqla, ekzema və neyrodermitli xəstələrin spesifik və qeyri-spesifik desensibilizasiya metodları ilə müalicəsi" mövzusuna dair dissertasiya üzərində işləyir. Etiopatogenezi məlum olmayan qaşınan dermatohlu xəstələrin müalicəsi aktual problem kimi gənc alimi düşündürür və o, yeni müalicə üsulu işləyib-hazırlamağı qarşısına məqsəd qoyur. Rusiya dermatoloji məktəbinin görkəmli nümayəndələri ilə apardığı elmi-tədqiqat işləri onun yazdığı bir sıra silsilə elmi məqalələrdə öz əksini tapır. Neyrodermitli və ekzemalı xəstələrin immunoloji göstəricilərini izləməklə, onların spesifik və qeyri-spesifik desensibslizasiya metodları və həmçinin Şıx hidrosulfidli sularlı ilə müalicəsi alim tərəfindən elmi cəhətdən əsaslandırılır. 1981-ci ildə SSRİ miqyasında ilk dəfə olaraq, C.Ağakişiyevin həmkarları ilə birlikdə yazdığı "Ekzema və neyrodermitli uşaq və yaşlı xəstələrdə spesifik diaqnostika və qeyri-bakterial allergenlərlə hiposensibilizəedici terapiya" adlı metodik tövsiyə həkimlərin ixtiyarına verilir. Həmin ildə gənc alim tədqiqat işini müvəffəqiyyətlə yekunlaşdıraraq, tibb elmləri namizədi adını alır.
Elmə olan sonsuz marağı, sənətə məhəbbəti onu daha yeni axtarışlara sövq edir. C.Ağakişiyev Azərbaycanda iri sənaye şəhərlərində çalışan fəhlələr arasında rast gəlinən dermatozların özünəməxsus xüsusiyyətləri, neftayırma məhsullarının, fosforlu peptisidlərin və günəş şüalarının insan orqanizminə olan zərərli təsirləri haqqına öz müşahidə və mülahizələrini "Vestnik dermatologii i venerologii" jurnallarında, "Azərbaycan tibb jurnalı"nda və dermatoveneroloqların Ümumrusiya qurultayı materiallarında geniş oxucu auditoriyasına çatdırır.
Respublikada peşə xəstəlikləri ilə əlaqədar, xüsusən, neft sənayesində çalışan fəhlələr arasında xəstəliklərin profilaktikası aktuallıq kəsb etdiyindən, C.Ağakişiyev bu sahədə elmi-tədqiqat işləri aparmağı zəruri sayır. Bu problemlə əlaqədar Moskva şəhərində "Neftayırma sənayesi məhsullarının fəhlələrdə dəri patologiyasının inkişafına təsiri və kompleks müalicə-profilaktika tədbirləri" mövzusunda doktorluq dissertasiyası üzərində çalışır. Bu illər ərzində SSRİ Elmlər Akademiyası Əmək Gigiyenası və Peşə Xəstəlikləri İnstitutu və D.Mendeleyev adına Moskva Kimya Texnologiya İnstitutunun əməkdaşları ilə birgə eksperimentlər apararaq etdiyi ixtiralara görə müəlliflik şəhadətnaməsi alır. Heyvanlar üzərində aparılan təcrübənin nəticələrinə əsasən, furfurol və D-11 mineral yağının distillyatının orqanizmə zərərli təsirini müəyyənləşdirir və profilaktik məqsədlə fotoqoruyucu tərkibli yeni krem düzəldərək istifadə üçün tövsiyə edir. Nəhayət, dissertasiyanı uğurla başa çatdıraraq, tibb elmləri doktoru adını alır.
Dərin müşahidə qabiliyyətinə malik, bacarıqlı klinisist C.Ağakişiyev Azərbaycanda təsadüf olunmayan zöhrəvi limfaqranulomatoz xəstəliyini iki əcnəbi vətəndaşda aşkara çıxarır, edilən təzyiqlərə baxmayaraq, həmin xəstələrin qospitalizə və müalicə olunmasına səy göstərir. Nadir hal kimi bu təsadüf "Vestnik dermatoloqii i veneroloqii" jurnalında geniş işıqlandırılır. Az rast gəlinən Xaksthauzenin klimakterik keratodermiyas, maduromikoz, paraneoplastik qara akantoz, torlu çapıqverən eritematoz follikulit, okulo-dento-digital displaziya, Elers-Danlos xəstəliyi, qulaq seyvanının düyünlü xondrpodermatiti, neyrofibramatoz kimi dəri xəstəlikləri onun müşahidələri olur və həmin faktları digər müəlliflərlə birgə qələmə alır.
"Ən xeyirli sədəqə odur ki, bir müsəlman elm öyrənə və öz elmini müsəlman qardaşına da öyrədə!" Həzrəti-Məhəmməd peyğəmbərin (s.ə.s) bu kəlamları Cəlal müəllimin müqəddəs amalı və iş üslubunun əsas qayəsidir. Əhalinin sağlamlığı naminə dermatoveneroloji xidmətdə çalışan gənc həkimlərin bilik səviyyəsinin və praktik təcrübəsinin artırılması üçün o, əlindən gələni edib. C.Ağakişiyev yüksək elmi potensiala, bilik və bacarığa malik kadrlardan ibarət məktəb yaradıb. Kafedraya başçılıq etdiyi müddətdə neçə-neçə dissertantın rəhbəri olub, onlarla birlikdə elmi axtarışlarıa davam edib.
Zöhrəvi xəstəlik sayılan sifilisin yeni müalicə metodları işlənib-hazırlanaraq, oksasillin və ekstensillin preparatlarının effektivliyi laborator və kliniki üsullarla sübut olunub. Həmçinin Benzilpenisillinin-natrium duzu sifilisəleyhi preparat kimi sınaqdan çıxarılaraq uşaqlarda müvəffəqiyyətlə tətbiq edilib. Bu nailiyyətlər haqqında Yekaterinburq və Ryazanda keçirilən elmi-praktik konfranslarda geniş məlumatlar verilib.
Professor C.Ağakişiyevin rəhbərliyi altında Azərbaycanda mövcud iqtisadi-sosial və epidemioloji vəziyyətlə bağlı zöhrəvi xəstəliklərin ciddi artımı ilə əlaqədar 1994-cü ildə kafedranın elmi istiqaməti dəyişdirilib və yeni aktual mövzuda - "Cinsi yolla yoluxan infeksiyalar və yoluxucu dəri xəstəliklərinin yayılmasında regional epidemiolji və sosial faktorların təsiri nəzərə alınmaqla, kompleks müalicə-profilaktika tədbirləri proqramının işlənib-hazırlanması" istiqamətində mühüm işlər görülüb. Cinsi yolla yoluxan infeksiyaların Azərbaycanda yayılması, onların törətdiyi fəsadların müalicəsində müasir metodların işlənib hazırlanması aktual problem kimi alimin diqqətini çəkib və o, yeni dərmansız, qeyri-ənənəvi müalicə üsulları təklif edib. Qədim üsul sayılan - zəli ilə müalicəni elmi cəhətdən əsaslandıraraq bir sıra xəstəliklərin müalicəsində tətbiq etmək ideyası C.Ağakişiyev tərəfindən irəli sürülüb və müxtəlif maneələr olmasına baxmayaraq, keçmiş İttifaqda hirudoterapiyaya dair məlumatlar ilk dəfə ədəbi icmal şəklində Moskvada dərc olunub. Hirudoterapiya və akupunkturanın sintezi olan "hirudopunktura" termini elmə ilk dəfə C.Ağakişiyev və onun yetirmələri tərəfindən daxil edilib. Qadınlarda qalxan urogenital infeksiyaların törətdiyi fəsadların - salpinqooforitlərin və uretrogen prostatitlərin hirudopunktura ilə müalicəsinə görə ixtiraya dair Azərbaycan Respublikası Elm və Texnika Komitəsinin patentləri alınıb. Zöhrəvi mənşəli endometrit, salpinqooforit, prostatit, cinsi zəiflik sonsuzluq və s. müalicəsində hirudopunkturanın effektivliyi barədə dəfələrlə yerli və xarici mətbuatda elmi məqalələr, tezislər çap olunub, elmi-praktik konfranslarda çıxışlar edilib. Bu mövzulara dair C.Ağakişiyevin rəhbərliyi altında doktorluq və namizədlik dissertasiyaları üzərində tədqiqat işləri aparılıb və tibb zəlilərini bioloji aktiv nöqtələrə tətbiq etməklə səmərəli nəticələr əldə olunub. Bioloji ritmləri nəzərə almaqla genital herpesin, sklerodermiyanın, qaşınan dermatozların müalicəsində, Levandovski-Lyütsün ziyilşəkilli epidermodisplaziyasında, Bexçet xəstəliyində, Turan-Solanta-Qole sindromunda, Brokun psevdopellada xəstəliyində, trofiki yaralarda, çapıq və keloidlərin müalicəsində hirudoterapiya müvəffəqiyyətlə tətbiq edilib və hər bir təsadüf haqqında elmi məlumatlar oxuculara ətraflı çatdırılıb.
Daim yenilik axtaran professor C.Ağakişiyev təkcə dərman müalicəsi ilə kifayətlənməyərək fizioterapiya, palçıq və bitkilərlə müalicəyə də üstünlük verib. "Azərbaycanın vulkanik təpə palçıqları və ayaqların trofiki yarasında onların müalicəvi əhəmiyyəti" adlı kitabda həmkarları ilə birgə apardığı tədqiqat işinə yekun olaraq, palçıq müalicəsinin mühüm rol oynadığı aydın göstərilib. Şəkərli diabetli xəstələrdə aşağı ətrafların trofiki pozğunluqlarında maqnitoterapiya və Bio-Bim-660 aparatı ilə müalicə, xroniki uretrogen prostatitlərdə "Vitafon" mikrovibrasiyalı ultrasəs aparatı ilə palçıq müalicəsinin birgə tətbiqi, Buşke-Levenşteynin nəhəng kondilomasında fototerapiya üsulunun istifadəsi barədə məlumatlar professor İ.M.İsmayılzadənin anadan olmasının 100 illiyinə həsr edilmiş elmi-praktik konfransın materiallarında, Odessada çap olunan "Novoe v nauke i praktike" və Azərbaycanın "VİTA" jurnallarında öz əksini tapıb.
Professor C.Ağakişiyevin elmi yaradıcılığı hərtərəfli və çoxşaxəlidir. O, tədqiqatlar apararaq qurudulmuş tibb zəlisinin dispers tozunun infraqırmızı spektroskopiyasının nəticələrini öyrənib, sifilis əleyhinə vaksin tətbiqinin müasir vəziyyəti haqqında, xronohirudoterapiyaya dair mülahəzələr irəli sürüb. C.Ağakişiyev praktik həkimlər üçün "Kandidamikoz", "Demodikoz", "Ocaqlı alopesiyanın kliniki növləri, diaqnostikası və kompleks müalicəsi", "Ekzema və neyrodermitin kompleks müalicəsi", "Ekspress metodla seroloji diaqnostika", "Dermatoloji tədqiqatlarda tibbi-genetik metodların tətbiqi", "Qoturluq", "Qırmızı yastı dəmrov", "Sifilis xəstəliyinin müalicəsində ekstensillinin tətbiqinə dair" kimi dərs vəsaiti və metodik tövsiyələr işləyib-hazırlayıb.
Öz həmkarları ilə birlikdə yazdığı "Azərbaycanın vulkanik təpə palçıqları və ayaqların trofiki yarasında onların müalicəvi əhəmiyyəti", "Dəri və cinsi sfera xəstəliklərinin Azərbaycanın təbii amillərilə müalicəsi" kitablarında mineral sular, palçıq, naftalan, zəli müalicələri və fizioterapiya metodları haqqında geniş məlumat verilib. Həmçinin müəllifin Tibb Universiteti tələbələri və dermatoveneroloqlar üçün nəzərdə tutulmuş "Dermatologiya və venerologiya terminləri lüğəti", "Dəri və zöhrəvi xəstəlikləri" kitabları həkimlərin öz bilik dairəsini genişləndirmək üçün mükəmməl və sanballı əsərlərdir.
Alimin elmi fəaliyyətində başlıca yer tutan əsərlərin əksəriyyəti respublikada rast gəlinən və az təsadüf olunan xəstəliklərə həsr olunub. Patomimiyalar, psevdomisetoma, Sulsberger-Qarbe xəstəliyi, Şenlöyn-Qenox və Layella sindromu, yenidoğulmuşlarda Rubro nazii Yadassoni xəstəliyi, leyşmanioz, leyomioma, limfangioma, Elers-Danlos xəstəlikləri, Yadasson-Levandovski sindromu dərinin bazal və yastı hüceyrəli xərçəngi və s. haqqında elmi məqalələr yerli və xarici mətbuatda dərc oldunub.
Professor C.Ağakişiyev bu gün də əzmlə çalışaraq elmi fəaliyyətini müvəffəqiyyətlə davam etdirir. O, gənc mütəxəssislərin savadlı olmaları naminə onlara tələbkarlıqla yanaşır, öz bilik və bacarığını əsirgəmir, uzun illər təcrübədə topladıqlarını onlara səylə öyrədir. Rəhbərlik etdiyi "Sanam" assosiasiyasında yüksək səviyyədə keçirilən elmi-praktik konfranslarda müasir tibbin nailiyyətləri, yeni dərman preparatları və müalicə üsulları barədə dövri mətbuatda dərc olunan yeniliklər haqqında geniş məlumatlar verilir, diskussiya və müzakirələr aparılır. Professor C.Ağakişiyev assosiasiyada çalışan hər bir mütəxəssisi mədəni, işinə diqqətlə və məsuliyyətlə yanaşan, öz üzərində işləyən, daim ucalığa can atan yaradıcı bir şəxs kimi görmək istəyir. Onunla çiyin-çiyinə çalışan hər kəs məhz belə keyfiyyətlərə malik olmalıdır.
Mark Avreliyə görə, ən yüksək elm - müdriklikdir, ən yüksək müdriklik isə xeyirxahlıqdır. "Elm sahiblərini elminin çoxluğu ilə deyil, əməllərinin faydalılığı, əxlaqının saflığı, özlərinin xeyirxahlığı ilə sınaqdan keçirt". Adama elə gəlir ki, zəka sahibi Nəsrəddin Tusi bu sözləri məhz Cəlal müəllimin ünvanına söyləyib. Bəli, bu şəxs öz xeyirxahlığı ilə çoxlarına nümunə ola bilər. Şəxsən mənə göstərdiyi qayğı və xeyirxah əməllər üçün öz müəllimimə minnətdaram. Mən həyatda çox çətinliklərlə üzləşmiş, maneələrə rast gəlmişəm. Cəlal müəllim ömrün bu keşməkeşli yollarında mənim qolumdan tutaraq büdrəməyə qoymayıb, bir ata kimi öz qayğısını əsirgəməyib. Mən həmişə onun kimi mübariz, döyüşkən və optimist olmağa çalışmışam. Professor C.Ağakişiyev mənim üçün həyatda örnək ola bilən ideal bir insandır.
Cəlal müəllim qeyri-adi şəxsiyyətdir. Onun qeyri-adiliyi məhz digərlərinin görə və duya bilmədikləri bir çox şeylərdir. İncə qəlbli, fəlsəfi düşüncəli bu şəxs əxlaqi saflığı, yüksək estetik zövqü və ülvi insani hissləri özündə cəmləşdirən bir insandır.
Mən Cəlal müəllimi qayalarda vüqarla dayanan bir qartala bənzədirəm. Qartal, adətən, öz şikarını ovlamaq üçün səmadan sürətlə aşağı - torpağa sarı şığıyır. Ancaq mən belə istəməzdim. İstərdim ki, Cəlal Ağakişiyev heç kəsə əyilməyən və əqidəsindən dönməyən bir şəxsiyyət kimi yüksək zirvələrdə həmişə əzəmət və vüqarla dayansın!..