Artıq yay fəsli son akkordlarını vurmaq üzrədir. Bu o deməkdir ki, yeni tədris ilinin başlanğıcına sayılı günlər qalıb. Yəni çox keçmədən ölkənin bütün təhsil ocaqlarında yenidən həyat canlanacaq.
Təhsil haqqında çoxumuz yazırıq, hamımız bu mövzu ətrafında danışırıq da, fikirlərimizi bildiririk də, hətta mübahisə də edirik. Belə demək olarsa, günümüzün ən vacib məsələlərindən biri kimi qalan təhsil inkişaf, tərəqqi, sivilizasiya olaraq gələcəyin elə gələcəyi də deməkdir. Nəzərə alsaq ki, ilk yazı 7 min illik bir tarixə söykənir, deməli, tarixin bütün formasiyalarında özünəməxsus şəkildə inkişaf mərhələsi keçən təhsil cəmiyyətin əsas dayağıdır. Dahi Nizaminin aforizmə çevrilən "Qüvvət elmdədir başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz" misraları dediklərimizin bariz nümunəsidir. Bu gün müsbətləri çox vaxt etiraf edilməyən sovet quruluşunun mükəmməl təhsil sisteminin yetirmələrinin bilik və təcrübəsindən dünya xalqları hələ də yararlanır. Bu günlərdə çox yaxşı bələd olduğum natamam bir ailənin yeganə övladının birinci sinifdən sonra məktəbə getmədiyini eşidəndə, çox acıdım. Artıq 4-cü sinifdə oxumalı olan bu oğlan uşağı niyə təhsil sahəsinə xidmət edən qurumları maraqlandırmır? Hansı ki, sovetlər birliyində uşağını təhsildən yayındıran valideynlərə müvafiq cəzalar verilərdi. Bu haqda təhsil orqanları ciddi düşünməlidir.
Əgər söhbəti təhsillə başladıqsa, deməli, bu, təsadüfi deyil. Bu gün oxucuların görüşünə gələn müsahibimiz fizika elmləri doktoru, dosent, qabaqcıl təhsil işçisi, Azərbaycan Dövlət Pedaqoji Univesitetinin Quba filialının direktoru Yusif Alıyevdir.
- Təhsil və zaman... Bu iki məfhum arasındakı uzlaşma haqqında fikirlərinizlə söhbətimizə başlayaq...
- Qloballaşan dünyamızda texnoloji tərəqqi elə sürətlə inkişaf edir ki, bu iki anlayış arasındakı paralellik subyektiv fikir ifadəsindən o yana keçə bilməz. Təbii ki, burada zaman substantiv anlayışdır. Yəni zamanın mövcudluğu heç nədən asılı olmayan bir reallıqdır. Təhsil isə zamandan asılı olan və ona uyğun olaraq dəyişərək təkmilləşən sahədir. Bəşəriyyətin keçdiyi ictimai formasiyalarda təhsilin zamanla ayaqlaşması labüd idi. Eramızdan əvvəl mövcud olmuş Şumer, Roma, Yunan, Çin məktəblərindəki elm-təhsil yüzilliklər, bəzən minilliklər boyu dəyişmədən vahid formada tədris olunub. Lakin sənaye inqilablarından sonra elm və təhsildə zaman müddəti çox da uzun sürməyib. Çünki ucuz əmək qüvvəsi, az kapital qoyuluşu ilə yüksək mənfəət götürmək marağı insanı zamanı qabaqlayacaq texnologiyalara doğru addım atmağa vadar etdi. İlk buxar maşınının kəşfindən 80 il sonra enerjinin mexaniki əldə edilməsi ilə ikinci sənaye inqilabı baş verdi. Bundan 120 il sonra isə istehsalatda məhsulların avtomatlaşdırılması üçüncü sənaye inqilabına gətirib çıxardı. İndi isə elmi texnoloji inkişaf zamanı qabaqlayaraq dördüncü sənaye inqilabına keçid edib, yəni insan əməyindən maksimum istifadə etməklə, yeni robotlaşdırılmış sənaye. Ona görə də təhsillə zaman mütləq mənada uzlaşmalıdır deyə, bir iddiada ola bilmərik.
- Müstəqillik dövründən sonra sovet təhsil sistemindən qərb modelinə keçid və bunun zəruriliyi...
- Sovet dönəmində təhsil almış yaşlı nəslin yeni təhsil çağırışlarına, islahatlara adekvat reaksiyası birmənalı olmadığından, bəzən cəmiyyətdə nostalji düşüncələr hakim olur. Sovet təhsil sistemi özü də dünya təhsil sisteminin tərkib hissəsi olub və zamanında müəyyən uğurlara imza ata bilib. Lakin Avropa təhsil modelindən götürülən bu sistem müəyyən ideoloji və sistematik dəyişikliklər sayəsində plastik deformasiyaya uğradığından yenilikləri qəbul edə bilmədi və inteqrasiyadan geri qaldı. Nəticədə imperiya ilə bərabər, sovet təhsil modeli də yıxıldı. Bugünkü Azərbaycan təhsilində mövcud olan ziyanlı stereotiplər və onlardan qopa bilməmək kimi şablonlar da, sovet təhsilindən qalma "yadigar"lardır. Bir sözlə, təhsildə qərb, şərq kimi anlayışlar artıq öz aktuallığını itirib. İndi təhsilin vahid dünya modeli var. Azərbaycan təhsili də mütləq şəkildə inteqrasiya edərək, dünya təhsil sisteminə bəşəri töhfə verdiyi qədər də milli qazanc götürə bilir.
- Təhsil cəmiyyətin sütunudur və bu sütunun iki görünən tərəfi var - öyrədən və öyrənən. Bir az öyrədəndən danışaq, yəni müəllimdən...
- Ulu öndər Heydər Əliyevin dillər əzbəri olan bir deyimi var: "Təhsil millətin gələcəyidir". Təhsil bildiklərimizin bilmədiklərimiz üzərində qurulmuş təmas sərhədidir. Təhsilə heç bir mütəxəssis tərəfindən konkret tərif verilməsi mümkün deyil. Çünki bu gün bir şəkildə ölçülə bilən bilik meyarı sabah dünənkinə nisbətdə kəskin dəyişir və hətta özündən öncəkini inkar edir. Belə demək olar ki, təhsil bilik, bacarıq və xarakterik xüsusiyyətlərin birindən digərinə ötürülməsidir. Təhsil, elmi öyrədənlər tərəfindən öyrənənlərə çatdırılaraq mənimsədilməsi sayəsində biliyə çevrilir. Bu işi mükəmməl şəkildə yerinə yetirən qeyri-adi qüvvə isə müəllimdir. Müəllimin öyrətmiş olduğu biliklərlə təmin edilmiş öyrənci daha böyük işlər görür və qısa bir müddət sonra öz müəllimindən bir qədər də üstün biliklərə sahib olur. Ona görə də hər bir müəllim öz adına hörmət qazanmaq üçün cəmiyətdən rəhm diləməli deyil, daima öz üzərində ciddi çalışaraq, elmi tərəqqinin tələbləri daxilində tələbələri ilə ayaqlaşmağı bacarmalıdır. Bax, onda cəmiyyət müəllimə bir toxunulmazlıq kimi baxacaq.
- Azərbaycanda pedaqoji kadrlar hazırlayan qocaman bir təhsil ocağı var - ADPU və hətta bölgələrdə onun filialları da var. Hər il yüzlərlə gənc müəllim diplom alır, amma çox zaman işsiz qalır...
- Pedaqoji kadr hazırlığı ilə təkcə ADPU və onun filialları deyil, ölkəmizin bir çox ali təhsil müəssisələri məşğul olur. Burada hər bir təhsil ocağı eyni zamanda rəqibdir. Əslində belə də olmalıdır, çünki hər bir sağlam ortamı rəqabət mühiti formalaşdırır. Belə bir mühitdə isə kəmiyyət artdıqca, keyfiyyətə cidii diqqət edilir. Son illər belə bir məqamın şahidi oluruq. MİQ imtahanlarında vakant müəllim ştatının qazanılmasında hər bir universitet öz nüfuzu naminə məzununun uğur qazanmasında da maraqlıdır. Deməli, rəqabət çoxdursa, seçilən namizədin üstünlüyü daha yüksək olur. Özümüzdən misal çəkim: Vaxtilə filialımızdan MİQ imtahanlarında 5-6 məzun iştirak edirdisə, bu il 78 məzunumuz bu imtahanlara qatılıb. İşsizlik məsələsinə də münasibətimi bildirim. Dünyada bütün məşhur universitetlərinin reytinq sıralamansındakı yeri məzunlarının iş tapmaq statistikası ilə də qiymətləndirilir. Deməli, bu, dünyanın bütün ali təhsil ocaqlarının problemidir. Yaxın gələcəkdə Azzərbaycan ali təhsil müəssisələrinin hər biri sərbəst təhsil proqramına sahib olduqdan sonra bu proseslər daha aktiv fazaya keçəcək. Yəni tədris olunan istənilən tədris proqramı öyrənmə və qiymətləndirmə təcrübələri ilə uyğunluq təşkil etməlidir. Bunun üçün də yeni qiymətləndirmə metodları hazırlanmalıdır ki, tələbələrin tədris boyu nəticələri və fəaliyyəti qiymətlənmiş olsun. Belə yanaşmalar həllini taparsa, ali məktəbləri rəqabətə davamlı, savadlı və bacarıqlı məzunlar bitirəcək ki, onların da iş tapmaq kimi şansları və üstünlükləri artmış olacaq.
- MİQ imtahanlarına toxunduz. Universiteti pedaqoji kadr kimi bitirmiş ali təhsilli müəllimlər yenidən MİQ imtahanından keçir. Belə çıxır ki, müəllimin aldığı təhsilə və diploma bir inamsızlıq var...
- Diplom heç də namizədin bilikli, bacarıqlı, savadlı olmasının tam göstəricisi deyil. Diplom daha çox sahibinə növbəti mərhələyə keçid üçün bir təminatdır. Əgər dövlətin 4-5 il xərc çəkərək oxutduğu tələbə sonda hədəf olan peşəyə - müəllimliyə tam hazırdırsa, onun hansısa MİQ prosesindən qorxmasına gərək yoxdur. Dövlət də təsadüfi halların qarşısını almaq üçün öz məzununu bir daha yoxlayaraq, sınaqdan keçirib növbəti mərhələyə buraxır. Bu prosesin özündə belə müsbət nüanslar var. İmtahanlardan savadı, biliyi, bacarığı ilə yanaşı, ünsiyyətcil göstəriciləri olan iddiaçılar keçərək müəllim olurlar. Bəzən ictimaiyyət arasında sarsıdıcı mövqedə olan insanlar cəmiyyəti bu proseslərə kökləmək əvəzinə, daha da alovlandırıcı etirazlar doğururlar. Nəzərə almaq lazımdır ki, MİQ formasında olan imtahanlar dünyanın əksər ölkələrində mövcuddur və Azərbaycan da onlardan biridir. Diplomu olan məzun MİQ imtahanından keçmədikdə növbəti il hansı yöndə axsadığını, zəif olduğunu bilir və daha ciddi hazırlaşır. Biz hər şeyin daha asan əldə edilməsini istədiyimizdən belə ciddi tələblərə müqavimət sərgiləyirik. Amma istər diaqnostik qiymətləndirmənin, istər sertifikasiya və MİQ imtahanlarının keçirilməsi məktəblərdəki problemlərin həlli istiqamətində həyata keçirilmiş uğurlu işlərdən hesab edilməlidir.
- Bir filial direktoru kimi etdiyiniz yeniliklər...
- İlk olaraq onu qeyd edim ki, hər birimiz ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyilə həyata keçirilən uğurlu təhsil siyasətinin inkişaf etdirilməsinə xidmət edirik. ADPU-nun Quba filialı komandası olaraq daim öz işimizi ənənələrə sadiq qalaraq müasirliyə, yeniliyə, beynəlmiləlçiliyə açıq istiqamətdə qururuq. Filialımızda təhsilin keyfiyyətinin möhkəmləndirilməsi, təlim-tərbiyənin yüksəldilməsi, elmi-tədqiqat işlərinin artırılması, kadr potensialının gücləndirilməsi sahəsində ciddi və əməli işlər görülmüşdür ki, bunlar da artıq öz bəhrəsini verməkdədir. Maddi-texniki bazanın yenilənməsi, ixtisaslaşdırılmış auditoriyaların qurulması, dərs otaqlarının təmiri, tələbələrin asudə vaxtının təmin edilməsi üçün düşüncə klublarının yaradılması, şəhidlərin adına auditoriyaların təsis olunması da filialımızın gördüyü işlər sırasındadır. Tələbələrin təhsilə olan stimulunun güclənməsi məqsədilə filialın Elmi Şurasının qərarına əsasən məbləği 100 manat olan Ulu öndər Heydər Əliyev adına təqaüd, hər birinin məbləği 50 manat olmaqla Fətəli xan, Abasqulu ağa Bakıxanov, Səməd Vurğun, Kübra Fərəcova, Badisəba xanım Köçərli, Nadir İbrahimov kimi klassiklərin və tanınmışların adlarına təqaüdlər təsis edilib. Son 4 ildə filialımızda mövcud ixtisasların sayı yeni açılmış ixtisaslar hesabına 6-dan 11-ə, tələbə sayı isə 800 nəfərdən 1150 nəfərə yüksəlib.
ADPU-nun Quba filialında Gənc alim və mütəxəssislər Şurası fəaliyyət göstərir. Ötən 4 il ərzində Şuranın 4 üzvü fəlsəfə doktoru elmi dərəcəsini, 2 nəfər dosent, 2 nəfər elmlər doktoru elmi adlarını alıb ki, bu da bizim kadr potensialının gücləndirilməsinə xidmət edir. Müxtəlif ali təhsil müəssisələrinin magistratura pilləsinə daxil olan məzunlarımızın sayı bir neçə dəfə artıb. Hər il filialın 1-2 məzunu xarici universitetlərin magistraturasına qəbul olunur. İnanıram ki, uğurlu işlərin gedişində filialımızın magistratura pilləsinin açılması öz müsbət həllinin tapacaq. Bütün işlərimizdə bir ailə üzvü olaraq bizə dəstək olan ADPU-nun rektoru, professor Cəfər Cəfərova, eyni zamanda filialın beynəlxalq əlaqələrinin yüksək şəkildə qurulmasında, mübadilə proqramlarında iştirak etməyimizdə ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynovaya dərin təşəkkürümüzü bildiririk. Son olaraq vurğulamaq istərdim ki, yaxın gələcəkdə biz Azərbaycan təhsilində baş verəcək daha böyük işlərin baş tutacağına ümid edirik.
Tamilla M-zadə