Gözəl şairimiz Vaqif Bayatlı Odər mənə "Bəy atlı şeirlər" adlı yeni kitabını göndərmişdir. Kitabla maraqla tanış oldum. Təzə, köhnə şeirləri oxuduqca çox illər bundan öncə o vaxt Vaqif Cəbrayılzadə imzasıyla yazan şairin bir şeiri yadıma düşdü. Daha doğrusu, şeirindən bir bənd o uzaq illərdən bəri xatirimdəydi:
Yağışdan təzəcə çıxmış
Göyüzü kimisən
qonşu toyuna
On hasar o yana
oynayan uşaq
Qəribədir ki, bu misralar yaddaşımda tək şeir sətirləri kimi deyil, həm də bir filmin açıq səma altında çəkilmiş epizodu, işıq və musiqi dolu təsirli kadrları kimi qalıb. İndi, çox illər sonra Vaqif Bayatlının kitabını şeir-şeir oxuyanda mənə elə gəlir ki, misal çəkdiyim misralar onun bütün yaradıcılığına açardır, şairin dünyaduyumunun kodudur.
Kimdi o qonşu toyuna oynayan uşaq? Yetimdimi, ata-analıdırmı, kasıb, ya varlı ailədəndir, neçə yaşındadır? Bunlar önəmli deyil, vacib odur ki, bu uşaq kiminsə sevincinə qoşula bilir, özgəsinin şadlığını bölüşür, on hasar o yanda şənlənən insanların şad gününü öz şad günu kimi yaşayır.
Vaqif Bayatlının lirik qəhrəmanından on hasar yox, min kilometrlərlə aralı, sərhədlər, divarlar, hasarlar arxasında yaşanılan bir həyat var və bu həyatda insanlar yalnız şənlənmir, həm də əzab çəkir, kədərlənir, yaxınlarını itirirlər.
"Top, tank nəriltiləri, mərmi, mina, bomba gurultuları ucalmaqda olan" dünyada insanlar yalnız toy etmirlər, həm də insanlara toy tutulur. Amma Vaqifin lirik qəhrəmanı üçün nə ölüm-itim var, nə əzab-əziyyət. Çünki o, dünyaya saf, təmiz məsum uşaq gözüylə baxmağı bacaran şairlərdəndir.
Şübhəsiz, şairlər bir az da uşaqdırlar. Bəzən uşaq kimi şıltaq, dəcəl, cığal...
Bəzi uşaqlar da bəzi şairlər kimidi - ağlağan, çalışqan, dalaşqan, sataşqan.
Vaqif əmindir ki:
Hər bir uşaq həm hamıdan
dünyanı öyrənir
həm də hamıya dünyanı
sevməyi öyrədir
bütün insanlar uşaq olduqlarını
unutmuş uşaqlardır.
Uşaqlar məkrli, hiyləgər, xain olmur. Odur ki, şairin fikrincə, dünyada düzlüyün rəhni də elə uşaqlardır. Və dünyaya uşaqların gözüylə baxmaq - dünyanı düzgün görməkdir.
Bu dünyada pis insan yox,
ən qatı caninin də
nəysə gözəl cəhəti var,
sadəcə onu oyatmaq gərək.
Bu misralar - uşaq sadədilliyiylə, çocuq məsumluğuyla səslənmirmi? Yaxud belə bir qənaət:
Mən gizli dahilik görürəm hamıda
Qısaca desək, ya da
Hansı andasa dahiliyindən xəbərsiz hamı,
Hamı Allahın bir anlıq dahi Anı!
O Anı olmayan yoxdu bu dünyada...
Amandı Vaqif! Onsuz da hər kəs özünü dahi saydığı bu zəmanədə sən də hamının qoltuğuna dahilik verib yazıqları xumarlandırma, şirnikdirmə.
Başa düşürəm ki, bu da saf, məsum uşaq ovqatından gəlir - hamını yaxşı, hamını xoş niyyətli, hamını eyibsiz görmək istəyi anlaşılandır. Amma bu eyforiyadan oyanmaq, xülyalardan ayılmaq da var axı və bu oyanış bəzən çox acı olur.
Ziddiyyətlərlə dolu dünyada uşaqlara özəl münasibət təbiidir.
Çiçəklərin
Bir də uşaqların gözləridi
Dünyada ən iri gözlər,
Böyüklərçün ən anlaşılmaz sözlərdi
Uşaqların çiçəklərə,
Çiçəklərin uşaqlara dediyi sözlər.
Ayıq başla baxanda həyatın ötücülüyünü, uşaqlığın keçiciliyini də görürsən.
Söykənmisən uzaq bir pəncərəyə
O sevgili üzün, o şəkil üzün
donub pəncərədə ay işığı tək
bir qəmli sevginin yaraşığı tək
O sevgili uşaq, o şəkil uşaq
İndi sirr içində dayanıb durur
Bircə il, beşcə il, keçəcək illər
Solacaq könüllər, donacaq gözlər
Göylərin altında yaddan çıxacaq
O sehirli üz də, o pəncərə də
Uşaq böyüdükcə, illər dəyişdikcə
o sehirli üz də, o pəncərə də
bir başqa uşağa göründü bəlkə.
Vaqif Bayatlı Molla Pənah Vaqifdən fərqli olaraq dünyanın əzabını toy-bayram kimi görmür, amma qoca Vaqifdən fərqli olaraq çağdaşımız Vaqif: "Ürəyin bərk ağrıyan zaman uşaqlara bax, uşaqlara"... - deyir. Yəqin ki, uşaqlar uşaq yaşında Vaqif Bayatlı indi yazdığı şeirlər kimi şeir yaza bilsəydilər, bu misraları yaradardılar:
Bağışlayın, mən nifrət edə bilmirəm
Mən ancaq sevə, sevdirə bilirəm.
Özgə toyuna oynayan uşaq haqda şeirdən çıxış edərək mən Vaqif Bayatlının yaradıcılığında çocuq mövzusunun ən müxtəlif çalarlarından bəhs etdim. Təbii ki, şairin mövzu palitrası daha əlvan, daha çoxrənglidir. Bu mövzu bolluğunda ən çox şeirə çevrilmiş mətləblər vətən, sevgi, şeir və şairlik, son illərdə isə Allah və dini motivlərdir.
"Azərbaycanı babəkləşdirməyə cəhd edən Ənvər Məmmədxanlıya" ithaf etdiyi şeirdə yazır:
Əsl döyüşçüyə səngəri qəfəs!
Düşmən səngərini al, sarı yarama
Döyüş o səngərdə döyüşdü ancaq
gedib qayıtmasa, aldığın nəfəs
nəfəsi ölümdən geri almağa
ölümün üstünə yürüşdü ancaq.
Bizim günlərdə 44 günlük zəfər savaşımızdan və sentyabrın son günlərində 23 saat sürən uğurlu antiterror tədbirlərindən sonra Vaqif Bayatlının bu misraları daha da aktual, daha da inamlı, daha da ötkəm səslənir.
Vətəndən yazanda ən patriotik ruhlu şeirlərində belə Vaqif uşaqları unutmur: "Bu dalğalanan çocuq min bayraqdan da daha gözəl yaraşır göyə" deyir.
Yaxud:
Böyüklər bezdirir səni
Sən ancaq uşaqlara bax
Bayraqlara da çox baxma
Göylərdə ruhlar arasında
Çoxu çox ruhsuz görünür
Çox dövlətin özü yerdə
Bayrağı göydə görünür
Son illərin şeirlərində daha çox təsəvvüf fəlsəfəsi, panteist dünyagörüşü önəmli yer tutur, Səttar Bəhlulzadəyə həsr olunmuş şeirdə belə misralar var:
Çox ölüm-ölüm deyirlər
Elə bilirlər ölümə gedir
hər torpaq altına gedən
aldadammaz qara torpaq bizi
nə tikanı, nə gülüylə,
nə yaşılı, nə alıyla
Biz yarı mələk, yarı insan
yarı şeytan
yarı bu dünyada
yarı başqa dünyada.
Bir çox şeirlərində Vaqif Bayatlı məhz iki dünyanın şairi kimi görünür. Ona da əmindir ki, "Ölümdən sonra başlar şair ömrü".
Vaqif Bayatlının bir sıra şeiri dediyim kimi, şairlərə və şeirə həsr olunub. Şairləri bu dünyada, küçədə, bayırda, evdə, eşikdə, oğul, qız yanında, ata yanında qərib görür... Bu gün hər yetən şairlərə, yazıçılara sataşmağı, söz atmağı müqəddəs vəzifəsi saydığı zaman Vaqif Cəbrayılzadənin çox illər öncə yazdığı sərrast misralarını yaxşı xatırlayıram:
Gözlər hədəqədə, ölüm sinədə,
Alın yazısına, qara günə də,
Bazarda soğanın qiymətinə də
Bir bəhanə gərək, bir bayıs gərək
Güllələyin şairləri
Vaqif Bayatlıya anam Nigar Rəfibəylinin xatirəsinə həsr etdiyi təsirli şeir üçün də minnətdaram:
Köçən sonuncu bəy qızıydı bəlkə
Sonuncu bəy oğlu da köçəcək
ölür ağalıq
ancaq ağalıqla ağayanalıq da öləcək,
Anar! Ömür yolunun
bir az qəmli təkrarıdı
qəbiristanlığa gedən yol
göz yaşıyla başlayır
göz yaşıyla bitər.
Bir azdan Nigar xanım
dünyadan qalxınca -
yuxusundan diksənəcək Rəsul
yanında görməyəndə Nigarı
enəcək çiynini uzaqdan gedən
tabutun altına verməyə...
Vaqif Bayatlının həm təhlil olunmalı, həm tərif olunmalı şeirləri çoxdur, amma bu sözlərini də unutmuram:
güldürmək üçündü
öldürmək üçündü yalançı tərif!
Elə doğruçu tərif də həddini aşanda yersiz olur. Odur ki, Vaqif Bayatlı Ödərə həsr etdiyim bu kiçik yazını təriflə bitirmək istəmirəm, yalnız görkəmli şairimizi ən səmimi sözlərlə, ən qəlbdən gələn duyğularla 75 yaşı münasilətiylə təbrik edirəm. Şərəflə yaşanmış sənətkar ömrünün yeni beşilliklərində də onun beləcə heç kəsə bənzəməyən insan kimi, qəlbinin uşaqlıq təravətini qoruya bilmiş şair kimi qalacağına inanıram...
Vaqif Bayatlıdan gətirdiyim son sitatlar:
Əslində mənim əsas işim yazmaq deyil
Hər gecə ulduzları saymaqdı.
həm də göy üzündən küsən, inciyən
qopub düşən ulduzları tapıb
göy üzüylə barışdırıb
öpüb yerinə qoymaqdı.
Bu, sırf uşaq arzusudur. Uşaqlıqda gecələr ulduzları sayan çocuq böyüyəndə səmaya teleskopla baxırsa, astoronom:
"Məmləkətmi, yıldızlarmı,
gəncliymmi daha uzaq"
- deyə düşünürsə, şair olur. Nazim Hikmətin bu misralarına Vaqif Bayatlı Ödərin də sətirlərini əlavə edək:
Əslində bu dünyada hamı uşaqdır -
Böyüklər sadəcə bir az böyümüş uşaqlar,
balacalar balaca uşaqlar...
sentyabr 2023