Məqsud Şeyxzadə 1908-ci ildə Tiflisdə dünyaya gəlmişdir. Ədəbi fəaliyyətinə keçən əsrin iyirminci illərində Azərbaycan şairi kimi başlamış, faciəli taleyinin keşməkeşləri nəticəsində ömrünü 1967-ci ildə Daşkəndə özbək şairi və dramaturqu kimi başa vurmuşdur. "Daşkəndnamə" adlı dastanında belə misralar var:
Ömrüm bina oldu Azərbaycanda
Keçdi çoçuqluğum o gül məkanda.
Nizami vətəni, Gəncə ölkəsi
Ruhuma doldurdu şeir həvəsin.
(özbəkcə yaşılmış bu misraları dilimizə mən uyğunlaşdırdım - A.)
Məqsudun atası Məsum Şıxlıyev Tiflisdə tibb məktəbində oxumuş, sonra Ağdaşa köçərək həkim kimi çalışmışdır. Şairin anası Fatma xanım da Tiflisdə qızlar liseyinin məzunu olmuş, 1920-ci illərdə Ağdaşda qadınların maariflənməsi sahəsində xidmət göstərmişdir.
Məqsud Şeyxzadə Ağdaşda ilk müəlliminin Muxtar Əfəndizadə adlı bir bilim adamı olduğunu göstərir. Şair haqqında "Maqsud Şeyxzadənin bədii yaradıcılığı" (Bakı, 1980) adlı kitab yazan və onun bir çox əsərlərini dilimizə çevirən Xəlil Rzanın verdiyi məlumata görə, Muxtar Əfəndi bir çox Azərbaycan ziyalılarını yetişdirmiş görkəmli maarifpərvər, Bakı universitetinin Şərq fakültəsində ərəb dili müəllimi və ərəb dili dərsliyinin müəllifi olmuşdur. Görünür, ərəb və fars dillərini bilən Məqsud da bu sahədə ilk dəsrlərini elə Muxtar Əfəndidən almışdır. Professor, doktor Şuayib Karakaş "Özbək ədəbiyyatı yazıları" kitabında qeyd edir ki, Məqsud 1920-ci ildə orta məktəbdə oxuduğu zaman Nəriman Nərimanov Ağdaşa gəlir. Nərimanovla görüşdə 12 yaşlı Məqsud öz şerini oxuyur:
Qızıl ordu namımız
İgiddir ünvanımız
Məzlumlar çox hərb edib
Halal olsun qanımız.
Nərimanov balaca şairi qucaqlayıb alnından öpür və şeiri "Kommunist" qəzetində çap etdirir. Bu, Məqsudun çap olunmuş ilk şeiridir.
Maqsud Ağdaşdan Bakıya gələrək təhsilini davam etdirir. Ali məktəbdə müəllimləri Hüseyn Cavid, Abdulla Şaiq olur. Gənc Məqsudda milli hisslərin, türkçülüyün oyanmasında müəllimlərin şübhəsiz, böyük təsiri olub.
Məqsudun Azərbaycan dilində yazdığı şeirlərindən biri "Türk milləti" adlanır Mən bu şeiri tərtib etdiyim "Min beş yüz ilin Oğuz şeiri" antologiyasına daxil etmişdim.
Kimsən, haralısan sorursan ey dost
Bir vaxt ərşə işıq saçanlar bizik
Köksümüz içində qaplanlar yatar
Himalay dağını aşanlar bizik.
Biz şirlərin, fillərin
Bağrındakı qüvvətiz
Əsgi yeni dinlərin
Anlatdığı millətiz!
Bir vaxt cilovamışıq at kimi Nili, Qanqı
Yaramıza basmışıq odlu, buzlu torpağı
Al günəşə tən durub türkün ulu bayrağı
Altay bizim, Qaf bizim, Ural bizim yolumuz
Dunay, Volqa, Selenqa, Kür, Yenisey qolumuz
Qarşımızı kəsməmiş nə qar, külək, nə də buz
Serbistana varmışıq, Türküstana keçmişik
Ən qədim bulaqların gözündən su içmişik
Yalnız torpaqlara yox, ürəklərə köçmüşük.
Torpağımız genişdir dibsiz səmalar qədər
Ovcumuzda Türkiyə, Əfqanıstan görünər
Hara getsək o diyar çiçəklərə bürünər
Biz otların, güllərin
Ruhundakı şəfqətiz
Əsgi, yeni günlərin
Anlatdığı millətiz!
Gəlin Çin Xivəsini xilas eyləyək Çindən.
Keçək qədim Heratdan, Buxaranın içindən
Orağı yaraq etsin, dönsün kəndli biçindən
Biz yuxulu başlarda
Mürgüləyən qüvvətiz
Əsgi, yeni dinlərin
Anlatdığı millətiz!
Bu şeirdən başqa, Məqsud Şeyxzadənin 20-ci illərdə vətənində Azərbaycan dilində yazdığı daha iki şeirini də Türkiyədə tərtib etdiyim "Min ilin yüz şairi" antologiyasına daxil etmişdim. Professor. dr. Ş.Karakaş yazır:
"Məqsud Şeyxzadənin bu illərdə yazdığı şeirlərindən üç dənəsi Yavuz Akpinar və azərbaycanlı yazar Anar tərəfindən hazırlanan antolojidə yayınlanmışdır", "Türk milləti" "Dərdimizin biri də" və Türkiyənin qəhrəman oğlu Mustafa Kamal yoldaşa" adın daşınan bu şeirlər milli həyəcanla yazılmış əsərlərdir.
Dərdimizin biri də
Gürcüstandan qaçmış və millətçilər (gürcü millətçiləri nəzərdə tutulur - A.) tərəfindən evi talan olunmuş qadın üçün.
Dəniz sahilində gördüm mən onu
Qəfildən başıma dünya dar oldu
Sanki Qara dəniz şahə qalxaraq
Lal bir gürultuyla köksümə doldu
Əl açmaq istədi
əli gəlmədi
Həyadan alışıb yanırdı üzü
Mənə: - Bəy əfəndim söyləyə bildi
Bir dastana döndü üç kəlmə sözü
Məsumdu qoynunda uyuyan körpə
Uşaq da kirimiş, susur, baxırdı
Onların gözləri qupquru, yaşsız
Mənimsə könlümdən qan-yaş axırdı.
Ey böyük Atilla bumudur nəvən?
Sərkərdə babanın tifil yavrusu
Uşaq düyümləyib sağ yumruğunu
Sanki türklüyündən son nişandır bu?
Üç manat verməyə üzüm gəlmədi
Bölüb parça-parça bağrımı verdim
Atasız balaya, ərsiz gəlinə
Qoşulub kədərlə bir xeyli getdim.
Aprel 1920
M.Şeyxzadənin məktəb arkadaşı Əkrəm Cəfər "əziz müəllimimiz, nur heykəli" Cavidi xatırlayaraq yazır ki, məhz onun təsiriylə Mikayıl Müşfiq və Məqsud Şeyxzadə Tofiq Fikrətin "Rubabi şikəstə"sinin dəlisiydilər, Namik Kamal, Əbdülhaq Hamid, Tofiq Fikrət onlarçün bir məbəd idi.
Ş.Karakaşın gətirdiyi başqa bir xatirəyə görə, Ağamalı oğlu Məqsudun oxuduğu təhsil ocağını ziyarət edərkən tələbələrdən hansı şairləri oxuduqlarını soruşur. "Yunis Əmrə, Ziya Göyalp, Əbdülhak Hamid" cavabını aldıqda bu cavabdan narazı qalır. "Azərbaycan klassiklərini - Vaqifi, Sabiri, Mirzə Fətəlini öyrənməlisiniz" - deyir.
Şeyxzadə 1925-ci ildə Darülmüallimindən məzun olarkən Dərbəndə müəllim kimi göndərilir. O illər tək qədim Azərbaycan şəhəri Dərbənddə deyil, ümumən Dağıstanda Azərbaycanın təsiri güclüydü, Dağıstan əhalisinin müəyyən hissəsinin azərbaycanlılardan ibarət olmasından savayı, bu ölkə xalqlarından kumıklar və noqaylar da türkdilli idilər. Türk dillərinin qıpçaq ailəsinə daxildilər.
M.Şeyxzadə qeyd edir ki, Dağıstanın çoxdilliliyi (36 dil) ümumi ünsiyyət dilininin olmasına ehtiyac duyururdu. Bu məsələnin çözümü üçün dörd variant təklif olunurdu: Respublikanın Dövlət dili rus dili, yaxud türk dili, yaxud ərəb (!) dili, yaxud da altı etnik qrupun dilləri qəbul olunsun.
Bu barədə M.Şeyxzadənin fikrini soruşanda belə cavab verib:
"Dağıstanda hanki dil dövlət dili ola bilər? - sorusu ortaya atıldıdığı günlərdə mən: bizim Azərbaycan dilinə çox yaxın olan kumık və noqayların türk dilləri dövlət dili olaraq qəbul edilirsə, bu, Leninist siyasətə tamamən uyğun olar - dedim".
M.Şeyxzadənin bu illərdə Dağıstan və Azərbaycan mətbuatında çap etdirdiyi şeirlər Xəlil Rzanın fikrincə, Azərbaycan türkcəsindən ziyadə, Türkiyə türkcəsinə yaxındır. M.Şeyxzadənin Türkiyə heyranlığı Mustafa Kamala həsr etdiyi şeirdə də ifadə olunub:
Türkiyənin Kahraman oğlu Kamal yoldaşa
Arkadaşım sən yürüdün,
İngilisi məmləkətdən kürüdün,
Sənin adın tarixlərdə qalacaq
Qeyrətinlə millət həyat bulacaq
Qoy var olsun türkün şanlı əsgəri
Dönmə Kamal Paşa yolundan geri
Birincisi sənsən İslam elində
Xalq üçün hərb etdin silah belində
1921
Ş.Karakaşın yazdığına görə, M.Şeyxzadənin Dağıstanda mətbuat və maarif sahəsində fəaliyyəti Əthəm Feyzi Mustafaoğlu adlı bir Krım tatarıyla sıx bağlıdır. 1885-ci, ya 1886-cı ildə Krımda dünyaya gələn Əthəm Feyzi 1914-cü ilə qədər Türkiyədə, Bolqarıstanda və Fransada yaşamışdır. 1925-ci ildə Dağıstana gəlmiş, Buynak şəhərində coğrafiya müəllimi olaraq çalışmağa və "Maarif yolu" dərgisini çıxarmağa başlamışdır. Şeyxzadə Buynakda onunla eyni məktəbdə işləmiş, onun dərgisində çap olunmuş və "hürr dünyanı" görüb hər şeydən agah olan, bolşeviklərin Krımdakı cinayətlərini öz gözləriylə görmüş bu adamın gənc Məqsuda güclü təsiri təbiidir. Və bu təsir Məqsuda baha başa gəlmişdir.
1927-ci ildə Buynakda Ethəm Feyziylə birlikdə Məqsud Şeyxzadə də antisovet fəaliyyətlərinə görə həbs edilir. Amma cəzaları qəribə olur. Məhkəmənin qərarına görə, Məqsud 9 ay Mahaçqalada məhbəsdə yatandan sonra Moskva, Leninqrad, Kiyev, Xarkov, Tiflis və Bakıdan başqa hər hansı şəhərə sürgün edilməlidir. Anasının məsləhətiylə sürgün yeri kimi Daşkəndi SEÇİR (?!). 1928-ci ilin fevral ayında cəzasını çəkmək üçün Özbəkistana yola düşür.
Azərbaycan şairinin özbək şairinə çevrilməsi bu dövrdən başlanır.
M.Şeyxzadə Daşkənddə Aybek və Qafur Qulam kimi gənc şairlərlə tanış olur, özbək dilini mükəmməl öyrənir, bu dildə şeirlər, poemalar, pyeslər yazmağa başlayır,
1929-cu ildə "Traktor" adlı özbək dilində yazdığı ilk şeiri "Şərqin həqiqəti" qəzetində çap olunur.
Qısa bir müddətdə Məqsud Şeyxzadə şeirləri və tarixi dramlarıyla ən məşhur özbək yazıçıları sırasında layiqli yerə sahib olur.
1932-ci ildə sürgün müddəti bitdiyində ailəsiylə görüşməkçün Azərbaycana gəlir. Kim bilir, vətənində qalsaydı, 37-ci ildə taleyi necə olacaqdı? Hər halda artıq orda tanınmış bir şair kimi Daşkəndə qayıtmağa, ömrünü orda başa vurmağa qərar verir. Yeni vətənində başına nələr gələcəyini öncədən necə biləydi? Daşkənddə də Azərbaycan ədəbiyyatıyla əlaqələri kəsilmir. 1934-cü ildə Cəfər Cabbarlının "Od gəlini", Hüseyn Cavidin "Şeyx Sənan" pyeslərini özbəkcəyə çevirir, Nizami və M.F.Axundov haqqında məqalələr yazır.
Üç il sonra isə bütün sovet vətəndaşlarının, ilk növbədə türk xalqlarının, onların parlaq ziyalı zümrəsinin başına oyunlar açılır.
1937-ci il iyunun 9-da Moskvada Özbəkistanın partiya rəhbərlərindən Feyzulla Xocayev xalq düşməni kimi həbs edilir və güllələnir. Bundan sonra Feyzulla Xocayevə yaxın bilinən özbək yazıçıları həbs edilir. Fitrət, Çolpan, Abdulla Qədiri kimi məşhur müəlliflərlə bir sırada Ş.Karakaşın yazdığı kimi, yüzlərcə məsum yazar NKVD zindanlarında işgəncələrə məruz qalandan sonra güllələnirlər.
"Çolpan icadı" adlı şairi yüksək dəyərləndirən məqalə yazmış və böyük şairin M.Şeyxzadəyə "Sazını əlinə təkrar alan şairlərdən ulu Nəvai və Füzulinin vətəndaşı olan Məqsud Şeyxoğluna" ithafıyla bağışladığı kitab, eləcə də tərcümeyi-halının sürgünlə nəticələnən Dağıstan dövrü yetərdi ki, Məqsud Şeyxzadə də bu yüzlərlə biçarənin qədərini bölüşsün. Məqsud Şeyxzadə möcüzəylə o illərdən salamat çıxıb. Doğrudur, özü də zirək tərpənib. Yay tətili bəhanəsiylə Azərbaycana gəlmiş, əsgi vətəninə sığınaraq salamat qalmış, yalnız 1938-ci ildə təqiblər kampaniyası səngiyəndə Daşkəndə qayıtmışdır. Demə, M.Şeyxzadənin təqib və həbs aqibəti - hələ irəlidə - 50-ci illərdəymiş.
Alman faşistləriylə müharibə illərində sovet təbliğatına xalqların tarixi qəhrəmanlarını ibrət örnəyi kimi göstərən əsərlər gərək oldu, Rusiyada və başqa respublikalarda belə əsərlər yarandığı kimi, Özbəkistanda da Məqsud Şeyxzadə Monqol istilasına qarşı mübarizə aparan cəsur Cəlaləddin Məngübərdi haqqında pyes üzərində işləməyə başlayır. Bu təşəbbüs rəsmi dairələr tərəfindən də dəstəklənir. Yazıçı Fərqanəyə, gözəl bir bağ evinə göndərilir, xeyir-dua verilir: "Başqa işlərlə məşğul olma, xalq sənin Cəlaləddin haqqında əsərini gözləyir, ən qısa zamanda bitir".
Müəllif əsəri vaxtından əvvəl tamamlayır və 1944-cü ilin dekabr ayında Həmzə adına teatrda pyesin premyerası böyük uğurla baş tutur. Amma 1946-cı ilin oktyabr ayında Partiyanın verdiyi qərarla "feodal keçmişi idealizə edən" zərərli əsər kimi səhnədən götürülür. İş ondadır ki, artıq alman faşizmi yenilmişdi, daha keçmişin qəhrəmanlarının örnək göstərilməsinə ehtiyac qalmamışdı. Əksinə, belə örnəklər xalqın şüurunu zərərli istiqamətə yönəldə bilərdi. Həm də 1946-cı ilin avqustunda Mərkəzi Komitənin "Zvezda" və "Leninqrad" jurnalları haqqına kəskin qərarı ədəbiyyatda hər hansı "zərərli təmayüllərə" qarşı mübarizənin başlanmasına işarə idi. Məşhur bir ifadə var: Moskvada dırnaq tutanda respublikalarda barmaq kəsirlər. Bəli, bu çanaq Özbəkistanda biçarə Məqsud Şeyxzadənin başında çatlamalı idi. 37-ci ilin ölüm tuzağından xilas ola bilmiş yazıçı 1952-ci ilin qurbanına çevriməliydi. 1937-ildə olduğu kimi rəsmi təqibdən və məhkəmə qərarından əvvəl yazıçını "ifşa" edən danoslar mətbuata çıxarılır.
Təbii ki, dərhal iclas da çağrılır və Şeyxzadənin əleyhinə çıxışlar başlanır.
Aybekdən sonra Yazıçılar İttifaqının sədri seçilmiş şair Uyğun Şeyxzadəni əlüstü təşkilatdan çıxarır.
Bundan sonra Şeyxzadənin ətrafında kimsə qalmır.
Bütün qapılar üzünə bağlanır.
Aybek və Qafur Qulam kimi şair və yazıçılar başını qara bulutlar almış dostlarını ziyarət etsələr də, bir çox başqa əhli-qələm Şeyxzadəyə salam verməyə belə qorxur.
1952-ci il sentyabrın 20-də M.Şeyxzadə həbs edilir.
Aybekin həyat yoldaşı Zərifə xanım xatırlayır ki, ərinin yaxın dostu olan Məqsud Şeyxzadənin şəhərin mərkəzin də çox otaqlı gözəl bir mənzili varlı, Şeyxzadə tutulan kimi Yazıçılar İttifaqının o vaxtkı sədri Uyğun Şeyxzadənin ailəsini o evdən çıxartdırır. Boşalmış evə kim sahib olsa yaxşıdır? Uyğun və ailəsi. Məqsud Şeyxzadəni nədə günalandırırdılar? Millətçilikdə, feodal keçmişi idealizə etməkdə, xalqlar arasında nifaq salmaqda və əlbəttə, türkçülükdə.
M.Şeyxzadə özbək xalqının feodal keçmişini idealiz etmədə, Cəlaləddini milli qəhrəman kimi qələmə verməkdə günahlandırılmalarla razılaşır, amma xalqlar arasında nifaq salmaq, bir xalqın başqasına qarşı qoymaq iddiasını qəbul etmir. Türkçülüyə gəldikdə isə, Türk ədəbiyyatına hörmət bəsləmədiyini sadəcə Nazım Hikmət kimi qabaqcıl dünyagörşlü şairi bəyəndiyini söyləyir. 1953-ci il yanvarın 12-14-də baş tutan məhkəmə iclaslarında M.Şeyxzadəyə 25 illik həbs cəzası vəcəzanı çəkdikdən sonra 5 il seçki hüququndan məhkum olmaq hökmü çıxarılır. Bu vaxt Məqsud Şeyxzadənin 45 yaşı vardı. Deməli, cəzasının bütün müddətini çəkməli olsaydı, yetmiş yaşında seçib seçilmək hüququndan da 75 yaşına qədər məhrum olunacaqdı. Amma necə deyirlər, sən öz saydığını say, gör fələk nə sayır. Yəni məhkəmə saydığını saysın, bu hökmdən düz əlli gün sonra İlahi məhkəmə Stalinə ölüm hökmü kəsir.
Və Maqsud Şeyxzadə də az sonra azadlığa çıxır. Amma bu məhbəsdən qurtulan Məqsud Şeyxzadə əvvəlki Məqsud deyil.
Öldürə bilməmişdilər, sındıra bilmişdilər. Bundan sonra "Daşkəndnamə" adlı uzun şeiri Daşkənddən daha çox Rusiyanın Türküstanda əldə etdiyi zəfərin tərənnümünə həsr olunub. 1959-cu ildə yazdığı "Rusiya qəsidəsi"ndə Rusiyanı tərənnüm etməyini özünün müqəddəs borcu sayır, bu borcu ödəməsə, özünü nankor sayacağını deyir. 1960-cı ildə yazdığı "Minnətdarlıq beytləri" adlı şeirində rusları "qardaş, ağa" olaraq dəyərləndirir və rusların sədaqəti, ağlı və mübarizə ruhuyla başqa xaqlara örnək olduğunu iddia edir. Vətən torpağının Rusiyaya könüllü qatıldığına israr edir.
Bu yazıları Məqsud Şeyxzadənin sürgünlərdən və həbslərdən betər mənəvi faciəsidir.
İyirmi aya qədər sürən məhbus həyatı səhhətinə sağalmaz zərbə vurur və 1967-ci ilin 19 fevralında xəstəxanada keşməkeşli həyatıyla vidalaşır.
Amma hansı ilahi qüvvəsə, iki xalqın bu istedadlı və bədbəxt şairini dünyadan nakam getməsinə imkan vermir. Bütün əzab-əziyyətlərindən, məcburi güzəştlərindən, boğazdan yuxarı yazılmış şeirlərindən sonra qəlbinin istəyiylə böyük alim və hökmdar haqqında "Mirzə Uluqbəy" pyesini yazır. Pyesin son pərdəsində Uluqbəyin dediyi son sözlər belədir:
Bu vətəndə şəhid olmaq ali səadətdir.
8-9 yanvar 2024