Payız elə yenicə taxtına oturmuşdu ki, hökmranlığını göstərdi, dünənə qədər davam edən mülayim havanı qovub, üzünü bozartdı. Gah külək əsdirdi, gah da yağış yağdırdı. Təbiəti əməlli-başlı titrətdi. Elə bil “baxın, gəlmişəm, mən bütün fəsillərdən güclüyəm, elə bilirdiniz həmişə bahar-yay olacaq?” - demək istəyir, gur-gur guruldayırdı. Tez-tez buludları toqquşdurur, şimşək çaxdırır, yeri-göyü suya-selə qərq edirdi. Ağaclar həyatdan küskün görünürdü, saralıb yarpaqlarını tökməyə başlamışdı. Bir müddət əvvəl yaşıllığı göz oxşayan ağaclar hər gün daha da çılpaqlaşır, yaraşığını itirirdi. Payız yerdə rəngbərəng yarpaqlardan xalı toxuyurdu. Payız xalısı yun sapdan toxunmuş xalçadan çox-çox fərqlənirdi, bu xalının üstündə səssiz gəzmək mümkün deyildi, insan ayağı dəydikcə səs salır, xışıldayırdı. İnsafən, xəzan adamlara ləzzət edirdi, ruhunu oxşayırdı.
Deyirlər, pis fəsil yoxdur, hər fəslin öz gözəlliyi var. Deməzdim ki, mən də payızı sevmirəm, amma nədənsə xəzan çağı məni qayğılandırırdı. Ağaclara baxanda kefim pozulurdu, elə bilirdim ki, ağaclar gözəl donlarını soyunduqlarına görə məyus olur. Bilmirəm, mənə elə gəlir ki, diblərinə, yol kənarına səpələnmiş yarpaqlarını görən ağaclar çılpaqlıqlarından xəcalət çəkir, utanırdı. Ağaclar soyunmağa məcbur olduqca, insanlar əyinlərini qalınlaşdırırdılar. Payız girəndən göyün üzü heç açılmır, hər gün yağan yağış, çiskin insanların da əhvalını korlayırdı. Günəş də küsüb buludlar arxasında yerini möhkəmlətmiş, görünmək belə istəmirdi. Günəşə nə var ki, harada olsa, istisini, işığını özü ilə aparır. Yayda istidən gileylənən insanlara küsmüşdü bəlkə də. “Bir az da üşüyün, onda bilərsiniz qədrimi”, demək istəyirdi.
O gün axşamüstü yorğun-arğın işdən evə qayıdırdım. Avtobus dayanacağından evimizə qədər olan beş dəqiqəlik yol ucu-bucağı görünməyən kəndimiz kimi mənə bitməz-tükənməz göründü. Elə bil dünyanın bütün yükü çiyinlərimdə idi, daşıya bilmirdim. Əlimdəki iri çantalar da başıma bəla idi. Ayaqlarım sözümə baxmır, səndələyirdim. Hündür, dikdaban ayaqqabım əslində rahat idi, amma bu gün o da məni incidirdi, hərdən büdrəyirdim, az qalırdı yıxılam. Başım gicəllənir, ürəyim bulanırdı. Deyəsən, təzyiqim yüksəlmişdi. Evə tez çatmaq, rahatlanmaq istəyirdim. Hava qaşqabağını tökmüşdü, tez qaralmışdı, yenə yağmaq istəyirdi. Gözlərim göydə qalmışdı. “Bundan heç gözüm su içmir, yağacaq, yüz faiz yağacaq”. Külək gücünü yavaş-yavaş artırır, məni üşüdürdü. Plaşımın yaxasını qaldırıb, guya isinmək istədim. Xeyri olmadı. Soyuq külək məni dörd bir tərəfdən döyəcləyir, qovurdu. Buna yerimək yox, döyülə-döyülə irəliləmək desəm, daha düzgün olardı. Cəld özümü evə çatdırmalıydım. Çətirim də yoxdu, yağış yağsa, islanacaqdım. Qəfildən hava əməlli-başlı çöndü. Payız boz sifətini göstərməyə qərarlı idi. Cəld olmaq istəsəm də, əlimdəki ağır yüklə, yorğun addımlarla güclə irəliləyirdim. Başımda bir fikir fırlanırdı: “Bircə evə çatım”, vəssalam. Ac da olsam, yemək yemədən uzanıb yorğunluğumu almaq istəyirdim. İsti evimi təsəvvür etdikcə soyuq mənə daha çox təsir edirdi. Külək içimdən keçib, çölümdən çıxırdı, az qalırdı plaşımı əynimdən çıxarsın. Hirsli idim. Ətəyimi əlimlə topladığım bir vaxtda tərslikdən telefonuma zəng gəldi. Telefonu plaşımın cibindən çıxarmağımla göyün guruldamağı bir oldu. Elə bildim qulağımın dibində bomba partladı. Qorxudan aşağı əyildim. Bir anlıq ildırımın işığı yerə, ayaqlarımın altına düşdü. Çox qorxdum, özümü itirdim. İldırımın insanları vurduğunu eşitmişdim. Keçən il kəndimizdə bir kişini axşam vaxtı bostanda mobil telefonla danışarkən ildırım vurmuşdu. Adam yerindəcə keçinmişdi. Oxumuşdum ki, mobil telefonlara gələn siqnallar kifayət qədər güclü olduğundan o anda ildırımı özünə çəkə bilir. İkinci dəfə ildırım çaxanda qorxudan qaçmağa başladım. Yan-yörəmdəki insanlar da qaçışırdı. Telefon isə susmadan çalırdı, açmağa macal yox idi. Telefonumun işığı qaranlığı işıqlandırır, sayəsində ayağımın altını görürdüm. Birdən ağlıma gəldi ki, telefonu söndürməsəm, hər dəqiqə faciə baş verə bilər. Məni ildırım vurar. Tələsik əlimdəki çantaları yerə qoydum. Cəld mobil telefonu söndürüb, çantamın dibinə atdım. Qarşımda bina görünəndə bir az sakitləşdim, “şükür” deyib, var gücümlə binaya doğru qaçmağa başladım. Elə bu vaxt ildırım üçüncü kərə çaxdı və güclü leysan yağmağa başladı. Eyni anda göydən yerə, düz qarşıma ildırım sürətilə nəsə düşdü. Bu “nəsə” nə idisə, qaranlıqda seçə bilmədim və çox vahimələndim: “Bu nə idi belə, yoxsa göydən daş yağır? Başıma da düşə bilərdi”. Canıma üşütmə düşdü, ürpəndim. Yerə nə düşdüsə, cəld üstündən atılıb keçdim və bloka girdim. İldırım bir neçə dəfə nərildədi, şaqqıldadı, guruldadı. Yeri-göyü lərzəyə gətirdi, od-alov saçdı. Bağrım yarılmışdı, ürəyim bərk döyünür, nəfəsim kəsilirdi. Allahı çağırırdım. “Allah, sən özün qoru, kömək ol, mənə”. Çantamı açıb dərman çıxardım, dilimin altına “validol” qoydum. Heç nəyi görmür, heç nə hiss etmirdim. Üst-başım su içində idi, bununla belə, həm də tərləmişdim. Yerə düşən cism də məni narahat edirdi. Qarşıma düşən nə idi, görəsən? Ağlıma heç nə gəlmirdi. Əyilib o səmtə diqqətlə baxdım. Hava çox qaralmışdı və gözlərim zəif olduğundan yerə nə düşdüyünü uzaqdan görə bilmirdim. Buludlar toqquşur, göydən leysan tökür, dayanmaq bilmirdi. Aman Allah, mən hələ həyatımda belə yağış yağdığını görməmişdim. Ucundan tutub göyə qalxmaq olardı. Artıq hər tərəf yağışdan gölə dönmüşdü. İldırımdan çox qorxurdum. Binanlar çökəkdə olduğundan blokların qarşısıyağış suyu ilə dolmuşdu, gölməçələr körpə uşaq kimi iməkləyir, çağırılmamış qonaq kimi yavaş-yavaş içəri daxil olurdu. Gözümü getdikcə böyüyən gölməçəyə zilləyib öz dərdimə qalmışdım. Buradan necə adlayacaqdım? İndi keçməsəm, sonra çox gec olacaq və mən dizə qədər suya batacaqdım. Mənim günümdə olan və yağışdan daldalanmaq üçün mənimlə bərabər qonşu binanın blokuna girən qadın bayaq naməlum cismin düşdüyü yerə diqqətlə baxıb qəfildən səsləndi:
- Yazıq quş, yaralıdı, yağışınaltında öləcək. Bəlkə də ölüb. İldırım vurubsa, yüz faiz ölüb.
Elə bil yuxudan ayıldım. Bayaq qaçarkən qarşımda yerə düşənin quş olduğunu indi anladım. Uzaqdan diqqətlə quşun düşdüyü tərəfə baxdım. Quş tərpənmirdi, suyun içində hərəkətsiz qalmışdı. Ölmüş zənn etdim, çox baxa bilmədim, üzümü yana çevirdim. Quşa yazığım gəldi. “Ömrü buracanmış”... Amma içimdə rahat ola bilmədim. Elə bil bir səs mənə: “Axı sən həkimsən. Biganə qala bilməzsən. Bir gör nəfəsi var?” Quşun ölüb-ölmədiyini aydınlaşdırmaq və vicdan əzabından qurtulmaq üçün topuğa qədər gölməçəyə girdim. Onsuz da islanmışdım, islanmışın yağışdan nə qorxusu? Aşağı əyilib diqqətlə quşa baxdım. Göyərçin idi. Tərpənmirdi. Leysan var gücü ilə başıma yağırdı, çəkilmək istədim. Amma ürəyim gəlmədi. Bir də diqqətlə baxdım. Birdən sinəsinin yavaş-yavaş qalxıb-endiyini gördüm. Sağ idi! Bu, möcüzəydi. Əyilib ehtiyatla əlimi ona toxundurdum. Təmasımı hiss etdi. Güclə göz qapaqlarını qaldırdı. Nəfəsi ağır-ağır gedib-gəlirdi. İslanmış bədəni titrəyirdi. Halsızdı, çox halsızdı. Yerindən tərpənə bilmirdi. Hiss elədim ki, məndən qorxur, həm də yardım istəyir. Göz qapaqlarını yenidən yumdu. Onu ovcuma aldım. Qımıldanmadı, plaşımın islanmış ətəyinə bükdüm və qaçaraq bloka girdim. İşıqda gördüm ki, əllərim qana bulaşıb. Ətəyimi açdım, quşun sinəsindən dayanmadan qan gəlirdi. Çantamı açıb kağız salfet çıxarıb yarasına tutdum. “Gözləmək vaxtı deyil“ deyib, cəsarətimi topladım. Yağışın kəsməsini gözləsəydim, gec olardı. Əlimdə bir canlı can verirdi. Blokdan çıxıb öz evimə sarı yüyürdüm. Bir əlimdə ağır çantalar, digərində plaşımın ətəyinə bükdüyüm yaralı quş. İndi mən nə yağışdan, nə də ildırımdan qorxurdum. İldırım göydə guruldasa da, leysan başıma yağsa da, mənim indi bir missiyam vardı, bir can qutarmaq. Nə olursa-olsun, təcili özümü evə çatdırmalı idim. Mən yaralıya yardım etməli idim. Yolda ölsəydi, özümü bağışlaya bilməyəcəkdim. “Təki evə çatana qədər ölməsin, çıxmayan cana ümid çoxdur”, - deyə Allaha yalvardım. Yaralı quşu sinəmə sıxıb evə qaçırdım. Qonşu binaları ötüb həyətimizə çatdım. Tövşüyürdüm. Qaranəfəs bloka girib, 3-cü mərtəbəyə qalxdım...
Bir əlimlə açarı çantamdan çıxarıb qapını birtəhər açdım. Tələsik içəri girib çantalarımı qapının ağzına atdım. Ayaqlarımı havada silkələyib ayaqqabılarımı bir tərəfə tulladım. Birbaş hamam otağına yüyürdüm. “Onu ölməyə qoymayacağam” deyə, özümü ruhlandırdım. Başdan-ayağa su içində idim. Saçlarımdan axan su üzümə süzülürdü. Paltarım əynimə yapışmışdı. Əynimi dəyişməyə vaxt yox idi. Kranı açıb ləyəni ilıq su ilə doldurdum. Quşu ləyənə yaxınlaşdırıb ehmalca qanadlarına bulaşmış qanı yumağa başladım. Sonra yaralı bədənini, ayaqlarını yudum. Gözlərini açmasa da, titrəyirdi. Deyəsən, hərarəti də var idi. Tez dəsmala büküb hamam otağından çıxdım. Bütün bədənini qurulayıb, mətbəxdən dərman qutusunu götürdüm. Quşcuğazın yarası dərin deyildi, məlhəm çəkib sarıdım. Mətbəxt isti olduğuna görə ona elə ordaca xudmani yer düzəltdim. Qabağına nəlbəkidə su qoydum, çörək ovuntusu tökdüm. Gözünü belə açmadı. Elə bil ölmüşdü. Əlimi sinəsinə qoyub gözlədim. Ürəyi aram-aram, zəif döyünürdü. Bədəni də çox isti idi. Üstünə dəsmal örtüb mətbəxdən çıxdım. Çox yorulmuşdum, ayaq üstə duracaq halda deyildim. Yataq otaqına keçib əynimi dəyişdim və çarpayıya uzandım...
Yuxudan öz səsimə ayıldım. Deyəsən, qorxulu yuxu görmüşdüm. Yaxşı ki, ayıldım. Adyalı üstümdən atıb mətbəxə qaçdım. Gecə yatıb yuxumu yaxşıca almışdım. Nə baş verdiyini artıq anlayırdım. “Bircə ölməsin”. Quşu qoyduğum tərəfə baxdım. Üstünə örtdüyüm dəsmalın altında idi, başı görünmürdü. Həyəcanlandım. Birdən ölər... Deyəsən, gecə tərpənib, yoxsa dasmal başına kimi çəkilməzdi. Ehmalca dəsmalı qaldırdım. Büzüşmüşdü, tərpənmirdi. Çırtma çaldım, reaksiya vermədi. Dünən gecə necə qoymuşdumsa, eləcə düşmüşdü. Nə suya, nə də çörək qırıntısına yaxın getmədiyi aydın görünürdü. Əlimi sinəsinə qoydum, ürəyi döyünürdü. Nəfəsi də vardı. Sadəcə çox zəif nəfəs alırdı. Başını boynuna büküb sakitcə yatırdı. Sakitləşdim. Narahat olmasın deyə, astaca qurumuş çörək qırıntılarını topladım, yumşaq çörəyi ovub dimdiyinin ucuna tökdüm. Özüm üçün çay tədarükünə başladım. Səhər yeməyini yeyib, yeni enerji və həvəslə işə yollandım.
Əhvalım yaxşı idi. Hava da düzəlmişdi, dərindən nəfəs alıb soyuq havanı ciyərlərimə çəkdim. Günəş buladları qovub yerini möhkəmlətsə də, hava çox soyuq idi, canım isinmirdi. Amma üşümürdüm də. Əynimi havaya uyğun geyinmiş, çətirimi də hər ehtimala qarşı götürmüşdüm. Dünənki havadan gözüm qorxmuşdu. Yağışdan əsər-əlamət yox idi. Elə bil dünən heç nə olmamışdı. Yerdəki gölməçələr də kiçilmişdi.
İşimi başa çatdırıb günortadan sonra evə döndüm. Dünənki günlə müqayisədə yorğun deyildim. Pasiyentlərimin çox olmağına baxmayaraq, əhval-ruhiyyəm yaxşı idi. Gün ərzində xəstələri dinləyib müayinə etmək, resept yazmaq, müalicə təyin etmək bir qədər yorucu iş olsa da, əhvalıma təsiri olmamışdı. Bu, illər uzunu belə olub. Peşəmi sevdiyim üçün hələm-hələm yorğunluq hiss etməzdim. Yeganə şikayətim mədəmdəndir. Aclığa tabım yoxdur. Bunu COVİD dövründə xəstəxanada işləyərkən saatlarla ac qalandan sonra tapdım. Yazıq mədəmi çox incitdim. İndi də növbəmi bitirincə yadıma düşdü ki, səhər yeməyinin üstündəyəm.
Evə çatan kimi yaralı xəstəmə baş çəkdim, hələ də yatırdı. Narahat olmağa başladım. Bir xeyli dayanıb ona baxdım. Yarasını nəzərdən keçirdim. Yara qaysaqlanırdı. Bu, yaxşı əlamət idi, amma yeməməsi, su içməmısi yaxşı deyildi. Yerindən də tərpənməmişdi. Mədəmi incitməmək üçün tez yemək hazırladım. Süfrəni gözəl nemətlərlə bəzəyib, stolun arxasına keçdim. İştahım yox idi. Yemək istəməsəm də, mədəmə görə yeməli idim. Candərdi yeməyi ağzıma apardım. Fikrim qonağımda idi. Gözümü ondan çəkə bilmirdim. Nə vaxt yeyib bitirdiyimi bilmədim. Yuxu məni əməlli-başlı ağuşuna alıb apardı...
Gecənin bir aləmi yuxudan oyandım. Pəncərəyə baxdım, bayır zil qaranlıq idi. Nə qədər vaxt keçmişdi, mənə məlum deyildi. Yavaş-yavaş anladım ki, stuldaca, süfrə başında yuxuya getmişəm. Stəkan-nəlbəki, yemək yediyim nimçə stolun üstündə idi. Televizor da açıqdı, səsi gəlirdi. Saata baxdım. Axşam 9-un yarısı idi. Əsnəyə-əsnəyə ayağa qalxdım. Süfrəni yığışdırıb, bulaşıq qabları yudum. Yuxu məndən əl çəkmirdi. Elə bil yuxu dərmanı içmişdim. Televizorda kanalı dəyişdim. Səsini yüksəltdim. AzTV-də xəbərlərdi. Gözüm televizorda, idman hərəkətləri ilə yuxumu qaçırmaq istədim. Yuxum qaçsın deyə telefonuma gələn mesajlara baxa-baxa özümə qəhvə dəmlədim. Sonra divana əyləşib qəhvə içə-içə işdən gətirib stolun üstünə atdığım yeni qəzet və jurnalları nəzərdən keçirdim. Vaxt tapıb arada qalxıb yaralı xəstəmə də baş çəkdim. Bir xeyi ona baxdım. Hər ikimiz susurduq. Nə o tərpənirdi, nə də mən. lə bil ölmüşdu. “Yox, belə olmaz. Onu yedirmək, su içirmək lazımdır. Görünür ki, taqəti yoxdur”. Cəld dolabdan şpris götürüb içinə ilıq su çəkdim. Quşu ovcuma aldım. Əllərimlə dimdiyini aralamağa çalışdım.
- Gözəl quş, dimdiyini aç, sənə su içirim. Belə olmaz, iki gündür, ac, susuzsan. Su içməsən, qidalanmasan, xəstələnib ölərsən.
Artıq gözlərini açmışdı. İnsan kimi marıtlayıb üzümə baxırdı. Elə bil dediklərimi anlayırdı. Məndən qorxusu da yox idi. Bir təhər dimdiyini aralayıb şprisdəki suyu boğazına tökdüm. Udqundu. Yenə boğazına su tökdüm. Başını silkələyib, qanadlarını çırpdı. Onu ehmalca stolun üstünə qoydum.
Bir anlıq möcüzə baş verdi. Dirçəldi. Qanadlarını tərpətdi. Yaralı olsa da, ayağa qalxdı. Amma tez də çökdü. Diqqətlə mənə baxdı, sonra yenə gözlərini yumdu. Astaca yerinə qoydum. Yatmaq müalicədi xəstə üçün, yatsın. Televizoru söndürüb otağıma keçdim.
Səhər oyanan kimi yadıma düşdü. ”Görəsən, necədir?” deyə, nigaranlıqla fikirləşdim, tez qalxıb mətbəxə qaçdım. Göyərçin yerində yoxdu. Həyəcan məni bürüdü. Hara getmiş olar? Bir xeyli axtardım, tapa bilmədim. Qabağına qoyduğum çörək də qurumuşdu. Yazıq dünəndən acdı. Hara gedər, görəsən, yaralı halda? Tərslikdən balkon da açıqdı. Yəni uçub gedib? Yox, yüz il qala gedə bilməz, uça bilməz. Hələ yarası sağalmayıb, taqətsizdi. İtələsən belə, gedə bilməz. Fikirli-fikirli içəri keçəndə çörək qutusunda qaraltı gördüm. Aman Allah, quşcuğaz yaralı halda çörək qutusuna girib çörək yeyib. Gecə çörək qutusunu açıq qoymuşdum. Hər ehtimala qarşı düşünmüşdüm. Yaxına gəlib bir müddət ona baxdım. Afərin, mənim ağıllı quşcuğazım. Gülümsədim. “Fikirlərimi necə oxudun?” Maddım-maddım mənə baxdı. Dili olsaydı, üzr istəyərdi. Elə bil onu oğurluq üstündə tutumuşdum. Çörəyin içini dimdiyi ilə didib yemişdi və indi də hərəkətindən utanırdı sanki. Əlimə götürüb onu öz yerinə qoydum. Nəlbəkidəki suyu içmişdi. Yenidən doldurub qarşısına qoydum. Başını nəlbəkiyə əyib içdi. Çörəyi didib yenə qarşısına ökdüm. Yemədi, doymuşdu, deyəsən.
Soyuq payız bitib, yerini qışa vermişdi. Qış özünü sakit aparsa da, hərdən öz şıltaqlığından qalmırdı. Göyərçin pəncərənin kənarında oturub göydən lopa-lopa yağan iri qar dənəciklərinə baxırdı. Çılpaq ağaclar qardan ağ libas geyinmişdi. Yoldaşlarından uzaq düşmüş qonağım isə tənhalıqdanmı, fəslin dəyişməsindənmi, hər nədənsə, elə bil üşüyürdü. Hiss edirdim ki, qışı sevmir. Yazın gəlməsini səbirsizliklə gözləyir. Günlər ötdükcə balaca dostum dirçəlməyə başlamışdı. Hərdən onun oturduğu yerdən qalxdığını da görürdüm. Bir az gəzişir, sonra yenə otururdu. Deyəsən, hələ canı ağrıyırdı. Amma əvvəlki kimi deyildi. Qabağına qoyduğum yemi dimdikləyir, xoşu gələndə yeyir, üstündən su içirdi. Mənimlə dostlaşmışdı. Yarası sağalmışdı. Hərdən mətbəxin bir küncündən digər küncünə uçur, məni sevindirirdi. Onun sağalmağını möcüzə sayırdım. Qanadım olsaydı, ona qoşulub uçardım. Çox alışmışdım ona, bir gün isti yuvasını, məni tərk edib gedəcəyindən qorxurdum. Evin havasını dəyişməyə belə ehtiyat edirdim ki, birdən pəncərədən uçub gedər. Onun üçün hər şey edirdim ki, sıxılmasın, çöl-bayır yadına düşməsin. Ona bəzəkli, yelləncəkli qəfəs də almışdım. Qapısını açıq qoyurdum. Qəfəsə su, dən tökmüşdüm. İçəri girib bir az oynayır, sonra çıxırdı. Hiss edirdim ki, o qəfəsdə qalmaq istəmir, azad olmaq istəyir. Orada çox oturmağa sanki qorxur. Quşların hissiyyatı insanlara nisbətən daha güclüymüş, bu ucsuz-bucaqsız, təhlükələrlə dolu təbiətdə bu zərif varlıqları yaşadan güclü instinktləridir.
Qışın oğlan çağı idi artıq. Göyərçinimlə əməlli-başlı dost olmuşduq. Zərif qonağımın qanadları bərkimişdi, çox rahat idi, elə bil bu evdə yumurtadan dit eləyib çıxmışdı. Mən də xeyli arxayınlaşmışdım, əmindim ki, pəncərələri taybatay açsam belə, göyərçinim məni qoyub getməz. Həm də ağıllı idi, bu soyuq, küləkli havada hara gedəcəkdi ki? Yerdən pərvaz edib tavana qədər qalxırdı. Başımın üzərində dövrə vurub çiynimə qonurdu. Qanad açıb bir otaqdan digər otağa uçurdı. Son günlər tez-tez bayır qapının üstünə qonduğunu görürdüm. Bilirdi ki, bu qapıdan çıxıb, həmin qapıdan geri qayıdıram. Bu, məni bir az narahat etməyə başlamışdı. Göyərçinimin ürəyindən nə keçirdi? Doğrudanmı qanadlı dostları üçün qəribsəmişdi, bəlkə göy üzündə qanad çalmaq istəyirdi? Hər halda çöl göyərçinidi də, isti-soyuq onu qorxutmaz. Mənim narahatlığımdan xəbərsiz qonağım getdikcə uçuş marşrutunu genişləndirirdi, bütün otaqları gəzir, istədiyi əşyanın üzərinə qonurdu, hətta pərdənin üstündə asılıb qalırdı. Mən içəri girən kimi səs çıxarır, gəlişimə sevinirdi. Mən də onu tumarlayır, şirin-şirin dilləndirirdim.
Yazın gəlişi evimin qanadlı sakinini əməllicə canlandırmışdı. Göyərçin günəşin bərq vurduğu pəncərəyə daha çox can atır, bayırda cikkildəşən quşların səsinə səs verir, eyvana, qarşıdakı ağaclara qonan quşlara həsrətlə baxır, qəribə səslər çıxarırdı. Sanki onları səsləyidi. Qanadlarını qaldırıb çırpır, üzünü pəncərəyə sürtürdü. Quş bir dəqiqə dayanmırdı. Başımın üzərində dövrə vurur, sonra sürətlə pəncərəyə şığıyırdı. Hərdən qorxurdum. Belə hərəkətilə “pəncərəni aç, havaya çıxım”, deyirdi. Anlayırdım ki, onu daha evdə tutub saxlamaq mümkün olmayacaq. Quşun bağrı yarıla bilərdi. Amma onu azad etməyə özümdə güc tapmırdım. Ona kənardan çox diqqət edirdim. Xiffət etdiyini hiss edirdim. Son günlər yeməyi də azaltmışdı. Məni fikir götürmüşdü. Ondan ayrılmağa ürəyim gəlmirdi, eyni zamanda onun çırpınışları qəlbimi ağrıdırdı. Nə qədər onu yanımda zorla saxlayacaqdım? Canlı bir varlığa əziyyət verə bilməzdim. Nəhayət, ürəyim dözmədi. Bazar günü səhər yuxudan oyanan kimi pəncərəni açdım. Dərindən nəfəs aldım, bahar havası üzümə vurdu. Əhvalım duruldu, ürəyimdə: “Bahar, nə gözəlsən” deyib, çiçəkləmiş, tumurcuqlamış ağaclara baxdım. Quşlar görünməsə də, cikkiltiləri aləmə yayılmışdı. Cəld mətbəxə gəldim. Göyərçinim yumşaq yerində yatırdı. Gəlişimi hiss etmədi. Gözlərim doldu. Gözlərimi quşdan çəkdim, çox baxsaydım, qərarımdan vaz keçə bilərdim. Mənim üçün nə qədər ağır olsa da, quşun təbii istəyinə qarşı çıxa bilməzdim. Mən onu sağaltmışdım. Borcumu yerinə yetirmişdim. Azadlığa qovuşmaq isə onun haqqı idi.
Cəftəni ehtiyatla çəkib pəncərəni taybatay açdım. Əllərim titrəyirdi, ürəyim də çırpınmağa başladı. Səhərin ətirli mehi otağa yayıldı, amma bayaqkı kimi xoşallanmadım. Ürəyimdən qara qanlar axırdı. Özümü ələ almaq istəyirdim, bacarmırdım. Üzümü çevirib göyərçinimə baxdım. Hələ də tərpənmirdi. Bir ümid qığılcımı közərdi içimdə: “Yox, getməz, məni qoyub getməz”. Bayaqdan daşmağa qoymadığım göz yaşlarım ixtiyarsız olaraq yanaqlarıma yuvarlandı. Quşcuğaz elə bil bayaqdan məni yoxlayırmış, anidən gözlərini açdı. Əvvəlcə mənə, sonra açıq pəncərəyə baxdı. Bayırdan gələn səslərə qulaq kəsildi. Sanki gözlərinə, qulaqlarına inanmırdı. Yerindən qalxıb var-gəl etdi, sonra mənə baxdı. Nəfəsimi dərmədən ona tamaşa edirdim, göyərçinimdən vəfa umurdum. Quş da karıxıb qalmışdı, qalsınmı-getsinmi? Yox, mən insafsızam, niyə onun qalmasını umuram axı? Qoy getsin, uçsun, qanad ona nə üçün verilib? Mənim qanadlarım olsaydı, evin içində oturub qalardımmı? Göyərçinimə gülümsədim. “Hə, dayanma, uç, mənim üçün darıxanda gələrsən, mən buradayam, heç yerə getməyəcəyəm...”
Dostum elə bil məni anladı. Bayaqdan mənim icazəmi gözləyirmiş kimi pərvazlanıb pəncərəyə qondu, bir neçə saniyə duruxub sürətlə qanadlarını çırparaq havaya atıldı. Qaçaraq pəncərəyə yaxınlaşdım. Göyərçinim havada dövrə vuraraq süzürdü, elə bil özünü sınayırdı, göy üzündə uçmağı yadırğayıb-yadırğamadığını bilmək istəyirdi. Xeyli qanad çalıb, evin qarşısındakı ərvişim ağacına qondu. Sonra budaqlarda oturub civildəşən quşlara qoşuldu, qanadlıların xoru həyəti başına götürdü. Qəribədir, elə bil digər quşlar da göyərçinimin azadlığa qovuşmağına sevinirdi. Gözüm onlarda qalmışdı. Göyərçinim xoşbəxt idi. Azadlığın nə qədər şirin nemət olduğunu təkcə insanlar bilmir, bütün canlılar azadlığa möhtacdır. İsti yuva, yemək-içmək hələ hər şey demək deyil, əlin-qolun, ruhun azad olmalıdır. Göyərçinimi sağaldanda necə özümdən razı qalmışdımsa, indi də eləcə özümü alqışlayırdım.
Çaydanı doldurub düyməsini basdım. Boşqab, stəkan çıxardım. Səhər yeməyinə hazırlıq görməyə başladım. Gözüm isə açıq pəncərədə idi. Digər canlılar insanlardan sədaqətlidir, göyərçinim də məni unutmayacaq. Mütləq gəlib mənə baş çəkəcək. Göyərçinimlə vidalaşmamışdım. Ümumiyyətlə, vidalaşmaqla aram yoxdu. Sevdiyim insanlarla sağollaşanda “hələlik”, deyirəm, həyatımdan çıxardığım insanları xəbərdar etmədən birdəfəlik çıxıb gedirəm. Göyərçinim mütləq gələcək, bilir ki, onu çox sevirəm.
Üç gün idi mətbəxin pəncərəsini açıq qoyurdum. Hava günəşli olsa da, hələ ki, sərindi. Axşamlar əməlli-başlı soyuq olurdu. Fikirləşirdim ki, göyərçinim ac qalsa, yaxud üşüsə, mütləq gələcək. Dostum hələki gözə dəymirdi. Günlər keçir, o isə qayıtmaq bilmirdi. Günləri sayırdım. Gözüm pəncərədə, eyvanda qalmışdı. Artıq narahat olmağa başlamışdım. Ürəyimə qara-qura fikirlər dolurdu. Səbirsizləşirdim. Yəqin başına bir iş gəlib, yoxsa çoxdan mənə baş çəkərdi. Özümə yer tapa bilmirdim. Yemək yeyəndə də, televizora baxanda da göyərçinim ağlımdan getmirdi.
Bahar bütün gözəlliyilə dünyanı bəzəmişdi. Gül-gülü, bülbül-bülbülü çagırırdı. Hər yandan gül ətri gəlirdi. Təbiət tam oyanmışdı. Axşamlar eyvanda oturub dənizkənarı bulvara, mavi Xəzərin qoynuna axışan insanları seyr etmək xoşuma gəlirdi. Qış boyu qara-boz geyimlərdən çıxmayan insanlar rəngli geyimlərə keçir, gənc qızlar, uşaqlar uzaqdan bəzəkli kəpənəyə bənzəyirdilər. Arada meh dənizin qoxusunu, qağayıların “gülüş” səslərini gətirirdi. Tez-tez göyə baxırdım, hava qaralanacan göyərçinimi görmək ümidimi saxlayırdım. Evimin arxa tərəfindəki güllü-çiçəkli kiçik bağa baxan pəncərə ilə eyvan arasında var-gəl etməkdən yorulurdum. Əlbəttə ki, dəniz mənzərəsi daha geniş, daha gözəldi, amma bu kiçik bağça da quşların sevimli yeri idi, göyərçinimi də bu səmtə uçurmuşdum və bir gün qayıdar deyə, pəncərənin önündə özümə də yer eləmişdim.
Göyərçinin həsrəti məni işimdən-gücümdən eləmişdi, əlim heç nəyə yatmırdı. Səhər işə gedənəcən bir neçə dəfə eyvana çıxır, sonra mətbəxdə pəncərənin qarşısında yarım stəkan çayımı içib, bir tikə çörəyimi yeyib evdən çıxırdım. Axşam da əsas yerim eyvan, pəncərə qabağı olurdu. Göyərçinim gedəli on gün olmuşdu...
Səhər işə gedəndə niyyət etdim ki, bu gün artıq əvvəlki həyatıma qayıdacağam. Belə olmazdı, özümü toplamalıydım, nə vaxtdı yazı yazmırdım, kitab oxumurdum. Evə gələn kimi yüngülvari qəlyanaltı elədim. Notbukumu elə mətbəx stolunun üstünə qoyub yeni səhifə açdım. Özümə söz vermişdim ki, yazı əsnasında pəncərəyə baxmayacağam. Barmaqlarımla klaviaturanın təmasından ağ səhifədə hərflər yan-yana düzüldü: ”Göyərçin”.
Neçə gündür ürəyimdə cücərmiş hekayəni notbuka köçürdüm. Sonunu fikirləşməmişdim. Gözlərimi yazıdan çəkdim və xatırladım ki, sözümə əməl etmişəm, bir dəfə də olsun pəncərəyə baxmamışam. Yorulmuşdum, yatağıma uzananda hekayənin sonluğunu da fikirləşə bilərdim. Ayağa qalxıb notbuku yerinə qoydum. Pəncərədən bağçaya baxdım, sakitlik idi, adamlar evlərinə çəkilmişdilər. Quşların da səsi gəlmirdi. Bu vaxtlar qanadlılar çiyin-çiyinə verib yatırdılar. “Bu gün də gəlmədi” deyib, eyvana sarı getdim ki, buradan da xatircam olum. Ətrafa göz gəzdirmək niyyətilə ayağımı eyvana qoyanda elə bil məni cərəyan vurdu. Yerimdə donub qaldım. Göyərçinim eyvanın məhəccərinə qonub mənə baxırdı. Mənim sədaqətli dostum qayıtmışdı. Özümə gələndə gördüm ki, bir az kənarda iki göyərçin də ürkək-ürkək mənə baxır. Göyərçinim dostları ilə gəlmişdi. Biixtiyar dayandım, yaxına getmədim, hürkər, uçub gedər deyə, qorxdum. Sevincdən ağlayırdım. Dostum tərpənmədiyimi görüb qanadlanıb çiynimə qondu. Bir əlimlə onu tutub doyunca öpdüm. “Nə yaxşı gəldin, göyərçinim...”
Qonaqlarımı eyvandaca suya, dənə qonaq etdim. Bir xeyli göyərçinimlə əyləndik. Çiynimdən, qollarımdan düşmək istəmirdi. Quşların uçduğunu görüncə o da şövqə gəlib göyə qalxdı. Bir neçə dəfə dövrə vurub, mənə yaxınlaşıb yenə çiynimə qondu. Üzümə baxdı. Qəribə səs çıxardı. Sonra qəfil uçub qarşıdakı ağaca qondu. Dostlarını səmada görüb arxalarınca qanadlandı, səmada dövrə vurub onlara qoşuldu. Çox xoşbəxtdi. Onu ilk dəfəydi bu qədər xoşbəxt görürdüm. Mən də sevinirdim, həm də çox kövrəlmişdim. Bir hiss mənə deyirdi ki, o, vidalaşmağa gəlib. Əlimi qaldırıb arxasınca yellədim. “Yaxşı yol, dostum”, dedim. O, gözdən itənəcən arxasınca baxdım. Hönkürdüm.
Hissim məni aldatmamışdı, mən onu bir daha görmədim...